Sabunçu rayonu qəsəbələrinin sakinləri Prezidentin qayğısından razılıqla danışırlar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Ədiyev bu yaxınlarda Bakı şəhəri qəsəbələrinin sosial iqtisadi inkişafı ilə bağlı müşavirə keçirmişdir. Müşavirədə yaxın vaxtlarda bu problemin həllilə bağlı Dövlət Proqramı qəbul ediləcəyi və proqramın 2011-2013-cü illəri əhatə edəcəyi bildirilmişdi. Müşavirədən dərhal sonra Bakı şəhər qəsəbələrində abadlıq işlərinə başlanmışdır.

 

Aprelin 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı çıxışında Prezident İlham Əliyev demişdir: "Artıq qəsəbələrdə işlər başlanmışdır. Mən indi qəsəbələrdə tez-tez oluram, əvvəlki dövrlərdə də olmuşam. Vəziyyətlə tanış oluram və insanlardan birbaşa soruşuram ki, hansı məsələlər onları daha çox narahat edir. Deyə bilərəm ki, qəsəbələrdə son illərdə böyük işlər görülmüşdür".

Bu günlər Sabunçu rayonunun qəsəbələrində də yeni quruculuq işlərinə start verilmişdir. Bu qəsəbələrdə yollar çəkilir, kommunikasiya sistemləri yeniləşir və s. Ölkə Prezidenti Sabunçu rayonunun Zabrat qəsəbəsində olmuş, sakinlərlə görüşüb onların arzu və təkliflərini öyrənmişdir. Buradakı görüşündə Prezident bildirmişdir: "İçməli su ilə bağlı keçmişdən yığılmış borclar vardır. Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər vardır. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək". Prezident verdiyi vədə əməl edərək aprel ayının 8-də "Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə üzrə yaranmış borclarının silinməsi haqqında" sərəncam imzaladı. Sərəncamda deyilirdi ki, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il fevral tarixinə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinsin".

Hörmətli Prezidentimizin bu sərəncamı ölkə əhalisi, o cümlədən Sabunçu rayonu sakinləri tərəfindən böyük məmnunluqla qarşılanıb. Bunu rayon sakinləri ilə görüşlərimiz zamanı onların dedikləri də bir daha təsdiq edir.

Məlumat üçün bildirək ki, Sabunçu rayonunun içməli sudan yaranmış borclarının məbləği 16 milyon manata qədərdir. Rayonun qəsəbələri üzrə bu məbləğ - Bakıxanov qəsəbəsi üzrə 4,7 milyon manat, Sabunçu qəsəbəsi üzrə 2,6 milyon manat, Pirşağı qəsəbəsi üzrə 1 milyon manat, Zabrat qəsəbəsi üzrə 2 milyon manat, Ramana qəsəbəsi üzrə 1,7 milyon manat, Kürdəxanı qəsəbəsi üzrə 850 min manat, Maştağa qəsəbəsi üzrə 1,1 milyon manat, Balaxanı qəsəbəsi üzrə 915 min manat təşkil edir. Bunların böyük bir qismi məhz sakinlərin borclarıdır və onların silinməsi bu insanların rifah halına müsbət təsir edəcək. Sakinlər ölkə Prezidentinə bu problemin həllində onlara yardımçı olduğuna görə böyük minnətdarlıq edirlər.

Zabrat qəsəbəsinin Nərimanov küçəsinin sakini Seymur Xəlilov bildirdi ki, onun içməli suya borcu 197 manat təşkil edirdi. Bu onun ailə büdcəsi üçün böyük məbləğdir. Prezident bu borcları silməkdə təkcə onu deyil, qəsəbənin bir çox sakinini bu problemdən xilas edib. Onun sözlərinə görə Prezident Zabrat qəsəbəsində olarkən sakinlərə bu məsələni həll edəcəyini bildirmişdi və az vaxt ərzində onu həll etdi, xüsusi sərəncam imzaladı. Seymur Xəlilov onu da bildirdi ki, Prezidentin müşavirədə Bakı şəhər qəsəbələrinin inkişafı ilə bağlı söylədikləri artıq Zabrat qəsəbəsində reallaşmağa başlamışdır. Qəsəbədə yollar çəkilir, kanalizasiya qovşaqları yeniləşir, küçələrin işıqlandırılması həyata keçirilir. O, Zabrat qəsəbəsinin bütün sakinlərinin Prezidentimizin siyasətini dəstəklədiklərini bildirdi və Azərbaycanın gələcək inkişafı naminə dövlət başçısına uğurlar arzuladı.

