Xarici qüvvələrin
Azərbaycanın daxili işlərinə qarışması
yolverilməz və qəbuledilməzdir
Bu tendensiyanın Asiya və Afrikada
bir çox ölkələri 20-30 il geriyə atması
danılmaz faktdır
Azərbaycanın
sürətli sosial-iqtisadi inkişafı, bütün göstəricilər
üzrə regionda və dünyada öncül yerlərdə
qərar tutması, xüsusən, cəmiyyətin daha da
demokratikləşdirilməsi istiqamətində postsovet
ölkələrinin heç birində müşahidə
edilməyən addımların atılması dünyanın
müxtəlif künc-bucaqlarında baş girləyən
anti-Azərbaycan qüvvələri hədsiz dərəcədə
narahat edir.
Bu
qüvvələr öncə xaricdəki bəzi
qeyri-hökumət təşkilatlarının
hazırladığı müxtəlif hesabatlarda Ermənistanın
Azərbaycandan öndə olduğunu göstərən cədvəllər
tərtib edilməsinə nail olurdular. Halbuki, BMT, Dünya
Bankı və əksər nüfuzlu beynəlxalq təşkilatlar
Azərbaycanın inkişafının nəinki postsovet məkanının
ən geridə qalmış ölkəsi olan Ermənistan
üçün, hətta, regionun bütün ölkələri
üçün əlçatmaz olduğunu dönə-dönə
qeyd ediblər.
Qaragüruhçu
beynəlxalq şəbəkənin Azərbaycana qarşı
törətdiyi bəd əməllər silsiləsinin ikinci mərhələsi
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində aparılan
danışıqlar prosesində ikili standartlara daha
böyük rəvac verilməsinin
reallaşdırılması. Bu standartlar dünya birliyinin
gözü qabağında, utanmadan, açıq şəkildə
Ermənistana tərəfkeşlik etmək səviyyəsində
reallaşdırılır. Düşmən qüvvələrin
anti-Azərbaycan təbliğatının növbəti mərhələsi
isə artıq ölkəmizin daxili işlərinə
qarışılması kimi iyrənc bir səviyyəyə
çatdırılıb.
Söhbət
ondan gedir ki, Prezident İlham Əliyevin hərtərəfli
düşünülmüş siyasəti nəticəsində
Azərbaycan heç zaman görünməyən bir səviyyədə
inkişaf mərhələsinə çatmışdır. Ölkənin
iqtisadi imkanları, hərbi potensialı və xalqın öz
iqtidarına olan inamı Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi
Bakının işğalçı dövlətdən
qat-qat üstünlüyünü təmin edir. Bu müstəvi
Azərbaycanın dostlarını və müttəfiqlərini
sevindirsə də, bədxahlarımızın yuxusuna haram
qatır. Ona görə də Azərbaycanın geriləməsi
ilə nəticələnəcək iyrənc variantlar
düşünülür, çirkin ssenarilər
yazılır. Həmin ssenarilərin mühüm tərkib
hissələrindən biri isə ölkənin daxili işlərinə
müdaxilə edilməsi kimi qəbuledilməz bir
tendensiyadır.
Çox
təəssüf ki, dünya diplomatiya təcrübəsində
böyük uğurları, xidmətləri olmuş ölkələrin
Azərbaycandakı səfirlikləri də bu çirkin
oyunlara qatılır. Azərbaycan Avropa İttifaqına
üzv olan ölkələrin enerji təhlükəsizliyinin
təmin edilməsində məhz Avropaya sərf edən şəkildə
- əlbəttə, öz milli maraqlarının qorunması
şərtiylə iştirak edir. Avropa İttifaqına üzv
olan ölkələrin Azərbaycandakı səfirləri isə
bölgədə ara qarışdırmaq, xaos, anarxiya yaratamaq
istəyən qüvvələrin əlində oyuncağa
çevrilmiş müxalifətin ayağına gedir.
Absurddur. Əgər Azərbaycanda 1990-93-cü illərin xaos və özbaşınalığı qayıdarsa, Avropa nə qazanacaq? Əlbəttə, heç nə, əksinə itirəcək. Bəs elə isə bu məxfi görüşlər və qaragüruhçu qüvvələrin dəstəklənməsi hardan qaynaqlanır? Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın möhtəşəm inkişafının qarşısını almaq istəyindən. Əgər Azərbaycan zəifləyərsə, onda rəsmi Bakı dünyanı idarə edən qüvvələrin ikili standartlarını lənətləyən bəyanatlardan əl çəkəcək, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyimiz qətiyyət öləziyəcək, regionun bütün iqtisadi layihələrində söz sahibi olan Azərbaycan artıq indiki kimi danışa bilməyəcək və sairə. Yəni, bütün bunların bir məqsədi var - Ermənistanın dəyirmanına su tökmək. Çox təəssüf ki, saxta qafa ilə işləyən bəzi müxalifət "siyasətçiləri" gün kimi aydın olan bu məqsədi dərk etmir və ya dərk etmək istəmirlər. Çox təəssüf.
