Azərbaycan-Yunanıstan əlaqələri qarşılıqlı etimad maraqlar müstəvisində genişlənir

 

Bütövlükdə Yunanıstan-Azərbaycan əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Biz əlaqələrimizin səviyyəsindən çox məmnunuq və Prezidentin bugünkü səfəri bir də onu göstərir ki, bizim aramızda çox yüksək səviyyədə qarşılıqlı etimad var, qarşılıqlı maraqlarımız var.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Biz Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış memorandumu yüksək dəyərləndiririk. Mən Prezident Əliyevi əmin edirəm ki, o, Yunanıstanın real dəstəyinə arxalana bilər.

 

Karolos Papulyas,

Yunanıstan Prezidenti

 

 

Afina Azərbaycanla enerji sahəsində əməkdaşlığa daha böyük önəm verir

 

Yunanıstan Prezidenti Karolos Papulyasın Azərbaycana rəsmi səfəri müasir Avropada və ümumiyyətlə, dünya siyasətində özünəməxsus çəkisi olan iki dövlət arasında intişar tapmış yüksək əməkdaşlıq əlaqələrinin növbəti uğurlu addımıdır. Avropanın digər ölkələri ilə olduğu kimi, Yunanıstanla da hərtərəfli əməkdaşlığımızın təməlində ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, müdrik diplomatiya təcrübəsi dayanırdı. Ancaq 2003-cü ildən sonra bu əməkdaşlıq daha da intensivləşdirilmiş, tərəflərin hər ikisi üçün daha yüksək şəkildə səmərə verəcək bir müstəviyə qaldırılmışdır.

 

Yunanıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəri də məhz Prezident İlham Əliyevin dəvəti ilə reallaşdırılmışdı. Rəsmi Bakının Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı xarici siyasət kursunun qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi qətiyyətli addımlardan birinin nəticəsi olaraq Yunanıstan Prezidenti K.Stefanopulos 2004-cü ilin iyun ayında Azərbaycana rəsmi səfərə gəlmiş, tərəfləri maraqlandıran məsələlər müzakirə edilmiş, siyasi və iqtisadi sahədə əməkdaşlığa dair sənədlər imzalanmışdı. Sonrakı illərdə əksər beynəlxalq toplantılarda Avropa dövlətlərinin hamısının rəhbərləri kimi Yunanıstan rəhbərləri ilə də müntəzəm olaraq görüşən Azərbaycan rəsmiləri bu ölkə ilə əməkdaşlığımızın indiki səviyyəsinə nail olmuşlar.

Ekspertlərin fikrincə, Azərbaycan-Yunanıstan münasibətlərinin daha sürətlə inkişaf etdirilməsinə Prezident İlham Əliyevin 2009-cu ildə bu ölkəyə etdiyi rəsmi səfər yeni stimul vermişdir. Dövlət başçımız aprelin 5-də Yunanıstan Prezidenti ilə bərabər mətbuat üçün bəyanat verərkən həmin məsələyə xüsusi olaraq toxunmuşdur: "Bizim siyasi əaqələrimiz sürətlə inkişaf edir. İki il bundan əvvəl mən Sizin ölkənizə səfər etmişdim və o səfəri çox yaxşı xatırlayıram. Səfər zamanı apardığımız danışıqlar və fikir mübadiləsi bir də onu göstərdi ki, ölkələrimiz arasında əlaqələrin çox gözəl perspektivləri vardır. Sizin Azərbaycana bugünkü səfəriniz bunu bir daha təsdiq edir.

Cənab Karolos Papulyasın Azərbaycana səfəri çərçivəsində tərəflər arasında aparılan danışıqların nəticəsində məlum oldu ki, bizim iqtisadi əməkdaşlığımızın həqiqətən çox gözəl perspektivləri vardır. Hökumətlərarası komissiya uğurla fəaliyyət göstərir. Enerji sahəsində əməkdaşlığın artıq gözəl ənənələri vardır və bu əlaqələrin tezliklə daha mükəmməl mərhələyə qədəm qoyacağı gözlənilir. Eyni zamanda, Azərbaycan və Yunanıstan rəhbərləri öz ölkələrinin vətəndaşlarının bir-biri ilə daha dərindən ünsiyyət qurmasına, daha yaxından tanış olmasına şərait yaratmaq üçün müvafiq addımlar atılmasına razı olduqlarını bildiriblər. Bu addım əməkdaşlığın daha da çoxşaxəli olmasına zəmin yaradacaqdır. Dost ölkə rəhbərinin Bakıya səfəri zamanı imzalanmış sənədlər (bir anlaşma memorandumu, iki saziş və bir əməkdaşlığa dair proqram imzalanmışdır) bir daha göstərir ki, Azərbaycan-Yunanıstan əməkdaşlığı həqiqətən çoxşaxəlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Yunanıstan Dövlət Qaz Şirkəti arasındakı anlaşma memorandumu, ətraf mühitin mühafizəsi sahəsində hökumətlərarası əməkdaşlığa dair saziş, dəniz nəqliyyatına dair hökumətlərarası saziş və üç il dövrü əhatə edən elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair imzalanan proqram əməkdaşlığımızın inkişafına yeni təkan verəcəkdir. Dövlət başçıları geniş tərkibdə keçirilən görüşdən və sənədlərin imzalanması mərasimindən sonra mətbuat üçün verdikləri bəyanatda həmin tendensiyanı daha konkret faktlarla dilə gətirmişlər.

