"Bakı Forumu Azərbaycanın dünyanın mədəniyyət mərkəzlərindən biri olduğunu nümayiş etdirdi"

 

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" kimi mötəbər tədbiri yüksək səviyyədə təşkil etməklə Azərbaycan dövləti bir daha düzgün mədəniyyət siyasəti həyata keçirdiyini təsdiq etdi". Bu və buna bənzər fikirlər dünyanın aparıcı informasiya vasitələrində aprelin 9-da öz işini başa çatdırmış Bakı Forumu barədə çoxsaylı reportaj və məqalələrdə qeyd olunub. Vurğulanır ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dinlərin qarşılıqlı anlaşma şəraitində mövcud olmasının və sivilizasiyaların bir-birindən faydalanmasının uğurlu nümunəsi hesab oluna bilər. 

Məşhur "Euronews" telekanalı da Bakı Forumu ilə bağlı geniş reportaj yayımlayıb. Reportajın əvvəlində belə bir sual olunub: "Müxtəlif mədəniyyətlər bir-birinə qarşı olmalıdır, yoxsa hər şey dialoq üzərində qurulmalıdır?" Aparıcı sonra bildirib ki, "çağdaş Avropada mədəniyyət plüralizmi siyasətinin qitəni dalana sürükləyib-sürüklənmədiyi barədə qızğın müzakirələr getdiyi bir vaxtda Bakı Forumu xalqları inamla dostluğa və qarşılıqlı anlaşmaya səsləyir". Avropanın və dünyanın digər KİV-ləri də qeyd edirlər ki, dünyanın bir çox ölkələrinin mədəniyyət siyasətini müəyyənləşdirən rəsmi şəxslərinin, alim, incəsənət xadimlərinin, aparıcı ekspertlərinin iştirak etdiyi Bakı Forumu səmimi fikir və ideya mübadiləsi ilə şəraitində uğurla keçmişdir. Forum başa çatdıqdan sonra tədbir iştirakçıları artıq doğma ölkələrinə qayıtmağa başlayıblar. Əməkdaşımız Bakını tərk etməyə hazırlaşan qonaqlarndan bir neçəsi ilə görüşərək onlardan bu mötəbər tədbirlə bağlı şəxsi təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşmələrini xahiş edib.

 

Zilya VALEYEVA, Tatarıstanın Baş nazirinin birinci müavini:

- Azərbaycanın paytaxtı gözəl Bakı şəhərinə gələrək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyimdən çox məmnunam. Bakıda indiki dönəmdə mədəniyyətlərin qlobal səviyyədə yaxınlaşması sahəsində meydana çıxan bütün dünya xalqlarını maraqlandıran bir çox məsələlər üzrə ciddi müzakirələr aparıldı. Mən şəxsən forumda mədəniyyətlərarası dialoqun təbliği, gender bərabərliyi digər məsələlərə bağlı müzakirələrə qatıldım. Forumdakı çıxışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva haqlı olaraq qeyd etdi ki, təəssüf ki, bu gün dünyada mədəniyyət sahəsində bəşəriyyəti narahat edən suallar cavablardan çoxdur. Bu, həqiqətən belədir. Qloballaşma sivilizasiyalar arasında bir çox çətin müşkülləri gündəmə gətirib. Sual olunur: Mədəniyyətlərin yaxınlaşmasının son həddi, limiti varmı? Əgər yoxdursa, bunun hansı fəsadları ola bilər? Bakıda bu sualların çoxuna məntiqli, düşündürücü cavablar verildi. Bu cavablardan bəziləri ola bilər ki, mübahəsələr doğursun. Lakin bir şey aydındır ki, çeşidli mədəniyyətlərin dialoqu zəruridir, axı, anlaşma, dialoq olmayan yerdə təhdidlər, qarşıdurmalar olur. Azərbaycan öz nümunəsi ilə sübut edir ki, xalqların dinlərin bir-birinə tolerant, dözümlü münasibəti ölkəni tərəqqiyə aparır, ölkənin bütün vətəndaşların hüquqlarının qorunmasını təmin edir.