Aprelin 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında yekun nitqi söyləyən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin neft-qaz sektorunda gedən işlər barədə söz açarkən deyir: "Bu ilin birinci rübündə Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə bəyannamə imzalanmışdır. Bu bəyannamə hər iki tərəfin maraqlarını təmin edir. Bəyannamədə Azərbaycan Avropa istehlakçıları üçün təchizatçı və kömək edən kimi göstərilir. Bu bəyannamənin çox böyük mənası vardır... Hazırda müxtəlif ölkələrlə ikitərəfli danışıqlar gedir və əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr, imzalanmış sənədlər bu məsələnin həlli üçün mühüm addım olacaqdır".
Fikrimizcə, Azərbaycanın səmimi, dostcasına atdığı addımlar barədə söylənilən bu fikirlərdən sonra heç kəsdə bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın yüksək səviyyəsinə zərrə qədər olsa şəkk, şübhə qalmayacaq. Amma... Məsələ heç də belə deyil.
Avropa İttifaqının hazırladığı və aprelin 7-də ATƏT-in Daimi Şurasında səsləndirilmiş "Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair" bəyanatdan məlum olur ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda səmimi deyil. Qurumun Azərbaycandakı nümayəndəliyinin başçısı Roman Kobia aprelin 11-də Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilmiş və ona Azərbaycan hökumətinin Avropa İttifaqına etirazını bildirən sənəd təqdim olunmuşdur. Cənab Kobiaya bildirilmişdir ki, Avropa İttifaqının adı çəkilən bəyanatı qeyri-obyektiv, yanlış məlumatlar əsasında tərtib olunub, yerlərdə olan reallıqları əks etdirmir və qərəzli səciyyə daşıyır. Həmin bəyanat Azərbaycan - Avropa İttifaqı münasibətlərinin mövcud ruhuna ziddir və qəbuledilməzdir.
Çox təəssüf ki, belə bir qeyri-səmimi münasibəti Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirindən də gördük. Uzun müddət Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynayan Minsk qrupunun amerikalı həmsədri olmuş cənab Mətyu Brayza təcavüzkarın öz adıyla çağırması üçün faktiki olaraq heç bir addım atmadığını unudaraq Azərbaycanın daxili işlərinə müdaxilə edir, bizə demokratiya dərsi verir. Halbuki, onun və təmsil etdiyi ölkənin himayəsində olan Ermənistanda bütövlükdə parlament gülləbaran ediləndə ABŞ-da heç kəs demokratiyanın pozulmasından narahat olmamışdı. Bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün kimi ağır həyat sürməsi ilə barışan cənab Brayzanı hansısa bir və ya iki azərbaycanlının taleyi niyə bu qədər narahat edir? Bu məntiqin səmimiyyətinə kim inanar?
Yeri gəlmişkən, Nazirlər Kabinetinin yuxarıda qeyd etdiyimiz iclasında Prezident İlham Əliyev haqlı olaraq böyük narahatlıqla qeyd etmişdir: "Beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Necə ki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saatdan sonra icra edilməyə başlamışdır... Bu ədalətsizlikdir, bu, ikili standartlardır və bu ayrı-seçkiliyi heç bir səbəblə izah etmək mümkün deyildir". İllərdən bəri Mətyü Brayzanın gözü qabağında olan bu problem, nədənsə, cənab diplomatı narahat etmir. Amma onu Azərbaycanda kiminsə taleyi bərk qayğılandırmır. Yetər, cənablar. Hər şeyi öz adıyla çağırmağın vaxtıdır.
Liviyadan söz düşmüşkən, Azərbaycan müxalifətinin bilməli olduğu bəzi məqamları yada salaq. Erməni politoloq Aram Karapetyan sevincək halda yazır ki, Liviya nefti koalisiya qüvvələrinin əlinə keçəndən sonra Azərbaycanın ABŞ və Avropa üçün olan əhəmiyyəti azalacaq. Onun soydaşı olan Ruben Qalstyan isə Aramın çox tez sevindiyini dilə gətirir: "Liviya hələ 25-30 il özünə gələ bilməyəcək". Yəni xarici müdaxilənin istənilən ölkəni 20-30 il geriyə atması on illərdən bəri "sınaqdan çıxmış" təcrübədir. Çox təəssüf ki, Azərbaycan müxalifəti də ölkəmizin təxminən elə o qədər geriləməsini istəyir.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 14 aprel.- S. 4.