"Teleradio işçilərinin şərəfli zəhməti tərifə, diqqətə layiqdir"

 

- Böyük kollektivlərin qayğıları da çox olur. Adamların arzu-istəkləri, sevinc-kədərləri, uğur-itkiləri iş yoldaşları ilə birgə yaşanır. Belə məsələlərdə paylaşma-köməkləşmənin ağırlığı daha çox nəvazişlə "yerli komitə" adlandırılan həmkarlar ittifaqı təşkilatının üzərinə düşür. Söz adamlarının, media kollektivlərinin belə qayğıları bitib-tükənməzdir. Onların gündəlik həyatda üzləşdikləri çeşidli çətinlikləri oxucular, dinləyicilər, tamaşaçılar görməsə də rəhbərlik, kollektivin birgəliyini, xeyirxah iradəsini daşıyan həmkarlar ittifaqı təşkilatı bilir və dərhal aradan qaldırmağa çalışır...

 

Müsahibimiz Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti Həmkarlar İttifaqı Komitəsinin sədri, respublikanın əməkdar mədəniyyət işçisi, təcrübəli təşkilatçı Sərhəd Qasımov sözünə davam edərək deyir:

- Ailədə narahatçılığı olan, maddi çətinlik çəkən, xəstə, yorğun jurnalist bu vəziyyətdə əlinə qələm alsa, mikrofon arxasına keçsə, kamera qarşısına çıxsa onun əhvalı-görkəmi auditoriyaya da pis təsir göstərər. Necə deyərlər, yaradıcı adam çox incə, həssas varlıqdır, onun saz - köklənmiş vəziyyətdə olması sözünün, səsinin, görkəminin necəliyinə mütləq təsir göstərir.

70-dək peşə sahibinin çalışdığı çoxminli kollektivimizin irili-xırdalı gündəlik, cari və qarşıda duran qayğıları bitib-tükənməzdir. Həmkarlar ittifaqı komitəsinin üzvləri daim bu məsələləri diqqətdə saxlayır, bizə müraciətlər olmasa belə, işçilərimizin ehtiyaclarından xəbər tuturuq, lazımi köməyimizi göstəririk. Ona görə də texniki işçidən tutmuş məsul, rəhbər şəxslərədək hamı həmkarlar ittifaqı komitəsini özünə doğma ünvan sayır, ayağını bizim otaqdan kəsmir. Bu isə üzərimizə daha artıq yük qoyur, işçilərlə təmaslarımızı sıxlaşdırır.

Bu yerdə söhbətə ara verib bildirək ki, Sərhəd müəllim 70 illik ömrünün tam 50 ilini Dövlət Teleradiosunun xidmətində keçirib. 20 yaşında bu kollektivə rabitəçi kimi gələn gənc mütəxəssis peşəsinə sevgisi, mehribanlığı, fəallığı ilə tezliklə adamlara qaynayıb-qarışır, seçilməyə başlayır. Çox keçmədən ictimai işlərə cəlb olunur, həmkarlar ittifaqı komitəsinə seçilir. Burada onun təşkilatçılıq qabiliyyəti diqqəti cəlb edir, bir az da irəli çəkilir. 7 il ictimai əsaslarla komitəyə rəhbərlik edir, rəisi olduğu işıq sexində nümunəvi qayda yaradır.

1974-cü ildə həmkarlar təşkilatı ştatlı quruma çevriləndə, fəaliyyəti daha da genişlənəndə kollektivin və teleradio rəhbərliyinin yekdil rəyi ilə onun sədrliyinə Sərhəd Qasımov namizəd göstərilir. 37 ildir ki, kollektivin öz yetirməsi kimi Sərhəd müəllim təşkilata bacarıqla rəhbərlik edir. Bu müddətdə onu kiminsə əvəz edə biləcəyini kimsə ağlına belə gətirməyib. Çünki həmkarlar ittifaqı komitəsi öz üzvləri üçün nə edə bilərsə, bunu yüksək səviyyədə reallaşdırıb. Hamılıqla qəbul olunmuş bir deyim Sərhəd müəllimin kimliyini, məsul olduğu sahədə qabiliyyətini dəqiq, aydın ifadə edir: "O, həmkarlar ittifaqı təşkilatçısı olmaq üçün doğulmuşdur".

Bu qiymətin həqiqiliyini Sərhəd müəllimin yuxarı həmkarlar ittifaqı qurumları olan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Komitəsi və Respublika Həmkarlar İttifaqları Konfederasiyası sistemində qazandığı hörmət və nüfuz da bir daha təsdiqləyir. Çoxminli üzvü olan bir təşkilata bacarıqla rəhbərlik etməsi, işçilərin peşə və istirahət hüquqlarının təmin edilməsi, sosial məsələlərin yoluna qoyulması, həmkarlıq əlaqələrinin gücləndirilməsi sahəsində onun təcrübəsi daim başqalarına nümunə göstərilir.

