Azərbaycanda
liberal iqtisadiyyatın inkişafı üçün
bütün imkanlar vardır
Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclasında
sadalanan statistik rəqəmlər bir daha göstərdi
ki,ölkəmiz dinamik inkişaf yolundadır.Sosial-iqtisadi sahələrdə
mühüm uğurlar əldə edilir.
Dövlət başçımız bununla bağlı demişdir:"...Birinci rübdə iqtisadiyyatımız uğurla inkişaf etmişdir. Əlbəttə ki, bu ilin əvvəlində əldə edilmiş nəticələri düzgün təhlil etmək üçün biz bundan əvvəlki illərdə Azərbaycanda mövcud olan iqtisadi inkişafı mütləq nəzərə almalıyıq. Çünki son illər ərzində iqtisadiyyatımız durmadan artmışdır. Son 7 il ərzində ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, hətta böhranlı 2009 və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmışdır. Ona görə də bu yüksək təməl, yüksək baza üzərində birinci rübdə yenə də müşahidə olunan artım, əlbəttə ki, bizi çox sevindirir.
İqtisadiyyatımız birinci rübdə bütövlükdə 1,6 faiz artmışdır. Ancaq sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 5,6 faiz artmışdır. Bildiyiniz kimi, bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək, neft-qaz amilindən asılılığımızı azaltmaq və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmaqdır. Ona görə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir və ölkədə aparılan sosial və iqtisadi islahatlar, ilk növbədə bu məqsədə nail olmaq üçün həyata keçirilir".
Azərbaycanın iqtisadi və maliyyə gücünə toxunan Prezident İlham Əliyev demişdir ki, ölkəmizdə yığılan valyuta ehtiyatları 34,2 milyard dollara bərabərdir. Bu istiqamətdə də bütün tapşırıqlar yerinə yetirilir və valyuta ehtiyatlarımız artır. Ölkəmizdə böyük investisiya layihələri icra edilir və bu layihələr böyük vəsait tələb edir. Buna baxmayaraq, biz həm investisiya layihələrimizi təmin edirik, eyni zamanda, valyuta ehtiyatlarımızı da artırırıq. Bu, özlüyündə gözəl göstəricidir. Eyni zamanda, bu, ölkənin iqtisadi və maliyyə gücünü göstərir.
Heç şübhə etmirəm ki, ilin sonuna qədər bizim valyuta ehtiyatlarımız artacaqdır. Bu artım çox təsirli olacaqdır.
Prezident İlham Əliyev yoxsulluğun azaldılması məsələsinə də toxunmuşdur. Dövlət başçısı demişdir:"2010-cu ilin yekunlarına görə Azərbaycanda yoxsulluq 9,1 faiz səviyyəsində idi. Mən ümid edirəm ki, bu il ərzində həm iqtisadi sahədə, həm sosial sahədə görüləcək işlər nəticəsində, eyni zamanda, bu il maaşların və pensiyaların gözlənilən artımları hesabına Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı yenə də aşağı düşəcəkdir. Nəticədə, biz bir neçə il bundan əvvəl qarşıya qoyulmuş məqsədə çatacağıq...".
İclasda Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına toxunan Prezident İlham Əliyev demişdir ki, geniş, çox dəqiq və konkret proqram qəbul olunandan sonra 2013-cü ilə qədər biz qəsəbələrdə mövcud problemlərin böyük əksəriyyətini həll etməliyik. Baxmayaraq ki, bu, çox böyük proqramdır. Qəsəbələrdə hazırda 800 mindən artıq əhali yaşayır. Bu, özlüyündə böyük bir şəhərdir. Ancaq bu məsələ öz həllini tapmalıdır. Ümid edirəm ki, biz qısa müddət ərzində bu məsələnin həllinə nail olacağıq.
