Azərbaycan Respublikası sivilizasiyalararası dialoqa töhfələr verdiyini bir daha sübut etdi

 

Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu möhtəşəm beynəlxalq dəstəklə qarşılandı

 

Avropanın eyniləşmə böhranı ilə üzləşdiyi və mədəni plüralizm siyasəti həyata keçirərək dalana dirənib-dirənmədiyini aydınlaşdırmaq istədiyi bir vaxtda Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birlikdə yaşadığı cəmiyyət yaratmağa müvəffəq olub.

Euronews televiziya kanalının Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan hazırladığı reportajdan.

Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 7-də Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nitqindən.

 

İstənilən beynəlxalq tədbir haqqında söz açan kütləvi informasiya vasitələri ən çox qabardılmalı, oxucuya və ya tamaşaçıya, dinləyiciyə daha tez çatdırılması vacib sayılan məqamlar axtarırlar. Qəzetlərin manşetində, televiziyaların anonsunda özünə yer tapan həmin məqamlar əslində, haqqında söz açılan beynəlxalq tədbir barədə ilk təəssüratı yaradır. Aprelin 7-8-də Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında söz açan həmkarlarımız isə bu beynəlxalq tədbirin əsl məramını ifadə edəcək çoxsaylı məqamlar tapmışdılar: "Azərbaycan "Sərhədsiz dünyaya doğru" inamla irəliləyir", "Rəsmi Bakı sivilizasiyalararası dialoqa özünün növbəti töhfəsini verdi", "Bakı Forumunu dünyanın bütün beynəlxalq təşkilatları dəstəklədilər", "Prezident İlham Əliyev bu ilin payızında Bakıda daha bir möhtəşəm beynəlxalq forumun keçiriləcəyini söylədi", "Azərbaycan Prezidentinin xanımı dünya ictimaiyyətini insanların müqəddəs, ülvi hissləriylə oynayanları cəzalandırmağa çağırdı" və s. Belə ifadələr Bakı Forumunun əhəmiyyətindən və böyüklüyündən xəbər verirdi. Kütləvi informasiya vasitələri beynəlxalq aləmdə gedən müxtəlif istiqamətli ictimai-siyasi proseslər fonunda Azərbaycan dövlətinin atdığı addımların əhəmiyyətindən, bu qəbildən olan addımların gələcəkdə də reallaşdırılmasının vacibliyindən söz açdılar.

Bakı Forumunun keçirilməsi təşəbbüsünü irəli sürən Azərbaycan rəhbərliyi BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO tərəfindən dəstəklənmişdir. Səbəb odur ki, artıq dünyanın hər yerində birmənalı şəkildə qəbul edilir ki, mədəniyyətlərarası dialoq zamanın ən təxirəsalınmaz vəzifələrindən biridir. Çünki onsuz da zəmanə dünyanın bütün ölkələrinə çoxsaylı problemlər "bəxş etmişdir". Ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi, ərzaq təhlükəsizliyi məsələsinin real problemə çevrilməsi, separatçılığa, etnik təmizləmə siyasətinə və etnik-dini münaqişələrin aradan qaldırılmasında yaranan çətinliklər, maliyyə-iqtisadi böhranların tez-tez təkrarlanması, terrorçuluq, narkobiznes, qanunsuz silah ticarəti, insanların ali, müqəddəs hisslərinə toxunan rəzil addımlar, üstəlik, bütün bunların fonunda təbii kataklizmlərin gündən-günə artması dünyanın bütün ölkələri üçün sözün həqiqi mənasında problemə çevrilib. Məhz həmin səbəbdən də idrakın səsinə səs verən siyasətçilər bu qəbildən olan halların hamısına qarşı birgə mübarizə aparmaq üçün məhz sivilizasiyalararası dialoqu günün ən vacib məsələsi hesab edirlər. Azərbaycanın təşəbbüsünün bu qədər geniş coğrafiyada dəstəklənməsi də məhz həmin zərurətdən irəli gəlirdi.

Bakı Forumunda müasir dünyanın gündəliyində olan əsas məsələlərdən biri - mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olundu. Dialoqun qarşısında əngələ çevrilən maneələrin aradan qaldırılması yolları nəzərdən keçirildi, zamandan, məkandan və mühitdən asılı olaraq birgə mübarizənin istiqamətlərinin müəyyənləşdirilməsi üçün fikir mübadiləsi aparıldı. Ən başlıcası, ölkələrin və xalqların bu mühüm məsələyə töhfə ola biləcək təcrübəsinin daha geniş auditoriyada səsləndirilməsi imkanı yarandı. Xüsusilə qeyd edilməli məqamlardan biri də o idi ki, Bakı Forumunda dünyanın bütün qitələrini təmsil edən siyasi liderlər, ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri, mədəniyyət məsələləri ilə məşğul olan diplomatlar, deputatlar, diplomatik korpusun rəhbərləri, müxtəlif şəhərlərin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak edirdilər. Forumun "Sərhədsiz dünyaya doğru" mövzulu sessiya ilə açılması isə bu beynəlxalq tədbirin bəşəri məramından xəbər verirdi.

