Zamanın reallıqları bədii əsərlərdə

 

Şuşasız, Qarabağsız Azərbaycan yoxdur. Bu həqiqəti dərk edən ziyalılarımız tez-tez qaçqın və məcburi köçkün soydaşlarımızla görüşürlər. Yazıçı-dramaturq, Milli Məclisin üzvü Hüseynbala Mirələmovun Dağlıq Qarabağ icması nümayəndəliyinin binasında şuşalılarla bu günlər keçirdiyi görüş, müşahidələrimə əsaslanıb deyərəm ki, ədibə tam fərqli və sevgi dolu hisslər yaşatdı.

 

Yazıçı - dramaturqu, bu auditoriyada oxuculara xüsusi təqdim etməyə ehtiyac olmadığını bildirən tədbirin aparıcısı Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva bunun səbəbini özünəməxsus tərzdə açıqladı:

- Çünki Hüseynbala Mirələmov əsərlərinin mövzusundan, ruhundan və məzmunundan göründüyü kimi, sıramızdan biri, böyük azərbaycanlı, qarabağlı, şuşalıdır. Onun əsərlərini sevə-sevə oxuyan hər bir insan zərrə qədər də şübhə etməz ki, bu yazıçı-dramaturqun narahat ruhu "Güllələnmiş heykəllərin" "xəcalət"ini çəkə-çəkə Qarabağı, Şuşanı dolaşır, barbar, vandal erməni düşmənlərilə sözü, yazdığı əsərləri ilə amansız döyüşdədir və intiqamını almayınca dinclik tapmayacaq.

Hüseynbala Mirələmov bir daha sübut etdi ki, hansı peşə sahibi olmağın yaxşı yazıçı olmağa heç bir maneçiliyi yoxdur. Yazıçılıq ilahi bir vergi, istedaddır. Hüseynbala müəllim, illər keçəndən sonra belə, istedadının gücünə qısa zaman axarında ərsəyə gətirdiyi əsərləri ilə nəinki Azərbaycan müstəvisində, hətta ölkəmizin hüdudlarından kənarda da oxucularını öz sözünün sehrinə sala bildi, onların sevgisini qazanmağı bacardı.

V.Fətəliyevə qeyd etdi ki, az bir zamanda haqqında on beşdən artıq kitab, beş yüzdən artıq məqalə çap olunan və bu əsərlərdə bir yazıçı kimi təqdir olunan Hüseynbala Mirələmov həm də cəmiyyətdə ən çox oxunan və ədəbi-ictimai fikrin diqqət mərkəzində olan bir yazıçıdır. Mənə elə gəlir ki, bunun ən başlıca səbəbi onun, öz əsərlərində ruhu dolaşmış cəmiyyətimizə amansız müdaxiləsi, bu cəmiyyətin eybəcərliklərini cəsarətlə açması, onlara milli şüurla çəkinmədən etiraz etməyi bacarmasıdır.

Hüseynbala Mirələmov Azərbaycan oxucusuna həm də siyasi publisistika janrının usta yazarı kimi tanışdır. Onu təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə bu qədər tanıdan şübhəsiz ki, Moskvanın məşhur "Molodaya qvardiya" nəşriyyatının "Görkəmli adamların həyatı" seriyasında nəşr etdiyi "Heydər Əliyev", "İlham Əliyev" və "Zərifə Əliyeva" əsərləridir.Dünyanın bir sıra dillərinə tərcümə olunan bu əsərlər haqlı olaraq yazıçının siyasi-publisistik yaradıcılığının zirvəsi hesab olunur.

Yazıçı "Heydər Əliyev" əsərində Azərbaycanın dahi oğlunun nəsillərə nümunə ola biləcək həyat və fəaliyyətini, dünyanın siyasət panteonunda özünəməxsus yeri olan misilsiz dövlət xadiminin gerçək obrazını bütün koloriti ilə təqdim etməyi bacarmışdır.

