"Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfələr alqışa layiqdir"

 

Dünən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Tədbir üç gün davam edəcək. Forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Tədbirdə 20 ölkədən 435 qonaq təmsil olunur. Forumda müxtəlif ölkələrdən nazirlər, eyni zamanda, mədəniyyət xadimləri, media və QHT təmsilçiləri iştirak edirlər. Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, AŞ-nın sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer, YUNESKO və BMT rəsmiləri də tədbirdə təmsil olunurlar.

 

Bundan başqa, Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, diplomatik korpusun üzvləri, media və QHT təmsilçiləri, elm xadimləri forumda iştirak edirlər. Tədbirin ilk günündə forum iştirakçılarından bir neçəsinin fikirlərini öyrəndik:

 

Mövlud Çavuşoğlu, Avropa Şurası Parlament Assambleyasının sədri:

- Azərbaycanda belə yüksək səviyyəli və mötəbər bir tədbirin keçirilməsini ürəkdən alqışlayıram. Sevinirəm ki, Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə dostluq və qardaşlıq münasibətləri vardır. Azərbaycan həm də müxtəlif millətlərin və dinlərin nümayəndələrinin mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.

Bu mötəbər tədbirdə qəbul olunacaq sənədlər Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gələcəkdə davamlılığını təmin edəcək, onu daha da inkişaf etdirməyə şərait yaradacaqdır.

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan Şərq və Qərbin qovuşuğunda, Avropa və Asiyanın kəsişməsində müxtəlif sivilizasiyaların birləşdirilməsində mühüm rol oynayır. Rəsmi Bakının bu təşəbbüsünü alqışlamaq və dəstələmək lazımdır. Avropa Şurası Parlament Assambleyasının sədri kimi mənim burada iştirak etməyim də bununla əlaqədardır.

Bu tədbir, eyni zamanda, Azərbaycanın artmaqda olan siyasi çəkisini nümayiş etdirir və hazırda dünyada mövcud olan bir çox problemlərin həll edilməsinə kömək edəcək.

Bu gün Avropada, təəssüf ki, müsəlman dünyasına qarşı inamsızlıq, hətta deyərdim ki, islamofobiya və bir çox digər problemlərin artdığını görürük. Belə bir zamanda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə böyük ehtiyac duyulur. Azərbaycan tərəfindən belə bir təşəbbüs yalnız alqışa layiqdir, AŞPA sədri kimi mənim də çox böyük önəm verdiyim bir məsələdir. Bu tədbiri təşkil etdiyinə görə Azərbaycan rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Forumun Azərbaycanın AŞ ilə əlaqələrinin gücləndirilməsinə də müsbət təsir göstərəcəyinə inanıram.

Svetlana Orlova, Rusiya Dövlət Duması sədrinin müavini:

- Bakıda keçirilən bu beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışı məndə böyük təəssürat oyatdı. Prezident çıxışında mədəniyyətin tarixinə o qədər bələdliklə hörmətlə yanaşdı ki, adam heyran qalmaya bilmir. Onilliklər ərzində Azərbaycanda müxtəlif din mədəniyyətlərə məxsus insanlar heç bir münaqişə olmadan, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bəli, Azərbaycan məhz bu yolu qət edib. Azərbaycan vətəndaşları, sözün əsl mənasında, ölkələri, ölkə rəhbərliyi ilə qürurlana bilərlər. Görülən işlər çox əhəmiyyətlidir insanların rifahına xidmət edir.

Bu gün keçirilən forum iki cəhətinə görə mühüm əhəmiyyət daşıyır. Azərbaycan dünyanın bir çox ölkələrində tapa bilmədiyimiz tolerantlığı özündə ehtiva edir. Bu müzakirələr canlı ünsiyyət, sözsüz ki, özünün yaxşı nəticəsini verir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü təqdirəlayiq işləri yüksək qiymətləndirirəm.

