Azərbaycan
dövləti xalqın rifahının yüksəldilməsini
prioritet vəzifə hesab edir
Xətai
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun
növbəti səyyar qəbul günü aprelin 13-də
şəhərin "Naximov" deyilən yaşayış
massivinin ərazisindəki 221 saylı məktəbdə və
13 saylı musiqi məktəbində keçirildi. Hər iki qəbulda
200-dən artıq sakin iştirak edirdi.
Rayonun
idarə və təsərrüfat rəhbərlərinin də
qatıldığı görüşlərdə icra hakimiyyətinin
başçısı R.Məmmədov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda
Xətai rayonunun Əhmədli qəsəbəsində olarkən
verdiyi tapşırıq və göstərişlərdən
danışaraq bildirdi ki, dövlət başçısı
əhalinin sosial məişət problemlərinin ən
qısa zamanda aradan qaldırılması üçün
onların istək və arzularını, təkliflərini
öyrənib təhlil etməyi və aidiyyatı dövlət
strukturları qarşısında məsələ
qaldırmağı tövsiyə etmişdir.
Doğrudur,
biz son bir neçə ildə rayonun daxili imkanları
hesabına əhalinin qaz, su və işıq təchizatının
fasiləsiz təmin olunması, istirahətlərinin səmərəli
təşkili, sosial-məişət problemlərinin həlli
istiqamətində xeyli işlər görmüşük.
Xüsusilə, quruculuq, abadlıq və tikinti işlərinin
həyata keçirilməsi rayonumuzun simasını xeyli dəyişmişdir.
Lakin dövlət başçısının
qarşımızda qoyduğu tələblər daha
böyük səylə işləməyimizi, yeni-yeni layihələrin
reallaşması üçün imkan və
bacarığımızı əsirgəməməyi tələb
edir.
Natiq
onu da vurğuladı ki, Prezident İlham Əliyevin rayonumuza - Əhmədli
qəsəbəsinə gəlişi və burada sakinlərlə
görüşü bu qəsəbə üçün əlamətdar
bir hadisə ilə yadda qaldı. Dövlət
başçımız zaman gözləmədən sakinlərin
arzu və istəklərini nəzərə alıb, burada yeni
xəstəxana binasının tikintisinə dövlət vəsaiti
ayrılmasına sərəncam verdi.
Bütün
bunlar bir daha onu göstərir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev əhalinin həyat
səviyyəsinin, sosial rifahının durmadan
yaxşılaşdırılması işində birbaşa
onların öz istəklərinə, arzu və təkliflərinə
əsaslanır. Qarşımıza əhaliyə xidmət etmək
vəzifəsi qoyan dövlət başçısının
bu təcrübəsi bizi də sizin problemlərinizi, arzu və
istəklərinizi daha yaxından öyrənməyə,
onlardan çıxış edərək işimizi qurmağa
çağırır.
Sonra
söz sakinlərə verildi. Mirvari Abdulova, Rəhim Əsgərov,
Faiq İbrahimov, Ehtiram Miriyev, Abdulla Eminov və
başqaları çıxış edərkən ilk növbədə
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və
daxili siyasəti dəstəklədiklərini bildirdilər.
Qeyd olundu ki, son günlər dövlət
başçısının imzaladığı əhalinin
içməli su və kanalizasiya xidməti borclarının ləğv
olunması barədə sərəncam hamının ürəyindən
xəbər vermişdir. Ötən il qaz borclarının, bu
il sudan yaranan borcların ləğvi onu göstərir ki,
dövlət öz vətəndaşlarının sosial
rifahının yaxşılaşdırılması
üçün çox ciddi addımlar atır.
Sakinlər,
bütün bunlarla yanaşı, Xətai rayonunda son bir
neçə ildə həyata keçirilən quruculuq və
abadlıq işlərini də ürəkdən bəyəndiklərini
söylədilər. Qeyd olundu ki, rayonda əhalinin elektrik
enerjisi, qaz və su təminatında yaradılmış qayda
təqdirəlayiq haldır.
Bütün
bunlara baxmayaraq, ətraf yaşayış məntəqələrində
hələ də bəzi problemlər qalır. Bura bir sıra
orta təhsil məktəblərinin əsaslı təmiri,
elektrik xətlərinin yeniləri ilə əvəz
olunması, kanalizasiya xətlərinin dəyişdirilməsi,
küçələrin işıqlandırılması və
asfaltlaşdırılmasını da aid etmək olar.
Xətai
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov
verilən təkliflərin, göstərilən problemlərin
və çatışmazlıqların qeydə
alındığını və onların ən qısa
zamanda aradan qaldırılması üçün tədbirlər
görüləcəyini diqqətə çatdırdı.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2011.- 14 aprel.- S. 5.