Natiq vurğuladı ki, Heydər Əliyev kimi liderin siyasi portretini yaratmaq ilk baxışdan çoxlarına asan görünə bilər. Düşünərlər ki, o bizim müasirimiz olub, həyat və fəaliyyəti haqqında kifayət qədər məlumat var. Ancaq bütün bunlar bu, dahi azərbaycanlının bitkin obrazını yaratmaq üçün yetərli deyil. Bunun üçün ən azından Hüseynbala Mirələmov qədər ulu öndər Heydər Əliyevin ideallarına sadiq olmalı, onu daxili bir məhəbbətlə sevməli, onu sözün yox, sözü onun zirvəsinə qaldırmağı bacarmalısan ki, qələmin qüdrəti aciz görünməsin. Bu mənada, H.Mirələmov publisistik sözün siyasi sehrindən ustalıqla yararlana bilib.

Etiraf etmək lazımdır ki, yüz il sonra da heç bir başqa əsəri oxumadan, təkcə H.Mirələmovun qələmə aldığı "Heydər Əliyev" kitabını oxumaqla, müstəqil Azərbaycanın memarı və qurucusu olan bu dahinin şəxsiyyəti, siyasi fəaliyyəti, vətənkeşliyi, qətiyyəti, müdrikliyi və xalqının xilaskarlıq missiyası haqqında müstəqil və zəngin məlumat almaq olar.

Bu seriyadan olan digər bir əsərdə isə biz bu dahi şəxsiyyətin sədaqətli, dəyanətli və nəcib xanımı Zərifə Əliyeva haqqında bir əbədiyyət dastanı ilə tanış oluruq. Müəllif bu əsərdə Zərifə xanımı təkcə birinci şəxsin həyat yoldaşı kimi deyil, qayğıkeş bir ana, sədaqətli bir rəfiqə, narahat bir bacı, ziyalı və nəcib bir Azərbayan qadını kimi canlandırır. Onun davranışı, kollektivdəki səmimiyyəti, peşəsinə sədaqəti hər bir Azərbaycan qızına, qadınına örnək ola bilər. Çəkinmədən demək olar ki, Zərifə xanım, əsərdən də göründüyü kimi, əsl Azərbaycan xanımının simvolu olmuşdur və yazıçıya, bu gerçək obrazı bütün cizgiləri ilə əsərində göstərə bildiyi üçün, qadınlarımız adından təşəkkür edirəm.

Nəhayət, "Görkəmli adamların həyatı" seriyasından olan - "İlham Əliyev"kitabı, bütün mənalarda ləyaqətli bir varisin üzərinə düşən siyasi, mənəvi və vətəndaşlıq borcunu necə böyük məsuliyyət və müdrikliklə həyata keçirdiyini nümayiş etdirir. Əslində, böyük bir dahinin bütün mənalı həyatı boyu digər saysız-hesabsız xidmətlərilə yanaşı, bir müstəsna xidməti də Vətəni, xalqı naminə düşüncələrini, arzularını və planlarını həyata keçirəcək bir varisi bu missiyaya hazırlamaq olmuşdur.

H.Mirələmov siyasi publisistikanın çox incə priyomları ilə bu missiyaya hazırlanan gəncin hansı siyasi bir auditoriyadan, nəhəng simalarla ünsiyyət imtahanından necə keçdiyini açıb göstərə bilmişdir. İlham Əliyev diplomatiyanı, əslində, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuyarkən deyil, daha erkən, yeniyetmə, gənc ikən öyrənib. Onun ən böyük müəllimi, ustadı şübhəsiz mahir siyasət ustası, müdrik dövlət adamı - atası Heydər Əliyev idi.

Kitabda gerçək faktlarla İlham Əliyevin həyatda, siyasi fəaliyyətdə bu ailə, ata məktəbinin, siyasət akademiyasının adını necə doğrultduğu, çox qısa zamanda xalqının sevimlisinə çevrildiyi mükəmməl əksini tapmışdır. Bu gün artıq bütün dünya etiraf edir ki, Prezident İlham Əliyev XXI əsrin siyasi liderlərinə məxsus keyfiyyətləri ilə ən parlaq şəxsiyyətlərdən birinə çevrilmişdir.

