Azərbaycan-Yunanıstan
əlaqələri yeni mərhələyə qədəm
qoyur
Bakıda
keçirilmiş biznes forumu iqtisadi sahədə əməkdaşlıq
üçün geniş perspektivlər açır
Son illər inkişaf tempinə görə
dünyanın ən qabaqcıl ölkələrindən birinə
çevrilmiş Azərbaycan Respublikasına beynəlxalq maraq
xeyli artmışdır. Təsadüfi deyil ki, ölkəmizdə
sosial-iqtisadi inkişaf və davamlı islahatlar sahəsində
əldə olunmuş son nailiyyətlər bir sıra
nüfuzlu beynəlxalq təşkilatların və maliyyə
qurumlarının hesabatlarında yüksək qiymətləndirilir,
təqdir olunur. Məhz bütün bunların nəticəsidir
ki, Azərbaycanla həyatın müxtəlif sahələrində
əməkdaşlığın dərinləşdirilməsinə
maraq göstərən ölkələrin sayı getdikcə
artır. Azərbaycanda həyata keçirilən qlobal enerji
layihələri, eləcə də ölkəmizin beynəlxalq
nəqliyyat qovşaqlarının mərkəzinə
çevrilməsi bu prosesi bir qədər də sürətləndirir.
Enerji
layihələrinin reallaşdırılması sahəsində
əldə olunmuş heyranedici nəticələr, eləcə
də iqtisadiyyatın davamlı şəkildə artması Azərbaycanı
dünyanın inkişaf etmiş ən nüfuzlu dövlətləri
üçün etibarlı tərəfdaşa və fəal əməkdaşlıq
məkanına çevirmişdir. Son illər Azərbaycanın
potensial neft və qaz ixrac edən bir ölkəyə
çevrilməsi, Avropanın enerji təhlükəsizliyinin
təminatına mühüm töhfələr verməsi əməkdaşlıq
əlaqələrinin coğrafiyasını getdikcə
genişləndirir. Bu baxımdan Yunanıstan
Respublikasının Azərbaycan üçün etibarlı tərəfdaş
olmaqla yanaşı, həm də Avropa İttifaqı ilə
ölkəmiz arasında əlaqələrin inkişafında
mühüm rol oynaması diqqəti cəlb edir. Yunanıstan
Prezidenti Karolos Papulyasın aprelin 5-də Azərbaycana səfər
etməsi isə, heç şübhəsiz, ölkələrimiz
arasında əməkdaşlıq əlaqələrinin daha
da möhkəmlənməsinə təkan verəcəkdir. Yeri
gəlmişkən, onu da deyək ki, son illər Azərbaycanla
Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi
xeyli artmışdır. 2010-cu ildə ölkələrimiz
arasında idxal-ixrac əməliyyatlarının həcmi 267
milyon 88,5 min dollar təşkil etmişdir ki, bu da əvvəlki
illə müqayisədə xeyli çoxdur. İllik ticarət dövriyyəsində
idxal 12 milyon 75,9 min dollar, ixrac isə 255 milyon 126 min dollar təşkil
etmişdir. Göründüyü kimi, 2010-cu ildəYunanıstanla
həyata keçirilən ticarət dövriyyəsində 242
milyon 936,7 min dollarlıq müsbət saldo əldə
olunmuşdur. Aprelin 5-də Prezident İlham Əliyevin və
Prezident Karolos Papulyasın nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə görüşləri
başa çatdıqdan sonra ölkələrimiz arasında əməkdaşlığın
daha da möhkəmləndirilməsinə təkan verəcək
bir sıra vacib sənədlərin imzalanması isə,
heç şübhəsiz, yaxın illərdə idxal-ixrac əməliyyatlarının
həcminin xeyli artmasına səbəb olacaqdır. Elə hər
iki ölkə başçısının
qarşılıqlı səfərləri də əməkdaşlıq
əlaqələrinin daha da möhkəmləndirilməsi
üçün geniş imkanlar yaradır. Təsadüfi
deyil ki, dövlətimizin başçısı İlham Əliyev
aprelin 6-da Bakı-Biznes Mərkəzində keçirilən
Azərbaycan-Yunanıstan biznes forumunda demişdir:
"Yunanıstan ilə Azərbaycan arasındakı əlaqələr
yüksək səviyyədədir. Prezidentin səfəri və
mənim 2009-cu ildə Yunanıstana səfərim siyasi əlaqələrin
yüksək səviyyədə olmasını göstərir.
