Azərbaycanın müstəqilliyi və modernləşməsi sosial-fəlsəfi fikir işığında

 

Akademik Ramiz Mehdiyevin fundamental əsərləri Heydər Əliyev irsinin öyrənilməsində əvəzsiz töhfədir

 

Ümummilli liderimiz Heydər Əliyev haqqında söz demək, onun haqqında fikir yürütmək həm olduqca şərəfli, həm də kifayət qədər çətin və məsuliyyətli bir işdir. Ulu öndərin şəxsiyyət ucalığının, liderlik keyfiyyətlərinin və gerçəkləşdirdiyi intəhasız missiyanın mükəmməl elmi-konseptual araşdırılması, onun bizə miras qoyduğu zəngin dövlətçilik irsinin hərtərəfli tədqiqi dövlət əhəmiyyətli məsələdir və bu istiqamətdə son illərdə mühüm işlər görülmüşdür.

Bu məsələdə ölkə ictimaiyyəti bir fikirlə həmrəydir ki, 30 ildən artıq bir müddətdə ümummilli liderimizin ən yaxın silahdaşlarından biri olmuş və bu gün də ulu öndərin banisi olduğu müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində fəal iştirak edən akademik Ramiz Mehdiyevin fundamental əsərləri Heydər Əliyev irsinin tədqiqinə olduqca böyük töhfədir və həm də bu sahədə ideoloji istiqamətverici funksiyanı yerinə yetirir. Akademik Ramiz Mehdiyevin Heydər Əliyev irsi barədə tədqiqatları görkəmli alimin nəzəri-konseptual araşdırmalarının və yüksək rütbəli dövlət rəsmisinin bir neçə onillik fəaliyyəti prosesindəki mükəmməl müşahidələrinin uğurlu harmoniyasıdır.

Görkəmli alimin Heydər Əliyev irsinin tədqiqinə həsr olunmuş hər bir əsəri respublikamızın elmi və ictimai-siyasi həyatında əlamətdar hadisəyə çevrilmişdir. Heydər Əliyev irsini sistemli şəkildə öyrənmək sahəsində akademik Ramiz Mehdiyevin "Azərbaycanın inkişaf dialektikası" adlı əsəri xüsusi əhəmiyyət və aktuallıq kəsb edir. Heydər Əliyev fenomenini elmi-fəlsəfi təhlil süzgəcindən keçirən müəllif əsərdə haqlı olaraq yazır: "Dövlətin və xalqın taleyi üçün mühüm qərarlar qəbul edən zaman Heydər Əliyevin rəhbər tutduğu başlıca prinsip məsuliyyət və realizmdir. Heydər Əliyevin fəaliyyətinə siyasi romantizm, xülyaçılıq yaddır. Onun qəbul etdiyi qərarlar ilk baxışdan populyar olmaya bilər, lakin bu, son nəticədə, yeganə düzgün, optimal qərar olur. Məsələn, Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə MDB-yə girmək haqqında qərar qəbul edilir. Bu qərarla Heydər Əliyev, keçmiş SSRİ respublikaları ilə iqtisadi-mədəni əlaqələri qoruyub saxlayır, eyni zamanda, dövlət müstəqilliyinə xələl gətirəcək heç bir müqaviləyə qoşulmur". Əsərin "Müstəqil Azərbaycan dövlətçiliyinin memarı", "Tariximizin Heydər Əliyev dövrü: Azərbaycan tərəqqi və azadlıq yolunda (iyul 1989-iyul 1999)", "Dövlət idarəçiliyi nəzəriyyəsi və praktikasına Heydər Əliyevin töhfəsi", "Heydər Əliyev Azərbaycanda ilk dəfə demokratik seçkilər ilə hakimiyyətə gəlməyin əsl mexanizmini göstərdi" və digər sərlövhələrlə gedən bölmələrində Heydər Əliyevin 1993-1998-ci illər, yəni Prezidentlik fəaliyyətinin birinci dövründə həyata keçirdiyi dövlət idarəçiliyinin təkmilləşdirilməsi strategiyası təhlil olunur, bu kontekstdə ümummilli liderin hakimiyyət olimpinə gedən yolu nəzərdən keçirilir, onun dövlət idarəçiliyi məktəbinin yaranması və formalaşması göstərilir, habelə müstəqil Azərbaycanda ilk dəfə olaraq məhz demokratik seçkilər yolu ilə və xalqın tələbi ilə ulu öndərin hakimiyyətə gəldiyi təkzibedilməz faktlarla əsaslandırılır.

"Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi" əsərində akademik Ramiz Mehdiyevin 1964-2001-ci illərdə ümumittifaq və respublika mətbuatı səhifələrində dərc olunmuş məqalə, müsahibə, çıxış və məruzələrinin bir qismi toplanmış və burada əks olunan mülahizələr ictimai fikir, mədəniyyət, siyasət və millətlərarası münasibətlər tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, müəllif əsərinin ilk sərlövhəsini tarixdə şəxsiyyətin rolu məsələsinin araşdırılmasına həsr etmiş və bu kontekstdə AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə antiidarəçiliyin konkret təzahürlərinə qiymət vermişdir. Anarxiya, xaos və başıpozuqluq kimi səciyyələndirilən bu dövrə qiymət verərkən Ramiz Mehdiyev Ə.Elçibəyin xarici siyasət haqqında mülahizələrini misal gətirir: "İran, Hindistan və Çin imperiyaları da dağılmalıdır və dağılacaqdır". Müəllif dövlət başçısının AXC-Müsavat iqtidarının idarəçilik qabiliyyəti haqqında fikirlərini də əsərində verməklə həmin hakimiyyətin səriştəsizliyi və səbatsızlığını üzə çıxarır: "...Prezident Aparatının hələ quruluşu nədir, strukturu nədir, nə cür işləməlidir, özüm də bilmirəm, hələ öyrənirəm... Kadrlar təzədir, bir şey bilmirlər..."

Çağdaş tariximizin fəlakətlərlə dolu həmin dövrünün təqdimatından sonra müəllif qürurla yazır: "Gələcək tədqiqatların araşdırma obyektinə çevriləcək bu illər, heç şübhəsiz, Heydər Əliyev kimi yenilməz iradə sahibinin fəaliyyəti sayəsində anarxiyadan sabitliyə doğru inkişafın xüsusi mərhələsi kimi qiymətləndiriləcəkdir... Bu gün təsdiq edə biləcəyimiz real tarixi həqiqət bundan ibarətdir ki, Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərindəki dövlət quruculuğu fəaliyyətinə, onun siyasi iradəsinə, əzminə və uzaqgörənliyinə arxalanan Azərbaycan xalqı nəinki müstəqilliyini əldə etmiş və onu qoruyub saxlamışdır, həmçinin həyata keçirilən çox mühüm islahatlar və uğurlu xarici siyasət sayəsində bu nailiyyətlərin əbədiliyini və dönməzliyini də təmin etmişdir».

Əsərində Heydər Əliyevi qeyri-adi şəxsiyyət, xarizmatik lider kimi xarakterizə edən akademik Ramiz Mehdiyev yeni quruluşun yetirdiyi siyasətçilərin fəallığı və çevikliyinin yaşlı nəslin nümayəndələrinin müdrikliyi, təcrübəsi və uzaqgörənliyi ilə uyğunlaşdırılmasını çox önəmli sayır. Müəllifin qənaətinə görə: "Peşəkar siyasətçi diletantdan onunla fərqlənir ki, o, ekstremal vəziyyətlərdə nəinki nə etmək, həm də necə etmək lazım olduğunu bilir və bu zaman qəbul edilmiş qərarlara görə məsuliyyəti öz üzərinə götürür". Dünya dövlətlərinin idarəçilik mədəniyyəti və təcrübəsi ilə yaxından tanış olan müəllif hər bir dövlətin başçısının, eyni zamanda, xalqın da əsl lideri kimi tanınmasına haqlı olaraq böyük əhəmiyyət verir və düzgün olaraq göstərir ki, bu mənada tarix boyu olmazın çətinliklər görmüş və haqsızlıqlarla üzləşmiş Azərbaycan xalqının müasir dövrdə bəxti gətirmiş, ona zəngin dövlətçilik təcrübəsinə, iti fəhmə, intəhasız erudisiyaya malik olan, ən başlıcası isə azərbaycanlı olmağı ilə fəxr edən təkrarsız şəxsiyyət qismət olmuşdur.

