Şəmkir:
Neqativ hala qarşı mübarizə varsa, inkişaf da var
"Biz
struktur islahatlarından, institusional metodlardan korrupsiyaya,
rüşvətxorluğa qarşı mübarizəni
gücləndirmək üçün istifadə etməliyik.
Ancaq əlbəttə ki, təkcə struktur islahatları aparmaqla
biz istədiyimiz nəticəyə nail ola bilməyəcəyik.
Ona görə bütün dövlət qurumları,
bütün dövlət şirkətləri, yerli icra
orqanları bilməlidir ki, hər bir məmur öz işində
elə işləməlidir ki, həmişə
üzüağ olsun, alnıaçıq olsun"
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Şəmkirin inkişafı,
abadlıq, quruculuq işləri haqqında qəzetimizdə
vaxtaşırı yazılar dərc etmişik. Əhalisinin
sayı 200 min nəfərə çatan bu rayon sözün əsl
mənasında özünün tərəqqi
dövrünü yaşayır. İlin istənilən fəslində,
günün istənilən vaxtında Şəmkirə
yolunu salsan bu inkişafı addım-addım, saatbasaat izləmək
mümkündür. Çünki hara baxırsan iş gedir.
Maraqlı, həm də fərəhləndirici faktdır ki,
şəmkirlilər özləri bu işlərdən
böyük həzz alırlar, sevinirlər, qonaq-qaraya
danışırlar, göstərirlər. Təsadüfi
deyildir ki, Şəmkirin on beş-iyirmi il qabaq bir-birinin
ardınca boşalan kəndlərinin əhalisi artmağa
başlayıb. Artıq bu yerləri tərk edən demək
olar ki, yoxdur. Təkcə keçən il rayona 418 nəfər
gəldiyi halda, cəmi 11 nəfər üzürlü səbəbə
görə qeydiyyatdan çıxmışdır. Diqqətçəkən,
həm də fərəhləndirici faktdır.
Elə
sahə yoxdur ki, sürətlə inkişaf etməsin. Nəzərdə
tutulubsa, plana salınıbsa mütləq həyata keçməlidir,
ləngidilməməlidir! İşə məhz bu cür
yanaşma vəziyyəti tədricən nizama salıb. Məsələn,
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı"
Dövlət Proqramında Şəmkir rayonu üzrə nəzərdə
tutulmuş 17 tədbirdən artıq 15-nin icrasına
başlanılmışdır. Rayonda 295 milyon 36 min
manatlıq, yəni ötən ildəkinə nisbətən
8,1 faiz çox ümumi məhsul buraxılmış,
adambaşına düşən ümumi məhsul 7 faiz artaraq
1515 manat təşkil etmişdir. Təkcə son iki ildə
4296 iş yeri açılmışdır ki, onların da
yarıdan çoxu daimi iş yerləridir. Bir-birindən
gözəl, milli ornamentli yaşayış və inzibati
binalar, park və xiyabanlar, rahat, hamar yollar, idman
meydançaları bu gün Şəmkiri tanınmaz dərəcədə
dəyişdirib. Əhalinin qaz, işıq, su problemləri,
digər sosial məsələlər çox uğurla həll
olunub və bu işlər davam etdirilir. Hazırda şəhər,
4 qəsəbə və 43 kəndin əhalisi, eləcə də
107 müəssisə və təşkilat təbii qazdan
istifadə edir.
Hazırda Şəmkir çayı üzərində su anbarının və kiçik su elektrik stansiyasının tikintisi davam edir. Su anbarında olan 3 tuneldən 2-də tikinti işləri başa çatdırılmış və uzunluğu 845 metr olan nəqledici tunelə su verilmiş, ön bəndin tikintisinə başlanılmışdır. Şəmkir çayı üzərində tikilən bu dəryaçanın ümumi su tutumu 160 milyon kubmetr, uzunluğu 6,1 kilometr, bəndin hündürlüyü 155 metr təşkil edəcəkdir. Dəryaçanın tikintisi başa çatdıqdan sonra 75 min hektar torpaq sahəsini suvarmaq, o cümlədən Şəmkir və Gəncə şəhərlərinin içməli su ilə təmin olunmasına imkan yaranacaqdır.
