"Bakı
Forumu sivilizasiyalararası barış və dostluğa
böyük töhfə verdi"
Dünən
Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu öz işini başa çatdırıb. Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev tədbirdən sonra mətbuat konfransı keçirərək
bildirib ki, Bakı Forumu beynəlxalq təşkilatların
böyük marağına səbəb olub. Nazir demişdir:
"Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin forumun açılışında
iştirakı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
forumda çıxışı bu tədbirə xüsusi əhəmiyyət
vermişdir".
Bəli,
üç gün davam edən Bakı Forumu artıq tarixə
çevrilib. Tədbirdə 80 ölkədən 450-yə
yaxın rəsmi qonaqlar, elm və mədəniyyət xadimləri,
jurnalistlər iştirak ediblər. Qeyd edək ki,
dünyanın aparıcı qəzetləri, radio və
televiziyaları forumun işini geniş
işıqlandırıblar. Ümumi rəy belədir ki,
müzakirə olunan məsələlərin
aktuallığına və əhəmiyyətinə görə,
forumun nəticələrini çox uğurlu hesab etmək
olar.
Əməkdaşımız
Mədəniyyətlərarası Dialoq Forumunun
iştirakçıları ilə görüşərək
onlardan bu mötəbər tədbirlə bağlı fikir və
mülahizələrini bildirmələrini xahiş edib. Qonaqların
ürək sözlərini bu gün diqqətinizə
çatdırırıq. Şeney Başar, Türkiyənin mədəniyyət
və turizm nazirinin müavini:
- Mən bu fikirdəyəm ki, Bakı forumu ölkələr arasında barış və dostluğa çağırış idi və forum bu istiqamətdə həqiqətən böyük töhfə verdi". Belə tədbirlər uzun illər unudulmur, təsirləri də keçici yox, davamlı olur. Sadəcə, Bakıda bünövrəsi qoyulan ənənələri davam etdirmək lazımdır. Bir daha vurğulayıram, qardaş Azərbaycanda belə bir mötəbər tədbirin yüksək səviyyədə təşkil olunmasından çox məmnunam. Bu tədbir göstərir ki, Azərbaycan dövləti düşünülmüş humanitar siyasət aparır və sivilizasiyalararası dialoqda fəal tərəfdaş kimi mühüm bir missiya həyata keçirir. Türkiyə və Azərbaycan qardaş dövlətlərdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bizim çox qədim sarsılmaz tarixi əlaqələrimiz var. Son illər bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrimiz daha da genişlənib. TÜRKSOY təşkilatı çərçivəsində də əlaqələrimiz faydalı və sıx olub. Söz sözü çəkər, TÜRKSOY-un baş katibi Düseyn Kaseinov da forumun işində iştirak edir. Onun da forumun işi barədə gözəl təəssüratları olduğu mənə bəllidir.
Türkiyədə bir mədəniyyət və turizm işləri üzrə bakan yardımçısı olaraq Azərbaycanda son illər turizmin sürətli inkişafı sahəsində aparılan uğurlu işləri diqqətlə izləyirəm. Turizm iqtisadi cəhətdən çox sərfəli bir sahədir, turizm həm də xalqların bir-birləri ilə mədəni bağlılığını artırır. Forum çərçivəsində ölkənizin mədəniyyət və turizm naziri, sayın Əbülfəs Qarayev ilə görüşüm oldu. Turizm sahəsində zəngin təcrübəsi olan Türkiyənin qardaş Azərbaycana yardım etməyə hazır olduğunu bir daha bəyan etdim.
Bakı Forumu çox dəyərli bir tədbir idi, onun mədəni proqramı da zəngin idi. Tədbirin birinci günü axşam Heydər Əliyev Sarayında Azərbaycan və Litva incəsənət ustalarının birgə iştirakı ilə təşkil olunan "Küləyin yuxusu" tamaşasını izlədim. Çox məmnun qaldım. Belə tədbirlər bütün dünyada Azərbaycanın hörmətini, nüfuzunu qaldırır. Bir dost, qardaş xalq olaraq sizin uğurlarınıza çox sevinirəm. Qəzetiniz vasitəsi ilə bütün azərbaycanlı qardaşlarıma sevgi və sayğılarımı bildirirəm.
Anatol
Lazareviç, Minsk Fəlsəfə İnstitutunun direktoru:
- Mən
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda iştirakımdan çox razı qalmışam.
