Heç bir qüvvə Azərbaycanı demokratik inkişaf tərəqqi yolundan döndərə bilməz

 

Biz-xaricdə təhsil alan azərbaycanlı gənclər ölkəmizdə cərəyan edən hadisələri izləyir, təhlil edirik. Son vaxtlar doğma radikal qüvvələrinin xarici havadarlarının köməkliyi ilə ölkəni qarışdırmaq niyyətləri tələbələr tərəfindən hədsiz nifrətlə qarşılanıb. Biz əminik ki, müxalifət heç vaxt öz arzularına çata bilməyəcək. Çünki müxalifət və onun "təminatçıları" yanlış yoldadırlar. Onlar heç də Azərbaycanın xoşbəxt gələcəyi barədə düşünmürlər. Azərbaycan xalqı onlara heç vaxt dəstək verməyib və verməyəcək də. Bu adamların heç bir sosial dayağı yoxdur.

 

Çox təəssüf edirəm ki, bu gün onlar gənclərə güvənmək arzusundadırlar. Mən azərbaycanlı gənc kimi deyirəm, buna heç vaxt nail ola bilməyəcəksiniz. Çünki biz gənclər öz seçimimizi, ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasəti dəstəklədiyimizi dəfələrlə bəyan etmişik. Axı, dövlətimiz, onun uzaqgörən rəhbəri gənclərə hər cür qayğı göstərir, onların təhsili, işlə təminatı üçün hər cür şərait yaradır. Bundan başqa Azərbaycan gəncliyinə nə lazımdır?

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün öz müsbət nəticələrini verib. Biz bu gün gənclərin gələcəyindən danışan, bu gün müxalifətdə, vaxtilə hakimiyyətdə olan dırnaqarası rəhbərlərin gənclərə münasibətini yaxşı bilirik. Üzümü onlara tutub deyirəm: "Nə verdiniz Azərbaycan gəncliyinə? "O, dövrün gəncləri indi həmin dövrü yaxşı xatırlayırlar. Azərbaycanın genefondu məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Amma ulu öndər Heydər Əliyevin "Gənclər siyasəti haqqında" fərmanı yetişməkdə olan nəslin inkişafına sanki yeni stimul verdi. Gənclər forumu fəaliyyətə başladı, Gənclər Günü təsis edildi. Bu siyasətin uğurlu davamçısı, hörmətli Prezidentimiz İlham Əliyev isə gəncliyimizin inkişaf istiqamətlərini müəyyən edən yeni strategiyanın əsasını qoydu. Bu günlərdə internet saytlarının birində oxudum ki, cənab Prezidentimiz"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında xüsusi sərəncam verib. Ümumiyyətlə, Azərbaycan Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik ruhunda, azərbaycançılıq, dövlətçilik ruhunda yetişdirilməsinə yönəlmiş, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında iştirakının təmin olunmasına istiqamətlənmişdir. Bəli, əsl qayğı budur. Axı, siz radikal müxalifət rəhbərləri belə bir siyasət yürütməyə qadir deyilsiniz. Siz ancaq gənclərdən öz mənafeləriniz üçün istifadə etmək, onları yanlış yola yönəltmək fikrindəsiniz. Azərbaycan gəncləri belə bir yolu heç vaxt tutmayacaq. Öz havadarlarınızın köməkliyi ilə müxtəlif interaktiv üsullardan istifadə edərək Azərbaycan gənclərini çaşdırmaq səyləriniz də baş tutmayacaq.

Heç belə bir fakt sizi düşündürübmü ki, bu gün Azərbaycanın dörd mindən çox gənc oğlan və qızları dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsilini müvəffəqiyyətlə davam etdirir. Onlardan təxminin 900 nəfərdən çoxu dövlət hesabına təhsil alır. Onların böyük əksəriyyəti Türkiyə, Rusiya, Çin və Misirdə oxuyur. Bəli, gənclərin təhsilinə böyük dövlət dəstəyi var. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı" təsdiq olunmuşdur. Bu Proqram imkan yaradır ki, biz gənclər xarici ölkələrin nüfuzlu universitetlərində ali təhsil alıb, Azərbaycanımıza çox güclü mütəxəssis kimi qayıdaq. Dünyanın 40-dan çox ölkəsində bu gün Azərbaycan gəncləri təhsil alır.