Rayonda kənd təsərrüfatı sahəsi durmadan inkişaf edir. Hər il artım var, özü də nəzərəçarpacaq dərəcədə "Rayon statistika idarəsindən aldığımız məlumata görə, bu ilin martın 1-dək 14 min 220 hektar sahədə payızlıq taxıl sahəsi var ki, bu da keçən ilin müvafiq dövründəkindən təxminən 170 hektar çoxdur, keçən il bu vaxt 225 hektar yazlıq bitki əkilmişdisə, bu il həmin rəqəm 300 hektarı keçib. Yaxud, 125 hektar əvəzinə 164 hektar kartof, 100 hektar əvəzinə 135 hektar tərəvəz əkilib. Ət, süd istehsalı qat-qat artıb...
Oxucunu rəqəmlərlə yormaq istəməzdim. Həm də bir yazıda Şəmkirdə görülən işlərin yalnız çox cüzi hissəsindən danışmaq mümkündür. Digər tərəfdən mövzumuz da bu, deyil.
"Gərək
adamların gözünün içinə dik baxmağa
haqqın olsun"
Rayon icra hakimiyyətinin başçısı Nazim Veysovun bu sözlərini yarımsərlövhəyə təsadüfən çıxarmamışam. Bu, təkcə dövlət qulluğunda uzun illər çalışan bir məmurun sözü deyil. Bu, həm də başçının tabeliyində olan digər struktur rəhbərlərinə bir növ mesajdır. Bəlkə də tapşırığıdır, tövsiyəsidir, məsləhətidir, bilmirəm, hər halda söhbətin nədən getdiyini yəqin ki, hər kəs anlayır.
Nazim Veysovu otuz ildən çoxdur ki, tanıyıram. Keçmiş Xanlar (indiki Göygöl), Gədəbəy rayonlarında rəhbər təsərrüfat, sovet, icra strukturlarında çalışıb. Ən başlıca keyfiyyəti sadəliyi, adamlarla vəzifəsindən, mövqeyindən asılı olmayaraq tez ünsiyyət qura bilməsidir.
- Korrupsiya və rüşvətxorluq olan yerdə səmimiyyət də yoxdur, - deyə N.Veysov söhbətimizin mövzusuna sanki yeni bir fikir də qatır, - natəmiz, rüşvətxor adamın, xüsusilə rəhbər işçinin sadə adamlarla davranışında olan səmimiyyət, isti münasibət istər-istəməz yoxa çıxır, aradan götürülür. Rəhbərin hər hansı bir sözü də, tövsiyəsi, məsləhəti də sanki qayaya çırpılıb geri qayıdır, əks reaksiya yaradır, ikrah hissi oyadır...
Şəmkirin adamları torpağa bağlı adamlardır, zəhmətsevərdirlər, tənbəl deyillər. Onlara şərait yaradan, köməklik göstərən adama hörmət-izzətlə yanaşırlar. Ulu öndər Heydər Əliyevin vaxtilə Şəmkirə göstərdiyi diqqət, qayğı bu gün də dərin ehtiramla xatırlanır. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəmkirin inkişafı, tərəqqisi üçün etdiyi köməklik şəmkirliləri hədsiz ruhlandırıb, onları dövlətçilik ətrafında daha sıx birləşməyə səfərbər edib. Yəqin fikir vermisiniz, hara baxırsan bir-birindən gözəl, yaraşıqlı yeni yaşayış binaları tikilir. Adamlar yaxşı yaşamağa başlayıblar. Çünki zəhmətkeşdirlər, qoçaqdırlar...
