"Ögey ana"nın İsmayılı "Fəryad"ın da qəhrəmanı oldu

 

Ceyhun Mirzəyev-65

 

Bir vaxtlar C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında həyat qaynayırdı. Kinostudiyanın dəhlizlərində çətin ki, işsiz adama rast gələrdin. Burada yeni filmlərin çəkilişi bir-birini əvəz edir, "Mozalan"ın yeni nömrələri üzərində iş gedir, sənədli, cizgi filmlərinin də istehsalı davam etdirilirdi. Dəhlizlərdə, ara-sıra məşhur aktyorlarımızla, rejissor, operator, rəssam və s. sənətçilərlə görüşlərimi indi də xatırlayıram. Onlar arasında öz zarafatları ilə hamının diqqətini çəkən gözəl aktyor, istedadlı rejissor Ceyhun Mirzəyevlə görüşlərimi isə heç vaxt unuda bilmərəm. O vaxt "Mozalan" satirik kinojurnalında bədii rəhbər, rejissor kimi fəaliyyət göstərirdi və elə görüşlərimizin birində qolumdan yapışıb, gəl səni də yeni süjetdə çəkək, deyə, məni kinojurnalın zalında çəkilişi gedən məhkəmə səhnəsinə gətirdi. O, doğrudan da, əsl mənada rejissor idi, hər kiçik detala diqqət yetirər, aktyorların hərəkətində kiçik belə olsa sapmalara imkan verməzdi.

Ceyhun Mirzəyev çox yaşamadı. "Fəryad"ı sona çatdırmağa az qalmış amansız ölüm 1994-cü ildə onu aramızdan apardı.

1946-cı ilin aprelində Ağdamın Abdal-Gülablı kəndində dünyaya göz açmışdı. Yaşasaydı indi 65 yaşı tamam olardı. 65 illik yubiley tədbiri də aprelin 11-də Dövlət Film Fondunda onsuz keçirildi. Çıxış edənlər onun haqqında xatirələr danışdılar, filmlərindən fraqmentlər göstərildli, iştirakçılar sənətkarın həyat və yaradıcılığına həsr olunmuş foto-sərgi ilə tanış oldular.

Çıxış edənlər bildirdilər ki, bu böyük sənətkarı hamı tanıyırdı. Çoxları onu İsmayıl deyə çağırırdılar. İlk böyük işi də, son işi də İsmayıl oldu. Biri "Ögey ana"da, o biri isə "Fəryad"da. "Fəryad"ı tamamlamışdı. Çox az iş qalmışdı. Bir az montajdan, bir az da səsləndirmədən. Günlərin birində eşitdik ki, Ceyhun ürək tutmasından keçinib.

Bu elə vaxt idi ki, müharibə davam edirdi. Cəbhədən hər gün onlarla igid oğlanlarımızın tabutu gətirilirdi. Ceyhun isə "Fəryad"la vuruşurdu. Ürəyi dözmədi. O da şəhid oldu. Sözün əsl mənasında şəhid. Amma sağ olsun filmin ssenari müəllifi Vaqif Mustafayevi. "Fəryad"ı tamamladı, heç özünü rejissorluğa şərik də etmədi. İnanmaq olmaz ki, Azərbaycanda "Ögey ana" filminə baxmayan olsun. 9 yaşlı İsmayılın şıltaq obrazını oynayan Ceyhun Mirzəyev Azərbaycan kinosunda şedevr yaratdı. Kim deyərdi ki, Ceyhun aktyor kimi İsmayılı ifa edir. O özünü oynayırdı, çevikliyi də var idi, küsməkliyi də, dəcəlliyi də. Ceyhunun bu filmə düşməsi bəlkə də təsadüf deyildi. Çünki üç il əvvəl Tofiq Tağızadənin "Görüş" filmində balaca bir epizodda çəkilmişdi. Amma bu İsmayıl özgə bir aləm idi. Kinoçular da, tamaşaçılar da bu balaca aktyorun istedadına məəttəl qalmışdılar. İllərlə aktyor təhsili alıb, adi cizgiləri verməyi bacarmayan aktyorlar ibrət götürə bilərdilər İsmayılın yaradıcılığından. Rejissor Həbib İsmayılovun onunla necə işlədiyi barədə məlumat yoxdur. Amma elə bilirəm ki, o, həmişə Ceyhunu sərbəst buraxıb, "necə istəyirsən, oyna", deyib. Çünki bu balaca dəcəl ekran qanunlarından bəzən kənara çıxır, hətta ssenaridə olmayan elementlərlə filmə xüsusi görüntülər gətirir. Ağlayanda da özüdür, güləndə də. Heç onun kədərli olduğu anlardakı sifət cizgilərinə fikir vermisinizmi? Bu doğrudan da ilahi bir istedaddır. Bəlkə də "Ögey ana"nın Ceyhunu Azərbaycan kinosunda ən uğurlu aktyor seçimi idi.