 

Əbdüləziz bin Osman əl-Tüveycri, İSESCO-nun baş direktoru:

- Azərbaycan çox strateji əhəmiyyətli bir məkanda, sivilizasiyaların qovuşduğu bir bölgədə yerləşir. Bu da mədəniyyətlərarası dialoq forumunun keçirilməsi üçün Azərbaycana çox gözəl şans yaradır. Gözəl ölkənizin bu şansı çox yüksək qiymətləndirdiyinin şahidi oluruq. Qeyd edim ki, islam sivilizasiyasının dünya mədəniyyətinin inkişafına böyük təsiri olmuşdur. Eyni zamanda, bu gün bəşəriyyətin tərəqqisində hər iki mədəniyyətin - Şərq Qərb sivilizasiyalarının yanaşı addımlaması həyati zərurətdir. Biz gələcək nəsillərə Şərq Qərb sivilizasiyalarının qarşıdurma üzərində qurulmuş ənənələrini deyil, qarşılıqlı hörmət etimad üzərində bərqərar olan mədəniyyətini miras qoymalıyıq. Mən sevinirəm ki, hər iki sivilizasiyanın təmas xəttində yerləşən Azərbaycan bugünkü tədbirlə mədəniyyətlərin regional inkişafından qlobal tərəqqisinə, dialoquna geniş yol açır.

Mənim rəhbərlik etdiyim təşkilat Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağın üzərində hüquqlarını tanıyır. Mən bu yaxınlarda 9 yaşlı azərbaycanlı uşağın erməni snayperi tərəfindən öldürüldüyünü eşidərkən hədsiz dərəcədə hiddətləndim. Ermənistan ordusunun bu addımı müharibə qanunlarına, bəşəri dəyərlərə uyğun gəlir. Buna görə biz bu qeyri-insani addımı qətiyyətlə pisləyir, uşaqların öldürülməsinin dayandırılmasını tələb edirik. Mənim rəhbərlik etdiyim təşkilatın qəti mövqeyi belədir ki, Dağlıq Qarabağ işğal olunmuş digər rayonlar Azərbaycana məxsusdur.

BMT digər beynəlxalq təşkilatlar tarixi-mədəni abidələrin dağıdılmasına dinc insanların öldürülməsinə qarşıdır. Ermənistan işğalı dayandırmalı beynəlxalq ictimaiyyətin çağırışlarına hörmətlə yanaşmalıdır. Ermənistan Azərbaycanın bu torpaqlardakı hüquqlarını tanımalıdır. Biz Ermənistanı bir daha işğala son verməyə BMT Təhlükəsizlik Şurasının qərarlarına riayət etməyə çağırırıq. Ümid edirik ki, Ermənistan hökuməti dünyanın bu çağırışlarına əməl edəcək münaqişənin sülh yolu ilə həllinə yol açılacaq.

 

Koişiro Matsuura, YUNESKO-nun sabiq baş direktoru:

- Azərbaycana yenidən səfər etməyimdən çox məmnunam. YUNESKO-nun baş direktoru qismində bu ölkəyə 4 dəfə səfər etmişəm. Hər səfərimdən sonra ölkədə böyük dəyişikliklərin baş verdiyinin şahidi olmuşam. Bir il bundan əvvəlki səfərimdən sonra da şəhərdə nəhəng, möhtəşəm dəyişikliklərin baş verdiyini gördüm. Bakı simasını tamamilə dəyişib. Prezident İlham Əliyevin də dediyi kimi, ölkədə ümumdaxili məhsulun bir neçə dəfə artması bir rekorddur. Əminəm ki, Azərbaycan xalqının öz gələcəyinə daha böyük inamı var.

Mədəniyyətlərarası dialoqa ehtiyac olduğunu nəzərə alsaq, Azərbaycanın bu məsələyə verdiyi töhfə çox böyükdür. Mən böyük məmnuniyyətlə Milli Parkı gəzdim. Buradakı Muğam teatrını heyranlıqla seyr etdim. Bakıda Novruz bayramında iştirak etdiyim anları da unutmamışam.

Azərbaycan mədəniyyətinin bütün dünyaya açılmasında Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, çox hörmətli Mehriban xanımın böyük əməyi var. Sevinirəm ki, Azərbaycanın qlobal mədəniyyətə verdiyi töhfələr artır. Bugünkü forumu bu fikrimin təsdiqinə bariz nümunə hesab etmək olar. Xalqları bir-birinə yaxınlaşdıran mədəniyyətlərdir. Bu forumun dünyada sülh və rifaha xidmət etdiyini düşünür, bu gözəl missiyanı uğurla həyata keçirdiyi üçün azərbaycanlı dostlarıma təşəkkür edir, yeni uğurlar arzulayıram.

 

 

Hazırladılar: Məsaim ABDULLAYEV,

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2011.- 8 aprel.- S. 5.