Nazim müəllim bunları danışdıqca hiss edirsən ki, ən xırda işə belə uşaq kimi sevinir. Deyir təkcə indi 4 min hektara yaxın şitillik var, hamısı da həyətdə-bacada. Torpağı heç kim boş qoymaq istəmir...
İş adamlarına çoxdan
"yaşıl işıq" yandırılıb. Bacarığı olan adam ac qalmır.
Nazim
Veysov rəhbərlik etdiyi aparatda ciddi nizam-intizama nail ola bilib. Bir fakt da
maraqlıdır ki, son vaxtlar aparat işinə gətirilənlərin
demək olar ki, hamısını gənclər təşkil
edir. Digər idarə və müəssisə
rəhbərlərinin də əksəriyyəti gənc
mütəxəssislərdir. Əhalinin
sosial müdafiə mərkəzinin direktoru Qoşun Heydərov
da belə gənclərdəndir. Cəmi 8
aydır ki, bu vəzifədə çalışır.
İmkansız elə adından bəllidir...
- İmkanı olan bizə müraciət edərmi? Əlbəttə,
yox - deyə Q.Heydərov sualına özü cavab verir. Deyir ki, imkansız elə adından bəllidir.
Elə yerlərdə əhalinin sosial müdafiəsi
mərkəzləri də bu məqsədlə
yaradılıb və əsas işimiz imkansız, aztəminatlı,
tənha, ahıl adamlara, əlillərə, pensiya
yaşlı vətəndaşlara xidmət göstərməkdən
ibarətdir.
-
Rüşvətxorluq və korrupsiya deyimləri bizim
işimizlə bir araya sığmır və bəzən də
açıq deyim, adamda ikrah hissi oyadır. Əgər
desəm ki, işimizdə nöqsanlar yoxdur, neqativ hallarla bir dəfə
də olsun rastlaşmamışıq, bu, Sizə qeyri-səmimi
görünər. Amma mübarizə həmişə
aparmışıq və bu gün ikiqat mübarizə
aparırıq, məsuliyyət hissi keçiririk.
Çalışırıq ki, ən mütərəqqi
iş metodlarını tətbiq edək, xoşagəlməz
hallara şərait yaranmasın. Artıq xeyli
vaxtdır bütün ödənişlər plastik kartlar
vasitəsilə həyata keçirilir. Üç mindən
artıq ünvanlı sosial yardım alan
ailə var. Onların hər birinə xüsusi diqqət və
qayğı ilə yanaşılır. İzahat-təbliğat
işlərini xeyli gücləndirmişik. Doğrudur, son vaxtlar müraciətlərin sayı ən
azı 2 dəfə artıb. Amma bu, bizi qətiyyən
narahat etmir. Qanun, təlimat çərçivəsində
ehtiyacı olan hər bir ailə müavinət alacaqdır.
Təbii ki, bəzən əsassız müraciətlər
də olur. Hətta "qaynar xətt"ə
bir başqasının cib telefonunu gizlicə
götürüb zəng edən də tapılıb. Belə hallar olacaq və buna görə biz narahat
olmuruq. Əsas məqsədimiz odur ki, əhalinin
bu qrup təbəqəsi bizdən narazı qalmasın.
Hazırda
mərkəz üzrə 3586 nəfər sosial müavinət
alan, o cümlədən 1060 nəfər Qarabağ müharibəsi
veteranı və pensiya almayan şəhid ailəsi, 337 nəfər
Prezident təqaüdçüsü, 214 şəhid ailəsi,
21 nəfər əmək zədəsinə görə
müavinət alan var. Sosial müavinət alanlardan 291 nəfər
yaşa görə, 561 nəfəri ailə
başçısını itirməyə görə və
2734 nəfəri isə müxtəlif kateqoriyadan olan əlilliyə
görə müavinət alanlardır. Ötən il xidmət
olunan kontingentə 3 milyon 103 min manat vəsait
ayrılmış və mərkəz tərəfindən həmin
vəsait Kapital Bankın, Beynəlxalq Bankın və
poçtamtın hesabına göçürülərək
həmin müəssisələr tərəfindən ödənilmişdir.