Məgər müxalifət qüvvələri bunları görmürlərmi? Yoxsa ağa qara demək onlarda vərdişə çevrilib? Mən gənc də olsam, sizə demək istəyirəm ki, gözlərinizi yaxşı açıb Azərbaycanın son illər qazandığı uğurlara diqqətlə baxın. Onda görəcəksiniz ki, bu ölkə sizin miras qoyduğunuz dağılmış, hər gün onlarla gəncin həyatı bahasına müharibəyə sürüklənmiş, parçalanmış Azərbaycan deyil. Bu ölkə bu gün Cənubi Qafqazda lider dövlət, islahatlar diyarıdır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sosial-iqtisadi inkişafımıza yeni istiqamət verib. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının reallaşması hər bir bölgənin inkişafına güclü stimul vermişdir. Heç olmasa, Bakının inkişafına diqqət yetirmisinizmi? Yəqin hiss etməmiş deyilsiniz ki, bu gün bu şəhərin inkişaf sürəti, bəlkə də, dünyanın heç bir şəhərində yoxdur. Geniş yollar və prospektlər, çoxsaylı göydələnlər, parklar və xiyabanlar, yeni idman kompleksləri sizə demirmi ki, Azərbaycanın paytaxtı müasir dünya şəhərləri səviyyəsinə yüksəlir. Bu şəhər sizin miras qoyduğunuz Bakı deyil. Hər şeyə bu qədər qısqanclıqla yanaşmaq olmaz. Bu quruculuq işlərinə qoşulmaq, cənab Prezidentimizə dəstək vermək əvəzinə, ölkədə yenə xaos, qarışıqlıq yaratmaq istəyirsiniz.

Bir daha təkrar edirəm, biz xaricdə təhsil alan gənclər Azərbaycanın bütün nailiyyətlərini anbaan izləyirik. Hər dəfə yeni bir nailiyyət barədə eşidəndə sevincimizin həddi-hüdudu olmur.

İqtisadiyyatımızın inkişafı bütün sahələrdə yeniliklərlə müşahidə olunur. Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, gələcək nəslə çatdırılması sahəsində qazanılmış nailiyyətlər bizi daha çox sevindirir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Azərbaycanın milli-mənəvi sərvətləri - muğam sənətimizin, xalça sənətimizin, aşıq sənətimizin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması böyük tarixi nailiyyət deyilmi? Azərbaycanda keçirilən beynəlxalq muğam festivalları, muğam müsabiqələri gənclərimizin istedadının üzə çıxarılmasında, Azərbaycanın dünyada tanıdılmasında çox əhəmiyyətli rol oynayır.

Bəs sizlər niyə bunları etmirdiniz? Azərbaycanın mənəvi sərvətləri sizin dövrünüzdə talan edilmədimi? Onu istəyirsiniz ki, yenə də Azərbaycan kasıblar və yoxsullar ölkəsinə çevrilsin? Yox, bu heç vaxt mümkün olmayacaq. Azərbaycanı daha inkişaf yolundan sapdırmaq qeyri-mümkündür. Artıq dünya Azərbaycanı tanıyır və onunla hesablaşır. Bu günlər dünyanın nəzəri yenə Bakıdadır. Azərbaycanda keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna dünyanın hər yerindən, beynəlxalq təşkilatlardan nümayəndələr gəlib. Biz, xaricdə təhsil alan gənclər bu forumu böyük həvəslə izləyirik.

Azərbaycan dəfələrlə belə beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu da ona dəlalət edir ki, Azərbaycana etibar edir, onunla hesablaşırlar.

Bizim ölkənin inkişaf tempi ildən-ilə sürətlənir. Bunu bütün dünya görür yüksək qiymətləndirir. Ancaq siz havadarlarınız bunları görməməzliyə vurursunuz. Çünki xislətinizdə xəbislik var. Xəbis insanlara isə vətən, yurd sevgisi yaddır. Bəzən mənə çatmır ki, bu ölkənin havası, çörəyi, suyu hesabına yaşayanlar öz xalqına,Vətəninə, millətinə nəyə görə xəyanət yolunu tuturlar. Bu yol onları çox da uzağa aparan deyil. Azərbaycanın yolu inkişaf, tərəqqi yoludur. Bu yol xalqımızı, Vətənimizi əsl xoşbəxtliyə qovuşduracaq. Mən buna öz varlığım kimi əminəm.

 

 

Cahandar ƏLVƏNDOV,

T.Şevçenko adına Kiyev Milli

Universitetinin Beynəlxalq Münasibətlər

İnstitutunun beynəlxalq hüquq fakültəsinin

II kurs tələbəsi

 

Xalq qəzeti.- 2011.- 12 aprel.- S.5.