Yeni kitablar
Yurd həsrətiylə qovrulan ürəyin
"yuxuları"...
Həsrətin
ürəkdə yaşadığını, nisgilin ürəklə
daşındığını bilirdik. Həsrəti kim
büküb cibinə qoya bilər ki? Nisgili əldə və
ya qab-qacaqda aparmaq mümkündürmü? Yox, onların məskəni
ürəkdir və həsrətində
qaldığımızın yuxumuza gəlməsi də elə
ürəyin möcüzəsidir.
Bu
möcüzələrdən birini həmkarımız Ramazan
Səməroğlunun üç il fasilə ilə
işıq üzü görən növbəti
kitabındakı "Dağları yuxuda gördüm"
adlı şeirini oxuyanda bir daha hiss etdim. Zəngəzurun,
Qafanın, doğulub boya-başa çatdığı Kurud kəndinin
həsrətiylə yatan müəllif yuxuda gördüyü
dağların halını dilə gətirir. Zirvələr
alalanıb, bulaqlar axmağa tələsmir, küləklər
Qapıcıq dağını "oyatmır",
uşaqların gizlənpaç oynadığı kaha
torpağın altında itib, yal-yamac fikirlidir, dərələrdə
sular köpüklənmir, qar yaman tez əriyir, gədiklər
paralanıbdı... Ən ağrılısı isə
"Zirvə
əl açıbdı göydə Allaha,
Qayalar,
elə bil, dualanıbdır".
Bu,
yuxudur, vaqiədir, yurd həsrətli ürəyin yuxusu, vaqiəsi.
Həqiqətdə isə adı İŞĞALdır. Min
illərdən bəri soyumuzun, soydaşımızın
yaşadığı yurdun işğalı. Mən dəqiq
bilirəm ki, Ramazan Səməroğlu və ya hansısa
başqa bir şair bu lövhəni "işğal"
sözüylə ifadə etmiş olsaydı, şeirin indiki
formada yaratdığı təsirin heç yarısı da
yarana bilməzdi. Amma "Belini qurşamır
cığırlar dağın, Arxacda sürü yox,
başlamır sağın" - deyən müəllifin siyasətdən,
ideologiyadan, həqiqətdən uzaq yaratdığı yuxu
lövhəsi işğalı və
işğalçını min qat lənətləyir, öz
yurdunu işğaldan təmizləməli olan zəngəzurluları
birə min qat səfərbər edir.
"Nə
qədər səhərlər sənsiz açacaq..."
kitabı tanınmış telejurnalist Ramazan Səməroğlunun
"Özüm də itirəm vaxtın içində" -
kitabından sonra oxucularla ikinci görüşüdür. Bu
kitabda müəllifin son bir ildə qələmə
aldığı müxtəlif mövzulu şeirlər
toplanmışdır. İstənilən şeir müasirimiz
olan hər kəsi düşündürən - yaşlı nəsli
ağrıdan, gəncləri narahat edən mövzudadır. Öz
qələmiylə həmsöhbət olan şairin maraqlı
və bəlkə də, qəribə qənaəti var:
İçimdə
odlanan həsrət yanğısı
Sənin
nəfəsinlə soyudu hərdən.
Vaxt məni müqəssir bilib taladı,
Amma sən soruşdun ötən illərdən.
Şair ürəyində cücərmək
istəyən fikirləri
toxum kimi kağıza səpən qələm bizim üçün adi, həm də kiçik bir əşyadır. Ancaq əli yanan
körpənin barmaqlarını
anasının üfürüb
sərinlətdiyini görmüş
şair üçün
qələm də eləcə sərinlik gətirmək gücündə
olan bir qüvvədir. Ürək yanır,
yanğını qələm
vasitəsiylə kağıza
köçürürsən və ... sərinləşirsən.
Zaman səni minbir bəhanə ilə müqəssir edib talayanda isə... qələm, şairi ötən illərdən
soruşur, xəbər
alır və öz sahibinin dünənini yada salmağa, gündəliyə
gətirməyə çalışır.
Yaxşıdır, çox yaxşı.
Amma,
"Dünya mənə
ögey baxır"
- deyə etdiyi ümu-küsünün altında
gizlənən məqam
daha yaxşıdır.
Maraqlıdır, Ramazanın sevgi
şeirlərində də,
Vətən şeirlərində
də, ictimai-siyasi məzmunlu şeirlərində
də, hətta təbiət şeirlərində
də kifayət qədər kədər, nisgil, sızıltı
var. Məsələn:
Elə bil dərədə su da yorulub,
Axır, damla-damla süzülür
gedir.
Hirsindən özünü döyür
daşlara,
Ümidi
hər yerdən üzülür gedir
(təbiət şeirindəki nisgil).
Yaxud, qocalar evində tənha şəkildə
can verən qadının
- ananın taleyindən
bəhs edən "Həsrətdən biçilən
kəfən" poemasının
finalında az
qala bütün insanlara üz qaralığı olan bir məqam təsvir olunur. Son anlarını yaşayan qadın - oğul anası canındakı olan-qalan gücünü toplayıb birtəhər özünü qibləyə
doğru uzadır və əzrayılın addım səslərini eşidəndə oğlunun
nigarançılığını edir: "hardasan?" Ramazan qloballaşmanın fəsadlarından
olan, hansısa xalqdan əxz etdiyimiz biganəlik faciəsindən qətiyyən
söz açmır.
Sadəcə həmin faciənin
nəticəsini təsvir
etməklə buludlara
çatacaq və bəlkə də, oradan da yuxarı
qalxacaq bir fəryad qoparır.
Kitabda gündəlik
həyatımızı özündə
əks etdirən çoxsaylı şeirlərlə
yanaşı qəzəllər,
müxəmməs və
poema da verilmişdir. Əsas odur ki, hər söz sadədir, hər fikir səmimidir. Ən başlıcası isə
düşündürücüdür.
Sonda müəllifin
özü barədə
bir neçə kəlmə yada salaq. Ramazan Səmər oğlu
Ziyadov 1961-ci ildə Zəngəzur mahalının
Kurud kəndində anadan olub. Orta məktəbi Qafanda bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində
təhsil alıb.
Dövlət Teleradio verilişləri
şirkətiylə yanaşı
ANS, Lider, Space telekanallarında
da çalışıb.
Müxtəlif kütləvi informasiya
vasitələrində Ramazan
Zəngəzurlu imzası
ilə çoxsaylı
şeirləri verilib.
Hazırda üçüncü kitabı çapa hazırlanır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 10 aprel.- S. 6.