Dahi şəxsiyyət Heydər Əliyevin elmi-nəzəri irsinin şərhi və öyrənilməsinə dair sanballı tədqiqatların müəllifi olan akademik Ramiz Mehdiyev 2003-cü ildə nəşr olunmuş "XXI əsrdə milli dövlətçilik" adlı növbəti nəzəri-konseptual əsərində milli dövlət quruculuğu prosesində cəmiyyətimizdə cərəyan edən hadisələrə yeni tərzdə, yeni təfəkkürlə yanaşmağın zəruriliyi, dövlətin inkişaf və tərəqqisini müəyyənləşdirən başlıca amillər, yeni dünya nizamının yaranması, habelə müasir dövrün qaçılmaz reallığı olan qloballaşma ilə milli təhlükəsizlik arasında labüd ziddiyyətləri təhlil etmişdir. Təbiidir ki, belə bir şəraitdə milli dövlətçilik cəmiyyət üzvlərinin, millətin vahid məqsəd uğrunda birgə çalışmasını zəruri edir. Azərbaycan müstəqillik əldə etdiyi ilk vaxtlarda milli dövlət quruculuğu üçün belə bir şərait və bu şəraiti yaradacaq güclü bir şəxsiyyət yox idi. Odur ki, kitabda müəllif çox düzgün olaraq belə bir fikir irəli sürür ki, Azərbaycanda milli dövlətçiliyin bünövrəsi yalnız belə bir şərait yaranandan - 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdandan sonra qoyulmuşdur. Məhz onun dövlətçilik səriştəsi, zəngin təcrübəsi, uzaqgörən siyasəti sayəsində daxildə ictimai-siyasi sabitlik yaradıldı, cəmiyyətdə demokratik prinsiplər bərqərar olundu, hüquqi və dünyəvi dövlət quruculuğu işinə başlanıldı, dövlətçiliyimiz, müstəqilliyimiz və suverenliyimiz qorunub saxlandı.

Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğunun hüquqi əsasının təkmilləşdirilməsi və möhkəmləndirilməsi yolunda 2002-ci ildə avqustun 24-də Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərin mühüm əhəmiyyət kəsb etdiyini əsaslandıran müəllif haqlı olaraq belə bir nəticəyə gəlir ki, "əgər XX əsr Azərbaycan dövlətinin və xalqının tarixində müstəqilliyin qazanılması ilə yaddaşlarda qalacaqsa, XXI əsr həmin müstəqilliyin möhkəmlənməsi, strukturlaşması və dönməz xarakter alması ilə əlamətdar olacaqdır... Yeni minilliyə Azərbaycan hüquqi, sivil dövlət, vətəndaş cəmiyyəti quran ölkə kimi daxil olmuşdur".

Heydər Əliyevin elmi-nəzəri irsinin dərindən və hərtərəfli öyrənilməsinə, bu nadir şəxsiyyətin və siyasət adamının yenidən hakimiyyətə qayıdışından sonrakı dövrün təhlilinə dair çox sanballı yazıları ilə tanınan müəllif cəmiyyətimizin ehtiyac duyduğu vacib məsələlərin dərindən araşdırılması sahəsində Heydər Əliyev irsindən bəhrələnərək bir sıra yeni fikir və mülahizələrlə çıxış edir.

Kitabın böyük bir hissəsi Azərbaycan müxalifətinin mahiyyəti və sosial-siyasi köklərinin təhlilinə həsr olunmuşdur. Müxalifət partiyalarının əsl xislətini, onların daxilində gedən prosesləri açıb göstərən müəllif bu partiyaların, əslində, qeyri-demokratik ideologiyalardan geniş bəhrələndiklərini əsaslı sübutlar və dəlillərlə oxucuya çatdırır. Azərbaycanın siyasi həyatında boylanan müxalifət partiyalarının fəaliyyətini elmi cəhətdən araşdırıb təhlil edən, diqqətlə müşahidə edən müəllif sonda çox düzgün olaraq belə bir nəticəyə gəlir ki, "siyasi meydana yeni, demokratik müxalifət qüvvələri gəlməlidir". Bu çox düzgün və obyektiv qənaətdir. Bunu milli dövlətçiliyimizin mənafeyi, respublikamızın gələcəyi tələb edir.

Akademik Ramiz Mehdiyevin çox yüksək elmi-nəzəri səviyyədə yazılmış bu son dərəcə maraqlı və dəyərli kitabında, eyni zamanda, müstəqil Azərbaycanın keçdiyi yol, əldə etdiyi nailiyyətlər də ümumiləşdirilir, bütün bu nailiyyətlərimizdə bir milli lider kimi Heydər Əliyevin titanik rolu əsaslandırılır.