Açılış sessiyasında geniş nitqlə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirlər həm tədbir iştirakçıları, həm də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Forumun əhəmiyyətini və tarixçəsini dilə gətirən Azərbaycan Prezidenti bir sıra konkret məqamları yada saldı: "Təsadüfi deyil ki, bu forum məhz Azərbaycanda keçirilir. İki ildən artıqdır ki, "Bakı prosesi" gedir. "Bakı prosesi"nin təməli Azərbaycanda qoyulmuşdur. 2008-ci ildə Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin toplantısında Azərbaycan tərəfindən İslam ölkələrinin nümayəndələri dəvət olunmuş və birgə keçirilmiş tədbirdə çox səmimi, açıq fikir mübadiləsi aparılmışdır. O tədbirin sonunda "Bakı Bəyannaməsi" qəbul edilmişdir. İlk dəfə olaraq bu formatda beynəlxalq tədbir keçirilmişdir. 2009-cu ildə isə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısında Avropa ölkələrinin nümayəndələri dəvət olunmuş və bir daha bu formatda görüş keçirilmişdir. Keçən il - 2010-cu ildə Bakıda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Həmin zirvə görüşünün çox böyük əhəmiyyəti olmuşdur və o toplantının müsbət nəticələrini biz bu gün də görürük.

Bu il - 2011-ci ildə Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçirilir. Bu ilin payızında Azərbaycanda birinci beynəlxalq humanitar forum keçiriləcəkdir. Yəni, bütün bu tədbirlər onu göstərir ki, güclü iradə olan yerdə mədəniyyətlərarası dialoqun məzmunu da dolğun olur və bu görüşlər bütün xalqları bir-birinə daha da yaxınlaşdırır və bizi daha da birləşdirir. Bizim niyyətimiz bundan ibarətdir... Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər". Fikrimizcə, Bakı Forumunun məzmunu və məramı barədə bundan açıq, bundan geniş fikir söyləmək mümkün deyildi.

Forumun açılış sessiyasında çıxış edən natiqlər - AŞPA-nın sədri Mövlud Çavuşoğlu, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, YUNESKO-nun strateji planlaşdırma üzrə baş direktorunun müavini Hans D' Orvil, BMT-nin Sivilizasiyalararası Alyansı katibliyinin icraçı direktoru Mark Şuer, Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Kerteron öz çıxışlarında təkcə forumun əhəmiyyətindən deyil, eləcə də rəsmi Bakının mədəniyyətlərarası dialoqa böyük töhfələr verdiyindən ürək açıqlığı ilə danışdılar.

Forum çərçivəsində keçirilən "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" adlı sessiya da öz məzmunu və mahiyyəti ilə dünya ictimaiyyətinin maraq dairəsində idi. Sessiyada çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva gündəlikdə olan bütün məsələlərə münasibət bildirməklə yanaşı planetin bütün mömin insanlarını narahat edən məsələdən də söz açdı: "Biz elə bir dövrdə yaşayırıq ki, hətta, insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri olduqca yaxındır. Biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün insanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - "Qurani-Kərim"i oda atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi? Hansı siyasi qüvvələrin sifarişidir bu? Belə insanlar nəyə və kimə xidmət edirlər? Ancaq biz belə bir dəhşətli halın, hadisənin dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənməsi ilə də rastlaşmadıq. Nəticədə cəzasız qəddarlıq bir az da, daha da dəhşətli qəddarlıqla nəticələndi və biz bunun da şahidi olduq... Hesab edirəm ki, zəmanəmizin ən böyük təhlükələrindən biri dinin siyasiləşdirilməsidir". Ekspertlərin fikrincə Mehriban Əliyevanın bu qənaəti müasir ictimai-siyasi proseslərin xarakterizə edilməsi baxımından dünya siyasətçilərini yetərincə düşündürməlidir."

Bakı Forumunun bizim üçün uğurlu sayılan nəticələrindən biri də tədbir iştirakçılarının ölkəmizdə gedən sosial-iqtisadi inkişafın şahidinə çevrilməsidir. Həm "Xalq qəzeti"nə, həm də respublikanın digər kütləvi informasiya vasitələrinə müsahibə verən forum iştirakçılarının hamısı tədbirin əhəmiyyətindən söz açdıqdan dərhal sonra Azərbaycanın tərəqqisini, Bakının günü-gündən gözəlləşməsini, paytaxtımızın dünyanın ən abad şəhərləri sırasında özünə yer tutduğunu dilə gətirirdilər. Bütün qonaqların fikrincə Azərbaycan bu gün sözün həqiqi mənasında hərtərəfli inkişaf edir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 14 aprel.- S. 3.