Unudulmaz komandir

 

5 ildir ki, aprelin 14-də xocavəndlilər Qarabağ müharibəsinin igid döyüşçüsü, keçmiş tabor komandiri, 2-ci qrup əlil, baş leytenant İlyas Mövsüm oğlu Hüseynovun xatirəsini dərin ehtiramla yad edirlər. İlyas 1961-ci il martın 18-də Dağlıq Qarabağın Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdu. Döyüşlərdə aldığı ağır yaralar, doğma yerlərin yağı tapdağında olmasından doğan üzüntülər 5 il əvvəl 45 yaşında onun həyatına vaxtsız son qoydu.

 

İlyas Hüseynov 1979-cu ildə sovet ordusuna xidmətə çağırılmışdı. Tbilisi şəhərində 6 aylıq serjantlıq məktəbində təhsil aldıqdan sonra top komandiri vəzifəsində xidmətini davam etdirmişdi. 1981-ci ildə hərbi xidmətini başa vurandan sonra Ukraynanın Dnepropetrovsk şəhərində biznes fəaliyyəti ilə məşğul olmuşdu. 1990-cı ildə isə Qarabağın müdafiəsində iştirak etmək üçün 10 il ərzində qazandığı hər şeyi tərk edərək Azərbaycana qayıtmışdı.

Qarabağa gəldiyi ilk gündən İlyas tamamilə köməksiz qalan Xocavənd rayonunun azərbaycanlı kəndlərində, əsasən Muğanlı özünümüdafiə dəstəsinin təşkil olunması və silahlandırılmasını özünün əsas vəzifəsi hesab edir. Şəxsi vəsaiti hesabına silah-sursat alır. Döyüş hazırlığı tədbirləri keçirir, əsgərlərin hərbi qabiliyyətinin yüksəldilməsinə nail olur. 1992-ci ilin yanvar ayında Muğanlı kəndinin müdafiəsi üçün ilk rəsmi bölük yaradılır və komandiri İlyas təyin edilir.

Qarakənd istiqamətində ermənilərin hərbi bazalarının ləğv olunması ilə nəticələnən, ermənilərin Qaradağlı kəndinə hücumlarının qarşısını almaq məqsədi daşıyan döyüş əməliyyatlarının əsas təşkilatçısı və iştirakçılarından biri İlyas olur. 1992-ci ildə batareya komandiri kimi xidmətini davam etdirir. "Doludağıdan" toplardan ibarət bir tağım yaradır.

Şuşanın işğalından sonra bölgədə vəziyyət pisləşir, Əlikram Hümbətovun başçılıq etdiyi Lənkəran batalyonu döyüş zonasını tərk edir. Bu şəraiti görən ermənilər hücumlara başlayırlar. Düşmənin güclü təzyiqinə, artilleriya zərbələrinə baxmayaraq, tağım döyüşçüləri geri çəkilmir və mövqeləri əldən vermirlər. "Əppəkli" bölgəsində, Qarakənd meşəsi yüksəkliyində döyüşlərdə İlyasın rəhbərlik etdiyi batareyanın sərrast atəşləri ilə düşmənin onlarla əsgəri və 1 PDM-i, 1 zenit qurğusu, 1 topu məhv edilir.

Müdafiə Nazirliyinin əmri ilə 831 saylı hərbi hissə Xocavənd rayonundakı özünümüdafiə dəstələrinin bazasında yaradılır. İlyas Hüseynov artilleriya batareyasının rəisi təyin edilir. Tabor böyük bir ərazini müdafiə edirdi. Müdafiə xəttinə Xocavənd rayonunun Əmirallar, Muğanlı kəndləri və 20 km ərazi daxil idi. 2 oktyabr 1992-ci ildə ermənilər atəşkəsi pozaraq böyük qüvvə ilə hücuma keçirlər və ərazini müdafiə edən taboru mühasirəyə almağa cəhd edirlər. İlyas Hüseynovun başçılıq etdiyi batareyanın atəşləri ilə düşmən mühasirəsi yarılır. Bu döyüşlərdə İlyas Hüseynov özü də yaralanır. Əsgərlərdən Namiq Abdullayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.

