Araz Əlizadə:
"Müxalifət partiyalarının mitinqləri ilə
bağlı məsləhətləşmələr,
müzakirələr və maliyyələşmə xaricdən
idarə olunur"
Azərbaycanın
dünya miqyasında nüfuzunun getdikcə artması beynəlxalq
əlaqələrimizi daha da genişləndirib. Artıq
ölkəmiz ən nüfuzlu beynəlxalq tədbirlərin mərkəzinə
çevrilib. Bu da müstəqil dövlətimizin iqtisadi cəhətdən
qüdrətlənməsindən xəbər verir. Bu günlərdə
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
kimi möhtəşəm tədbirin Bakıda keçirilməsi
heç də təsadüfi deyildir. Azərbaycan dünyada mədəniyyətlərarası
dialoqun təbliğində mühüm rol oynayır. Bununla
yanaşı, ölkəmizin sürətli inkişafı,
insan hüquq və azadlıqlarının yüksək səviyyədə
qorunması, habelə demokratik proseslərin inkişafına
xüsusi önəm verilməsi də beynəlxalq aləmdə
yüksək qiymətləndirilir.
Azərbaycana gələn hər bir qonaq burada gördüklərinə, ölkənin sürətli inkişafına inana bilmir, ən müasir memarlıq üslubunda tikilmiş binaları, küçələri, körpüləri gördükdə heyrətini gizlətməyi bacarmır. Ölkəmizdə yaradılmış dayanıqlı sabitlik, əmin-amanlıq təkcə vətəndaşların təhlükəsiz şəraitində yaşamaları üçün deyil, həm də dövlətimizin qarşısında duran ümummilli məsələlərin həlli üçün də böyük önəm daşıyır. Məhz bunun nəticəsidir ki, Azərbaycana sərmayə qoymaq istəyən iri şirkətlərin və dövlətlərin sayı getdikcə artır. Dövlət başçımızın yorulmaz fəaliyyəti və siyasi müdrikliyi sayəsində həyata keçirilən konkret layihələr Azərbaycanın dinamik inkişafını təmin edir, bölgəyə sülh və təhlükəsizlik gətirir, burada gedən bütün proseslərə müsbət təsir göstərir. Son yeddi ildə ümumi daxili məhsul istehsalı 3 dəfə, əmək haqları və pensiyalar 5-6 dəfə artmış, ölkəmizə 82 milyard dollar həcmində sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri açılmışdır. Azərbaycanda Prezidentlə xalq arasında qırılmaz vəhdət var. "Rəy" Monitorinq Mərkəzinin bu günlərdə apardığı, sorğunun nəticəsi də bunu bir daha təsdiqləyir. İctimai rəy sorğusuna əsasən, əhalinin 83 faizi Prezident İlham Əliyevi dəstəkləyir və öz səsini ona verməyə hazırdır.
Təbii ki, bütün bunlar daxili və xarici düşmənlərimizin kürkünə birə salmaya bilməzdi. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələr, qazanılan uğurlardan qısqanclıq hissi keçirən hakimiyyət hərisləri öz çirkin məqsədlərini həyata keçirmək üçün məqam axtarırlarmış kimi, müxtəlif ölkələrdə baş verən inqilablardan, dağıntılardan ruhlanaraq qanunsuz aksiyalar təşkil etməyə cəhd göstərirlər. Xarici himayədarlarının pulları hesabına hər cür antimilli hərəkətlər törətməyə hazır olan radikal müxalifət qeyri-konstitusion yoldan əl çəkə bilmirlər. Onlara mitinq keçirmək üçün müvafiq yerlər təklif olunsa da, bundan imtina edərək qarşıdurma yaratmağa cəhd göstərirlər. Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq hüququna və ifadə azadlığına həmişə hörmətlə yanaşılıb. Bu hüquqların demokratik prinsiplərə uyğun təmin edilməsi üçün zəruri şərait yaradılıb. Kimlərinsə təhriki ilə Azərbaycanda qarışıqlıq, qarşıdurma yaradılması, şəhər həyatının iflic vəziyyətinə salınması yolverilməzdir.