Prezident İlham Əliyev Azərbaycan-Yunanıstan əməkdaşlığının inkişafına dost ölkə Prezidentinin Bakı səfərinin yeni stimul verəcəyini söyləmişdir: "Biz səfər zamanı aparılan danışıqlar nəticəsində ikitərəfli əlaqələrimizin inkişafına nail olacağıq. İkitərəfli gündəlik çox genişdir... Siyasi əlaqələrimizin inkişafı üçün gözəl perspektivlər var, iqtisadi sahədə qarşılıqlı maraqlar kifayət qədər çoxdur. Sabah keçiriləcək Yunanıstan-Azərbaycan biznes forumu bunu bir daha təsdiq edəcəkdir. Əminəm ki, ölkələrimizin iş adamları da bir-biri ilə səmərəli əlaqələr qura biləcəklər. Qarşılıqlı investisiyaların qoyuluşu üçün gözəl şərait var". Dövlət başçısı Azərbaycan-Yunanıstan əlaqələrinin ən vacib sahələrindən olan enerji sahəsindəki əməkdaşlığa toxunaraq qeyd etmişdir ki, bu gün imzalanmış sənədin gələcəkdə daha böyük səmərə verəcəyi tamamilə şəksizdir. "Azərbaycan Yunanıstana ixrac olunan qazın həcminin artırılmasında maraqlıdır və biz gələcəkdə Yunanıstanın tranzit imkanlarından da istifadə etmək istəyirik. Bir sözlə, bu sahədəki əməkdaşlıq nəinki ikitərəfli əlaqələrimizin inkişafına xidmət edəcək, eyni zamanda, Azərbaycanla Avropa ölkələri arasında qaz sahəsində əməkdaşlığa da çox ciddi təkan verəcəkdir".

Regionun kütləvi informasiya vasitələri Yunanıstan Prezidentinin Bakı səfəri çərçivəsində mətbuat qarşısında çıxış edən Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söz açarkən nikbinlik nümayiş etdirdiyini vurğulayırlar. Azərbaycan Prezidentinin söylədiyi: "Mən cənab Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair son danışıqlar haqqında məlumatlandırdım. Danışıqlar gedir və biz ümid edirik ki, uğurla nəticələnəcəkdir" - ifadəsi jurnalistlər tərəfindən böyük maraq və diqqətlə qarşılanmışdır.

Yunanıstan Prezidenti Karolos Papulyas da öz dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasından narahatlıq keçirdiyini dilə gətirib: "Dağlıq Qarabağ problemini də qeyd etmək istərdim. Biz istəyirik ki, bu məsələ ATƏT-in Minsk qrupunun səyləri ilə, dinc yolla öz həllini tapsın və bu, tezliklə baş versin". Bəzi ekspertlərin fikrincə, Avropa ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinə çalışması həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolun gündən-günə artması ilə bağlıdır. Qoy olsun. Bizim üçün nə fərqi var? Bizim üçün əsas odur ki, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin, işğal olunmuş torpaqlarımız düşmən tapdağından təmizlənsin və qaçqın-köçkünlərimiz öz ata-baba yurdlarına qayıtsınlar. Bu məsələdə kimin hansı maraqla təşəbbüs göstərməsi bir o qədər də əhəmiyyətli deyil.

Cənab Karolos Papulyas Azərbaycan səfəri çərçivəsində ölkənin Baş naziri ilə görüşmüş, Milli Məclis qarşısında çıxış etmiş, Heydər Əliyev Fondu ilə tanış olmuş, Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı və İçərişəhəri ziyarət etmişdir. Yunanıstan Prezidentinin Bakı Slavyan Universitetindəki görüşləri və Yunanıstan-Azərbaycan Biznes forumundakı iştirakı isə səfərin daha geniş təəssüratlarla yadda qalan məqamları idi. Ən əsası isə odur ki, dost ölkə Prezidenti səfərin sonunda Azərbaycanı çox böyük bir qətiyyət və əminliklə tərk etmişdir: "Yunanıstan ilə Azərbaycan arasındakı münasibətlər bundan sonra da genişlənməkdə davam edəcəkdir".

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 13 aprel.- S. 5.