İclasda bildirilmişdir ki, cari ilin birinci
rübündə dövlət büdcəsinin mədaxili 2
milyard 768 milyon manat və ya 118 faiz yerinə yetirilmiş, bu,
ötən ilin eyni dövrü ilə müqayisədə
13,2 faiz çox olmuşdur. Vergilər Nazirliyi büdcəyə
1 milyard 161 milyon manat, ötən ilin eyni dövrünə
nisbətən 151 milyon manat və ya 15 faiz çox vəsaitin
daxil olmasını təmin etmişdir. Bu vəsaitin 58,7 faizi
və ya 681 milyon manatı qeyri-neft sektorundan daxilolmaların
payına düşür ki, bu da 2010-cu ilin müvafiq
dövrünə nisbətən 132 milyon manat və yaxud 24
faiz çoxdur.Qeyri-dövlət sektorunda iqtisadi fəallığın
artması və iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin
real nəticəsi kimi bu sektor üzrə daxilolmaların həcmi
2010-cu ilin müvafiq dövrünə nisbətən 20,9 faiz,
vergi daxilolmalarında xüsusi çəkisi isə 2010-cu
ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq
67,6 faizdən 71,1 faizə çatmışdır. Dövlət
Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl
olunmaqla büdcəyə 241 milyon manat vəsaitin daxil
olması təmin edilmişdir ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 17,1 faiz çoxdur. Dövlət Neft Fondundan
büdcəyə 1 milyard 330 milyon manat vəsait transfert
edilmişdir.
İclasda
vurğulanmışdır ki,cari ilin birinci rübündə
dövlət investisiya xərclərinə 546 milyon manat vəsait
yönəldilmiş, əsas investisiya layihələrinin
maliyyələşdirilməsi təmin edilmişdir. Həmin
vəsaitdən 78 milyon manat təhsil, səhiyyə, mədəniyyət,
idman və digər sosial-mədəni və məişət
təyinatlı obyektlərin tikintisinə və yenidən
qurulmasına xərclənmişdir. Müharibə əlilləri,
şəhid ailələri üçün yaşayış
evlərinin və bu qəbildən olan digər sosial obyektlərin
tikintisinə 9,4 milyon manat, regionlarda idman komplekslərinin və
digər idman təyinatlı obyektlərin tikintisi və yenidən
qurulmasına 5,5 milyon manat vəsait yönəldilmişdir.
Ölkənin
əsas enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal,
meliorasiya infrastrukturlarının tikintisi və yenidən
qurulması üçün 363 milyon manat, o cümlədən
yol-nəqliyyat infrastrukturunun tikintisi və yenidən
qurulması üçün 144 milyon manat, Bakı
Metropoliteninin stansiyalarında tikinti və yenidənqurma
işlərinə 24 milyon manat, "Bakıelektrikşəbəkə"
Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının
artırılmasına 17 milyon manat, regionların içməli
su və suvarma-drenaj infrastrukturunun bərpasına 10 milyon
manat, "Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı"nın həyata keçirilməsinə 20
milyon manat, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar
Cəmiyyətinə 143 milyon manat, digər dövlət əhəmiyyətli
tədbirlərin maliyyələşdirilməsinə 5 milyon
manat vəsait sərf edilmişdir.
Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət tərəfindən
maliyyə dəstəyinin verilməsi işi davam
etdirilmiş, hesabat dövründə "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı"nın icrası üçün 25 milyon manat vəsait
yönəldilmişdir. Sahibkarlığın inkişaf
etdirilməsi üçün cari ilin 1-ci rübündə
iqtisadiyyatın müxtəlif sahələri üzrə 322
sahibkara 27,5 milyon manat güzəştli kredit verilmişdir ki,
bunun da 10 milyon manatını dövlət büdcəsindən
sahibkarlığın inkişafı ilə bağlı
ayrılmış vəsait təşkil etmişdir.
İclasda
göstərilmişdir ki,Bakı qəsəbələrində
əhalinin məşğulluğunun daha da
yaxşılaşdırılması sahəsində ölkə
Prezidentinin tapşırıqlarının icrası ilə əlaqədar
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına qəsəbələrdə 24 sahibkara
üst-üstə 2,2 milyon manat kredit verilmişdir. Bu güzəştli
kreditlər hesabına Bakı qəsəbələrində
yeni iş yerlərinin yaradılması nəzərdə
tutulur.
Sahibkarlıq
subyektlərinin formalaşması üçün
yaradılmış münbit mühit, o cümlədən
sahibkarlıq fəaliyyətinə başlama üçün
sərf edilən müddətin, prosedurların və sənəd
sayının azaldılması nəticəsində "bir pəncərə"
sistemi üzrə cari ilin birinci rübü ərzində 14
mindən çox sahibkar dövlət qeydiyyatına
alınmışdır ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə qeydiyyatdan keçənlərin
sayının 46,1 faiz artması deməkdir. Xüsusilə qeyd
etmək lazımdır ki, Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı dövlət
proqramlarının həyata keçirilməsinin nəticəsi
olaraq 2011-ci ilin 1-ci rübündə qeydiyyata
alınmış sahibkarların 61,2 faizi regionların payına
düşmüşdür.