Bundan əlavə keçən il mərkəzə müraciət
edən 28 nəfər şəhid ailəsinin 40 nəfər
azyaşlı uşağına, 64 nəfər
Çernobıl əlilinin 100 uşağına, 137 nəfər
müharibə əlilinin 324 uşağına 56,9 min
manatlıq müavinət ödənilmişdir. Uşaq
doğumu ilə əlaqədar 2787 nəfər uşaq
üçün 190,5 min manat birdəfəlik müavinət,
117 nəfər Çernobıl əlili ailəsinə isə
müalicə ilə əlaqədar 17 min 550 manat birdəfəlik
kompensasiya ödənilmişdir. Mərkəzin sosial-məişət
xidməti sektoru tərəfindən 155 nəfər tənha
ahıl vətəndaşa və əlilə xidmət
göstərilmişdir ki, bunlardan da 138 nəfərini 70
yaşdan yuxarı olanlar, 17 nəfərini isə 70 yaşdan
aşağı olanlar təşkil edir.
Biz mərkəzdə olarkən ən müxtəlif
kateqoriyalardan olan vətəndaşlarla
görüşdük. Adamlar birmənalı şəkildə
rayon rəhbərliyinin, Mərkəzin işindən
razılıqlarını bildirdilər. Öyrəndik
ki, elə bayram yoxdur sosial müdafiəyə ehtiyacı
olanlar yaddan çıxsın, diqqət göstərilməsin.
Keçən il 1 nəfər Vətən müharibəsi əlilinə,
4 nəfər Qarabağ müharibəsi əlilinə pulsuz
"Tavriya" markalı minik maşını verilib,
üç nəfər ikinci qrup Qarabağ müharibəsi əlili
üçün fərdi yaşayış evi tikilib istifadəyə
verilib.
"Müəllimə bir ədəd
qızıl gül kifayətdir"
Bir faktı qeyd etmək lazımdır ki, Məcid
Şıxlinski rayon təhsil şöbəsinə rəhbərlik
etdiyi vaxtdan Şəmkir təhsilində əməlli-başlı
canlanma hiss olunur. Doğrudur, şöbə müdiri təvazökarlıq
edərək özü haqqında bir söz demir, daha
çox rayon icra hakimiyyətinin, Təhsil Nazirliyinin, digər
xeyirxah insanların, iş adamlarının Şəmkir təhsilinə
göstərdiyi köməkdən danışır və
bildirir ki, bu köməklik, diqqət, qayğı
olmasaydı, indi hamının yanında, xüsusilə
şagirdlərin və onların valideynlərinin yanında xəcalətli
olardıq.
M.Şıxlinski ilə bu dəfəki
görüşümüz də onun yorğun vaxtına
düşdü. Hansısa məktəbdə keçirdiyi
səyyar şura iclasından gəlmişdi. Dərdini
bizə söylədi:
- Söhbətimiz
çox ciddi oldu. İşləmək istəməyən,
göstəriciləri ilbəil pisləşən məktəb
direktoru və ya onun müavini, sıravi müəllimi bizə
lazım deyil. Bəzi məktəb direktorlarımız
var ki, hələ də necə deyərlər, köhnə
"!baqajla" baş girləyirlər. Məsələni
konkret qoyduq: ya islahatlara getməli, yeniliklə yaşamalı,
neqativ hallara qarşı kəskin mübarizə aparmalı,
ya da çıxıb getməlidirlər. Qeyd edək
ki, M.Şıxlinski özü bir sıra məktəblərdə
test sualları hazırlayıb müəllimləri
yoxladıqdan sonra bu qənaətə gəlib.
