Zərdabın
yaz günləri...
Bahar ana təbiətə yenidən
sığal çəkir. Ərik, alça ağacları
ağ tülə bürünür, salxım söyüdlər
öz zərif yarpaqları ilə məhəbbət
mahnısını oxuyur, çöl-bayır güllərin,
çiçəklərin dili ilə danışır.
Hamı elliklə həyət-bacada, tarla-əkində, iş
üstündədir. Axı, sabahkı bol məhsulun əsası
bu bahar günlərində qoyulur.
Ancaq Kürqırağı kəndlərin sakinlərində bir narahatlıq və həyəcan da var. Onlar nigaranlıqla ana Kürün laylaya bənzər pıçıltılarına qulaq asır, istər-istəməz yaddaşlarında ötən ilin bu günləri canlanır. Əlbəttə, adamları qınamaq olmaz. Həqiqətən, ötən il Kür, eləcə də başqa çaylar insanları ciddi sınağa çəkdi, yüz hektarlarla əkin sahələri, onlarla kənd su altında qaldı. Təbiətlə insanın mübarizəsi başlandı. Sonda Kür geri çəkildi, insan iradəsi, əzmi qalib gəldi.
Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində əsaslı tədbirlər işlənib həyata keçirildi, konkret işlər görüldü. Nəticədə bəndbərkitmə işləri ardıcıl və sistemli şəkildə davam etdirildi, sel və daşqınların qarşısını almaq üçün bir sıra qabaqlayıcı tədbirlər görüldü.
Bəli, indi bu bahar günlərində Kürboyu kəndlərin sakinləri heç nədən qorxmurlar. Ona görə ki, vaxtında qabaqlayıcı tədbirlər görülmüşdür. Bir sözlə, ötənilki sel-su və daşqın təhlükəsindən qalan yalnız acı xatirələrdir.
Sel və daşqınlardan ən çox ziyan çəkən rayonlardan biri də Zərdabdır. Ona görə də biz bu günlərdə görülən qabaqlayıcı tədirlərlə, həyata keçirilən işlərlə yaxından tanış olmaq üçün rayonda olduq. Ucar istiqamətində şəhərə gələnlər yolların kənarı boyu uzanan abad və yaraşıqlı bir qəsəbə görürlər. Burada təbii fəlakət nəticəsində ziyan çəkmiş 51 ailə yeni fərdi yaşayış evi ilə təmin olunmuşdur. Bundan başqa, rayon üzrə 85 evdə bərpa- gücləndirmə tədbirləri görülmüş, 1700 ailəyə kompensasiya ödənilmişdir. Onu da öyrəndik ki, hazırda əlavə 20 ailə üçün fərdi yaşayış evi tikilir.
Biz rayonda olarkən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi altında rayonun 23 Kürqırağı kəndində genişmiqyaslı bəndbərkitmə işlərinin həyata keçirilməsinin şahidi olduq. 60,6 kilometrlik qoruyucu bəndin eni 4 metr, hündürlüyü isə 1,2 metrə çatdırılır. Qabaqlayıcı tədbirlərə 13 tikinti təşkilatının 233 müxtəlif təyinatlı maşın-mexanizmi, 300 işçi qüvvəsi cəlb edilmişdir.
Bundan başqa, ötən ilin aprel-may aylarında baş vermiş təbii fəlakət nəticəsində zədələnmiş 7 məscid binası təmir olunur, Şəftəhal kəndində tibb məntəqəsi, Ağabağlı kəndində məktəb binası, Çallı kəndində doğum palatası inşa olunur.
Ümumiyyətlə, hazırda Zərdabda regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramına uyğun olaraq genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri sürətlə davam etdirilir, ciddi sosial layihələr həyata keçirilir. Məsələn, şəhərin mərkəzində ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Mərkəzi inşa olunur. Ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilib təbliğ olunmasında mühüm rol oynayacaq bu mərkəzdə tikinti-quraşdırma işləri tam başa çatıb. Dam örtüyü vurulub, hazırda fasad hissə aqlay və gülbax daşlarla üzlənir. Daxildə elektrik xətləri çəkilir, suvaq işləri aparılır.
Sarayın 1-ci mərtəbəsində ulu öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən guşə yaradılacaq, 2 virtual sinif, rəsm və foto studiyaları, kulinariya sinfi, internet mərkəzi və toplantı otağı fəaliyyət göstərəcək. 2-ci mərtəbə isə dairəvi şəkildə inşa olunmuş böyük toplantı otağından, elektron və klassik kitabxanadan, 168 nəfərlik akt zalından ibarətdir.
Mərkəzin ətrafında abadlıq işləri aparılır. 800 metr məsafədə hasar hörülərək aqlay daşla üzlənib. Ulu öndərin adını daşıyan parkın girəcəyində milli memarlıq üslubunda giriş qapısı tikilib. Parkın daxilində 1200 kvadratmetr əraziyə dekorativ daş düzülüb. 2 min kvadratmetr sahədə isə mərmər üzlük çəkilir. Burada fəvvarələrin tikintisi, yaşıllıq salınması, müasir işıqlanma sistemi və oturacaqlar quraşdırılması da nəzərdə tutulub.
Rayonda yolların bərpasına, yenidən qurulmasına da xüsusi diqqət yetirilir. Belə ki, 26 kilometrlik Zərdab - Əlvənd yolunun 2-ci layı vurulur. Müasir texnologiya ilə həyata keçirilən asfaltlama işləri başa çatdıqdan sonra Zərdab və Ağcabədi əhalisinin İpək yoluna çıxışı 26 kilometr qısalacaq. Bu işlərə 20-dən çox ağır texnika, 50 nəfərə qədər işçi qüvvəsi cəlb olunub.
Bir sözlə, bu gün Zərdab öz
inkişafının yeni mərhələsinə qədəm
qoymuşdur. Regionların sosial-iqitisadi inkişafı ikinci
Dövlət Proqramına uyğun olaraq, tikinti-abadlıq və
quruculuq işləri genişləndirilir, şəhər və
kəndlər öz simasını əsaslı surətdə
dəyişir. İqtisadiyyat gücləndikcə adamların
həyat və yaşayış şəraiti daha da yüksəlir.
Ziyəddin
SULTANOV
Xalq qəzeti 2011.- 10 aprel.- S. 6.