Bakı Forumu mənim üçün həm onunla yaddaqalan oldu ki, burada şəxsiyyətinə böyük rəğbət bəslədiyim Mehriban xanım Əliyeva ilə bir daha görüşdüm, onunla Forum barədə, eləcə Azərbaycanda yaşayan tatarların mədəni inkişafı barədə səmimi söhbətlərimiz oldu. Qardaş Azərbaycanda tatar xalqının nümayəndələri yaşayır onlar burada yaradılan şəraitdən çox razıdırlar. Qeyd etmək lazımdır ki, Azərbaycanda təkcə tatarlar deyil, Rusiya Felerasiyasından olan bütün başqa xalqların nümayəndələri üçün normal şərait yaradılıb. Mən Bakıdan olduqca xoş duyğularla ayrılıram. Doğma Kazanda məqam düşən kimi Bakı Forumu barədə həmyerlilərimə söhbət açacağam.

 

Sergey NİKOLSKİ, Rusiya Elmlər Akademiyasının fəlsəfə sektorunun müdiri

- İlk sözüm budur ki, Bakı Forumu uzun illər mənim xatirimdən silinməyəcək. Burada müzakirə olunan mövzuların aktuallığı, bu mötəbər tədbirin yüksək səviyyədə təşkili bütün tədbir iştirakıçıları arasında xüsusi ovqat, ab-hava yaratmışdı. Mən forumun açılışı mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu nitqini böyük maraqla dinlədim. Dövlət başçısı Azərbaycanın bütün sahələrddəki uğurları barədə böyük sevgi ilə danışdı. Mən Rusiya Federasiyasının bir ziyalısı olaraq qonşu dövlətin uğurlarına görə çox sevinirəm. Bakıya budəfəki gəlişim burada gördüklərim mənim ölkənizi parlaq gələcək gözlədiyinə inamımı artırdı. Mən forum çərçivəsində bir sıra müzakirələrə həvəslə qatıldım. Məsələn, forum çərçivəsində "Mədəniyyətlərin müxtəlifliyi qloballaşma: stereotiplərdən azad olaraq dialoq axtarışında" mövzusunda təşkil olunan dəyirmi masada iştirak etdim, fikirlərimi bildirdim. Dəyirmi masada iştirak edən həmkarlarım müasir dünyada münaqişələrin artması şəraitində milli identikliyin saxlanması məsələləri üzrə fikir mübadiləsi apardılar.Müzakirələr kifayət qədər səmərəli keçdi. Dəyirmi masada müzakirə olunan bir məsələ diqqətimi cəlb etdi. Bu məsələ çağdaş dünyadakı gərgin siyasi vəziyyətlə bağlıdır. Hesab edirəm ki, "soyuq müharibə"nin başa çatması, təəssüf ki, dünyadakı ziddiyyətləri aradan qaldırmayıb, əksinə, bundan sonra münaqişələr daha artıq vüsət alıb hətta yeni qarşıdurma ocaqları peyda olub. İndi birqütblü dünyada əvvəlkindən çox qan tökülür, zorakılıqlar baş verir.

Bir anlığa dünyanın müasir xəritəsini təsəvvürünüzə gətirin. Dünyanın bir çox regionlarında qanlı döyüşlər gedir. Bütün bunların qarşısı alınmalıdır, terrora qətiyyətlə "yox" demək üçün xalqlar, dinlər bir-biri ilə dialoqa başlamağa cəhd etməlidir. Böyük dövlətlər xalqların iradəsi ilə hesablaşmalıdırlar. Heç bir xalq müharibə istəmir. Sülhün bərqərar olmasına hamı - siyasətçilər , alimlər , jurnalistlər kömək etməlidir. Yoxsa, zorakılıqlar dalğası dünyaının daha böyük ərazilərinə yayıla bilər.

 

Tahir Nasir Mahmud əl-Həmid, İraqın mədəniyyət nazirinin müavini:

- Sözümə uca Allahın adı ilə başlamaq istəyirəm. Hər birinizə qədim Bağdaddan salamlar gətirmişəm. gizlədim, Bakı Forumunun iştirakıçısı olmağıma çox sevinirəm. İnanıram ki, belə forumlar mədəniyyətlər arasında olan problemlərin həllinə müsbət təsir göstərir. Bu forumun yüksək səviyyədə baş tutmasında Azərbaycanın rolu əvəzsizdir. Müsəlman ölkəsi olan, qədim zəngin tarixə malik olan Azərbaycan bütün dünyada sivilizasiyaların dialoqunun keçirilməsi üçün hazır bir ölkədir. Bu ölkə tarixi kökləri ilə İslam dünyasına söykənir bütün dünya sivilizasiyaları üçün açıqdır. İraqla Azərbaycan arasında əlaqələrin tarixi qədimdir. Bizim mədəni əlaqələrimiz tarixən güclü olub.

