Ekologiya mövzusunda jurnalist müsabiqəsi elan edildi

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 5 İyun Ümumdünya Ətraf Mühit Günü qarşısında ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək layihəsi üzrə birgə müsabiqə elan edir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat konfransı keçirildi.

 

Tədbiri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov giriş sözü ilə açdı. O, qloballaşan dünyada ətraf mühitin qorunmasının vacibliyini vurğulayaraq, bildirdi ki, layihənin əsas məqsədi ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin və təbiətdən istifadə davamlılığının təmin edilməsi yönündə əhalinin kütləvi informasiya vasitələrində məlumatlandırılmasıdır.

Hüseyn Bağırov ətraf mühitin çiklənməsi ilə bağlı bəzi sənaye tullantılarının təkrar emaldan keçirilməsinin vacib olduğunu bildirdi. "Azərkimya" nın istehsal etdiyi polietilen torbalara qatqı əlavə edilməsi təklifi ilə Nazirlər Kabinetinə müraciət etdiyini söyləyən nazir əlavə etdi ki, bu maddə sellofanın qısa müddətdə dağılmasına səbəb olur. Əgər sellofan, kağız və ya başqa qalıqları ayrı yığsaq, onlardan gübrə istehsal etmək olar.

Tullantıları özümüz yığacağıq. Bunları yenidən əridib kökü qapalı ağac yetişdirmək üçün qablar formalaşdıracağıq. İstəyirik ki, hər il milyona qədər ağac toxumu həmin qabda orada yetişdirilsin və sonra torpaq qarışıq basdırılsın. Ölkəmizin yetərincə su ehtiyyatı var, ondan kifayət qədər səmərəli istifadə etmək lazımdır.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli birgə layihəni açıqlayaraq müsabiqədə daha yaxşı mövzularla çıxış edən jurnalistlərin pul mükafatı və diplomlarla təltif ediləcəyini diqqətə çatdırdı. V. Səfərli bildirdi ki, yazılar müsabiqənin şərtlərinə cavab verməli və Azərbaycan dilində yazılmalıdır. Müsabiqənin 5 istiqamət üzrə 3 mövzu olmaqla (ümumilikdə 15 mövzu) keçirilməsi nəzərdə tutulur. Müsabiqəyə yazı və telesüjetlər aprelin 15-dən mayın 27-dək təqdim olunmalıdır.

Sonda jurnalistlərin sualları cavablandırıldı.

 

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2011.-14 aprel.- S. 7.