9 yaşlı Fidanın rənglər dünyası

 

Bu günlərdə Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzində 9 yaşlı rəssam, Bakının N. Nərimanov rayonundakı 304 saylı liseyin 4-cü sinif şagirdi Fidan Fleydanlının ilk fərdi sərgisi açılıb. Sərgidə Fidanın karandaş, yağlı boya ilə müxtəlif mövzularda çəkdiyi 50-yə yaxın rəsmi nümayiş etdirilir. 

Tədbiri mərkəzin nəzdindəki Uşaq Rəsm Qalereyasının rəhbəri Aynurə Həşimova giriş sözü ilə açaraq kiçik Fidanın sənətdəki "ilk qədəmləri"nin uğurlu olduğunu bildirdi. Məlumat verdi ki, Fidan Novruz bayramına həsr olunmuş sərgidə də uğurla iştirak edib, istedadlı uşaq yeniyetmələrə həsr olunan "Davamçılar" kitabının son nəşrində barəsində məqalə yerləşdirilib. Təcrübəli rəssam Əzizə Məmmədova sevimli şagirdi Fidanın rəngləri xüsusi duyum və zövqlə seçməsini, hər bir rəsm üzərində böyük həvəslə çalışmasını söylədi. Əzizə xanımın fikrincə, kiçik Fidanın sərgidə nümayiş olunan "Qubada yaz", "Pirbəhyə dağında","Qaranquşlar yenə uçub gəldilər", "Uşaqlar kosmosda" və başqa əsərlərində çox istedadlı olduğu aşkar hiss edilir.

Tədbirdə 304 saylı məktəbin ibtidai sinif müəlliməsi Mehriban Kazımova da çıxış edərək Fidanın çox şən və çalışqan şagird olduğunu bildirdi. Şagird yoldaşları Şölə, Gülər, Gülbəniz, Şəbnəm, Abuzər və başqaları isə Fidanı təbrik edərək özləri ilə gətirdikləri çoxlu tər gülləri ona verdilər.

Tədbirdə məlum oldu ki, Fidan həm də idmanla məşğul olur. Lakin Fidanı, özünün də etiraf etdiyi kimi, daha çox ecazkar rənglər dünyası özünə cəlb edir. Həmin gün jurnalistlərə "ilk müsahibəsi"ni verərkən Fidan dedi ki, ən böyük arzusu Səttar Bəhlulzadə kimi gözəl təbiət rəssamı olmaqdır. Fidanın dilindən bu sözləri eşidən zaman nənəsi, uzun illər "Kommunist" qəzetində (hazırkı "Xalq qəzeti") çalışmış qocaman jurnalist Tamara Əliyeva kövrəldiyini hiss etdirməmək üçün üzünü yana tutmağa çalışdı. Fidan isə rəsmlərinin hamının xoşuna gəldiyi üçün çox sevinirdi...

 

 

Məsaim HACIXANOĞLU

 

Xalq qəzeti.- 2011.- 16 aprel.- S. 12.