Kitabda həmçinin belə bir fikir də əsaslandırılır ki, Heydər Əliyev məktəbinin layiqli davamçısı olan İlham Əliyevin simasında bu gün Azərbaycan siyasətçilərinin gənc nəslinin formalaşdığı da bir həqiqətdir. Bu gün İlham Əliyevin şəxsində Azərbaycana xalqından güc alan, milli mənafeləri üstün tutan, bacarıqlı, səriştəli, yüksək idarəetmə mədəniyyətinə malik müasir siyasət adamı rəhbərlik edir.

Görkəmli filosofun müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin nurlu xatirəsinə həsr etdiyi "Azərbaycan: qloballaşma dövrünün tələbləri" adlı iri həcmli əsəri də ümummilli liderimizin bizə miras qoyduğu təkrarsız və nadir irsin öyrənilməsi, dərk edilməsi və gələcək nəsillər üçün bir əmanət kimi saxlanılması baxımından son dərəcə dəyərlidir.

Altı fəsildən ibarət olan əsər Azərbaycanın müasir sosial-iqtisadi və siyasi inkişafının dərin təhlilinə əsaslanır və faktiki olaraq, qlobal transformasiyalar, yeni dünya nizamının yaranması və XX əsrin axırları - XXI əsrin əvvəllərində baş vermiş siyasi proseslərin tranzitar cəmiyyətlərə intensiv təsiri dövründə dövlətin və cəmiyyətin mümkün inkişaf yollarını aşkara çıxarmağa yönəldilmiş futuroloji cəhddir. Əsərdə qloballaşan dünyanın yeni reallıqları fikir süzgəcindən keçirilərək yenidən mənalandırılır, qərbləşmənin və modernləşmənin Azərbaycan cəmiyyətinə təsiri təhlil olunur.

Müəllif "Azərbaycanın modernləşdirilməsi: inkişaf yolları" sərlövhəli bölmədə göstərir ki, "Azərbaycanda modernləşmə prosesinin ilk iki mərhələsi (1970-ci illər - 1980-ci illərin əvvəli və 1980-ci illərin ikinci yarısı) sovet dövrünə təsadüf edir... Üçüncü mərhələ 1991-ci ildə respublikamızın müstəqillik qazanması dövrünə təsadüf edir». Müəllif bu mərhələni siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül və əhalinin kütləvi şəkildə yoxsullaşması mərhələsi kimi səciyyələndirir. Faktların və arqumentlərin dili ilə sübut edir ki, Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıtması ilə modernləşmənin müasir - dördüncü mərhələsinin başlanmasının təməli qoyuldu. Həmin mərhələnin məzmununu səciyyələndirən ilk və böyük hadisə 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi»nin imzalanması oldu.

Müəllif daha sonra haqlı olaraq qeyd edir ki, modernləşmənin dördüncü mərhələsinə daxil olarkən Azərbaycanda qarşılıqlı əlaqəyə, yeniliklərə açıq olan, konstruktiv funksiya yerinə yetirən inkişaf ideologiyası formalaşmağa başladı. Onun qənaətinə görə, həmin ideologiyanı hansısa ideoloji yönümə aid etməkdən söhbət gedərsə, bu daha çox neokonservatizm kimi səciyyələndirilə bilər. Liberalizm və mühafizəkarlığın sintezi olan neokonservatizm burada Azərbaycan üçün daha məqbul ideoloji konstruksiya hesab edilir. Bu kontekstdə müəllif haqlı olaraq vurğulayır ki, "ümummilli liderimiz Heydər Əliyevin dövlət idarəçiliyinin nadir xüsusiyyəti də elə bundadır ki, o, müstəqil, demokratik Azərbaycan dövlətinin qurulmasında həmin ideoloji simbiozdan məharətlə istifadə etmişdir".

Kitabın müvafiq fəsillərində qloballaşma dövründə dövlət və cəmiyyət, müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası, hakimiyyət və müxalifət arasında formalaşmış mövcud münasibətlər və onların sağlam rəqabət müstəvisinə keçirilməsi zəruriliyindən ətraflı bəhs edən müəllif əsərin sonuncu hissəsində məhz demokratiyanı dövlət və cəmiyyətin inkişafının prioriteti kimi əsaslandırır.

