Onları Allah
göndərmişdi
"Qardaş
köməyi"nin işığında
(əvvəli
"Xalq qəzeti"nin 3 aprel 2011-ci il tarixli nömrəsində)
"Qardaş
köməyi"nin səhifələrini çevirdikcə
oxucu bir yandan bu soydaş qeyrətli örnəyə görə
fəxarət duyur, digər tərəfdən də uzun zaman ərzində
burnumuzdan bir qarış irəlidə mürgüləyən
bu ibrətli qovğaları, onun qəhrəmanları olan əzabkeş
və fədakar insanları xalqına tanıtmağa qurdalanma
nümunəsi belə göstərməyən məmləkət
araşdırmaçılarını qınamaqdan başqa
söz tapmır.
Mətbuat
səhifələrində xalqımıza "unutqan xalq"
deyə yazılar tez-tez dərc olunur. Amma ədalətlə
desək, biçarə xalq neyləsin? Tozlu-torpaqlı təbəqələr
altında qalmış bu müsibətnamə və igidnamələri
kim çıxarıb, onun qarşısında sərgiləmişdir?!
Təbii ki, bu suallar qarşısında naçar qaldıqca
Bətül xanımın kitabının dəyəri birə-beş
qat artır.
Bətül Aslanın kitabında millət yolunda olmazın əzablı xidmətlərinə baxmayaraq, günümüzdə az qala adsız qəhrəmana çevrilmiş, əməlinin gerçəkləşməsi yolunda dünyası parça-parça olmuş bir fədai də var: doktor Xosrov Paşa bəy Sultanov. Əsərindəki hər kəsə və həqiqətə son dərəcə diqqət və maraqla yanaşan Bətül xanım Xosrov Paşa bəyin həmin o dünyasından onun həyat və ictimai fəaliyyətinin parça və zərrələrini səbr və səbatla bir yerə toplamaq üçün gərgin zəhmətlərə qatlaşıb. Zamandan ziyadə ictimai atmosferlərin insana yovuşmaz münasibətləri ucbatından doktor Xosrov Paşa bəyin Azərbaycan varlığının bir dövlətin bayrağı altında yaşaması, xalqımızın və soyumuzun dünya xalqlarının əbədiyyət köçündə ərdəmlə irəliləməsi naminə təkrarsız vətənpərvər fəaliyyəti, insani keyfiyyətləri, lap gerçəyi, zorla unutdurulmağa tabe tutulmuş, uzun zaman adı-soyadı yazılı mətbuat vasitələrindən sildirilmişdir. Nəyə görə?... Nə qədər Allahsız, mürvətsiz Sovet hakimiyyətinin ictimai təbəqəyə qarşı əzazil davranışı! Halbuki, Xosrov bəy gəncliyindən atası Paşa bəyin tövsiyəsi ilə elm arxasınca getmiş, gavurlar arasında minbir əzaba qatlaşa-qatlaşa təhsilini xalqa xidmət naminə uğurla davam etdirmişdir. Çar üsuli- idarəsində əsla iştirak etməmişdir...
Xosrov Paşa bəyin sızıltılı xatirələrində erməni vəhşiliyi ürək göynədir. Bunlardan birini xatırlayan zaman nə vəziyyətə düşdüyünü bütün təfərruatı ilə büruzə verir: Qarsın qan ağladığı bir çağında "Qardaş yardımı" Cəmiyyətinin baş təmsilçisi doktor Xosrov Paşa bəy Sultanov bölgənin bir nöqtəsində qanı qanından, dili dilindən olan fələkzədələrin duyduqları məmnuniyyətin kövrək duyğulanmasını belə dilə gətirirdi: "... Onların ümidgahı və pənahı ancaq bir Allah idi. Bizim adamlarımız ürəkdə məhəbbət, gözlərində həmdərdlik sərkeşi və özlərində qardaşlıq hissi ilə gəldikləri zaman ilk vaxtlar məhəlli əhali çəkmiş olduqları müsibət, görmüş olduqları həqarət və təcavüzə uğramış namuslarına baxaraq, eyni zamanda, "Qardaş köməyi" uzadan əllərin varlığına şad olaraq, deməyə söz tapmır; ancaq "Sizi Allah göndərmişdir", - deyirdi.
Yer qatı, göy iraq. Vicdanları daş kəsilmişlərin vəhşət püskürən zülmlərindən gözləri qırılmış, ümidləri büsbütün kəsilmiş insanlar bu bölgədə eləcə öləndə rahatlıq tapa bilirdilər... gorsuz - kəfənsiz. Ömürlərini bürümüş zülmətdən sabaha işartı belə xəyala gəlmirdi...
Birdən-birə öz başı bəla girdabında olan Azərbaycandan Anadoluya yardım əlini uzatmış bu mələk xislətli insanların ülviyyətindən çaşıb qalanlar sanki dadlı yuxu görməkdə idilər.