Maştağa sakini, rayon ağsaqqallar şurasının sədri Məmmədağa Əliyev də Prezidentin yeni sərəncamından razılıqla danışdı. Onun sözlərinə görə rayonun bütün ağsaqqalları bu sərəncamını yüksək razılıq hissi ilə qarşılamışlar. O, son vaxtlar Prezidentin Sabunçu rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi qayğı nəticəsində qəsəbələrin tamamilə yeniləşdiyini, əhalinin sosial durumunun yaxşılaşdığını bildirdi.

Sabunçu qəsəbəsinin sakini İrina Sadıxova bizimlə söhbətinə son illər aparılan quruculuq işlərindən başladı. O, bildirdi ki, bu qəsəbədə uzun illər problemlər yığılıb qalmışdı. Prezidentin Bakı şəhər qəsəbələrinin inkişafı ilə bağlı müşavirədəki çıxışından sonra artıq yollar çəkilir, yeni kommunikasiya xəttləri yaradılır, küçələrin işıqlandırılmasına xüsusi diqqət yetirilir. Yəqin ki, bu məsələ ilə bağlı Dövlət Proqramı qəbul olunduqdan sonra bütün problemlər öz yoluna qoyulacaq.

İrina Sadıxova içməli su borclarının silinməsinə də münasibət bildirdi. O dedi ki, bu çox humanist bir addımdır. Sağ olsun Prezidentimiz, son vaxtlar əhalinin güzəranını yaxşılaşdırmaq üçün ciddi tədbirlər həyata keçirir. İçməli su borclarının silinməsi, qəsəbənin əksər sakinlərini ürəkdən sevindirmişdir. Elə bizim ailənin su ilə bağlı borcu 300 manata çatmışdı. Açığını deyim ki, onu ödəməkdə çətinlik çəkirdik. Bax indi, artıq bu problemi Prezidentimiz həll etdi. Biz bu qayğını yüksək qiymətləndirir, Azərbaycanın tərəqqisindən qürur duyuruq.

Bakıxanov qəsəbə sakinləri də içməli su borclarının silinməsi ilə bağlı sərəncamdan böyük məmnunluq duyduqlarını bildirdilər. İbrahim İmamhüseynov qəsəbə sakinlərinin minnətdarlığının qəzet vasitəsilə Prezidentə çatdırmağımızı xahiş etdi. O, dedi ki, mənim 280 manat borcum var idi. Qəsəbədə belələri çoxdur. İmkansız, yoxsul adamlar üçün bu çox ciddi problemdir. İndi artıq bu borclar yoxdur. Biz həmin məbləği ailəmizin digər xərclərinə yönəldəcəyik. Doğrudan da, son illər ölkəmizdə insanların sosial vəziyyətinin yaxşılaşmasına dövlətimiz, sevimli Prezidentimiz xüsusi diqqət və qayğı göstərir.

Balaxanı qəsəbə sakinləri Fətəli Əliyev 236 manat, Əli Cəbiyev 180 manat su pulu borcundan azad olduqlarını bildirdilər. Onlarla söhbətimizdə aparılan quruculuq işlərindən danışdılar. Bildirdilər ki, Bu qəsəbə əvvəllər həm zibillik, həm neftlə çirklənmiş sahələrlə əhatə olunmuşdu, indi isə burada yeni ab-hava yaranmaqdadır. Yeni yollar çəkilir, müasir tipli evlər tikilir, yeni müəssisələr açılır. Bu da əhaldinin işlə təmin olunmasına şərait yaradır. Sakinlər Prezidentimizin apardığı siyasətdən razılıqlarını bildirdilər, ölkəmizin tərəqqisi yolunda dövlət başçısına yeni uğurlar arzuladılar.

Doğrudan da, rayonun qəsəbələrini gəzdikcə, onlarda həyata keçirilən yenidənqurma, abadlıq işləri ilə tanış olduqca, hiss edirsən ki, Azərbaycanımız yeniləşir, hər yerdə həyat qaynayır. Ən əsası isə budur ki, bu qəsəbələrin sakinlərinin rifah halı, sosial vəziyyəti ildən-ilə yaxşılaşır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 14 aprel.- S. 5.