"Qafqazın tarixi ensiklopediyası" tarixşünaslıq elminə töhfədir

 

Tanınmış tarixçi alim, tarix elmləri doktoru, professor İradə Hüseynovanın uzun illər apardığı elmi axtarışların nəticəsi olan, rus dilində nəşr edilmiş "İstoriçeskaya ensiklopediya Kavkaza" ("Qafqazın tarixi ensiklopediyası") adlı kitabı Azərbaycan elmi ictimaiyyəti tərəfindən əsl hadisə kimi qarşılanmışdır. Bu əsəri bir sıra məziyyətlərinə görə, həqiqətən də, Azərbaycanda indiyə qədər nəşr olunmuş dəyərli ensiklopediyalardan biri hesab etmək olar.

"Qafqazın tarixi ensiklopediyası" Qafqaz regionunda qədim zamanlardan bu günə qədər baş vermiş tarixi hadisələrin mahiyyətini açan ilk universal və fundamental ensiklopedik nəşrdir. Əsər tarixşünaslıq, ictimaiyyətşünaslıq və mədəniyyətşünaslıq məzmununa malik qiymətli mənbə kimi Qafqaz regionu ilə bağlı xüsusi əhəmiyyətli məqalələri, termin və anlayışları əhatə edir. İllərlə davam edən elmi araşdırmaların, yeni elmi biliklərin və təcrübənin məcmusu kimi ərsəyə gələn bu tarixi ensiklopediya Qafqaz xalqlarının etnosiyasi, sosial-iqtisadi və mədəni inkişafı kontekstində, həm də kompleks şəklində işlənib hazırlanmışdır. Ensiklopedik nəşr mövzuları əhatə edən və məzmunu tamamlayan xəritələrlə, maraqlı, bəzən də nadir şəkillərlə müşayiət olunur. Bu da oxucunun bəhs olunan mövzu ilə bağlı dolğun və aydın məlumat almasına imkan yaradır. Əhatə dairəsinə və məzmununa görə "Qafqazın tarixi ensiklopediyası" humanitar istiqamətli, zəngin oluğu qədər də obyektiv, elmi cəhətdən dürüst və etibarlı bir əsərdir.

Ensiklopediya ona müraciət edənlərə, xüsusilə bu sahə ilə bağlı tədqiqatla məşğul olanlara Qafqaz regionunda yaşayan xalqların tarixi, iqtisadiyyatı, mədəniyyəti və adət-ənənələrinin öyrənilməsi, arxeologiyası, etnoqrafiyası və məişəti ilə tanış olmaq imkanı verməklə yanaşı, tədqiqatçı üçün vacib olan elmi bilikləri sistemləşdirmə vərdişlərinə yiyələnməkdə, tədqiqat prinsiplərini mənimsəməkdə yardımçı olacaq, istifadəçilərin dünyagörüşünün, ümumi bilik dairəsinin daha da zənginləşməsinə kömək edəcəkdir. İlk növbədə alimlər, ali məktəb müəllimləri, politoloqlar, etnoqraflar, beynəlxalq münasibətlər, tarixi, mədəni, geosiyasi məsələlərlə məşğul olan mütəxəssislər, tələbə və magistrlər, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulan "Qafqazın tarixi ensiklopediyası"nın rus dilində nəşr edilməsi onun əhatə dairəsinin genişliyi ilə də bağlıdır.

Qeyd etmək yerinə düşər ki, indiyə qədər Azərbaycanda bu qəbildən olan kitablar çap olunsa da, onların çox az qismi yalnız xarici dillərdə nəşr edilənləri əsl oxucusunu tapa bilmişdir. Belə nəşrlərin ölkə hüdudlarından kənarda yayılması zəruri olsa da, təəssüf ki, Azərbaycan dilində nəşr edildiyindən həmin əsərlər xarici oxucu üçün çox zaman əlçatmaz olaraq qalır. Həm bu səbəbdən, həm də mövzunun əhatə dairəsinə görə "Qafqazın tarixi ensiklopediyası"nın rus dilində çap olunması vacib və gözlənilən idi. Əsərin nəşri buna görə də əhəmiyyətli və aktualdır.