Eyni zamanda, iqtisadi sahədə qarşılıqlı maraqlar
kifayət qədər çoxdur və bu biznes forumunun təşkil
olunması bunun bariz nümunəsidir".
Xatırladaq
ki, 2009-cu ildə Prezident İlham Əliyevin Yunanıstana səfəri
zamanı bu ölkədə keçirilən biznes forumu
iqtisadi əlaqələrin genişləndirilməsinə
müəyyən dərəcədə təkan vermişdir.
Aprelin 6-da keçirilən budəfəki tədbirdə isə
hər iki ölkədən kənd təsərrüfatı və
qida sənayesi, səhiyyə və əczaçılıq,
enerji, informasiya, kommunikasiya texnologiyaları, maliyyə,
logistika, tikinti və digər sahələrdə fəaliyyət
göstərən 21 şirkətin 250-dək nümayəndəsi
iştirak etmişdir. Yunanıstandan olan iş
adamlarının tədbirdə fəal iştirakı da
öz növbəsində Azərbaycana marağın, eləcə
də ölkəmizdə əlverişli biznes mühitinin
mövcudluğuna olan möhkəm inamın nəticəsi
idi. Prezident İlham Əliyev biznes forumundakı
çıxışı zamanı da bu məsələyə
toxunaraq demişdir: "...Azərbaycanda iş görmək
üçün yaxşı şərait var, çox
yaxşı investisiya mühiti var, xarici sərmayələr
dövlət tərəfindən lazımınca qorunur. Adambaşına
düşən birbaşa xarici sərmayələrin həcminə
görə Azərbaycan postsovet məkanında, həmişə
olduğu kimi, ön sıralardadır. Bizdə investorlar
üçün yaradılmış şəraitdən xarici
və yerli iş adamları bəhrələnirlər. Təkcə
keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə
qoyulmuşdur. Bunun 54 faizi daxili, 46 faizi isə xarici sərmayələrdir.
Bu, onu göstərir ki, hətta dünyada hökm sürən
iqtisadi və maliyyə böhranı zamanı da xarici
investorlar Azərbaycana sərmayə qoyulmasında
maraqlıdırlar".
Məlum
olduğu kimi, son illər Azərbaycanda kənd təsərrüfatının
inkişafına xüsusi diqqət yetirilir. Bunda da
başlıca məqsəd ölkəmizdə ərzaq təhlükəsizliyini
tamamilə daxili ehtiyatlar hesabına həyata keçirməkdir.
Təsadüfi deyil ki, hazırda Azərbaycanda ərzaq təhlükəsizliyinə
dair xüsusi proqram həyata keçirilir. Azərbaycan və
Yunanıstan iş adamlarının iştirakı ilə
keçirilən biznes forumunda ölkələrimiz arasında
iqtisadi əlaqələrin çoxşaxəli
olmasının vacibliyini önə çəkən dövlətimizin
başçısı kənd təsərrüfatı sahəsində
əməkdaşlığa xüsusi diqqət yetiriləcəyini
bildirdi. Qeyd olundu ki, təbii və iqlim şəraitinin
oxşarlığı bu sahədə əməkdaşlıq
üçün yaxşı imkanlar yaradır.
Prezident
İlham Əliyev Yunanıstanın alternativ və bərpa
olunan enerji növlərindən istifadə sahəsindəki təcrübəsindən
də bəhrələnməsinin vacibliyini diqqətə
çatdırdı. Dövlət başçısı həmçinin
qeyd etdi ki, Yunanıstanla informasiya-kommunikasiya texnologiyaları,
turizm, nəqliyyat, inşaat sahəsində də
qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələr
qurmaq mümkündür.
Bütün
bunlarla yanaşı, Azərbaycanla Yunanıstan arasında
energetika, neft-qaz sahəsində çox yaxşı əməkdaşlıq
əlaqələri mövcuddur. Bu da ölkəmizdə zəngin
karbohidrogen ehtiyatlarının mövcudluğu və bu
ehtiyatların dünya bazarına çıxarılması
üçün yaradılmış ixrac marşrutları
sistemi ilə bağlıdır. Xatırladaq ki, Azərbaycan
artıq 13 ilə yaxındır ki, dünya bazarına xam neft
ixrac edir. 2007-ci ilin əvvəllərindən etibarən
ölkəmiz Gürcüstan və Türkiyəyə qaz
ixrac etməyə başlamışdır. Həmin ilin
sonundan Azərbaycan qazı Türkiyə vasitəsilə
Yunanıstana da ixrac olunur. Aprelin 5-də Bakıda
imzalanmış anlaşma memorandumu isə Azərbaycandan
Yunanıstana təbii qazın nəqlinin daha da
artırılmasına səbəb olacaq. Yeri gəlmişkən,
indən belə ölkəmiz Yunanıstana qaz
satışını birbaşa həyata keçirəcəkdir.