Sərhəd Qasımov sahə komitəsinin Rəyasət Heyətinin və Konfederasiya Məclisinin üzvü kimi ölkənin həmkarlar ittifaqları sisteminin həyatında da fəal iştirak edir. O, canlı bir körpü kimi ölkənin ən böyük jurnalist kollektivi ilə həmkarlar ittifaqları arasında əməkdaşlıq yaradır. Bu peşəkar əlaqə uzun illərdir ki, həm teleradionun, həm də həmkarlar ittifaqlarının xeyrinədir.

Söhbət zamanı bu məsələnin üzərinə gələndə müsahibim bildirdi ki, o, öz rabitəçi peşəsini kifayət qədər sevir və teleradionun texniki heyəti arasında çoxlu bacarıqlı peşədaşları ilə gündəlik ünsiyyətdədir. Başqa bir təşkilatda həmkarlar ittifaqı sahəsində o, çətin ki, bu qədər uzun müddətdə işləyərdi. Günlərin birində peşə yoldaşlarının sırasına qayıtmalı olacaqdı. Jurnalistlərlə rabitəçilərin əlbir, çiyin-çiyinə çalışdığı Teleradioda isə Sərhəd müəllim, sanki, qələm, söz adamları ilə peşədaşlaşıb. Axı teleradio sistemində söz də, səs də, təsvir də, ötürücü qurğular da ünsiyyətə, rabitəyə xidmət edir. Bu işdə, elə bil ki, rabitəçi jurnalistləşir, jurnalist rabitəçiləşir.

Ötən yarım əsrdə hər iki sahə Sərhəd müəllim üçün eyni doğmalıqda olub, yorulmadan, təşəbbüskarlıqla çalışıb. Uzun illərdən bəri minlərlə işçiyə istədiyi yerdə istirahət və müalicə üçün yollayış verib. Ad günlərinin, yubileylərin ağırlığını da o çəkib. Kollektivin hər vaxt ağrılı problemi olan mənzil məsələsinin həllində də Sərhəd müəllimin zəhməti az olmayıb. Bu müddətdə 500-dən artıq teleradio işçisi yeni mənzil alıb. 250-dən çox adam ev şəraitini yaxşılaşdırıb.

Sərhəd Qasımovun gözləri qarşısında bu böyük kollektiv təzələnmə, inkişaf prosesi keçib. Yaşlı işçiləri daim gənclər əvəzləyib. Bu prosesdə veteranlar "siyahıdan silinməyib", təzə gələnlərə lazımi diqqət, kömək göstərilib. Ən əsası o olub ki, həmkarlar komitəsindən heç kəs əliboş qayıtmayıb, heç kəsin xidməti yaddan çıxmayıb. Ölkənin də, həmkarlar sisteminin də ən ağır vaxtlarında Sərhəd Qasımov təşkilat üzvlərinin yanında olub. O, bu vaxtadək 85 yaşlı radionun, 55 yaşlı televiziyanın uğurlarına yerli komitənin köməyini yüksək səviyyədə təmin edib. 15 ildən artıqdır ki, onun təşkilatçılığı ilə kollektiv Qax rayonunda 270 qaçqın-köçkün ailəsinə hamilik köməyi göstərir.

Söhbət zamanı müsahibim elədiklərindən yox, etməli olduqlarından söz açdı. Onun gördüyü işləri isə kollektivdə çalışan həmkarlarımdan eşidib-öyrəndim. Bir çox xırdalıqları yada salsaq, qalın bir kitab alınar.

Sonra Sərhəd müəllim dedi:

- Teleradio işçilərinin çətin, şərəfli zəhməti hər cür tərifə, diqqətə layiqdir. Ölkəmizin tərəqqisi ilə söz adamlarının da vəziyyəti yaxşılaşır, təminatları artır. Prezident İlham Əliyevin himayəsi ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılması, jurnalistlər üçün yaşayış binası tikilməsi media kollektivlərində böyük razılıq, yüksək əhval-ruhiyyə, işgüzarlıq yaradıb. Bizim səhmdar cəmiyyətdə də bu yöndə təsirli tədbirlər həyata keçirilir. Teleradio QSC-nin sədri Arif Alışanov həmkarlar komitəsinin bütün təkliflərini müdafiə edir, əmək şəraitinin yaxşılaşdırılması, sosial məsələlərin həlli ilə bağlı davamlı işlər həyata keçirir.

Bütün bunlar həmkarlar ittifaqı komitəsini daha yaxşı işləməyə ruhlandırır. O ki qaldı mənə, kollektivi özümə isti yuva, doğma ocaq sayıram. Bütün uğurlarım teleradio ilə bağlıdır. Ömrümün sonunadək həmkarlarıma xidmət edəcək, onların hüquqlarının keşiyində dayanacağam.

Sərhəd müəllim, "Xalq qəzeti"nin kollektivi də teleradioçuların sevincinə qoşularaq, sizi 70 yaşınızın tamam olması münasibətilə təbrik edir, ən xoş arzularını bildirir.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2011.- 16 aprel.- S. 11.