Qoca Qafqaz müasir dünyanın mürəkkəb tarixə malik, həm də tarix boyu diqqət mərkəzində olan, geostrateji və geosiyasi maraqların daim kəsişdiyi regionlarından biridir. Bu regionun etnik xəritəsi min illərlə zəngin olmuş, Qafqaz xalqları hətta kiçik bir qrupa aid dilini, milli mənsubiyyətini, etnoqrafiyasını, etnopsixoloji xüsusiyyətlərini, özünəməxsus məişətini, nəhayət, "qafqazlı xarakteri"ndə birləşən özəl cəhətləri yaşadaraq müasir dövrə daşıya bilmişdir. Tarixən iç-içə yaşadıqlarından bu xalqlar arasında assimilyasiyalar, mədəniyyətlərin qarşılıqlı təsiri hər zaman olmuş, mehribanlıq, yaxınlaşmalarla yanaşı, zaman-zaman müharibələr, münaqişə və çəkişmələr də baş vermişdir. İgidlik, mərdlik, dürüstlük, ağbirçək, ağsaqqal və kişi sözü, qadına, böyük-kiçiyə hörmət bu regionun aborigen xalqlarının əxlaqında əsas meyar, həm də birləşdirici amil olduğundan əsrlər boyu dəyişməyən yenə "qafqazlı xarakteri" olmuşdur.

Ötən əsrin yetmişinci illərindən sonra qafqazlıların çoxunun "Qafqazın atası" adlandırdığı ümummilli lider Heydər Əliyev bu ümumi tarixdən danışarkən, azərbaycanlıların həmin tarixi proseslərdən kənarda qalmadığını, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qaldığını söyləmişdi. Buna görə də, nəinki azərbaycanlılar, bu gün baş verən proseslərdə növbəti tarixi sınaqlarla üz-üzə qalan Qafqaz xalqları da (heç şübhəsiz ki, yerli - aborigen qafqazlılar) 1918-ci ilin mart hadisələri ilə 1992-ci ilin 26 fevral Xocalı soyqırımı arasında əlaqəni görə bilirlər. Sovet İttifaqının dağılmasından sonra Qafqaz regionunda baş verən ictimai-siyası proseslərin bu xalqların həyatında olduqca əhəmiyyətli tarixi hadisələrlə nəticələnməsi bir həqiqət olduğu kimi son iyirmi ildə Qafqazda milli zəmində baş verən münaqişələrin və onların yaratdığı problemlərin həlli yollarındakı güclü maneələrin, eyni zamanda, mövcud şəraitin dəyişməsinin də vaxt tələb etməsi günümüzün reallığıdır. Tarixən olduğu kimi, indi də regionda sülhün, əmin-amanlığın bərpasına və buna nail olmaq üçün birliyə ehtiyac var. Milli mənsubiyyətindən asılı olmayaraq, tarixi torpaqların azadlığı uğrunda böyük bir imperiyaya qarşı 30 ilə yaxın döyüşmüş böyük Şeyx Şamilin mənəvi varisləri olan qafqazlılar regiona sülh və əmin-amanlıq gətirmək, milli sərvətləri, dili, dini və özünəməxsusluğu qoruyub saxlamaq məqsədilə daim birləşmişlər. Ötən əsrin əvvəllərində Qafqazda baş verən ictimai-siyasi proseslərdə və sonradan Avropa ölkələrində mühacirətdə olarkən, qafqazlılar "Qafqaz evi" ideyası ətrafında "Qafqaz birliyinin gəmisi siyasi tufanın dalğaları içərisində çarpışır. Batmaq üzrə olan gəmini ancaq bir kapitan qurtarmağa müvəffəq ola bilər ki, o da Qafqaz millətlərinin birliyidir. Qafqaz millətləri arasında bu birliyi yaratmaq getdikcə çətinləşir." - deyərək 50-60-cı illərdə də onu qorumağa çalışmışlar. Professor İradə Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası" müxtəlif dinlərin və mədəniyyətlərin görünməyən tellərlə birləşdiyi Qafqaz regionunda yaşayan xalqlar üçün bu mənada dəyərli fundamental tarixi əsər olmaqla yanaşı, həm də tarixi ənənənin davamıdır. "Dövlət nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir" - bu fikir bir Qafqaz müdrikinə - ümummilli lider Heydər Əliyevə aiddir. Bu, onun rəhbərliyi ilə qurulan və regionun lider dövləti kimi inkişaf edən müasir Azərbaycan Respublikasında milli birliyin və Azərbaycançılıq konsepsiyasının əsas prinsiplərindən biridir. Qafqazın çoxmillətli dövlətlərindən olan Azərbaycanda bu ənənə daim olub və bir dəyər kimi qorunub. Bu ənənəni yaşatmağın vacibliyini ümummilli lider Heydər Əliyev ötən əsrin 80-ci illərində Azərbaycan yazıçılarının konfransındakı çıxışında xüsusilə vurğulayaraq demişdi ki, bəşəriyyət çoxmillətlidir - dünyada iki minə yaxın millət, xalq və tayfa var. Dünya ədəbiyyatı da bütünlükdə ümumbəşəri mədəniyyət kimi milli mədəniyyətlərin və ədəbiyyatların sadəcə məzmunu deyil, hər şeydən əvvəl onların tarixi proseslərdə qarşılıqlı təsir və anlaşma ilə əldə etdikləri müəyyən birlikdir. Heç bir xalq digər xalqların nailiyyətlərindən istifadə etmədən inkişaf edə bilməz. Biz fəxr edirik ki, bizim əcdadlarımız digər xalqlarla dostluğa və qardaşlığa can atırlar. İ.Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası" əsərinin nəşri məhz bu ənənələrin davamıdır. "Qafqazın tarixi ensiklopediyası" üç dini konfessiyanı birləşdirən və müasir dövrün dini tolerantlıq nümunəsi kimi tanınan çoxmillətli dövlətdə - Qafqaz xalqları arasında xüsusi yeri olan, müdrikliyini, "qafqazlı xarakteri"ni hələ də qoruyub saxlayan Azərbaycanda nəşr olundu və müəllif böyük bir kollektivin görə biləcəyi bu çətin işin öhdəsindən təkbaşına və yüksək səviyyədə gəldi. Bunu ümumi tarixi keçmişin araşdırılmasına, tarixi bağların daha da möhkəmlənməsinə, bütünlükdə Qafqaz regionunda sülhün, əmin-amanlığın bərpasına yardım edən dəyərlərə və elmi biliklərə diqqət çəkməyə yönəlmiş ilk mühüm addım hesab etmək olar.