Sonra illər ötüşdü. "Mateo Falkone"də göründü, "Yenilməz batalyon"da arabanı mənzilə çatdırmağa can atdı. Və 1970-ci ildə Hüseyn Seyidzadə onu "Dəli Kür"də Osman rolunda çəkdi. Püxtələşmişdi, böyümüşdü. Arzusu rejissor olmaq idi Ceyhunun. İncəsənət İnstitutunda rejissorluq təhsili də aldı.

Amma o filmlərini hələ bir az sonra çəkəcək. Ekranlarımıza mərhum rejissor Teymur Bəkirzadənin "İşgüzar səfər" filmi çıxarılanda Ceyhun artıq studiyada işləyirdi. "Mozalan" satirik kinojurnalının bədii rəhbəri idi. Yüzlərlə "Mozalan" süjetlərinə quruluş vermişdi. Bir-birindən maraqlı və kəsərli süjetlər idi. Ceyhunun rejissorluğunda bir yumşaq komizm var. Onun süjetlərinə tamaşa edənlər uzun müddət filmin təsirində olurlar. "Daş münasibət", "Eksperiment", "Əlamət", "Çarə", "Çətin sual", "Defisit qliserin", "Baş tutmayan ziyafət" kimi "Mozalan" süjetləri onun əsl sənətkar olduğunu təsdiqləyir. Bu süjetlərdə hər şey bütöv olardı. Ümumiyyətlə, yarımçıq işi xoşlamazdı. Bircə "Fəryad"ı yarımçıq qaldı. Ceyhun Mirzəyev zamanın, dövrün nəbzini tutmağı bacaran rejissor idi. Aktyor kimi oynadığı rolların hər birində onun öz şəxsi keyfiyyətləri var. Məsələn, xeyirxahlıq, çılğınlıq, sözünə bütövlük və s. Onun rolları tamaşaçını həmişə düşündürüb, təsirləndirib. Kinorejissor Vaqif Mustafayev Ceyhunu "Yaramaz"da çəkmişdi. Burada isə aktyor kimi o, tamam yeni bir ampluadadır. Onun qəhrəmanı tədbirli, sakit və mülayim insandır.

Bu gün müharibə mövzusunda çəkilən ən dəyərli ekran əsərlərimizdəndir "Fəryad". Görünür, o, bu ağrılara tab gətirə bilmədi. Çünki çəkiliş vaxtı yaratdığı situasiyalar o qədər təbii alınırdı ki, istər-istəməz həm rejissor, həm də aktyor kimi o ağrıları çəkməli olurdu. Bəli, "Fəryad" Ceyhunun son yaradıcılıq işi oldu. Ceyhun haqqında o qədər xoş xatirələr var ki, onlar qalaq-qalaq kitablara sığmaz. Tədbirdə Ceyhunla bağlı belə xatirələrdən çox danışıldı. Bildirildi ki, o, Azərbaycan kino sənətində çox dəyərli iz qoyub. Onun ölməz xatirəsi kinosevərlərin qəlbində əbədi yaşayacaq.

 

 

M.MÜRƏKKƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 16 aprel.- S. 12.