Natiq bir daha yazıçının ədəbi yaradıcılığına toxunaraq qeyd etdi ki, Hüseynbala Mirələmov daxilən yaşadığı Qarabağ ağrılarını, torpaq itkisini, Vətəndəykən qaçqınlıq və məcburi köçkünlük qınağını insanların dərdini oxucularına da yaşadır. Bunları yaşamaq, oxumaq isə o qədər də asan deyil. Sevimli şairimiz Bəxtiyar Vahabzadə yazıçının "Xəcalət" povestini oxuyandan sonra ona ünvanladığı səmimi məktubda ürək ağrısı ilə yazır: "Hörmətli Hüseynbala Mirələmov, "Xəcalət" povestinizi yalnız yarıya qədər oxuya bildim. Qəhər məni boğdu, göz yaşlarımı saxlaya bilmədim, bacarmadım. Bu boyda dərdlə qol-qola, baş-başa yaşaya bildiyimə görə xəcalət çəkdim. Bəli, biz hamımız babalarımızın bizə əmanət verib getdiyi cənnətməkan Qarabağı düşmənə təslim edəndən sonra yenə də yaşaya bildiyimizə görə o müqəddəs torpaqda yetişən dahilərimizin ruhundan utanmalıyıq. Əsərinizlə məni bir daha utandırdığınıza görə Sizə təşəkkür edir, axıra qədər oxuya bilmədiyimə görə Sizdən üzr istəyirəm, əfv edin, təsvir etdiyiniz o dəhşətli səhnələri yaşamaq qəlbi və vicdanı olan hər kəs üçün çox ağırdır".

Böyük şair "Xəcalət"i göz yaşı, qubarla oxuyan tək adam deyil. Bu gün artıq dram əsəri kimi Akademik Milli Dövlət Dram teatrının səhnəsindən düşməyən "Xəcalət" öz tamaşaçılarını utandırır, ağladır, hiddətləndirir və amansız düşmənlə mübarizəyə, qisas almağa çağırır.

Jurnalist Reyhan Mirzəzadə isə qeyd etdi ki, H.Mirələmov "Xəcalət"i üstümüzdən götürmək üçün "Yanan qar" romanını yazdı. Sanki yazıçı torpaqların xilası üçün bu romanında yatmışları yuxudan oyadıb partizan müharibəsinə çağırır. Haqlı olaraq ədəbi tənqidçilərimizdən biri qarşımızda sual qoyur: "Hanı bu ölkənin partizan oğlanları? Niyə Qarabağda erməni dığalarına göz yummağa imkan verməyən bir əli silahlı dolaşmır?..." Əslində Hüseynbala Mirələmov bu əsərində Qarabağ müharibəsinin bədii həllini tapır. R.Mirzəzadə daha sonra özünün də ədəbi redektoru olduğu, yazıçının "Qırxıncı otaq" romanı barədə danışaraq bildirdi ki, Hüseynbala Mirələmov zamanın çağırışlarına daha çevik cavab verdiyindəndir ki, əsərləri daha çox oxunur. Nağıllar aləmindən həmişə sirli və sehirli qalan "Qırxıncı otağ"a açar salan H.Mirələmov özünün də həyatda görmək istədiyi, ədalətə, haqqa xidmət göstərən əsl vətəndaş-hüquqşünas obrazını yaradır. Həyat, bu gün cəmiyyətimizdə gedən proseslər göstərir ki, məhz Adil Hüseynli kimi xalq arasında haqqa, sədaqət nümunəsinə çevrilən, bütün mənfiliklərin, çirkinliklərin, əxlaqsızlıqların kökündə duran yalana, riyakarlığa, rüşvətxorluğa qarşı mübarizə aparan insanlara böyük ehtiyacı var. Bu mənada, əlbəttə, tam qətiyyətlə deyə bilərəm ki, istər "Gəlinlik paltarı"nda, istər "Qumru yumurtaları"nda, istər "Qırxıncı otaq"da, istərsə digər əsərlərində yazıçının qarşısına qoyduğu ali məqsədlərdən biri insanın yaşadığı mühitdə öz simasını qoruyub saxlaya bilməsinə, içindəki iblisə qalib gələ bilməsinə kömək göstərməkdir.