Azərbaycanda qaz hasilatının ilbəil artması,
yaxın illərdə isə "Şahdəniz"
yatağının ikinci mərhələsi çərçivəsində
daha çox təbii qaz hasil ediləcəyi ölkəmizin
ixrac imkanlarının bir qədər də genişlənməsinə
gətirib çıxaracaqdır. Hazırda isə Azərbaycanda
qaz hasilatı 28 milyard kubmetr səviyyəsindədir və bu
rəqəmin yaxın bir neçə ildə xeyli
artacağı şəksizdir. Ölkəmizin təsdiq
olunmuş qaz ehtiyatları 2,2 trilyon kubmetr təşkil etsə
də, mütəxəssislərin rəyincə, potensial
ehtiyatlar bundan da çoxdur. Bu da ixracın
coğrafiyasının xeyli genişlənməsinə, Azərbaycanla
enerji sahəsində əməkdaşlığa
marağın artmasına səbəb olacaqdır.
Bütün bunları nəzərə alsaq,
Yunanıstanın gələcəkdə Azərbaycan
qazının Avropa ölkələrinə
çatdırılmasında mühüm tranzit ölkə
rolunu oynayacağını da söyləmək olar.
Yunanıstan Prezidenti Karolos Papulyasın ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud səviyyəsi və gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı təklifləri də maraq doğurur. Belə ki, aprelin 6-da Bakıda keçirilən biznes forumunda çıxış edən Prezident K.Papulyas ölkələrimizin ikitərəfli iqtisadi və ticari münasibətlərinin möhkəmləndirilməsinin, əlaqələrin gücləndirilməsinin vacibliyini önə çəkmişdir. O, Yunanıstan iqtisadiyyatının ixraca işləyən əsas sektorları sayılan ərzaq məhsullarının, tikinti materiallarının, kosmetika və əczaçılıq məhsullarının ixracının daha da artırılması təklifini irəli sürmüşdür. Bununla yanaşı, ikitərəfli əlaqələrimizdə, əməkdaşlığımızda böyük potensialın mövcudluğunu diqqətə çatdıran Yunanıstan Prezidenti Azərbaycanın iş adamlarının ölkəsində həyata keçirilən bir çox layihələrdəki iştirakını yüksək qiymətləndirmişdir. O, ölkəmizin iş adamlarını Yunanıstana dəvət etmiş, öz ölkəsində maraqlı və gəlirli fəaliyyət sahələrini də onlara nişan vermişdir. Qeyd etmişdir ki, Yunanıstanda enerji, ətraf mühitin qorunması, telekommunikasiya, konsaltinq, ərzaq sənayesi, tikinti materialları və əczaçılıq sahələrində mühüm işlər görüb uğurlar qazanmaq olar. Dövlət başçısı biznes forumundan sonra Azərbaycanın iş adamlarının Yunanıstan bazarına daxil olaraq faydalı biznes əlaqələri quracağına əminliyini bildirmişdir.
Azərbaycanla Yunanıstan arasında enerji sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə toxunan Yunanıstan Prezidenti Karolos Papulyas demişdir: "Enerji sektoru bizim təşəbbüslərimizin ən önündə gedən bir sektor olmalıdır və ola da bilər. Hesab edirik ki, bundan sonra neftayırma zavodları sahəsində müəyyən birgə layihələri həyata keçirə bilərik. Bu, bizim münasibətlərimizi daha da gücləndirir və bu əməkdaşlıqdan irəli gələrək, digər sahələrdə də iqtisadiyyatlarımızı möhkəmləndirəcək birgə layihələri həyata keçirə bilərik".
Göründüyü kimi, Yunanıstan Prezidentinin Azərbaycana səfəri zamanı dövlət başçıları arasında təkbətək görüş və nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş geniş tərkibdə danışıqlar, əməkdaşlığa dair bir sıra vacib sənədlərin imzalanması, eləcə də iş adamları üçün təşkil edilmiş biznes forumu, yaxın illərdə ölkələrimiz arasında əlaqələrin daha genişləndirilməsi üçün çox yaxşı perspektivlər vəd edir.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 10 aprel.- S. 1,3.