Forumun həm plenar iclaslarında, həm də forum çərçivəsində
"Müasir dünyada dialoq fəlsəfəsinin dərkinə
dair" mövzusunda keçirilən "Dəyirmi
masa"da özüm üçün bir çox yeni, dəyərli
şeylər əxz etdim. Dialoq fəlsəfəsi mövzusu məni
çoxdan düşündürürdü. Bakıda
çağdaş dünyada mədəniyyət və təhsildə
baş verən dəyişikliklərin mahiyyəti, müasir
dünyanın dialoq fəlsəfəsinin yeni dərkini tələb
edən problemlər ciddi müzakirə olundu. Belə
faydalı fikir mübadilələri alimlər
üçün çox gərəklidir. Biz gender mədəniyyəti,
postsovet məkanında milli şüurun müasirləşdirilməsi
problemləri, tolerantlıq, mədəniyyətlərin
müxtəlifliyi, qloballaşma əsrində fəlsəfə,
təhsil və mədəniyyət arasında əlaqələrə
yanaşma və digər mövzular ətrafında da fikir
mübadiləsi apardıq. Bunları ona görə deyirəm
ki, siz biləsiniz, bu forum dekorativ xarakter daşımayıb,
çox məhsuldar olub, burada çox maraqlı, dəyərli
ideyalar səsləndirilib.
Azərbaycanın
çox böyük elmi, mədəni, fəlsəfi
potensialı var. Yaxşı haldır ki, Azərbaycan dövləti
elmi himayə edir. Azərbaycanlı alim dostlarımdan biri məlumat
verdi ki, Prezident İlham Əliyevin himayəsi ilə bu gün
Azərbaycan Elmlər Akademiyası öz fəaliyyətini
uğurla davam etdirir. Fundamental elmlər xalqların uzunmüddətli
inkişafının bünövrəsini yaradır. Azərbaycan
dövləti bu yolu seçibsə, düz edib. Azərbaycanlı
gənclərin Qərb dövlətlərinin nüfuzlu ali məktəblərində
dövlət hesabına təhsil almalarını da təqdir
edirəm.
Jino
Çioqli, İtaliyanın Çerveteri şəhərinin
meri:
- Azərbaycanda
keçirilən Mədəniyyətlərarası Dialoq
Forumunu yüksək qiymətləndirirəm və bu möhtəşəm
tədbir münasibətilə ölkə rəhbərliyini təbrik
edirəm. Azərbaycan hökumətinin mədəniyyətlər
arasında körpü salmağa xidmət edən belə bir
layihəni öz çiyninə götürməsi və onu
uğurla icra etməsi cəsarətli və qürur
doğurucu addımdır. Bu, ona dəlalət edir ki, Azərbaycan
iqtidarı mədəniyyətlərarası dialoq
aparmağı öz siyasətində əsas istiqamətlərdən
biri kimi görür. Sivil dünya bunu qiymətləndirməyə
bilməz.
Tədbir
çərçivəsində bir sıra maraqlı layihələr,
o cümlədən "Şəhərlərin mədəniyyətlərarası
dialoqa qoşulması" mövzusu müzakirə olunub. Bu
mövzu mənə, Çerveteri şəhərinin meri
olaraq xüsusilə yaxın mövzudur. Dünyanın hər
yerində olduğu kimi, bizim şəhərin sakinləri də
dialoqa hazırdırlar, terror və münaqişələri
istəmirlər. Reallıq isə budur ki, son illər Yer
kürəsində "qaynar nöqtələr" daha da
artıb. İraqda, Əfqanıstanda terror ara vermir. İndi də
ərəb dünyası qarışıb. Bəziləri buna
görə Qərbi günahlandırır, bir başqaları
başqa səbəb axtarır. Kim haqlıdır bilmirəm.
Lakin çıxış yolunu dialoqda görürəm.
Axı, sülhün, anlaşmanın alternativi yoxdur. Əminəm
ki, mədəniyyətlər yaxınlaşdıqca, bir-biri ilə
təmasda, ünsiyyətdə olduqca belə narahat hallar,
münaqişələr azalacaq.
Bunu da deməyi
özümə borc bilirəm ki, Bakının qeyri-adi gözəlliyi
də məni çox valeh etdi. Gizlətmirəm, Azərbaycan
paytaxtının bu qədər gözəl olduğunu təsəvvür
etmirdim. Bakılı həmkarlarım sağ olsunlar, bu qədim
və gözəl şəhərlə məni yaxından
tanış etdilər. Burada Şərq və Qərb
memarlıq üslubları olduqca harmonik bir vəhdət təşkil
edir. Diqqətimi başqa bir məqam da çəkdi.
Bakılılar da bizim italyanlar kimi çox səmimi,
istiqanlı insanlardır. Mən sizin gözəl şəhərinizi,
onun lütfkar sakinlərini unutmayacağam. Bakı ilə yenidən
görüşəcəyimə ümid edirəm.
Söhbəti yazdı: Məsaim
ABDULLAYEV
Xalq qəzeti.- 2011.- 10 aprel.- S. 3.