Hazırda
Şəmkirdə 68 orta, 11 əsas və 1 ibtidai məktəb,
53 məktəbəqədər və 6 məktəbdənkənar
təhsil müəssisəsi fəaliyyət göstərir. Rayonda 31 min nəfərdən çox şagirdin təlim-tərbiyəsi
ilə 4112 nəfər müəllim məşğul olur.
Keçən il şagirdlərin 86,6 faizi
bütün fənlərdən yüksək qiymət alaraq təhsil
haqqında attestata layiq görülmüşdür. Əgər
beş il qabaq rayonun ümumtəhsil məktəblərini
bitirən gənclərdən 224 nəfəri ali məktəbə
daxil olmuşdusa, keçən il ali məktəbə sənəd
vermiş 1046 nəfərdən 401 nəfəri tələbə
adını qazana bilmişdir. Tələbələrin bilik səviyyəsi
də yüksəlmiş, 11 nəfər 600-dən çox,
28 nəfər isə 500-dən çox bal
toplamışdır.
Şəmkirdə rayon rəhbərliyi tərəfindən
təhsildə fərqlənənlərə daim diqqət
göstərilir. Tez-tez görüşlər
keçirilir, qaliblər mükafatlandırılır.
Keçən il Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə M.Füzuli adına Şəmkir şəhər orta məktəbi
"Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi kimi 10 min manat pul mükafatı, həmin
məktəbin ibtidai sinif müəllimi Sevinc Əmrahova "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi kimi 5
min manat pul mükafatına layiq görülmüşdür.
Ölkə Prezidentinin sərəncamı ilə Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Şəmkir
Rayon Komitəsinin sədri Məzahir Hüseynli "Əməkdar
mədəniyyət işçisi" fəxri adını
almışdır.
Məktəblərin maddi-texniki bazası əsaslı
şəkildə möhkəmləndirilmişdir. Son 5 ildə
rayonun 58 məktəbində əsaslı tikinti və təmir-bərpa
işləri aparılmış, 25 yeni məktəb binası
tikilmişdir.
Rayonun Təzəkənd
kəndində S.Vurğun adına orta məktəbi
üçün 960 şagird yerlik, Dəllər qəsəbəsində
880 şagird yerlik, Zəyəm-Cırdaxan kəndində 1200
şagird yerlik yeni məktəb binaları tikilmişdir.
Qeyd etməliyik ki, Heydər Əliyev Fondunun vəsaiti
hesabına Qərb bölgəsində ilk dəfə olaraq Dəllər
qəsəbəsində tikilmiş yeni məktəb
binasında Bakı-Oksford məktəbinin Şəmkir
filialı yaradılmışdır. Həmin məktəbin
təşkili Şəmkirdə təhsilin inkişafına
yeni təkan vermişdir. Hazırda məktəbdə
52 nəfər şagird təhsil alır. Burada
tədris üçün hər cür şərait
yaradılmışdır.
Rayonun ümumtəhsil məktəblərinin pedaqoji
kadrlara olan tələbatının ödənilməsi və
onlara qarşı tələbkarlığın gücləndirilməsi
sahəsində də məqsədyönlü tədbirlər
görülmüşdür. 33 nəfər gənc
müəllim məktəblərə göndərilmişdir.
Son beş ildə 147 nəfər gənc
pedaqoji kadr ümumtəhsil məktəblərində işlə
təmin olunmuşdur.
Məktəblərin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
proqramına uyğun olaraq indiyədək rayon məktəblərinə
770 dəst kompyuter, 15 ədəd noutbuk, 6 ədəd çap
qurğusu verilmişdir.
Hazırda 9 şəhər və 8 kənd məktəbi
internet şəbəkəsinə qoşulmuşdur.