Bu mənada görüşdə çıxış edən Əyyub Şirvanlı haqlı olaraq bildirdi ki, "ədəbiyyat həyatın güzgüsüdür" ifadəsini tərəddüd etmədən Hüseynbala Mirələmovun qələmə aldığı bütün əsərlərə şamil etmək olar. Haqqında danışılan əsərlərin hər birinin mövzusu bizim yaşadığımız həyatın reallıqlarının bədii təsviridir. Amma mənə bir yazıçı olaraq Hüseynbala Mirələmovu sevdirən Qarabağ mövzusunun onun əsərlərinin "şah damarına" çevrilməsidir. Hüseynbala müəllimin tərcümeyi halından , onun cənub bölğəsində halal və zəhmətkeş bir ailədə dünyaya gəlməsindən xəbərsiz olan oxucu şübhə etmədən deyə bilər ki, bu insan Qarabağda doğulub, burada boya-başa çatıb. Görüşdə bir çox oxucuların dilə gətirdiyi bu fikrin müqabilində yazıçı-dramaturq Hüseynbala Mirələmov dedi:

- Şuşasız, Qarabağsız Azərbaycan yoxdur. Qarabağ düşmən caynağından azad olunmayana qədər biz hamımız Qarabağlı olmalıyıq.

Mən bu gün çox şadam ki, şuşalılarla görüşürəm. Amma, eyni zamanda, çox pərişanam ki, bu görüşü Şuşada, xan qızı Natavanın, Üzeyir bəyin, Bülbülün Vətənində keçirə bilmirik. Bu hiss məni heç vaxt rahat buraxmır.

Natiq qeyd etdi ki, yazıçı üçün ən qiymətli rəy onun oxucusunun rəyidir. Mən çox məmnunam ki, yazdığım əsərlər sevilə-sevilə oxunur. Demək, nəyəsə nail olmuşam.

Görüşdə fikirlərini, yazıçının yaradıcılığına münəsibətlərini bölüşən Gülsarə Abbasova, Mehdi Mehdiyev, Ramiq Məhərrəmov, Təvəkkül Əliyev, Raisa Fərəcova və Əminə Məhərrəmova bir fikri xüsusi vurğuladılar ki, H.Mirələmov əsərlərində çox cəsarətlə cəmiyyətimizi, bəşəriyyəti təşvişə salan bir çox sosial eybəcərlikləri və onların yaranması səbəblərini açıb göstərir. O, öz qəhrəmanlarının yaşadığı hissləri, düşüncələri, iztirabları, kədəri daxilən yaşayır və bunu oxucusuna da yaşadır.

Amma H.Mirələmov qələminin gücü təkcə bunda deyil. O həm də çox böyük ustalıqla göstərir ki, insan bu dövrün, mühitin eybəcər çağırışlarına necə cavab verməlidir, cəmiyyətin problemlərilə necə mübarizə aparmalıdır. Bəli, şəxsiyyət dünyanın ən böyük əxlaqsızlığı sayılan yalanla mübarizədə, ədalət naminə döyüşdə və qələbədə özünün varlığının dəyərini təsdiq edir.

Yazıçı özünün başlıca vəzifəsini "cəsarətlə həqiqəti axtarmaqda", bütün mürəkkəbliyi və ziddiyyətləri ilə insan haqqında gerçəyi üzə çıxarmaqda görür. Bu ümumi qayda Hüseynbala Mirələmovun seçdiyi ədəbi janrların hamısına şamil olunur.

Yazıçı humanistdir və ona görə də çox narahatdır. Təbii ki, cəmiyyətdə dağıdıcı meyillərin gücləndiyi bir vaxtda onun insan taleyi üçün narahatlığı başa düşüləndir.