1993-cü il aprel ayında İlyas Hüseynov tabor komandirinin müavini təyin edilir. Bu vaxt taborun qarşısında duran vəzifə Kuropatkin istiqamətində irəliləmək idi. Döyüşə İlyas Hüseynov rəhbərlik edir. İlyasın kiçik qardaşı İbad Hüseynovun başçılıq etdiyi qrup düşmən arxasına keçir. İlyasın göstəriş və düzgün rəhbərliyi və İbadın cəsarəti ilə düşmən postu dağıdılır, xeyli canlı qüvvəsi və 1 PDM-i, 1 zenit qurğusu, 2 minaatan, 1 avtomobil sıradan çıxarılır, tapşırıq yerinə yetirilir.

1993-cü ilin mayında 161 saylı hərbi hissə yaradılır, İlyas Hüseynov komandir müavini təyin edilir. Komandir Barat Quliyev müalicəyə gedir və tabora komandanlığı İlyasa tapşırır. İyun ayının 12-də düşmən Ağdam rayonunun Mərzili kəndini işğal edir və Ağcabədi rayonunun Qiyamadınlı kəndinə daxil olur. İlyas Hüseynovun başçılığı ilə bir qrup əks hücuma keçir və düşmən geri oturdulur. Ermənilər kəndlərdən çıxarılır. Xeyli düşmən qüvvəsi və erməni qoşunlarının komandanı əslən Amerikadan olan Monte Melkonyan məhv edilir.

Sonrakı aylarda da İlyasın rəhbərliyi ilə bir sıra uğurlu əməliyyatlar aparılır. İlyas dəfələrlə yaralanır. Onun başçılıq etdiyi 161 saylı taborun bazasında 161 saylı alay yaradılır.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonrakı aylarda bu hərbi hissə döyüş bölgəsində bir sıra təxribatların qarşısını alır, Vətənə sədaqətlə xidmət edir. 1994-cü ilin fevralında İlyas Hüseynov təkrar yaralanır, həkimlərin təkidli etirazlarına baxmayaraq, hərbi hissəyə qayıdır. 10 aprel 1994-cü ildə ulu öndər Heydər Əliyev cəbhə xəttinə gəlir və İlyas Hüseynovun rəhbərlik etdiyi taborun əsgərləri qarşısında çıxış edir. Ali Baş Komandan onların xidmətlərini yüksək qiymətləndirir, əsgərləri mükafatlandırır.

Aprel ayında düşmən, nəyin bahasına olursa-olsun, Tərtər, Ağcabədi bölgəsini işğal etməyə can atır, Ağdam rayonunun Güllücə, Şıxlı, Suma və Tağıbəyli kəndlərini ələ keçirmək istəyir. Bu kəndlər uğrunda gedən döyüşlərdə İlyasın hərbçi kimi uzaqgörənliyi, vəziyyəti düzgün araşdıra bilmə qabiliyyəti üzə çıxır. İlyas Hüseynov ikinci dəfə kəndləri ermənilərdən azad etməyə nail olur.

May ayından atəşkəs rejimi başlayır. Artıq səhhəti İlyasa hərbi qulluğunu davam etdirməyə imkan vermir. Bir neçə dəfə yaralanmış, kontuziya almış İlyas Hüseynov ordudan tərxis olduqdan sonra da doğma hərbi hissəsi ilə əlaqəsini kəsmir, daim əsgərlərlə görüşlərə gəlir və onlara qayğı göstərir.

Sağlığında canlı əfsanəyə çevrilmiş İlyas Hüseynov döyüşlərdə aldığı kontuziya və yaralar nəticəsində 2006-cı il aprel ayının 14-də vəfat etdi. Öz sağlığında hər hansı fəxri addan, mükafatdan dəfələrlə imtina edən bu təvazökar insanın xatirəsi doğmalarının, dostlarının, döyüş yoldaşlarının qəlbində yaşayır.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 14 aprel.- S. 7.