Qloballaşan
dünya və Mədəniyyətlərarası Dialoq Forumu
Bu il
aprelin 7-dən 9-dək Bakı Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna ev sahibliyi etdi. Bu beynəlxalq tədbir son illər
ölkəmizin bu sahədə həyata keçirdiyi təşəbbüslərin,
Bakımızın sülh və əməkdaşlığa
mühüm töhfəsi olan tədbirlərin məntiqi
davamı idi. Artıq dünyanın bir çox ölkələrində
Bakı Forumunun nəticələri müzakirə obyektinə
çevrilib, hər yerdə Azərbaycanın bu təşəbbüsünü
alqışlayır və onun gələcəkdə çox
müsbət nəticələr verəcəyindən əminliklə
danışırlar.
Doğrudan da, paytaxtımız üç gün ərzində mədəniyyətlərarası dialoq mərkəzinə çevrilmişdi. Forumun əhəmiyyəti və nəticələri ilə bağlı suallarımızı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev cavablandırır.
- Əlikram müəllim, bu beynəlxalq tədbir bir daha sübut etdi ki, Bakı, həqiqi mənada, belə yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməyə qadirdir. İstərdik ki, sizinlə söhbətimizə bu tədbirin Bakıda keçirilməsini zəruri edən səbəblərdən başlayaq.
- Azərbaycanda bu forumun keçirilməsi ilə bağlı bəzi məqamlara toxunmaq istərdim. Əvvəla qeyd edim ki, Azərbaycanın bu günkü inkişaf tempi, mədəniyyətimizin dünyada tanınması, mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliği, ölkəmizdə həyata keçirilən uğurlu mədəniyyət siyasəti bunun üçün əsaslı zəmin yaratmışdır. Təsəvvür edin, son vaxtlar milli-mənəvi dəyərlərimizin nümunələri olan Novruz bayramı, muğam sənəti, aşıq sənəti, xalçaçılıq sənəti YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatın qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycan mədəniyyəti, sözün əsl mənasında dünyanı fəth edir. Bu, ölkədə davamlı olaraq həyata keçirilən mədəniyyət siyasətinin mühüm nəticəsidir. Dövlət siyasətimizin ayrılmaz və olduqca vacib istiqamətlərindən olan mədəniyyət siyasəti - millətin mənəvi, iqtisadi və sosial inkişafını, onun intellektual potensialının artırılmasını, xalqın mənəvi sağlamlığının və rifahının möhkəmləndirilməsini, habelə milli və klassik mədəniyyət nümunələrinin dünyada təbliğini və birliyini təmin edən siyasətdir. Bu amillər mədəniyyət siyasətinin vacibliyini və aktuallığını sübut edir, onun perspektivliyindən xəbər verir. Bu gün bu siyasətin başlıca məqsədlərindən biri, yəni onun strateji hədəfi respublikamızı dünyaya tanıtmaqdır. Digər tərəfdən Azərbaycanın bugünkü reallığı, aparılan informasiya müharibəsi mədəniyyətin daha çox siyasi potensiallarına müraciət olunmasını aktual müstəviyə çıxarır. Və bu gün həmin müstəvidə Azərbaycanın qazandığı uğurlar göz qabağındadır. Belə bir yüksək səviyyəli tədbirin Azərbaycanın paytaxtında keçirilməsi bunun əyani sübutu deyilmi?
"Bakı
prosesi" iki ildən artıqdır ki, gedir. Onun əsası
Azərbaycanda qoyulmuşdur. Şərqlə Qərbin mədəniyyətlərinin
birləşdiyi bir geoməkanda yerləşən Azərbaycan
bu gün öz mədəniyyətində hər iki qitənin
mədəniyyətlərini ehtiva edir. Təsadüfi deyil ki,
2009-cu ildə Bakı İslam Mədəniyyətinin
Paytaxtı elan olundu. 2009-cu ildə Bakıda keçirilən
tədbirlər silsiləsi Azərbaycan mədəniyyətinin
dünyaya inteqrasiyasında mühüm mərhələ oldu.