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, Yazıçı Qadınlar Birliyinin sədri Nüşabə Məmmədli, şair Əli Mahmud, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Əkbər Hacıyev, Zahid Abbasov və digər çıxış edənlər isə qeyd etdilər ki, Hüseynbala Mirələmovun təsvir etdiyi, "çəkdiyi " dünya daim hərəkətdə, inkişafda və yeniləşmədədir. Yeni dövr, yeni iqtisadi münasibətlər köhnə sualları yeni şəkildə qarşıya qoyur. XXI əsrin yazarı cəmiyyətin, iqtisadi münasibətlərin çağırışlarına tab gətirməyib təslim olan, simasını itirən və bəzən şəxsiyyəti formalaşdıran dəyərlərin alçaldılıb ayaqlar altına atılacağından qorxub üsyan qaldıran obrazları ədəbiyyata gətirir.

Yazıçı "Qırxıncı otaq" əsərində bütün roman boyu cəmiyyətin eybəcərliklərini çiyninə yüklədiyi Qaraxanın simasında nəyi göstərmək istəyir? Qaraxanın düşüncə tərzi onun xislətindən irəli gəlir. O, maddi varlığı, zənginliyi sayəsində uzun illər qəlbində gəzdirdiyi çirkin niyyətlərinin həzzini almaq üçün çalışır.

Cahan isə cəmiyyətin bütün məşəqqətlərini, ağırlıqlarını çiynində gəzdirir. Adil Hüseynli haqqın, ədalətin müdafiəsində durmaqla cəmiyyətin vicdanını nümayiş etdirir. Yazıçıya teatral düşüncədən gələn əsərin süjetindəki qeyri-adi dramatizm oxucunu daim gərginlikdə saxlayır.

Amma bu reallıqlar bütün ziddiyyətləri ilə həm də insan üçün perspektivlər açır. İşıq gələn, görünən yolun varlığı artıq gəncliyi, oxucunu pessimizmdən qurtarır. Hüseynbala Mirələmovun yazıçı filosof kimi böyüklüyü də ondadır ki, xeyrin şərə, işığın qaranlığa qalib gələcəyinə, haqqın təntənəsinə oxucusunu inandırır, ona yaşamaq ehtirası verir.

Görüşdə oxucuların Hüseynbala Mirələmova çoxsaylı sualları da oldu. Gənclərin sualları daha çox yazıçının "Gəlinlik paltarı ilə bağlı idi.

Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva görüşü yekunlaşdırarkən bildirdi ki, Hüseynbala Mirələmovla görüşümüz bununla bitmir. Bugünkü görüşümüzdə biz, cəsarətlə Hüseynbala Mirələmov antologiyası adlandırdığımız bir çox əsərlərinə münasibətimizi bildirdik. Bu antologiyada cəmiyyətimizin həyatı, sosial bəlaları, mənəvi aləmimiz, yaşam tərzimiz, milli xarakterimiz və tariximiz var. Bu antologiyada bütün gələcəyimizə görk olası Qarabağ dərsləri, Qarabağ xəcaləti, Qarabağ dərdi var.

Arzu edərdik ki, Hüseynbala Mirələmov lap yaxın vaxtlarda Qarabağın azad olunacağı günə bir əsər yazsın və biz o əsərin Şuşada, Xankəndində təqdimatını keçirək.

Ədib onunla görüşə gələnlərə dərin minnətdarlığını bildirdi və elə buradaca öz müqəddəs bir arzusunu açıqladı ki, Qarabağ düşmən tapdağından azad olunandan sonra o "Qələbə" romanını qələmə alacaq:

- Güman edirəm ki, o gün uzaqda deyil. Bunu dövlət başçısının həyata keçirdiyi xarici siyasət kursu da, ölkənin iqtisadi potensialının güclənməsi fonunda Milli Ordunun Qafqazın ən güclü ordusuna çevrilməsi faktı da təsdiq edir. Mən yenə deyirəm ki, Qarabağsız, Şuşasız Azərbaycan ola bilməz.

Qarabağın azadlığı Azərbaycan xalqının vicdanının hökmüdür. Nəyin bahasına olur-olsun bu hökmün həyata keçməsini təmin etməliyik.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2011.- 10 aprel.- S. 7.