Yeni nəşr Azərbaycan tarixşünaslığı, Qafqaz tarixinin öyrənilməsi baxımından həmçinin dünya qafqazşünaslığı üçün də dəyərli və lazımlı bir ensiklopediyadır. İnamla demək olar ki, fundamental tarixi araşdırma kimi öz başlanğıcını poleolit dövründən götürən "Qafqazın tarixi ensiklopediyası" etnosların say etibarilə az və çoxluğundan asılı olmayaraq, həm tarixi məsələlər, həm də müasir dövrün problemlərinə yanaşma baxımından Qafqaz regionunda yaşayan bütün xalqlar üçün dəyərlidir və belə bir əsərin nəşrinə sözün həqiqi mənasında böyük ehtiyac vardı. İnanırıq ki, mütəxəssislər yeni ensiklopedik nəşri indiyə qədər mövcud olan boşluğu doldurmağa qabil bir əsər kimi yüksək qiymətləndirəcəklər. Tarixi keçmişimizi bu günümzlə birləşdirən yeni tarixi ensiklopediya Qafqaz regionunu öz araşdırmalarının tədqiqat obyektinə çevirən mütəxəssislərin stolüstü kitabı olacaqdır.

 

 

Tofiq NAĞIYEV,

akademik, "Azərbaycan Milli

Ensiklopediyası" Elmi Mərkəzinin

direktoru

 

Xalq qəzeti.- 2011.- 7 aprel.- S. 6.