"Masallının
söz çələngi"
Yüz altı kəndi olan Masallının
yüz altı yazarının bədii nümunələri
toplanmış yeni almanax bu yerlərin təbiəti kimi mənəvi
aləminin də rəngarəng olduğunu göstərir.
Qoynunda doğulub pərvazlanmış istedadlı insanlar
öz yaradıcılıqları ilə daim bu diyarın
füsunkar gözəlliyini tamamlayıblar. Rayonun abadlaşan,
iqtisadi cəhətdən yüksələn indiki
çağında yenə ilhamlar çağlayır, qələmlər
yazır.
Annotasiyadan: "Heydər Əliyev ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyevin ədəbiyyat və incəsənətə qayğısı ölkəmizin hər guşəsində hiss olunur. "Masallının söz çələngi" almanaxı isə onu nəşr etdirən icra hakimiyyəti başçısı Qəzənfər Ağayevin rayonda aparılan irimiqyaslı quruculuq işləri ilə yanaşı, ideoloji sahəyə də xüsusi önəm verməsini bir daha təsdiqləyir".
Özü də əslən Masallıda doğulub boya-başa çatan və artıq ədəbi tənqidimizin ağsaqqallarından biri kimi tanınan filologiya elmləri doktoru Vaqif Yusiflinin ön söz yazdığı almanaxda mənə tanış imzaların çoxluğuna sevindim. Vaqif müəllimin təbii bir doğmalıq hissi ilə xeyir-dua verdiyi almanax barədə düşüncələrimi qələmə aldım.
Əvvəla qeyd edim ki, Bakı həm də ədəbi paytaxtımız olduğundan, yazı-pozu adamları əsasən burada toplaşır və bədii prosesi yönləndirirlər. Bu "episentr"dən, orbitdən kənarda qalan minlərlə istedad sahibi əyalət mühitində gözə görünmür, geniş oxucu kütləsinə tanınmır. Bu baxımdan bölgələrdə ədəbi almanaxların buraxılması müsbət haldır. Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Quba, Şabran və Borçalıda ara-sıra çıxan belə topluları maraqla oxumuşam. "Masallının söz çələngi" də bu sıradandır.
Almanaxı imzası ilə gözəlləşdirən Arif Fərzəli bölgədə qapılıb qalan, amma daim qələmdən ayrılmayan istedadlı şair dostlarımdandır. BDU-nun kimya fakültəsini bitirsə də, bədii yaradıcılığa ömürlük könül verib və "kimyagər"liyi buraxaraq Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda ikinci təhsil alıb. "Toxuma həsrət torpaq", "Sizin dünya" kitabları maraqla qarşılanıb. ...
On beş-on altı il öncə Arifin yaşadığı Xırmandalı kəndində torpaqla həsbi-halda olan, əkin-biçinə güc verən dostumuzun fermer təsərrüfatında olmağımı, öz əlləri ilə əkib becərdiyi qarpız-yemişin dadına baxmağımı xatırlayıram. O vaxt Arifin ikram elədikləri də elə sözü-söhbəti, şeirləri kimi şipşirin idi. Qətiyyətlə demək olar ki, əkinçi Arifin söz "bostan"ına səpdiyi saf duyğu "toxum"larının hamısı cücərir, şirin bəhər verir. Onun şeirləri adamı düşünməyə vadar edir: "Bir anda oğlumun saçı ağardı - bu qarın ağlığı qorxutdu məni..."
Duyduğum qədərilə Azərbaycan musiqisini dərindən bilən Arif Fərzəli "Yetim segah" şeirini bu misralarla bitirir:
Simlər pərdə üstdə yollardı - qoşa,
Gedən ölməzliyə gedib qovuşar.
Qaçıb el-obaya hay sal, ay uşaq,
Dədəsi
tapılıb "Yetim segah"ın...
Digər
bir müəllif elə Arifin həmkəndlisi, məni onunla
Milli Məclisin
deputatı, "Şöhrət" ordenli əməkdar
jurnalist, filologiya elmləri namizədi Elmira Axundovanın
yazıçı Elçinin dram əsərləri
haqqında yazdığı "Fövqəlmissiya"
adlı qeydlər "Masallının söz çələngi"nin
seçilən "gül"lərindəndir. Bu, həm də
əyalət çərçivəsini uğurlu şəkildə
qırmaq kimi dəyərləndirilə bilər.
Oxucuların
mərkəzi ədəbi orqanlardan yaxşı
tanıdığı Gülhüseyn Hüseynoğlunun mənsur
şeirləri, Hacı Mirəziz Seyidzadənin müstəzad
və mürəbbeləri, Musa Quluzadənin və Rahid
Uluselin esseləri, Loğman Rəşidzadənin hekayəsi,
Məmməd Kazımın, Zeydulla Ağayevin, Zakir Abbasın,
Tofiq Hüseynin, Vaqif Nəsirin, Kəramətin, Rəsmiyyə
Sabirin, Rəsul Rzayevin, Süleyman Əlisanın, Süleyman
İsmayılın, Qəni Bəxtəvərin, Sarvan Bəhluloğlunun
yazıları da topluya özəl dəyər gətirib, -desəm,
doğru olar.
Şəmistan
Əlizamanlının oxuduğu, dillər əzbərinə
çevrilmiş "İgid əsgər"
mahnısının sözləri, sən demə, Masallı
yetirməsi Şahin Musaoğluya aidmiş:
Ya azad ol,
ya candan keç,
İki
yoldan birini seç.
Azadlığın
şərbətin iç,
İgid əsgər,
möhkəm dayan!
