Radikal müxalifətin ölkədə sabitliyi pozmaq cəhdləri iflasa məhkumdur

 

Müstəqil Azərbaycan Respublikası tarixinin ən parlaq dövrünü yaşayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin dəqiqliklə icra olunması nəticəsində ölkəmiz bütövlükdə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Böyük uğurlarla kifayətlənməyən Azərbaycanda hüquqi dövlət quruculuğu kursu, iqtisadi və siyasi islahatlar uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən siyasi cəhətdən daim sabit, iqtisadi baxımdan dayanıqlı, demokratik bir dövlət kimi xarakterizə edilir.

 

Son yeddi il ərzində ÜDM 3 dəfə, maaşlar və pensiyalar 5-6 dəfə artmış, yoxsulluğun səviyyəsi 4,5 dəfə azalmış, ölkəmizə 95 milyard dollar həcmində sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri açılmışdır. Yəni indi Azərbaycan vətəndaşları hər gün yeniləşən, abadlaşan, sosial-iqtisadi baxımdan inkişaf edən, demokratikləşən, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli və etibarlı şəkildə qorunduğu ölkədə yaşayırlar.

Xüsusi vurğulamaq lazımdır ki, 1993-cü ildən etibarən bir sıra dövlət orqanları ilə yanaşı daxili işlər orqanlarında da əsaslı islahatlar aparılmış, yeni xidmət sahələri yaradılmış, peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilmiş, qabaqcıl təcrübənin tətbiqi nəticəsində cinayətkarlığa qarşı mübarizə daha da gücləndirilmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan polisi xalqımıza və dövlətçiliyimizə sədaqətlə xidmət edir. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu, idarəçilik ənənələrini uğurla davam etdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin fərman və sərəncamları, tapşırıqları, tövsiyələri layiqincə yerinə yetirilir.

Aparılan məqsədyönlü tədbirlər nəticəsində kriminogen vəziyyət tamamilə nəzarətə götürülmüş, cinayətkarlıq halları xeyli azalmışdır. Ağır cinayətlərin, qəsdən adamöldürmələrin, quldurluqların, azyaşlılar tərəfindən törədilən hüquq pozuntularının sayı hər il əvvəlki illə müqayisədə aşağı düşür. 1993-cü ildən indiyədək vətəndaşlardan təxminən 30 mindən artıq odlu silah götürülmüşdür ki, bu da odlu silahla törədilən cinayətlərin 10 dəfədən çox azalmasıyla nəticələnmişdir. Asayiş keşikçiləri Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısını qətiyyətlə alır.

Aprelin 2-də İctimai Palata adlı qondarma qurum onlar üçün ayrılmış yerdən imtina edərək Bakı şəhərinin mərkəzində, əhalinin sıx olduğu və istirahət üçün nəzərdə tutulan yerdə - Fəvvarələr meydanında aksiya keçirməyə cəhd göstərmişdir. Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun məlumatına əsasən həmin gün radikal müxalifət nümayəndələrinin hüquqazidd, ictimai təhlükəsizlik əleyhinə olan əməlləri nəticəsində bir sıra müəssisə, idarə və təşkilatın, ticarət və iaşə obyektlərinin, şəhər nəqliyyatının normal fəaliyyəti, əhalinin dincliyi, hüquq və azadlıqları, bütövlükdə ictimai qayda kobud surətdə pozulmuşdur. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən belə aqressiv və qərəzli hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə ziyan vurulmuş, 17 mağazanın, 1 bank müəssisəsinin şüşələri və 1 bankomat qurğusu sındırılmışdır. Qanunsuz aksiya iştirakçıları xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına hücum etməkdən belə çəkinməmişlər. Hadisələr zamanı 13 nəfər polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilmiş, həmçinin polisə məxsus 25-ə yaxın avtomobilə ziyan vurulmuşdur.

Sadə insanlar radikalların sabitliyi pozmaq və iğtişaşlar təşkil etmək cəhdlərini qəti şəkildə pisləyir və hüquq-mühafizə orqanlarının onlara qarşı sərt tədbirlər görməsinin zəruriliyini bildirirlər. Şəhər sakinləri radikalların qanunazidd, antikonstitusion hərəkətlərindən o dərəcədə hiddətlənmişlər ki, hətta polis işçilərini iğtişaş törədənlərə qarşı səbrli, mülayim mövqe tutmaqda təqsirləndirirlər.

Hamı yaxşı bilir ki, radikal müxalifət liderlərini heç vaxt Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı, gənclərin gələcəyi düşündürməyib. Onları düşündürən yeganə şey hansı yolla olursa-olsun hakimiyyətə gəlməkdir. İnsanların qanına qəltan edilməsini, şəhərdə mağazaların, evlərin dağıdılmasını radikallar məqbul vasitə hesab edirlər. Yetər ki, hakimiyyəti zəbt edə bilsinlər. Aprelin 2-də qanunsuz aksiya keçirməkdə məqsəd də ölkədə qarışıqlıq yaratmaq və yaranmış vəziyyətdən bəhrələnmək idi. Lakin Azərbaycan polisi ölkəmizin milli mənafelərinə zərbə vurmaq istəyənlərin qarşısını qətiyyətlə aldı. İctimai asayişin qorunmasına cavabdeh olan hüquq-mühafizə orqanları ölkədə qarışıqlıq yaranmasına, insanların rahatlığının və dinc yaşam hüququnun pozulmasına, nəqliyyatın hərəkətinin, şəhər həyatının iflic vəziyyətə düşməsinə yol verə bilməzdi.

