Turizm İnstitutu ilə Almaniyanın Yade Universiteti arasında əməkdaşlıq
əlaqələri genişlənir
Azərbaycan
Turizm İnstitutunda Almaniyanın Yade Universitetinin nümayəndə
heyəti ilə görüş keçirilmişdir.
Toplantı adıçəkilən universitetlərin ölkəmizin
qərb bölgəsində həyata keçirdiyi "Turizmdə
geoinformasiya sistemlərinin tətbiqi və regional turizmin
inkişafı" layihəsinin müzakirəsinə həsr
olunmuşdu.
Tədbirdə
həmçinin Yade Universiteti ilə institutun
qarşılıqlı tələbə mübadiləsi məsələsi
də müzakirə edilmişdir. Görüşdə Yade
Universitetinin vitse-prezidenti Uve Vaythöner, beynəlxalq
şöbənin müdiri Andrea Men, universitetin Geodez
Araşdırmalar Mərkəzinin rəhbəri Smit Filip, elmi
işçilər Vibbelman və Zorkovski, Azərbaycan Turizm
İnstitutunun rektoru Cəfər Cəfərov, prorektoru Eldar
Aslanov, dekan Nəsib Nəsibli və layihənin
koordinatorları iştirak etmişlər. Andrea Men Azərbaycanın
Gədəbəy bölgəsində belə bir layihənin həyata
keçirilməsində Almaniya tərəfinin maraqlı
olduğunu bildirmişdir. Onun sözlərinə görə,
bu layihənin reallaşdırılması Almaniyadan olan turistlərin
Azərbaycana güclü axınına səbəb
olacaqdır.
Uve
Vaythöner Turizm İnstitutunun az vaxt içərisində
böyük uğurlar əldə etdiyini bildirmiş və
sonrakı mərhələlərdə bu ali təhsil
ocağı ilə daha geniş əməkdaşlıq niyyətində
olduqlarını demişdir. ATİ-nin rektoru Cəfər Cəfərov
Yade Universiteti ilə rəhbərlik etdiyi ali təhsil
ocağı arasında tələbə mübadiləsi məsələsinə
toxunmuşdur. Rektor bildirmişdir ki, ATİ-nin rəhbərliyi
də öz növbəsində Yade Universiteti ilə əməkdaşlıqda
maraqlıdır. Qeyd edək ki, 5 gün davam edəcək səfər
çərçivəsində almaniyalı qonaqlar Azərbaycanda
bir sıra görüşlər keçirəcəklər.
Onların "Siemens"in Azərbaycan nümayəndəliyinin
rəhbəri Samir Axundov, Almaniyanın ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Herbert
Kölle, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin Kadastr ofisinin rəhbəri Nazim İsmayılov və
digər səlahiyyətli şəxslərlə
görüşü nəzərdə tutulmuşdur.
Z. BƏŞİRQIZI
Xalq qəzeti.- 2011.- 7 aprel.- S. 7.