Bu gün
Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu işə başlayır
Bakı möhtəşəm beynəlxalq tədbirə
- Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumuna ev sahibliyi edir. Əsası 2008-ci ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
qoyulmuş mədəniyyətlərarası dialoq üzrə
"Bakı prosesi"nin davamı olaraq keçirilən bu tədbirdə
dünyanın bir çox ölkələri və beynəlxalq
təşkilatlar təmsil olunur.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun koordinatoru, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə bildirmişdir ki, dünya xalqları arasında dialoqun təbliğ olunması və inkişafında Azərbaycanın mühüm rolu göz qabağındadır. Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Yəni real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətləri var. Eyni zamanda, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.
Müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudlarından kənara çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir.
"Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq Azərbaycan tərəfindən Bakıda "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"nun keçirilməsi təşəbbüsü irəli sürülmüş və bu təşəbbüs YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı və AŞ Şimal-Cənub Mərkəzi, həmçinin İSESKO tərəfindən dəstəklənmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu ilin 23 sentyabr tarixində Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Bakıda adıçəkilən Forumun keçiriləcəyini bəyan etmişdir.
Vasif müəllim demişdir ki, 2010-2011-ci illər ərzində Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ Şimal-Cənub Mərkəzi nümayəndələrindən ibarət Forumun İşçi Qrupunun Paris və Strasburq şəhərlərində 4 iclası keçirilmişdir.
2011-ci ilin 18 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin sərəncamı ilə Forumun təşkili məqsədilə Tədbirlər planı təsdiqlənmişdir.
Forumunun keçirilməsi ilə bağlı hazırlıq işlərindən danışan sektor müdiri bildirmişdir ki, indiyədək İşçi Qrupun bir neçə görüşü olub. Bu görüşlər Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin bu işə cəlb olunan səfirlikləri ilə yanaşı, Avropa Şurası, BMT-nin Sivilizasiyalararası Alyansı, YUNESKO, Avropa Şurasının Şimal və Cənub Mərkəzi, İSESKO ilə aparılır. Euronews televiziya kanalı Forumu beynəlxalq səviyyədə təbliği üçün tədbirin əsas media tərəfdaşıdır. Bununla bağlı AR Mədəniyyət və Turizm Nazirliyi Euronews televiziya kanalı ilə müqavilə imzalanmışdır. Kanal Forumda çəkiliş aparacaq və tədbirdən sonra bir həftə ərzində 20 dəfə 10 dildə Forumu nümayiş etdirəcək.
2010-cu ilin may, sentyabr və dekabr aylarında İşçi Qrupun Fransanın Paris və Strasburq şəhərlərində üç görüşü keçirilib. Yekun görüş isə 2011-ci ilin fevralın 27-28-də oldu. Görüşlərdə əsas müzakirə olunan məsələ forumun proqramı, qəbul ediləcək sənədlər, format və digər bu kimi məsələlər idi. İclasda Azərbaycan tərəfinin nümayəndələri ilə yanaşı, YUNESKO-nun sektor müdiri Katerina Stenu, Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer, BMT-nin Sivilizasiyalararası Alyansının müşaviri Jan-Kristov Bas, AŞ Şimal-Cənub Mərkəzinin direktoru Denis Huber və ekspert Robin Vilson iştirak etdi. Forumun proqramının təfərrüatlı tərtibatı, moderator, məruzəçi və panelistlərin müəyyən edilməsi, hər bir beynəlxalq təşkilatın, eləcə də Azərbaycan tərəfin məsul olduğu sessiyaların düzgün şəkildə təşkili və s. məsələlər əsas iclasda müzakirə olundu. Görüşdə, həmçinin, Forumun veb-saytı iştirakçılara təqdim edildi (www.bakuforum-icd.az ttp://www.bakuforum-icd.az) . Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini S.Məmmədəliyeva Azərbaycan tərəfindən tədbirin təşkili üçün görülən işlər, ölkəmizin mədəniyyətlərarası dialoqun inkişafı üçün göstərdiyi səylər, həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verdi. Adıçəkilən beynəlxalq təşkilatların nümayəndələri Forumun təşkili istiqamətində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirdiklərini və bununla bağlı lazımi dəstəyi göstərəcəklərini bildirdilər. Forumun təşkili məqsədilə hər bir tərəfdaş üçün iş bölgüsü müəyyənləşdirilmiş və hər bir tərəf müəyyən işləri öz üzərinə götürmüşdür. Təbii ki, biz bu mühüm tədbirə ev sahibliyi etməklə beynəlxalq qurumlar arasında əməkdaşlığa, həm Şimal və Cənub, həm də Şərqlə Qərbin kəsişməsində yerləşən bir ölkə olaraq mədəniyyətlərarası dialoqun inkişafı və təbliğinə öz töhfəmizi verməyə çalışırıq. Vasif müəllimin sözlərinə görə, artıq mədəniyyətlərarası dialoqun regional formatının qlobal formata çevrilməsi prosesi başlamışdır.