Aqrar
sektora dövlət qayğısının daha da
artırılması məqsədi ilə fermer təsərrüfatlarına
kreditlərin verilməsi, lizinq xidmətinin
yaxşılaşdırılması, kənd təsərrüfatı
texnikasının və aqrokimyəvi maddələrin
alınması üçün "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyətinə 14 milyon manat, kənd
təsərrüfatı məhsulları
istehsalçılarına kreditlərin verilməsi
üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri
üzrə Dövlət Agentliyinə 4,5 milyon manat vəsait
yönəldilmişdir.
İclasda
bildirilmişdir ki,dövlət büdcəsinin əlavə gəlirləri
hesabına əhalinin sosial müdafiəsinin gücləndirilməsi
tədbirlərinin, ilk növbədə, əmək
haqlarının artımının həyata keçirilməsi
nəzərdə tutulur.Bu artım dövlət büdcəsindən
maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda,
o cümlədən təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət, kənd təsərrüfatı,
meliorasiya, ətraf mühitin mühafizəsi sferasında
çalışanların, hərbi qulluqçuların,
xüsusi rütbəli əməkdaşların və digər
işçilərin əmək haqlarının artımına
imkan verəcəkdir.Dəqiqləşmə zamanı zəruri
sosial tədbirlərdən olan sosial müavinətlərin və
təqaüdlərin, o cümlədən yaşa, əlilliyə,
ailə başçısını itirməyə,
uşağın anadan olmasına görə, müharibə
veteranlarına verilən müavinətlərin, məcburi
köçkünlərə verilən yemək xərcinin,
şəhid ailəsi və müharibə əlilləri
üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
və digər sosial ödənişlərin və müavinətlərin
artırılması təmin ediləcəkdir.Bundan əlavə,
gənc nəslin aparıcı qüvvələrindən olan
ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində
oxuyan tələbə və şagirdlərə, doktorantlara
verilən təqaüdlərin artırılması nəzərdə
tutulur. Bütövlükdə qeyd edilən sosial müdafiə
tədbirləri təxminən 3 milyon nəfərdən
çox şəxsə şamil ediləcəkdir.
Əhalinin
sosial vəziyyətinin daha da
yaxşılaşdırılmasına əlavə stimul olaraq
içməli su təchizatı və kanalizasiya xidmətlərinə
görə əhalinin 2011-ci il 1 fevral tarixinə qədər
yığılıb qalmış 294,2 milyon manat məbləğində
borcu silinmişdir. Bununla əlaqədar dövlət büdcəsində
də müəyyən dəqiqləşmələr
aparılacaqdır.
İclasda
qeyd edilmişdir ki,əhalinin sosial müdafiəsində
xüsusi əhəmiyyət kəsb edən bir sıra sosial və
infrastruktur layihələrin maliyyə təminatı
üçün də dövlət büdcəsinin dəqiqləşməsi
nəticəsində formalaşacaq əlavə gəlirlərdən
vəsait ayrılacaqdır. Öncə bu mənbədən qəza
vəziyyətində olan bir sıra məktəblərdə əsaslı
təmir, tikinti və bərpa-gücləndirmə işlərinin
yerinə yetirilməsinə, tələbələr
üçün müasir yataqxanaların tikintisinə vəsait
ayrılacaqdır.
İclasda
göstərilmişdir ki, iqtisadiyyatın bütün sahələrində
sistemli islahatların davam etdirilməsi nəticəsində
cari ilin yanvar-mart aylarında əhalinin pul gəlirlərinin
keçən ilin müvafiq dövrünə nisbətən
16,8 faiz, orta aylıq əməkhaqqının 11,7 faiz
artması, əhalinin adambaşına düşən gəlirlərinin
inflyasiyanın səviyyəsini 7,7 faiz üstələməsi,
büdcə və qeyri-büdcə sektorunda stabil durumun
mövcudluğu sığorta-pensiya sisteminin dayanıqlı
inkişafına öz müsbət təsirini göstərmişdir.