Onları, doğrudan, Allah göndərmişdi! Zaman-zaman soyluq münasibətlərini itirmiş türklük vicdanlarının səsi ilə ayağa qalxmış, Allahın iradəsi ilə qurtuluş yollarında əl-ələ vermək yolunu tutmuşdular. Nicat ancaq bu birlikdən doğası idi.
Bu müsibətlərin dilə gətirilməsi nə qədər əzablıdırsa, onlara qarşı dözüm və o zülm-sitəmin ortadan qaldırılması yönündə aparılan mücadilə daha çətin idi.
Bətül xanım soy faciəmizdən fışqırıb gələn ağlar şeirin kamil sərrafıdır. Ən əsası o dərdlərimizi həssaslıqla araşdırdığından ağrı-acısı bu gün də kəsməmiş müsibətli milli ovqatımızı yaxşı bilir. Sonra da qanlı döyüşlərin tüğyan elədiyi məkanlar şeir-sənət qucağıydı və ürəkparçalayan vəhşiliklərin özü öz ağlar şairlərini bir ucdan yetişdirməkdə idi. Eşitmək ayrı, gözlə görmək bir ayrı. Bətül xanımın tədqiqata cəlb etdiyi ən təsirli söz örnəkləri məhz gözdən könülə işləyib, fəryad qoparan bir növ ağınamələrdir. Bu yöndən maya tutmuş, yarpağına qan çilənmiş şeirlər bir deyil, beş deyil.
Amma mən burada müəllifin nədənsə
tədqiqata cəlb etmədiyi, bəlkə də qazi bir
şeirin bircə qitəsini misal gətirməyi qərarlaşdırdım:
Kağızmanlı Hıfzı Dədənin iyirmi beş bəndlik
bənzərsiz qoşmasının tək bircə bəndini:
Bağrımdakı
xəncərmidir, oxmudur?!
Mənim
dərdim çiçəklərdən çoxmudur?!.
İlahi, bunların dərdi yoxmudur:
Nədən gülər bu divanə çiçəklər?..
Dərdə bax, Allah!
Dünya yaranandan adətən, çiçəklər şairlər tərəfindən tərənnüm olunub. Ona acıqlanan, onu gözdən salan kimsə qeydə alınmayıb. Çiçəyi Rəbbimiz könülləri şad etmək, üzləri güldürmək üçün xəlq edib!... Bəs nədəndir ki, Hıfzı Dədə bütünlüklə şairlərin əksinə olaraq çiçəklərə az qala dərdinin əsas səbəbkarı kimi baxır.
Hifzi Dədə ömrün ixtiyar çağında çiçəklərin ləçək-ləçək, ayə-ayə Günəşə boylanıb güldükləri yerdə erməni faşistlərinin tüğyan eləyən minbir vəhşətini görüb... Ləçəyinə qan çilənmiş nazlı çiçəklərin ürəyi, insafı yoxdurmu?! "İlahi, bunların dərdi yoxmudur?!" Qırğın saçan silahların uğultusundan dağlar-daşlar qan ağladıqları bir məhşəri qiyamətdə "Nədən gülür bu divanə çiçəklər?!" Çiçək olanda nə olar ki?! ... Dərdlilər istərlər ki, dünyada hər kəs və hər şey onların dərdinə-möhnətinə köklənsin; onlar hər dodağı qaçanı özlərinə düşmən sayırlar... Çiçəklər də güllələnib, ağlamağa məhkum edilmişdilər.
İnsanlar nələr çəkmişlər bu ağlar bölgədə?! Qars, Ərdahan, Kağızman, Oltu, Ərzurum, Hasanqala, Hınıs, Van, Ərciyəz, İspir, Ərzincan, İğdır, Trabzon və s. kimi bölgələrdə bəşəri faciənin qanlı səhifələri insan cəlladlarının üz qarası kimi, yəqin ki, bundan yüzillər sonra da ittiham gücündə qalacaq!
Doktor Xosrov Paşa bəy Sultanov Anadolu cəbhələrində topların və digər qırğın silahlarının insanı ordu-ordu udduğu bir zamanda cəbhədən-cəbhəyə yorulmaz faliyyəti onun mətanəti, milli qeyrətinin böyüklüyü haqqında dolğun təsəvvür yaradır. Həm döyüş cəbhələrində apardığı iş, həm lüt-üryan qalmış məsum xalqa yardım yetişdirmə imkanı, həm cəbhələrdə ümidini itirmiş fələkzədə yetimləri toplayıb işıq duyulan bir arxa bölgəyə çatdırma qayğıları onun zamanın yetişdirdiyi bir bayraqdarlıq sərkeşliyinin gətirdiyinin parlaq əlamətləri idi!
Anadolu türklərinə qardaşlıq köməyini dövlətlərarası güclərlə tamamlayıb yoluna qoymaq, xalqın boğazından artırıb imdada göndərdiyi yardımı imkansızlara yetirmə yollarını hərəkətə gətirmə üsullarını nizamlamaq üçün Xosrov Paşa bəy ən çox Qarsda çalışmışdır. Rus məmurları ilə dil tapmaq naminə hər əzab-əziyyətə tab gətirməyi göz önünə almışdı.