Məcid Şıxlinski neqativ hallara qarşı
mübarizə tədbirlərindən danışarkən qeyd
etdi ki, bu işləri inzibati metodlarla aparmaq mümkün
deyil. Burada daha çox mənəvi-psixoloji faktorlar, fərdi
söhbətlər və təbii ki, müəllim-valideyn-şagird
münasibətlərində işin düzgün
qurulmasıdır. İndi Şəmkir məktəblərində
şagirdlərdən pul yığılması, müəllimlərə
hədiyyələr verilməsi kimi faktlara rast gəlmək
mümkün deyil.
- Ən yaxşı halda müəllimə bir ədəd
qızıl gül kifayətdir, - deyə M.Şıxlinski
gülümsədi.
"Mədəniyyətimizi qorusaq, mənəviyyatımızı
qorumuş oluruq"
Bu sözlər isə rayon mədəniyyət və
turizm şöbəsinin müdiri Qüdrət Əliyevə
məxsusdur. Qüdrət Əliyev də yuxarıda qeyd etdiyimiz gənc
kadrlardandır. Bu vəzifəyə gəlməmişdən
əvvəl rayon icra hakimiyyətində işləyib. Şöbəyə rəhbərlik etdiyi vaxtdan vəziyyət
əməlli-başlı dəyişib. Xüsusilə
ən müasir avadanlıqlar, kompyuter dəstləri, geniş
təmir-tikinti işləri Şəmkirin mədəniyyət
sahəsini qabaqcıllar sırasına çıxarıb.
Rayonun mədəniyyət
və turizm sistemində bir mərkəzləşdirilmiş
kitabxana və 96 filial, 1 yeddi illik uşaq musiqi məktəbi,
20 mədəniyyət evi və 29 klub, 3 muzey fəaliyyət
göstərmişdir. Mədəniyyət sahəsində
69 nəfər işçi çalışır.
Mədəniyyət
müəssisələrinin maddi-texniki bazasının
yaxşılaşdırılması üçün
keçən il də çox iş
görülüb. Heydər Əliyev muzeyində
və musiqi məktəbində cari təmir işləri
aparılıb. Mədəniyyət evlərinə
və klublarına 14126 manatlıq inventar və avadanlıq
alınıb.
Heydər Əliyev Muzeyinin fəaliyyəti genişləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin
irsini öyrənmək məqsədi ilə 2028 nəfər
məktəbli, 1427 nəfər rayon sakini, qonaqlar muzeydə
olmuşlar. Muzeydə ümummilli liderin doğum
və anım günü ilə bağlı tədbirlər
keçirilmişdir. Rayonda peşə
bayramlarının Heydər Əliyev Muzeyində keçirilməsi
ənənə xarakteri almışdır.
Muzeydə kompyuter və ingilis dili kursları fəaliyyət
göstərir.
Şəmkir şəhər yeddi illik uşaq musiqi məktəbinin
fəaliyyətinin genişləndirilməsi istiqamətində
tədbirlər görülmüşdür. Məktəbin
şagird qəbulu 100-dən 150-yə
qaldırılmışdır. Nəticədə
rayonda yaşayan istedadlı uşaqların musiqi təhsili
almalarına geniş imkanlar yaranmışdır. Hazırda musiqi məktəbində 721 nəfər
şagird təhsil alır. Onların təhsili
ilə 120 nəfər müəllim məşğul olur.
Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən 2010-cu ilin martın 2-də
Bakı şəhəri 26 saylı musiqi məktəbi ilə
Şəmkir rayon 6 illik uşaq musiqi məktəbinin birgə
konserti təşkil olunmuşdur.
Azərbaycanda keçirilən 1-ci Beynəlxalq
Aşıqlar Festivalı çərçivəsində
Şəmkir şəhərində bir sıra ölkələrin
aşıqlarının iştirakı ilə tədbir
keçirilmişdir.
Rayonun tarixi keçmişinin, maddi və mənəvi dəyərlərinin
öyrənilməsinə, mədəniyyət abidələrinin
qorunmasına diqqət yetirilir. Rayonda 52 tarixi mədəniyyət
abidəsi qeydə alınmışdır. Onlardan 26-sı respublika əhəmiyyətli,
26-sı rayon əhəmiyyətli abidələrdir.
