12 aprel Kosmonavtika
günüdür
İnsanın kosmosa ilk
uçuşundan 50 il ötür
SSRİ
Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel
Kosmonavtika günü elan olunub. Bu günün
keçirilməsinə səbəb isə 50 il əvvəl,
yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər
tarixində ilk dəfə kosmosa uçması olub.
Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Y. Qaqarin
bununla kosmosun fəthi erasının əsasını
qoymuş oldu.
Yuri
Qaqarin 1941-ci ilin sentyabrnda orta məktəbin birinci sinfinə
gedir. Lakin müharibə təhsilini davam etdirməyə imkan
vermir. 1951-ci ildə sənət məktəbini bitirir. Həmin
ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və
oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə
təhsilini əla qiymətlərlə başa vuraraq
"Yak-18" təyyarəsində ilk dəfə sərbəst
uçuş edir. Sonra hərbi xidmətə
çağırılır və Orenburqdakı 1-ci hərbi
aviasiya məkətbinə göndərilir. 25 oktyabr 1957-ci ildə
o, bu məktəbi bitirir.
1959-cu ildə
ərizə ilə kosmonavtlığa namizədlərin
siyahısına götürülməyini xahiş edir. Y.
Qaqarin iki tibbi ekspertizanı keçəndən sonra
1960-cı ildən general Verşinin əmri ilə kosmik
uçuşlar üçün hazırlıq komandasına qəbul
edilir.
1961-ci ildə
ABŞ ilə raket yarışmasında qabağa
çıxmaq istəyən Serqey Korolyov namizədlər
arasından 6 nəfəri seçir. Onların arasında
Qaqarin də vardı. Kimin kosmosa uçması sonuncu dəqiqəyə
qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi
Titov seçilir.
Uçuşa
12 aprel 1961-ci ildə Baykonur aerodromundan start verilir. Qaqarin
"Vostok" gəmisində kosmosa uçuşu uğurla həyata
keçirir. Onun bəşər tarixində atdığı
bu ilk və cəsarətli addım təkcə ölkə
daxilində deyil, həm də xaricdə yüksək qiymətləndirilir.
Adı bir an içərisində bütün dünyada məşhurlaşır.
Təəssüf ki, ilk kosmonavtın ömrü qısa olur,
o, 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə
qəzaya uğrayır və həlak olur. Kosmosun ilk fatehinin əziz
xatirəsi dünyanın hər yerində dərin hörmətlə
anılır.
Elçin ABBASOV
Xalq qəzeti.- 2011.- 12 aprel.- S. 7.