İçməli
su təchizatı və kanalizasiya xidmətlərindən
istifadə üzrə yaranmış borcların silinməsi əhalinin
sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi
daşıyır
Bu
gün ölkəmizin regionlarının sosial-iqtisadi həyatında
köklü dəyişikliklər baş verir,rayonların
infrastrukturları yenidən qurulur, qəsəbə və kəndlərdə
təhsil, mədəniyyət, səhiyyə, idman və digər
sosialyönümlü obyektlər inşa edilir.Əhalinin məşğulluğunun
təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi,
yeni sənaye müəssisələrinin yaradılması
müsbət nəticələrə gətirib
çıxarır. Bütün bölgələrimizin
tarazlı inkişafına xidmət edən dövlət
proqramlarının uğurla reallaşdırılması
davamlı və dinamik inkişafı daha da sürətləndirir.
Xatırladaq
ki, ölkəmizdə son illər həyata keçirilən tədbirlər
sırasında su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi
mühüm yer tutmuşdur. Dövlət investisiya xərcləri
hesabına, eyni zamanda beynəlxalq maliyyə təşkilatlarını
cəlb etməklə müvafiq layihələr, o cümlədən
Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi,
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması ilə bağlı həyata keçirilən tədbirlər
insanların sosial şəraitinə öz müsbət təsirini
göstərmişdir.
Əhalinin
su təminatının yaxşılaşdırılması
üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin
inşası böyük əhəmiyyətə malikdir. Su kəməri
tam işə düşdükdən sonra paytaxt qəsəbələrinin
əhalisi içməli su ilə təmin ediləcəkdir.Bundan
başqa, Taxtakörpü su anbarının və su elektrik
stansiyasının inşası Bakı, Sumqayıt şəhərlərinin,
ümumən Abşeron yarımadasının içməli
su, suvarma suyu və texniki su ilə təminatını 2 dəfə
yaxşılaşdıracaq, bu obyektlərin istifadəyə
verilməsi nəticəsində ildə 15 milyon manatlıq
elektrik enerjisinə qənaət olunacaqdır.
Yeri gəlmişkən,burada bir məqamı da xatırladaq. Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə respublikamızın paytaxtında ötən illərdə konkret proqramların həyata keçirildiyini bildirərək Bakının meqapolisə çevrilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulamışdı. Dövlətimizin başçısı paytaxtın yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, təbii qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər infrastruktur və kommunal sahələrin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin və yenidənqurma işlərinin bundan sonra daha da vüsət alacağını qeyd etmiş və bu məqsədlə xüsusi dövlət proqramı üzərində işlərin getdiyini bildirmişdir Müşavirədə qarşıya qoyulan vəzifələrin icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev Zabrat qəsəbəsində olmuş,burada sakinlərlə görüşmüşdür.Görüşdə Prezident İlham Əliyev demişdir :"...Kanalizasiya ilə bağlı məsələlər təkcə Zabrat üçün deyil, bütün qəsəbələrə aid olan məsələlərdir. Bakı şəhərinin kanalizasiya məsələləri, əfsuslar olsun ki, bu günə qədər lazımi səviyyədə qurulmayıbdır. Bu işlər böyük maliyyə vəsaiti tələb edir. Ancaq biz bunu etməliyik, nəinki Bakıda və Bakıətrafı qəsəbələrdə, hər bir rayonda. İndi hər bir rayon mərkəzində içməli su və kanalizasiya proqramları icra olunur.
O ki qaldı elektrik enerjisi və qazla təminata, mən çox şadam ki, bu məsələlər çoxdan həll olunubdur. İçməli su məsələsi də həll olunub. İçməli su ilə bağlı keçmişdən yığılmış borclar vardır. Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər vardır. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək"
Ölkə Prezidenti daha sonra demişdir ki , biz qaza olan borcları sildik, amma o şərtlə ki, bundan sonra qazın pulu verilsin. Ödəniş vardır. İndi mən izləyirəm. Mənə hər ay arayış verilir ki, ölkə və Bakı şəhəri üzrə nə qədər qaz, enerji haqqı ödənilir. Deyə bilərəm ki, yaxşı səviyyədədir. Haradasa, 90 faizə yaxındır. Düzdür, elə yerlər, elə qəsəbələr var ki, orada bu ödəniş çox aşağıdır. Mən onların adını çəkmək istəmirəm. Hesab edirəm ki, onlar da öz fəaliyyətlərində düzəlişlər edəcəklər. Amma biz suya olan borcları da qaz kimi siləcəyik. Ancaq o şərtlə ki, bundan sonra suyun pulu ödənilsin. Azərbaycanda su və qaz tarifləri bu bölgədə, demək olar ki, ən aşağı səviyyədədir. Qaz tarifləri qonşu ölkələrlə müqayisədə ən azı 3 dəfə aşağıdır. Biz bunu ona görə edirik ki, əhalinin üzərinə daha da az yük düşsün...
Qeyd edək ki,artıq su və kanalizasiya məsələləri ilə bağlı dövlət başçısı tərəfindən mühüm addım atılmışdır. Ölkə Prezidenti bununla əlaqədar 8 aprel 2011-ci il tarixli fərman imzalamışdır. Həmin fərmanda göstərilir ki,son illərdə respublikamızın yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının və bununla bağlı xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilir, yeni su təchizatı və kanalizasiya obyektləri tikilib istismara verilir, digər zəruri tədbirlər yerinə yetirilir. Görülən tədbirlər əhalinin içməli su ilə fasiləsiz təmin olunmasına müsbət təsir göstərməkdədir.
Dövlət başçısının imzaladığı fərmanda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan işlərin yerinə yetirilməsinin sürətləndirilməsinə şərait yaratmaq və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin etmək məqsədilə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcların silinməsi qərara alınmışdır. Fərmanda eyni zamanda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə silinmiş borcun və 2011-ci il 1 fevral tarixindən sonra yaranmış borcun məbləği barədə bildirişi 10 gün müddətində hər bir istehlakçıya göndərmək tapşırılmışdır.Fərmanda həmçinin istehlakçılara göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin tam ödənilməsi və yeni borcların yaranmaması üçün zəruri tədbirlər görülməsi də öz ifadəsini tapmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 10 aprel.- S. 2.