Aprelin 2-dəki icazəsiz aksiya bir daha göstərdi ki, radikal müxalifətin dağıdıcı əməlləri ictimaiyyət tərəfindən nifrətlə qarşılanır. Hətta vəziyyət o həddə çatmışdır ki, bu düşərgəyə daxil olan partiyaların yüzlərlə üzvü mənsub olduqları siyasi qurumdan istefa verdiklərini açıqlamışlar. Xüsusi vurğulamışlar ki, onlar AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər kimi qanunlara məhəl qoymayan, xarici maraqlı qüvvələrin köləsinə çevrilən Vətən xainləri ilə eyni sırada olmağı özlərinə ar bilirlər.

Vətəndaşlar etiraz etməkdə haqlıdırlar. Görün, radikal müxalifət nümayəndələri nə qədər həyasızlaşıblar ki, onlar obyektləri dağıdır, aksiyaya qoşulmayanları təhqir edir, insanların təhlükəsizliyini qoruyan polisə hücum edirlər. Həmin orqanın əməkdaşlarına ki, onlar həmişə xalqla birlikdə olmuşdur, bu gün də belədir. Vaxtilə Azərbaycan polisi Vətənimiz uğrunda hər şeydən əziz olan canlarını əsirgəməmişlər. Məlumdur ki, Birinci Qarabağ müharibəsində Dağlıq Qarabağda, daha sonra isə ətraf rayonlarda ermənilərə qarşı vuruşan Azərbaycan polisi öz tarixi salnaməsinə şanlı səhifələr yazmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə daxili işlər orqanlarının 922 əməkdaşı şəhid, 544 nəfəri əlil olmuşdur. Vətən qarşısında misilsiz xidmətlərinə görə 65 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

AXCP sədri və digərlərinin Strasburqda və müxtəlif xarici dövlətlərdə Azərbaycanın əleyhinə təbliğat aparmaları, Almaniyada Erməni Ümummilli Hərəkatının nümayəndələri ilə ölkəmiz əleyhinə sövdələşmələri, gənclərin nümayəndəsi kimi Ruslan Bəşirlini ermənilərlə danışıqlara göndərmələri dövlətə, xalqa qarşı düşmənçilikdir. Bu gün də radikal müxalifət istənilən hadisədən maksimum şəkildə istifadə edərək Azərbaycan dövlətinin əleyhinə kampaniya aparır. Bunların məhz aprelin 2-də qeyri-qanuni aksiya keçirməsi isə daha çox düşündürücüdür. Çünki 1993-cü il aprelin 2-də AXC-Müsavat hakimiyyətinin xəyanətkar məsuliyyətsizliyi səbəbindən Azərbaycanın strateji əhəmiyyətə malik Kəlbəcər rayonu işğal olunmuşdur. Radikallar həmin gün Kəlbəcərin işğalını yada salmaq əvəzinə, Bakıda iğtişaşlar törətməyə çalışdılar. Azərbaycanlı qanı daşıyan hansı şəxs belə edə bilərdi? Bu gün İsa Qəmbər və Əli Kərimli hansı üzlə tərəfdarlarını küçələrə çağırırlar?

Ümumilikdə, aprelin 2-də Bakıda baş verənlər bir daha göstərdi ki, radikal müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur. Axırıncı aksiya onların son dərəcə miskin, səbatsız olduğunu açıq göstərdi. Çünki Azərbaycan əhalisi Əli Kərimli və İsa Qəmbərin hakimiyyəti illərini, Azərbaycanın yaşadığı xaosu yaxşı xatırlayır. 1998-ci ilin sentyabrında Bakının mərkəzində, 2000-ci ilin noyabrında Şəkidə, 2003-cü il oktyabrın 15-16-da yenə paytaxtın mərkəzində törədilən iğtişaşları unutmayan insanlar radikalların iç üzünü çox yaxşı bilirlər. Radikal müxalifət düşərgəsində hökm sürən bu cür əhval-ruhiyyə xalqı ciddi narahat edir.

Daxili işlər orqanları əməkdaşlarının qarşısına qoyulan vəzifələr - insan hüquqlarını qorumaq, hüquqazidd əməllərin qarşısını almaq, cinayətləri açmaq, cinayətkarları ifşa etmək və zərərsizləşdirməkdən ibarətdir. Bütün ölkələrdə, o cümlədən Avropa və ABŞ-dakı kimi, Azərbaycanda da qanunsuz, qarşıdurmaya, sabitliyin, ictimai asayişin pozulmasına səbəb ola biləcək istənilən aksiyanın qarşısı alınır, belə cəhdlərdə təkid edən, polislə qarşıdurma yaradan, vətəndaşların mülkiyyətinə ziyan vuran, hüquq-mühafizə orqanları əməkdaşlarının haqlı tələblərinə tabe olmayan insanlar saxlanılır və qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.Aprelin 2-də də polis öz vəzifəsini həmişəki kimi ləyaqətlə yerinə yetirdi.

Daxili işlər naziri, general-leytenant Ramil Usubovun qeyd etdiyi kimi, ölkəmizdə dayanıqlı sabitlik, əmin-amanlıq təkcə vətəndaşların təhlükəsiz şəraitdə yaşamaları üçün deyil, həm də dövlətimizin qarşısında duran ümummilli məsələlərin həlli üçün də böyük önəm daşıyır. Kimlərinsə xaos və anarxiya mühiti, qarşıdurma yaratmasına imkan verilməyəcək. Bunun üçün hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları bütün zəruri tədbirləri bundan sonra da görəcəklər.

 

 

Vüqar SƏRDAROV

 

Xalq qəzeti.- 2011.- 10 aprel.- S. 4.