İlkin
məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun
2011-ci ilin birinci rübündə gəlirləri keçən
ilin müvafiq dövrünə nisbətən 19 faiz və ya
83 milyon manat artaraq 521 milyon manat təşkil etmişdir. Sosial
sığorta haqları üzrə daxilolmalar əvvəlki
ilin birinci rübünə nisbətən 15 faiz və ya 35
milyon manat artaraq 270 milyon manat olmuşdur. Sosial sığorta
daxilolmalarının 58,2 faizi qeyri-büdcə təşkilatlarının
payına düşmüş, onların ödədiyi sosial
sığorta haqlarının məbləği keçən
ilin müvafiq dövrünə nisbətən 17,3 faiz və
ya 23 milyon manat artmışdır. Sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərin və
torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb
edilməsi daha da gücləndirilmiş, fiziki şəxslərdən
daxilolmalar 24 faiz, torpaq mülkiyyətçilərinin ödəmələri
isə 40 faiz artmışdır.
Rüb ərzində
dövlət büdcəsinin transferti kimi fondun xəzinə
hesabına 250 milyon manat vəsait daxil olmuşdur. Fondun gəlirlərinin
miqdarı xərclərin vaxtında maliyyələşdirilməsinə
imkan vermişdir.Cari ilin yanvar və fevral aylarında
pensiyaların maliyyələşdirilməsi qrafik üzrə
vaxtında yekunlaşdırılmış, mart ayı üzrə
isə Novruz bayramınadək tam başa
çatdırılmışdır. Bu məqsədlə
aprel üçün transfertin 57,4 milyon manatlıq məbləğindən
istifadə olunmuşdur.Rübün sonuna əmək
pensiyalarının orta aylıq məbləği 114 manata
çatmış və ya keçən ilin aprelin 1-nə
olan vəziyyətlə müqayisədə 14 faiz
artmışdır. Bu artıma təsir edən əsas amillər
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları
ilə keçən ilin sentyabr ayından etibarən əmək
pensiyalarının baza hissəsinin 13,3 faiz artırılaraq
85 manata çatdırılması, pensiyaların
sığorta hissəsinin indeksləşdirilməsi, həmçinin
yeni pensiya təyin olunan şəxslərin
pensiyalarının orta aylıq məbləğinin sistemi tərk
edənlərin pensiyalarından təqribən 50 manat
yuxarı olmasıdır.
İclasda
ölkənin miqrasiya xidmətinin fəaliyyəti barədə
də söhbət getmişdir.Bildirilmişdir ki,ümummilli
liderimizin milli dövlətçilik konsepsiyasının inamla
və uğurla davam etdirməsinin nəticəsidir ki, son illər
ölkəmizdə ictimai-siyasi sabitliyə və sürətli
sosial-iqtisadi inkişafa nail olunmuşdur. Bu da Azərbaycan
Respublikasını əcnəbilər üçün daha cəlbedici
bir ölkəyə çevirmiş, respublikamıza miqrasiya
axınının ildən-ilə artmasına səbəb
olmuşdur. Ölkəmizin davamlı inkişafı və təhlükəsizliyinin
təmin edilməsi milli maraqlara uyğun miqrasiya siyasətinin
həyata keçirilməsini, onun əsasında miqrasiya
proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini
və inkişaf etdirilməsini, dövlət
orqanlarının fəaliyyətinin əlaqələndirilməsini
və bu sahədə beynəlxalq əməkdaşlığı
zəruri etmişdir.Dövlət Miqrasiya Xidməti beynəlxalq
əməkdaşlıq sahəsində də əlaqələr
qurmuş, iki və çoxtərəfli əsaslar üzrə
münasibətlər inkişaf etdirilmişdir. Beynəlxalq təcrübəni
öyrənməklə mövcud qanunvericiliyin beynəlxalq
standartlara uyğun təkmilləşdirilməsi, o cümlədən
bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər
edilməsi istiqamətində mühüm tədbirlər həyata
keçirilmişdir.
İclasda
dövlət başçımız sosial-iqtisadi həyatın
ayrı-ayrı sahələri ilə bağlı fikir və
mülahizələrini bildirmiş,qarşıda duran vəzifələrlə
əlaqədar aidiyyatı qurumlara konkret
tapşırıqlarını vermişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 14 aprel.- S. 1-2.