Qaracəmirli kəndində Almaniya, Gürcüstan və
Azərbaycan arxeoloqlarından ibarət beynəlxalq ekspedisiya
çox qədim dövrlərə aid tarixi abidə aşkara
çıxarmışdır. Qədim Şəmkir
qalasının ərazisində arxeoloji qazıntı işləri
davam etdirilir.
Oktyabr
ayının 27-28-də Şəmkir şəhərində
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Mahmud Kərimovun
rəhbərliyi altında "Antiq və Orta əsr Azərbaycan
şəhərləri" mövzusunda respublika elmi-praktik
konfransı keçirilmişdir.
Qüdrət Əliyev deyir ki, problemləri rayon rəhbərliyinin
yaxından köməyi ilə həll edirik. Təbii ki, hələ
görüləsi işlərimiz çoxdur. 2003-cü ildə bünövrəsi çökən
və hazırda əsaslı təmirə ciddi ehtiyacı olan
mərkəzi Mədəniyyət Evinə, mərkəzi
kitabxana sistemi binasına ehtiyacımız var.
Səhiyyə sistemindəki islahatlar
səmərə verir
Son illər Şəmkirin səhiyyə sistemində
aparılan köklü dəyişikliklər, islahatlar sahənin
fəaliyyətinə əsaslı şəkildə müsbət
təsir göstərib. Bir sıra tibb müəssisələrinin
birləşdirilməsi, lazımi ixtisarların
aparılması, təkmilləşdirmə və yenidənqurma
işin xeyrinə olmuşdur. Respublika səhiyyə
nazirliyinin qərarı ilə əhaliyə göstərilən
mama-qinekoloji və cərrahiyyə xidməti sahəsində
Şəmkir Mərkəzi rayon xəstəxanası qərb
bölgəsi üzrə Zona Metodik Mərkəzi təsdiq
olunmuşdur.
Səhiyyə müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi sahəsində
tədbirlər davam etdirilir.
Rayon Mərkəzi Xəstəxanasının reanimasiya
şöbəsi, Təcili Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasının binası əsaslı təmir
olunmuş, Kür qəsəbə xəstəxanasının
dam örtüyü dəyişdirilmişdir. Mərkəzi
Rayon Xəstəxanasına 2 ədəd sanitar avtomobili gətirilmiş,
tibbi xidmət üçün vacib olan bir sıra yeni
müayinə aparatları alınmışdır.
2009-2013-cü
illər üzrə Dövlət Proqramına uyğun olaraq
rayon mərkəzi xəstəxanasının ərazisində
150 çarpayılıq doğum evinin və poliklinika
binalarının tikintisi 60 çarpayılıq yolxucu xəstəliklər
və Kür qəsəbə xəstəxanalarının əsaslı
təmiri nəzərdə tutulmuşdur.
Şəmkir Rayon Gigiyenə və Epidemiologiya Mərkəzi
tərəfindən əhalinin sağlamlığının
qorunması məqsədilə sanitariya nəzarəti gücləndirilmişdir. Gigiyena və Epidemiologiya Mərkəzi
tərəfindən 2010-cu ildə 10 adda satışdan
çıxarılmış, 200 ədda ərzaq məhsuluna
gigiyenik sertifikat alınmış, 2 ticarət müəssisəsinin
fəadiyyəti dayandırılmışdır.
Hazırda
rayonun səhiyyə sahəsində əhaliyə 11 xəstəxana,
32 həkim məntəqəsi, 27 feldşer-mama məntəqəsi,
1 təcili yardım stansiyası, 1stomatoloji poliklinika, Gigiyena və
Epidemiologiya Mərkəzi və rayonlararası taun əleyhinə
şöbə tibbi xidmət göstərir.