Bu günlər isə Mədəniyyətlərarası Dialoq
Forumu Qərbin də Bakı prosesinə qoşulmasını
təmin etdi. Azərbaycan bütün xalqların və millətlərin
yaxınlaşmasına böyük önəm verir. Prezident
İlham Əliyev də forumun açılış mərasimindəki
nitqində demişdir: "Biz istəyirik ki, bütün xalqlar,
bütün dinlərin nümayəndələri bir-biri ilə
sıx təmasda olsunlar, bütün problemləri
açıq şəkildə müzakirə etsinlər,
öz fikirlərini bildirsinlər".
Bakı
Forumu bunun üçün çox geniş imkan yaratdı.
Belə ki, tədbirdə 80-dən artıq ölkə təmsil
olunurdu, 20-dən çox ölkənin mədəniyyət
nazirləri iştirak edirdi. Bu, təkcə mədəniyyətlərarası
dialoqla məhdudlaşmayan, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması üçün
çox əhəmiyyətli bir beynəlxalq forum idi.
- Forumun
gedişi, iştirakçıların tərkibi, onların
çıxışlarındakı müsbət meyillər
deməyə əsas verir ki, bu tədbir beynəlxalq proseslərə
təsir göstərmək üçün yeni imkanlar
açacaq. Bu barədə nələri demək istərdiniz?
- Mən
yenə Prezidentimizin forumdakı çıxışından
bir məqama diqqət çəkmək istərdim: "Bu tədbirlər
onu göstərir ki, güclü iradə olan yerdə mədəniyyətlərarası
dialoqun məzmunu da dolğun olur və bu görüşlər
bütün xalqları bir-birinə daha da
yaxınlaşdırır və bizi daha da birləşdirir.
Bizim niyyətimiz bundan ibarətdir". Bu tədbirlərin əsas
məqsədlərindən biri də məhz budur. Mən
AŞ PA sədri Mövlud Çavuşoğlunun da bu barədə
dediyi sözləri nəzərə çatdırmaq istərdim:
"Bu tədbir eyni zamanda, Azərbaycanın artmaqda olan siyasi
çəkisini nümayiş etdirir və hazırda
dünyada mövcud olan bir çox problemlərin həll edilməsinə
kömək edəcək".
Mənim
üçün maraqlı olan məsələlərdən
biri forumda Qarabağ probleminə yönəlmiş fikirlərin
səslənməsidir. İSESKO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycrinin forumda səsləndirdiyi bu ifadə
iştirakçılar tərəfindən çox maraqla
qarşılandı: "Biz Ermənistanı bir daha
işğala son verməyə və BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrinə riayət etməyə
çağırırıq. Ümid edirik ki, Ermənistan
hökuməti dünyanın bu
çağırışlarına əməl edəcək və
münaqişənin sülh yolu ilə həllinə yol
açılacaq".
Deyim ki,
beynəlxalq münasibətlərdə qlobal siyasi və mədəni
tendensiyaları müəyyən edən qurumların eyni
zamanda, bu məkanda vahid mövzuya həsr olunmuş tədbirdə
iştirakı, forumun siyasi çəkisini xeyli
artırmış, Azərbaycanın beynəlxalq imicini
möhkəmləndirmişdir. Bu tədbir bir daha sübut etdi
ki, Azərbaycanın xarici siyasəti regional çərçivədən
qlobal çərçivəyə qədər genişlənir.
Müasir dünyaya inteqrasiya üçün bu çox
önəmli faktordur. Azərbaycan həqiqətən dünya
mədəni prosesində əhəmiyyətli rolu ilə
öz inkişafının yeni mərhələsinə qədəm
qoyduğunu bir daha təsdiq etdi.
Mən
forumun iştirakçıları ilə sıx təmasda
olmuşam. Onların fikir və düşüncələrini
öyrənmişəm. Doğrudan da, onlar bu forumdan, Azərbaycanın
inkişafından həsədlə danışırdılar.