Forumun proqramının ilkin variantını beynəlxalq qurumlarla birlikdə hazırlamışıq. Bütün sessiyalar üzrə bölgü aparılıb. Müzakirə mövzuları olduqca genişdir. Bu gün keçiriləcək 1-ci sessiya "Sərhədsiz dünyaya doğru", 2-ci sessiya "Dünyanın davamlı inkişaf gündəliyində mədəniyyətlərarası dialoqun bərqərar edilməsi", 3-cü sessiya "Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət, incəsənət və irs", sabahkı sessiayalar isə paralel şəkildə təşkil ediləcəkdir. Həmin günün 1-ci sessiyası "Qadınlar mədəniyyətlərarası dialoqun vacib iştirakçıları kimi"; 2-ci sessiyası "Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası əlaqələrə təsiri"; 3-cü sessiyası isə "Dünya dinləri arasında mədəniyyətlərarası dialoq" mövzularına həsr olunacaqdır. Tədbirin bağlanış mərasimindən əvvəl YUNESKO, BMT-nin Sivlizasiyalar Alyansı və Avropa Şurası tərəfindən mədəniyyətlərarası dialoqu və əməkdaşlığın inkişafına dair yeni təşəbbüs və layihələrin təqdimatları aparılacaqdır. Bununla yanaşı Forum çərçivəsində AMEA-nın təşkilatçılığı ilə müasir dünyada dialoq fəlsəfəsi və mədəni müxtəliflik mövzusunda beynəlxalq konfrans və Avropa Şurasının təşkilatçılığı ilə isə "Mədəniyyətlərarası Şəhərlər" layihəsinə üzv şəhərlərin merlərinin və nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcəkdir. Forum çərçivəsində keçiriləcək ayrı-ayrı sessiyaların tərəfdaş beynəlxalq qurumlar tərəfindən təşkili, müvafiq moderatorlarla təmin edilməsi və hər bir sessiyada gənclərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, bu forumdan dərhal sonra aprelin 9-10-da gənclərlə bağlı xüsusi tədbir keçiriləcək və həmin gənclərin iki gün öncə bizim forumda iştirakı təmin ediləcək.
Forumda iştirakçıların təbriki barədə məlumat verən koordinator bildirdi ki, tədbirdə 20-dən çox ölkənin mədəniyyət naziri iştirak edir. Bu ölkələrin coğrafiyası həm Asiya, həm Avropa, Amerika və Afrikanı əhatə edir. Mədəniyyət nazirləri ilə yanaşı tədbirdə YUNESKO-nun baş katibinin müavini, İSESKO-nun baş direktoru, Avropa Şurası Parlament Assambleyasının prezidenti, Dünya Turizm Təşkilatınının İnkişafa yardım Proqramının direktoru, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktoru və digər beynəlxalq qurumların, beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri iştirak edirlər.
