Prezident fərmanı içməli su təchizatının yaxşılaşdırılması üçün geniş imkanlar yaradır

 

"Azərsu" Açıq Səhmdar Cəmiyyətində mətbuat konfransı

 

Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev 2011-ci il aprelin 8-də "Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında" fərman imzalamışdır. Bu mühüm, humanist qərar ölkə vətəndaşları, xüsusən də aztəminatlı ailələr tərəfindən dərin rəğbət və razılıq hissi ilə qarşılanmışdır. Artıq dövlət başçısının bu fərmanından irəli gələn vəzifələrin, tapşırıqların icrası istiqamətində konkret işlərə başlanmışdır.

 

Dünən "Azərsu" Açıq Səhmdar Cəmiyyətində keçirilən mətbuat konfransında bu barədə geniş söhbət açıldı, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verildi. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin aprelin 8-də imzaladığı fərman əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində növbəti humanist addımdır. Belə ki, adı çəkilən sənədə əsasən, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə ötən illərdən yığılıb qalmış 294, 2 milyon manat borcun silinməsi nəzərdə tutulmuşdur. Dövlət başçısının imzaladığı fərmanın, eyni zamanda, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılmasında da çox mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran M.Məmmədov qeyd etdi ki, adı çəkilən sənəd həm də əhalinin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə təminatının yaxşılaşdırılması üçün geniş imkanlar yaradır.

Qeyd olundu ki, fərmana əsasən ölkə Prezidenti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə bir sıra konkret tapşırıqlar vermişdir. Belə ki, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə cari il fevralın 1-dən sonra yaranmış borcların tam həcmdə yığılması və yeni borcların meydana çıxmaması üçün qəti göstəriş verilmişdir. Artıq bu məqsədlə "Azərsu" Açıq Səhmdar Cəmiyyətində bir sıra tədbirlərin həyata keçirildiyini bildirən qurum rəsmisi qeyd etdi ki, ilk növbədə, bütün əhali qrupu, eyni zamanda, digər abonentlər üzrə sayğaclaşdırma işlərinin tam başa çatdırılması və əhalidən su pulunun sayğac göstəriciləri əsasında toplanması, qarşıda duran əsas vəzifələrdəndir. Natiq, həmçinin bildirdi ki, dövlət başçısının imzaladığı məlum fərmanın əsas məqsədi ölkə əhalisinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatına nail olunmasından ibarətdir. Bunun da həyata keçirilməsi, ilk növbədə, satılan suyun və göstərilən kanalizasiya xidmətlərinin dəyərinin vaxtında ödənilməsindən asılıdır.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Nazirlər Kabinetinə əhalinin borclarının silinməsi ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silinməsi üçün müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Bu barədə məlumat verən M.Məmmədov bildirdi ki, içməli suyun mənbələrdən götürülməsində, istehlakçılara paylanmasında, eləcə də kanalizasiya xidmətlərində əsas xərc elektrik enerjisinə görə yaranır. Daha doğrusu, suyun mənbələrdən götürülməsi, nəql edilməsi və paylanmasında iri nasosxanalardan istifadə olunur ki, bu zaman da külli miqdarda elektrik enerjisinə ehtiyac duyulur. Cari il fevralın 1-nə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin elektrik enerjisinə görə yaranmış borcunun 147 milyon manat təşkil etdiyini diqqətə çatdıran M.Məmmədov, həmçinin mənbələrdən götürülmüş suya görə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 65,5 milyon manat borcun yarandığını qeyd etdi. Bununla yanaşı, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti 2010-cu ildə yaranmış borclarının bağlanması üçün Maliyyə Nazirliyindən veksell vasitəsilə 60 milyon manata yaxın vəsait cəlb etmişdir. Hazırda həmin borcların silinməsi istiqamətində konkret işlərə başlandığını vurğulayan qurum rəsmisi "Azərsu" üzrə həyata keçirilən bir çox iri layihələrin dövlət zəmanəti hesabına alınmış uzun müddətli kreditlər vasitəsilə reallaşdırıldığını da diqqətə çatdırdı. Həmin kreditlərin 21 milyon manat təşkil etdiyini bildirən M.Məmmədov bu vəsaitin müəyyən hissəsinin ödənilməsində dövlətin köməyindən də istifadə ediləcəyini söylədi.

Sonra "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin kommersiya departamentinin direktoru Xanvər Abbasov açıqlama ilə çıxış edərək bildirdi ki, hazırda ölkənin su sektorunda əhali abonentlərinin sayı təqribən 1 milyon nəfər təşkil edir ki, onun da 700 mini Bakı, Abşeron və Sumqayıtın payına düşür. Abonentlərin qalan 300 min nəfəri isə ölkənin digər regionlarında yaşayır. Prezident fərmanında göstərilən 294,2 milyon manat borcun 85 faizinin Bakı şəhərində, qalan hissəsinin isə digər şəhər və rayonlarda yaşayan abonentlərin payına düşdüyünü diqqətə çatdıran X.Abbasov onu da bildirdi ki, içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə ödənişin səviyyəsi regionlarla müqayisədə paytaxtda daha yüksəkdir. Qurum rəsmisi onu da qeyd etdi ki, Prezident fərmanında içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə silinmiş borcun və 2011-ci il fevralın 1-dən etibarən yaranmış borcun məbləği barədə abonentlərə 10 gün müddətində bildirişin göndərilməsi bir vəzifə olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdır. Bununla bağlı müvafiq işlərin aparıldığını bildirən X.Abbasov qeyd etdi ki, hazırda son iki ayda yaranmış borcların dəqiqləşdirilməsi işləri həyata keçirilir. Borcların inventarizasiya ilə bağlı çoxsaylı problemlərin olduğunu diqqətə çatdıran qurum rəsmisi bu məqsədlə xüsusi elanların hazırlandığını və yerlərə göndərildiyini bildirdi. Qeyd olundu ki, içməli su təchizatı və kanalizasiya xidmətləri üçün indən belə iri məbləğdə borcların yaranmaması "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən xüsusi məsuliyyət tələb etməklə yanaşı, əhali də göstərilən xidmətlərin müqabilində ödənişləri vaxtlı-vaxtında həyata keçirməlidir. Bu da son nəticədə içməli su təchizatının və kanalizasiya xidmətlərinin səviyyəsinin xeyli yaxşılaşdırılmasına gətirib çıxaracaqdır.

Mətbuat konfransında kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı suallarına da ətraflı cavab verildi.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 12 aprel.- S. 6.