Səhiyyə müəssisələrində 343 nəfər
həkim, 1739 nəfər orta və kiçik tibb
işçisi çalışır.
Rayonun səhiyyə sistemində bir sıra uğurlar əldə
olunmuşdur.
Vaxtında həyata keçirilən sanitar tədbirləri
nəticəsində yoluxucu xəstəliklərin sayı kəskin
azalmışdır.
Tibb müəssisələrində 3200 nəfər
uşaq doğulmuşdur. Bir yaşa qədər
uşaqlar arasında cəmi 8 ölüm hadisəsi qeydə
alınmışdır ki, bu da respublika göstəricisindən
xeyli aşağıdır.
Rayondakı mərkəzi xəstəxanaya baş çəkdik. Səliqə-sahman,
həkimlərin maraqlı söhbətləri diqqətimizi cəlb
etdi. Hiss olunur ki, hamının məsuliyyəti
artıb. Həkim-xəstə münasibətlərində
neqativ halların aradan qaldırılması üçün
tədbirlər görülüb. Mərkəzi
xəstəxananın baş həkimi Nurəddin Əhmədov
uzun illərdir bu sahəyə rəhbərlik edir və rayonda
hörmət qazanmış adamdır. Deyir ki, həkimin
ən böyük qazancı xəstənin ,
xəstənin yaxın adamlarının onlara minnətdarlıq
etməsi razılığını bildirməsidir. Baş həkim
xəstəxananın görməli yerindən
asılmış fərman preparatlarının siyahısı
ilə də bizi
- Xəstə
bilir ki, dövlət onları hansı dərmanlarla pulsuz təmin
edir, - deyə N.Əhmədov son vaxtlar bu sahəyə ciddi nəzarət
olması barədə məlumat verdi.
"Buyur, bu da sənin evinin sənədi"
Son vaxtlar Şəmkirdə bu sözləri daha tez-tez
eşitmək olur. Adamların ən çox giley-cüzar etdiyi bu sahədə
dönüş açıq-aşkar hiss olunur. Bir fikir verin. Bu ilin birinci rübündə
evinin hüquqi qeydiyyata alınması ilə bağlı rayon
icra hakimiyyətinə 158 müraciət daxil odduğu halda,
keçən il həmin rəqəm təxminən
10 dəfə az olub. Bu günədək 148 nəfərə
artıq sərəncam verilib. Rayon icra
hakimiyyəti başçısı aparatının hüquq
şöbəsinin müdiri Elşən Quliyev deyir ki, sənədləri
qaydasında olan hər bir vətəndaşa ləngidilmədən
müvafiq rəy verilir.
Memarlıq və tikinti şöbəsinin müdiri Ramiz
Rəhimov da son günlər vətəndaşların daha
çox müraciət etməsindən danışdı. Ötən il boyu cəmi
385 müraciət daxil olduğu halda təkcə bu ilin 3
ayı ərzində 145 müraciət daxil olub və artıq
onların 130-u müsbət həll olunub. Ayrı-ayrı vətəndaşları, iş adamlarına hərtərəfli
şərait yaradılıb. Hələ ki,
işimizdən narazılıq edən yoxdur.
...Şəmkirin hər bir sakini gün ərzində
görəcəyi işi əvvəlcədən bilir. Artıq
neçə vaxtdır ki, rayon icra hakimiyyətinin təşəbbüsü
ilə küçə və məhəllələr sakinlər,
ayrı-ayrı təşkilatlar arasında
bölüşdürülüb. Kimin
payına nə düşür, məlumdur. Məhz bu xeyirxah təşəbbüsün həyata
keçməsinin nəticəsidir ki, Şəmkir indi ən
təmiz, yaşıl, abad şəhərlərdən birinə
çevrilib.
Şəmkir təmizliyi ilə nümunə olmağa
çalışır. Həm sözün əsl mənasında,
həm də bu gün toxunduğumuz mövzu baxımından.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2011.- 14 aprel.- S. 6.