Qarsda 8 ay üst-üstə dünyanın o çağında gərgin vəziyyətdə cəbhədən-cəbhəyə yollanırdı. Rus-türk müharibəsində ruslar ən çox erməniləri bu bölgələrə yeritmişdi. Ermənilər bunu fürsət bilib, türk əhaliyə ağlagəlməz vəhşiliklərlə divan tuturdu. Xosrov Paşa bəy bunları vaxtında Rusiyaya yazıb bildirsə də, ruslar bu bəşəri cinayətlərə göz yumurdular.
Ermənilər bir çox bölgələrdə güllə-barıtına qıymır: müsəlman türklərin ayaqlarını başlarına çatıb öldürür, bəzən əhalini qapılarındakı su quyularına töküb, qətlə yetirirdilər.
Hələ nə qədər təfərrüatlı vəhşiliklər məlumdur: Məsələn (Xınısda) körpəni təndirdə qızardıb, ananın qabağına qoyub, yeməsini tələb edirdilər... İnsanı diri-diri sinəsindən divara mıxlayırdılar... Doktor Xosrov Paşa bəy bu insanların nicatına işıq yolu arayırdı...
Bətül Aslan dövrün qeyrətkeş soydaşlarını özlərinin layiq olduğu səviyyədə təsvir etməyə və dəyərlərini insaf ölçüləri ilə göstərməyə bacarığı çatan bir qələm əhlidir. Müəllifin, doktor Xosrov Paşa bəy Sultanovla bağlı çox mötəbərliklə yazdığı parçaları, fakt və dəyərləndirmələri bir qədər seçilən şəkildə bu tanıtma yazımda qabartmağımın ayrıca səbəbi var: şüurlu həyatını xalq naminə, dövlətin müstəqilliyi xatirinə fəda etmiş, öz şəxsi taleyindən əl çəkmiş bu adam mənim nəslimin, sözün həqiqi mənasında, karlı ziyalısı olduğunu ilk dəfə "Qardaş köməyi"n də əhatəli şəkildə minnətdarlıqla oxudum. Bətül xanıma hədsiz minnətdarlıq duyğularımı dilə gətirməyə, təəssüf ki, qələm səriştəm çatışmır.
Xosrov Paşa bəy qədirbilən bir xalqın dərin sevgisinə haqqı olan seçkin ictimai xadimdir! Ərzurumlu bir soydaş ziyalımız onun milli-mənəvi dəyərini dərindən tədqiq edib, həqiqəti üzə çıxarırsa, bu, fərəh doğuran haldır.
Yazımın bu yerində möhtərəm doktor Bətül Aslanın mənim ünvanıma yolladığı qısa bir məktubu da sizin nəzərinizə çatdırmaq keçdi ürəyimdən, hörmətli oxucular:
"Hörmətli Rüstəm Paşayev! Öncəliklə göstərmiş olduğunuz həssasiyyətə görə sizə təşəkkür edirəm. Göndərmiş olduğunuz Xosrov Paşa Bəy Sultanovun fotoqraflarını aldım. Nə xoşbəxt sizə ki, belə bir vətənsevər dədənin nəvəsisiniz! Təssüf ki, bu qiymətli insanlar nə Türkiyədə, nə də Azərbaycanda yetərincə tanınmayır. O böyük simaları bugünkü və gələcək nəsillərə tanıtmamız çox gərəkli milli bir vəzifə olaraq qarşımızda durmaqdadır. Bu mövzuda bir zərrə köməyim oldusa, özümü bəxtəvər hiss edirəm. Bilginiz bizi son dərəcə məmnun etdi.
Sizə, ailə üzvlərinə və Məmməd Aslan bəyə sayqı və səlamlarımı göndərirəm".
Yaxın tariximizin gərəkli səhifələrinə aydın işıq tutan bu dəyərli kitabın Azərbaycanda kütləvi nəşrinə çox böyük ehtiyac duyulur. XX əsrin həm Türkiyə, həm Azərbaycan üçün o qanla yoğrulmuş səhifələrini geniş oxucu kütləsinin nəzərinə çatdırmaq hər zaman faydalı olar. Ulu kişilər "Tarix təkərrürlərdən (təkrarlardan) ibarətdir", - deyiblər. Müsibətlərin təkrarlanmaması naminə o acı rüzgarları unutmamalı, ondan ibrət almalı olan xalqın olub-keçənlərdən gərək ətraflı xəbəri olsun.
"Qardaş köməyi"nin Azərbaycanda sanballı nəşrinin bir çox cəhətdən əhəmiyyəti vardır. Köməyimizi dərindən dəyərləndirən dosent doktor Bətül Aslan xanım əfəndinin də soydaş qayğısını uca tutub, xalqımıza göstərmək cəhətdən də gərəkli bir işdir. Bu da bizim minnətdarlıq borcumuz olardı.
Rüstəm
KAMAL PAŞABƏYLİ
Xalq qəzeti.- 2011.- 10 aprel.- S. 8.