Forumun açılışı bu gün "Gülüstan" sarayında baş tutacaq. Hər bir sessiya üzrə xüsusi müzakirə sənədləri hazırlanmışdır. Çalışırıq ki, hər sessiyanın müzakirə sualları aydın olsun və iştirakçılar sessiyalar üzrə çıxışlarını həmin sualları cavablandıraraq qursunlar. İstəməzdik ki, bunlar adi çıxış mövzusunda olsun: kifayət qədər təhlilli, forumun proqramına və qaldırılmış məsələlərə uyğun olmalıdır. Forumun açılış mərasimindən sonra 1-ci sessiyada "Gəlin, dünyanı bölüşdürməyək, yəni mədəniyyətlərarası dialoqun sərhədi yoxdur" mövzusu müzakirə olunacaq. Mədəniyyət, incəsənət və irslə bağlı sessiyanı Mədəniyyət və Turizm Nazirliyi ilə Avropa Şurası birgə keçirəcək. Dinlərarası mövzunu Avropa Şurası Şimal-Cənub Mərkəzi, "Müasir medianın mədəniyyətlərarası dialoqun təbliğində rolu", eyni zamanda "Mədəniyyətlərarası dialoqun müasir inkişaf prosesində rolu" ilə bağlı sessiyanı BMT-nin Sivilizasiyalararası Alyansı, "Qadınların mədəniyyətlərarası dialoqda rolu" sessiyasını isə YUNESKO təşkil edəcək. Bütün sessiyaların təşkilində Mədəniyyət və Turizm Nazirliyi bilavasitə təşkilatçı kimi iştirak edir.
Forumun rəsmi sessiyaları və tədbirləri ilə yanaşı tədbir çərçivəsində xüsusi mədəni proqram təşkil ediləcək və bu proqram da bilavasitə mədəniyyətlərarası dialoq mövzusuna həsr olunacaq. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın Federal Təhsil, İncəsənət və Mədəniyyət Nazirlərinin birgə təşkilatçılığı ilə "Yəhudi, xristian və müsəlmanlar: mədəniyyətlərarası dialoq ən qədim yazılarda" adlı sərgi keçiriləcək. Bu sərgidə ən qədim əlyazmalar nümayiş etdiriləcək. Artıq Avstriya səfiri ilə bu istiqamətdə iş aparılır. Eyni zamanda, tədbir çərçivəsində YUNESKO, Avropa Şurası və Sivilizasiyalararası Alyansın birgə sərgisi təşkil olunacaq.
Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətlərarası Dialoq mövzusu çərçivəsində milli foto müsabiqəsi elan edib. Bu müsabiqənin qalibləri də Forum günlərində müəyyənləşəcək. Biz bu layihəni beynəlxalq bir layihəyə çevirməyi və onu Forumda nümayiş etdirməyi planlaşdırırıq. Forum zamanı "Layihə və təşəbbüslərin təqdimatı" adlı tədbir də nəzərdə tutulub. Bu tədbir çərçivəsində Avropa Şurası, BMT-nin Sivilizasiyalararası Alyansı, YUNESKO, Şimal-Cənub Mərkəzi və Azərbaycan tərəfi özlərinin layihə və təşəbbüslərini nümayiş etdirəcəklər. Bütün layihələr bilavasitə mədəniyyətlərarası dialoqun təbliğinə həsr olunacaqdır.
Son olaraq Vasif müəllim Forumun gözlənilən nəticələri barədə də danışdı: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" nun ölkəmizdə təşkili islam və Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, Azərbaycanın nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artırmasına, eləcədə Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, həmçinin Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasına xidmət edir. Forumun nəticələri tədbirin təşkilinə dair məqsədlərimizdən qaynaqlanacaqdır.
Gözlənilən ən böyük nəticə ondan ibarətdir ki, bu mötəbər tədbirdə qəbul olunacaq. Sənədlər və hesabatlar bilavasitə Mədəniyyətlərarası Dialoq Forumunun gələcəkdə davamlılığını təmin edəcək, onu daha da inkişaf etdirməyə təkan verəcək və ölkəmizdə bu istiqamətdə real nəticələrə söykənən bir platforma, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq qurumlar arasında Azərbaycan vasitəsilə qlobal şəbəkə formalaşacaq.
Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Bakı Forumu gələcəkdə bu istiqamətdə real nəticələrə söykənən bir platformanın formalaşdırılmasına əsas olacaq".
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 7 aprel.- S. 5.