Bir daha Bakı forumunun əhəmiyyətini vurğulamaq istəyirəm. İndiki dövrdə dünyada belə forumlar sülhə, əmin-amanlığa çox fayda verə bilər. Onların keçirilməsinə böyük bir ehtiyac var. Mən bura böyük həvəslə gəlmişəm. Çünki dünya ölkələrində mədəniyyətlərin bir-birinə inamı heç yoxdur. Dünya ölkələri bir-birinə yaxınlaşmaq əvəzinə, əksinə bir-birindən uzaqlaşırlar. Siz bilirsiniz ki, mənim vətənim İraqda sülhə, əmin-amanlığa böyük ehtiyac var. Dünyanın ən qədim mədəniyyət mərkəzlərindən olan İraq torpağında sabitliyin tezliklə bərqərar olacağına inanmaq istəyirəm, o günü görmək arzusu ilə yaşayıram. Azərbaycan dövlətinin ağılla, məntiqlə idarə olunması göz qabağındadır. Bu yoldan heç vaxt uzaq düşməyin.

 

Düseyn KASEİNOV, TÜRKSOY-un baş katibi:

- Azərbaycanın belə bir tədbirə yüksək səviyyədə ev sahibliyi etməsindən qəlbimdə çox razı qaldım. Belə mötəbər tədbirin təşkilində şəxsən iştirak edən Azərbaycanın dövlət başçısı İlham Əliyevə TÜRKSOY təşkilatının rəhbərliyi adından dərin təşəkkür edirəm. Düşünürəm ki, bu forum dünya ölkələri arasında barış dostluğa çağırışdır. Forumda dünyanın hər yerindən qonaqlar vardı, onların arasında böyük bir coğrafi ərazidə yerləşən türk soylu xalqların da nümayəndələri çox idi. Türk xalqları bir olanda uğurları da çox olur. Lakin türk xalqları daim başqa mədəniyyətlərə açıq olublar. Azərbaycan da belədir. Bu gün Azərbaycan bölgədə milli dini tolerantlığın rəmzinə çevirilib. Bu, ölkənizə fəxr gətirən amildir. Azərbaycan belə bir mötəbər tədbir üçün təsadüfən seçilməyib. Onun bu sahədəki həqiqi uğurları nəzərə alınıb. Azərbaycanın mədəniyyət sahəsindəki bugünkü uğurları onun şöhrətli keçmişindən qaynaqlanır. Azərbaycan xalqı dünya mədəniyyətinə Nizami, Nəsimi, Üzeyir Hacıbəyov kimi dahi şəxsiyyətlər bəxş edib. Azərbaycan xalqı bütün türk xalqlarının fəxr etdiyi Heydər Əliyev kimi dahi siyasətçi yetişdirib. Xalqınızın bəxti gətirib ki, bu dahi şəxsiyyətin müdrik siyasəti bu gün uğurla, yaradıcı surətdə davam etdirilir.

Mən sonda bir neçə kəlmə olsa, tədbirin mədəni proqramı barədə fikrimi bildirmək isətyirəm. Forum iştirakçıları üçün çox uğurlu mədəni proqram təşkil olunmuşdu. Heydər Əliyev Sarayında Azərbaycan Litva ifaçılarının birgə iştirakı ilə nümayiş olunan "Küləyin yuxusu" tamaşasını dərin maraqla izlədim. Çox gözəl yaddaqalan bir tədbir idi. İçərişəhəri gəzməkdən yoruldum demədim. Bakı sakinləri çox mədəni qonaqpərvərdirlər. Bakını xoş duyğularla tərk edirəm. Sevinirəm ki, qədim Bakı bura xoş məramla gələn hər kəsə qucaq açmağı bacarır.

 

 

Məsaim ABDULLAYEV,

 

Mahmud QƏZƏNFƏROĞLU

 

Xalq qəzeti.- 2011.- 13 aprel.- S. 5.