Ölkəmizin
uğurlu inkişafı xalqımızı firavan gələcəyə
aparır
Azərbaycan
Respublikasının sosial-iqtisadi tərəqqisi getdikcə
sürətlənir, həyatın bütün sahələrində
yüksək inkişaf tendesiyası davam edir. Əvvəlki
illərdə olduğu kimi, 2011-ci ilin ilk rübünü də
ölkəmiz üçün yüksək inkişaf
dövrü kimi xarakterizə etmək olar. Təkcə onu demək
kifayətdir ki, cari ilin yanvar-mart aylarında Azərbaycan
iqtisadiyyatı 1,6 faiz artmış, ölkənin qeyri-neft
sektorunda 5,6 faizlik artım qeydə alınmışdır. Bu
da dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərindən
sayılan qeyri-neft sektorunun inkişaf etdirilməsi
üçün həyata keçirilən tədbirlərin
uğurlu nəticəsi kimi dəyərləndirilməlidir.
Azərbaycanın
neft strategiyasının uğurları ilbəil artır ki, bu
da iqtisadiyyatımızın şaxələndirilməsi
üçün geniş imkanlar yaradır. Onu da qeyd etmək
lazımdır ki, son illər ölkəmizin valyuta
ehtiyatlarının artması mühüm infrastruktur layihələrinin
reallaşdırılmasını xeyli sürətləndirmişdir.
Təsadüfi deyil ki, indi Azərbaycanın, demək olar ki, hər
bir guşəsində geniş quruculuq işləri həyata
keçirilir, mühüm sosial obyektlər inşa olunur.
Bütün
bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi
ilə hazırda Azərbaycanda son dərəcə uğurlu
sosial siyasət həyata keçirilir. Təkcə onu qeyd etmək
kifayətdir ki, cari ilin birinci rübünün yekunlarına
görə, ölkəmizdə orta aylıq əməkhaqqı
340 manat səviyyəsindədir və bu heç də son hədd
deyil. Çünki dövlət başçısı əhalinin
sosial rifah halının yaxşılaşdırılması,
ümumilikdə ölkədə yoxsulluğun səviyyəsinin
minimuma endirilməsi üçün məqsədyönlü
tədbirlər həyata keçirir, mühüm proqramlar qəbul
edir. Təsadüfi deyil ki, aprelin 12-də keçirilən
Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında dövlət başçısı
İlham Əliyev demişdir: "Mən ümid edirəm ki,
bu il ərzində həm iqtisadi sahədə, həm sosial sahədə
görüləcək işlər nəticəsində, eyni
zamanda, bu il maaşların və pensiyaların gözlənilən
artımları hesabına Azərbaycanda yoxsulluq şəraitində
yaşayanların sayı yenə də aşağı
düşəcəkdir. Nəticədə, biz bir neçə
il bundan əvvəl qarşıya qoyulmuş məqsədə
çatacağıq... Ölkədə aparılan quruculuq
işləri, iqtisadi islahatlar, sosial proqramlar bu ağır
problemin həlli üçün bizə imkan verəcəkdir".
Hazırda Azərbaycanın bütün regionlarında, eləcə də paytaxt Bakıda və ətraf qəsəbələrdə həyata keçirilən mühüm quruculuq işləri ölkəmizin davamlı və tarazlı inkişafı üçün geniş imkanlar yaradır. Bütün bunlar həm də dövrümüzün ən böyük sosial problemlərindən sayılan işsizliyin aradan qaldırılması ilə müşayiət olunur. Cari ilin üç ayı ərzində regionlarda 17 min yeni iş yerinin yaradılması da bunu deməyə əsas verir. Yeri gəlmişkən, son zamanlar ölkədə tarazlı inkişafa nail olmaq üçün regionlarla yanaşı, Bakıətrafı qəsəbələrdə də geniş quruculuq işləri aparılır, bir sıra vacib infrastruktur layihələri həyata keçirilir. Prezident İlham Əliyevin bütün bu işlərlə şəxsən maraqlanması, sakinlərlə görüşləri zamanı qaldırılan məsələlərə həssas münasibəti öz bəhrəsini verməkdədir.
Mən cənab Prezidentin Nazirlər Kabinetinin məlum iclasındakı yekun nitqinin bəzi məqamlarına diqqət yetirməyi zəruri sayıram. Dövlət başçısı 2011-ci ilin birinci rübündə əldə olunmuş uğurları diqqətə çatdırmaqla yanaşı, qarşıda duran vəzifələrdən də geniş söhbət açdı. Belə ki, hazırda neftin dünya bazarında artan qiymətinin inflyasiya təhlükəsi yaratdığını vurğulayan Prezident İlham Əliyev bu məqsədlə ölkəmizdə bir sıra qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı tapşırıq verdi. Bununla yanaşı, dövlət başçısı inhisarçılıq meyillərinin aradan qaldırılmasının, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini önə çəkdi.
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, həmişə olduğu kimi, yenə də əsas prioritetlərdəndir. Ölkə Prezidenti cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə növbəti aylarda sahibkarlığın inkişafı işində əlavə tədbirlərin görüləcəyini qeyd etdi və bu məqsədlə verilən güzəştli kreditlərin daha böyük səmərə verəcəyinə əminliyini bildirdi.
Məlum olduğu kimi, hazırda ölkəmizdə ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Bu məqsədlə bir neçə il əvvəl qəbul olunmuş Dövlət Proqramı uğurla reallaşdırılır. Sirr deyil ki, adıçəkilən proqramın müvəffəqiyyətlə həyata keçirilməsi ölkədə taxılçılığın inkişafından çox asılıdır. Bu məsələyə toxunan dövlət başçısı bildirdi ki, hazırda taxılçılığın inkişafı ilə bağlı təkliflər paketi hazırlanır. Prezident İlham Əliyev dedi: "Bundan əvvəlki iclaslarda bu barədə tapşırıqlar verilmişdir ki, böyük fermer təsərrüfatları, infrastruktur yaradılsın və bu işlərə böyük torpaq sahələri cəlb edilsin, suvarma məsələləri öz həllini tapsın. Şübhə etmirəm ki, növbəti illərdə qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın inkişafı daha da sürətlə gedəcək və bizə imkan verəcək ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək".
Bununla yanaşı, dövlət başçısı Azərbaycanda 1990-cı illərdən bəri aparılan aqrar islahatların, fermerlərə göstərilən dəstəyin, vergilərin ləğvinin hazırda reallaşdırılmaqda olan ərzaq təhlükəsizliyinə dair Dövlət Proqramının uğurla icrası üçün daxili imkanlar yaratdığını bildirdi. Bu isə o deməkdir ki, Azərbaycan xalqının çörəklə imtahana çəkildiyi günlər artıq uzaq keçmişdə qalıb və ölkəmizin uğurlu inkişafı bizi daha firavan, rifahlı cəmiyyətə doğru aparır.
Musa HACIYEV,
kənd təsərrüfatı
elmləri namizədi
Xalq qəzeti.- 2011.- 14 aprel.- S. 3.