Xarici düşmənlərimizin sifarişlərini yerinə yetirən, ictimai-siyasi sabitliyin pozulmasına can atan İctimai Palata adlı qeyri-formal qurumun bu istiqamətdəki canfəşanlığı ictimaiyyət, həmçinin konstruktiv müxalifət nümayəndələri tərəfindən də kəskin tənqid olunur. Artıq hamıya bəllidir ki, İctimai Palata adlı qeyri-formal qurumda birləşən siyasi partiyalar ölkəmizdəki inkişafı gözü götürməyən xarici düşmənlərimiz tərəfindən idarə olunur. Aprelin 2-də radikal müxalifət nümayəndələrinin qanunazidd, əməlləri də bunu təsdiqləyir. Görünür, radikal müxalifətin həmin gün törətdiyi vandal aktları xarici ağalarının maraqlarını tam təmin etməyib. Ona görə də əllərində alət kimi saxladıqları İctimai Palata adlı qeyri-formal qurumu növbəti iğtişaşlar törətməyə təhrik edirlər.
Radikal müxalifətin xarici düşmənlərimizin əlində alətə çevrilməsi və öz xalqına, millətinə qarşı çıxmaları, gəncləri təxribatlara, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmaya cəlb etmələri bir sıra müxalifət nümayəndələrinin və siyasi partiya funksionerlərinin hiddətinə səbəb olub.
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində İctimai Palatanın həyata keçirmək istədiyi mitinqin xaricdən təşkil olunduğunu bildirib. O deyib ki, Azərbaycanın müxalifət düşərgəsinin, xüsusilə də İctimai Palata adlanan təşkilatın mitinq keçirmək cəhdlərinin heç bir mənası və effekti yoxdur. Həmin təşkilatlar və mitinqə çağırışlar edən siyasətçilər birdəfəlik anlamalıdır ki, xalq onları dəstəkləmir.
A.Əlizadə hesab edir ki, İctimai Palatanın həm aprelin 2-də keçirdiyi qeyri-qanuni aksiyaları, həm də nə zamansa keçirəcəkləri bütün mitinqlər mənasızdır: O deyib: "Bu mitinqlər xalqa heç nə verməyib və verməyəcək də. Üstəlik, həmin aksiyalar xaricdən təşkil olunur. Xaricdən təhrik olunan nə varsa, həmişə nəticəsiz qalır. Ərəb ölkələrində kənardan idarə olunan aksiyaların nəticələrini görən bəzi siyasətçilərimiz indi həmin "təcrübə"dən yararlanmaq istəyirlər".
Onun sözlərinə görə, müxalifət partiyalarının mitinqləri ilə bağlı məsləhətləşmələr, müzakirələr və maliyyələşmə məsələləri xaricdən idarə olunur. A.Əlizadə bildirib ki, Azərbaycan xalqı belələrinə dəstək vermir. Onlar xalqı arxalarınca apara bilməzlər. Bu adamlar meydan hərəkatında qabağa düşənlər, 20 Yanvar qırğınına baiskarlar, 1990-cı ildə dövlət çevrilişi ilə hakimiyyətə gələnlər, 1993-cü ildə xalqı vətəndaş müharibəsi qarşısında qoyanlar və ən nəhayət, 2003-cü ildə Bakının mərkəzində xaos, iğtişaşlar yaratmağa çalışan şəxslərdir. Xalq da bu adamlara baxıb, onların heç nəyə nail olmadıqlarını və tnsanları bədbəxt etməyə çalışdıqlarını görüb.
A.Əlizadənin dediyinə görə, xarici təşkilatlar müxalifət düşərgəsindəki bəzi qüvvələri maliyyələşdirir. Onun fikrincə, bu maliyyələşmə rəsmi deyil və "qara pullar" adlanır. ASDP həmsədri həmçinin deyib: "Prosesdə iştirak etməsəm də, təxminlərim var. Xalqdan danışan müxalifət "lider"lərinin sosial vəziyyətinin ağır olanını görməmişəm və görmürəm".
Təbii ki, kimlərsə xaricdən maliyyələşdirilərək aksiya keçirirsə, deməli, həmin qüvvələr ölkəmizin və xalqımızın yox, onları maliyyələşdirənlərin maraqlarına xidmət edir. Özlərini demokrat hesab edən, guya xalqa canları yandıqlarını sübut etməyə çalışan, əslində isə xarici düşmənlərimizin çirkli pulları hesabına ölkədə qarşıdurma yaratmaq və bu yolla hakimiyyəti ələ keçirmək istəyən İctimai Palata adlı qeyri-formal qurumda yığışan radikal müxalifət nümayəndələrinin antimilli mövqeyi artıq hamıya bəlli oldu. Xalq onların öz çirkin niyyətlərini həyata keçirməsinə heç vaxt yol verməyəcək.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 14 aprel.- S. 4.