Vaqif və
Cavanşir Yusiflilər ədəbiyyatımızın cəfakeşləri
kimi tanınırlar. "Azərbaycan" jurnalının
baş redaktor müavini, 20-dən artıq kitabın müəllifi
olan Vaqif müəllim elə onun özü kimi filologiya elmləri
doktoru olan kiçik qardaşı Cavanşirlə birlikdə
"Bu nə sehirdir belə" adlı müştərək
kitab da yazıb. O, almanaxda qələm dostumuz Camal Yusifzadənin
şeirləri haqqında isti duyğularla qələmə
aldığı "Payızım oy, qışım
oy..." adlı ədəbi oçerki ilə təmsil
olunub.
Cavanşir
Yusifli isə "Masallının söz çələngi"nə
vərdiş etdiyimiz elmi-tənqidi məqalələrini deyil,
"Bir söz söylə, bu dünyadan olmasın"
başlıqlı poetik duyğularını ərməğan
eləyib: "Bir saz havasından keçib də itək, yox
olaq. Bir də min il sonra adsız bir aşığın yeganə
qoşması kimi gələk dünyaya..." Məncə,
Cavanşirin şeirlərindən unudulmaz şairimiz Əli Kərimlə
ruh yaxınlığı boy göstərir.
Vaxtilə
teatr rejissoru kimi tanınan, indi isə qələmlə
dostlaşan Ağalar İdrisoğlu imzası artıq ədəbi
aləmdə tanınır. Onun "Vicdan mühakiməsi"
kitabı haqqında yazdıqlarımı "525-ci qəzet"də
çap etdirmişəm. Ağalar "Masallının
söz çələngi"nə kövrək dillə
yazdığı "Anamın nağılı" ilə
qatılıb.
Mərhum
Azad Talışoğlunun, Tofiq İlhamın, Aydın Əliquliyevin,
Qiyas Həmidin, Böyükxan Pərvizin, Fariz Əsgərovun,
Zahid Zeynallının, Tahir Qurbanın almanaxa daxil edilmiş
yadigar yazıları onların hər birindən bir yarpaq xatirədir.
"Mənə bir məktub göndər, bilim ki, ölməmişəm..."
( S. Yusifoğlu).
Zülfüqar
Qodmanlı ilə Dövlət Teleradio Verilişləri Komitəsində
iş yoldaşı olmuşam. Ağlı kəsəndən
Sumqayıtda yaşasa da, ilk kitabını "Sumqayıt
axşamları" adlandırsa da, bir ayağı elə hey
doğma Masallıda olardı. Dünyasını dəyişən
şair sanki yazdığı "Payız küləyi"nə
qoşulub getdi:
Yarpaqlar
çuxura, dərəyə doldu,
Kövrək
çiçəklərin ləçəyi soldu.
İndi də
torpağın gərəyi oldu,
Torpağı
qızıla bələdi külək...
Əlvan
təbiət tabloları, obrazlı deyim tərzi, qeyri-adi bənzətmələri,
bir sözlə desəm, diri şeirləri ilə oxucunu heyrətə
salan həkim Tahir Qurban da aramızdan vaxtsız gedib.
Coşdu
kür suların eşqi, diləyi,
Yellər
elə bil ki, uçan çapardı.
Budağa
ilişib qalan küləyi
Quşlar
qanadına aldı, apardı...
Əli
Şirin Şükürlünün, Rafiq Məmmədin, Fəxrəddin
Ziyanın, Vaqif Rəsuloğlunun, Nurməmməd
Ağanın yaradıcılıq nümunələri də sərraf
oxucu nəzərlərindən yayınmır. "Pəncərən
ağlayır, sən ağlayırsan..." kimi lirik şeirlər
müəllifi tək tanıdığım Nurməmməd
Ağa indi də əruz vəznində qələmini məharətlə
sınayır, türfə qəzəllər yazır.
Rafiq Məmmədin
yaradıcılığı da maraqlıdır. Onun naməlum
əsgərə həsr etdiyi şeir təsirli sonluqla
tamamlanır:
Naməlum deməyin, göydən daş yağar,
Bu mərmər abidə - həyatın ardı...
Şöhrət istəsəydi, daşa-torpağa
Adını yazmağa macal tapardı...
Fəxrəddin Ziya isə doğma Masallıya üz tutub deyir:
Hələ
yol gedirəm, sevgin canımda,
Hələ
arzuların qanadındayam.
Bəlkə
də bu dünya okeanında
Mənbəyi
sən olan bir sısqa çayam.
-və
hardansa qulağıma Xumar Qədimovanın Fəxrəddinin
sözlərinə qoşub oxuduğu bir mahnının
kövrək sədaları gəlir:
Sən
gedəli artan ancaq göynəyim,
Ruhdan
qeyri qalmayıbdı heç nəyim.
Görsəm
səni çox incidir ölməyim,
Öləndə
də güləcəyəm, gül desən..."
Müəlliflərin
hər biri haqqında ayrılıqda danışmaq imkanı
olmasa da, qısaca demək olar ki, "Masallının söz
çələngi" sanballı bir nəşr kimi diqqət
çəkir, oxucu marağını və təqdirini qazana
bilir. Bu nübar toplunun təşəbbüskarı olan rayon
rəhbərliyinin, onun araya-ərsəyə gəlməsinə
zəhmət çəkənlərin və dəstəyini əsirgəməyənlərin
bu addımı yetərincə uğurlu
sayılmalıdır.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 10 aprel.- S. 6.