- Forumun
gedişində çox maraqlı, müasir dünyanı
düşündürən mövzular müzakirə obyekti
oldu. Sizcə, bu müzakirələrin gələcəkdə
davam etdirilməsinə ehtiyac varmı?
- Mən
bir mövzunu xüsusi olaraq vurğulamaq istərdim.
"Qadınlar - mədəniyyətlərarası dialoqun əsas
təmsilçiləri" mövzusunda keçirilən
sessiyada çox ciddi problemlər müzakirə olundu. Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
bu sessiyadakı çıxışı böyük maraqla
dinlənildi. Mehriban xanım dünyada gedən proseslərə,
dinin siyasiləşməsinə, qadın problemlərinə
toxunaraq onların həllinin vacibliyini vurğuladır. Mehriban
xanım bildirmişdir ki, "artıq mədəniyyətlərarası
dialoq sırf kulturoloji problem, çərçivəsindən
çıxıb, böyük siyasətin probleminə çevrilibdir.
Bu gün qloballaşan dünya artıq reallıqdır... Bu
gün hər birimiz dərk etməliyik ki, biz öz ölkəmizin
vətəndaşı olmaqla yanaşı, bəşəriyyət
adlı bir ailənin üzvüyük". Doğrudan da,
dünyada gedən sürətli qloballaşma prosesi hər
birimizi böyük və ümumi bir məkanın sakinlərinə
çevirib. Azərbaycan bu qlobal məkana özünün
ilkin töhfələrini verir. Və bu gün ilk
addımlarını atan mədəniyyətlərarası
dialoq sabah dünyanın taleyində aparıcı mövqeyə
keçə bilər və onu ədalətsizlikdən xilas edə
bilər. Bu, Azərbaycan xalqının arzusu, onun bəşəriyyət
qarşısındakı ən dəyərli təşəbbüsüdür.
Mövzular çox geniş sahələri əhatə edirdi:
"Sərhədsiz dünyaya doğru",
"Dünyanın davamlı inkişaf gündəliyində
mədəniyyətlərarası dialoqun bərqərar edilməsi",
"Mədəniyyətlərarası dialoqu mənalı etmək:
mədəniyyət, incəsənət və irs",
"Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası
əlaqələrə təsiri", "Dünya dinləri
arasında mədəniyyətlərarası dialoq".
Bütün bu mövzular ətrafında gedən müzakirələr
vahid məqsədə yönəlmişdi. Bu da ondan ibarət
idi ki, qloballaşan dünyamızın gələcəyini
xilas etməyə yönələn səylər birləşdirilsin.
- Sizcə,
forumun uğurlu nəticələrindən danışmaq
olarmı?
- Əlbəttə
olar. Deyim ki, Azərbaycan hökumətinin təşəbbüsü
ilə reallaşan hər bir beynəlxalq layihə, o cümlədən
sözügedən forum, ölkəmizin beynəlxalq qurumlarda
mövqelərinin möhkəmləndirilməsinə və
Dağlıq Qarabağla bağlı olan münaqişədə
dövlətimizin tərəfdaşlarının artmasına
xidmət edir. Bu mötəbər tədbirdə qəbul
olunmuş sənədlər və hesabatlar bilavasitə Mədəniyyətlərarası
Dialoq Forumunun gələcəkdə
davamlılığını təmin edəcək, onu daha da
inkişaf etdirməyə imkan yaradacaqdır. İnanıram
ki, ölkəmizdə bu istiqamətdə real nəticələrə
söykənən bir platforma, həmçinin bu sahədə
fəaliyyət göstərən beynəlxalq qurumlar
arasında Azərbaycan vasitəsilə qlobal şəbəkə
formalaşacaq.
Son olaraq
cənab Prezident İlham Əliyevin forumdakı
çıxışından bir məqamı diqqətə
çatdırmaq istərdim: "Nəzərə alsaq ki,
bugünkü tədbirin çox dəqiq və konkret nəticələri
olacaq, mən buna əminəm, əlbəttə ki, bu,
xalqları daha da birləşdirəcək və insanlar
arasında dostluq əlaqələrini daha da gücləndirəcəkdir".
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 14 aprel.- S. 3.