Akademik Ramiz Mehdiyev Heydər Əliyevin titanik və unikal fəaliyyətini həm nəzəri-konseptual, həm də praktiki baxımdan təhlil etmək imkanına malik bir alim və dövlət xadimi olaraq əsərinin sonunda dərin siyasi əhəmiyyəti olan ibrətamiz nəticəyə gəlir: "Hakimiyyətin optimal modelini tapan, hətta barışmaz ziddiyyətləri aradan qaldıran, cəmiyyətdə vəziyyəti sabitləşdirən, millətin bütün imkanlarını səfərbər edən, müxtəlif qüvvələrin və bütövlükdə cəmiyyətin siyasi tarazlığını yaradan hər kəs siyasi uğur qazana bilər. Müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması və inkişafının haqlı olaraq Heydər Əliyev epoxası adlandırıla bilən bu dövrü tarixi sərvət və olduqca qiymətli irsdir".

Əsərin sonunda ümummilli liderin dövlətçilik irsini varisliyi gözləməklə, novatorcasına və dinamik şəkildə həyata keçirən Prezident İlham Əliyevin daxili və xarici siyasət kursundan bəhs olunur, dövlətçiliyimiz qarşısında duran mühüm vəzifələrin həllində ölkə başçısının atdığı addımların böyük siyasi və iqtisadi çəkisi dəyərləndirilir. Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi və vətəndaş cəmiyyətinin qurulması prosesində qazanılmış ən mühüm nailiyyətlərdən biri kimi 6 noyabr 2005-ci il tarixində keçirilmiş parlament seçkilərinin müfəssəl elmi tədqiqi, prosesin geniş spektr üzrə obyektiv təhlili ölkəmizin demokratik inkişaf yolunun ilkin mərhələsində əldə edilmiş nəticələrin müəyyənləşməsi, müsbət məqamların inkişafı, qüsur və çatışmazlıqların isə dərhal aradan qaldırılması hesabına ölkəmizin seçki təcrübəsinin daha da təkmilləşdirilməsi baxımından son dərəcə böyük aktuallıq kəsb edir.

Akademik Ramiz Mehdiyevin "2005-ci il parlament seçkiləri: ilkin təhlil (mülahizələr, nəticələr və proqnozlar)"adlı dərin məzmunlu tədqiqatı bu cəhətdən böyük elmi və siyasi əhəmiyyətə malikdir. Əsərdə seçkilərə hazırlıq, onun müxtəlif mərhələləri, iqtidar-müxalifət münasibətləri, seçkilərin nəticələrinin qiymətləndirilməsi və digər məsələlərə geniş yer verilmiş, mühüm elmi ümumiləşdirmələr aparılmış, habelə perspektivə ünvanlanan konkret təklif və tövsiyələr irəli sürülmüşdür.

Müəllifin verdiyi proqnozlara görə, 6 noyabr parlament seçkilərinin demokratik uğurları ölkəmizdə ictimai-siyasi vəziyyətin sabitləşməsinə, əhalinin rifah halının yaxşılaşmasına, Azərbaycan Respublikasının beynəlxalq strukturlara daha fəal inteqrasiyası prosesinə böyük töhfə verəcəkdir. Onun özünün təbirincə desək, ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı layiqincə, böyük fədakarlıqla irəliyə aparan Prezident İlham Əliyevin qətiyyətli fəaliyyəti, siyasi iradəsi ölkəmizi bütün sınaqlardan alnıaçıq, üzüağ çıxaracaqdır. Bu həqiqəti Azərbaycan vətəndaşları ilə yanaşı, artıq beynəlxalq ictimaiyyət də qəbul edir.

Akademik Ramiz Mehdiyevin ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə həsr edilmiş nəzəri-konseptual və fundamental tədqiqatları içərisində 2 cildlik "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə" adlı əsəri xüsusi aktuallıq kəsb edir. Müəllifin dərin elmi-analitik düşüncə tərzinin məhsulu olan bu əsərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 34 illik tarixinin elmi-nəzəri ümumiləşdirmələrlə təhlili xüsusi yer tutur. Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycanın XX əsrdəki intibahı, dünya birliyinin layiqli subyekti olması, sosial-iqtisadi tərəqqi yoluna çıxması, uğurlu neft diplomatiyasının həyata keçirilməsi, habelə hüquqi, dünyəvi dövlət, demokratik və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunmuş uğurlar bilavasitə Heydər Əliyev dühasının, müdrikliyinin, onun cəsarətinin və yenilməz iradəsinin nəticəsidir. Məhz bu baxımdan akademik Ramiz Mehdiyev Heydər Əliyevi oxuculara xarizmatik lider, müasir Azərbaycan dövlətçiliyinin banisi və xilaskarı, dünya siyasətinə təsir göstərən qüdrətli şəxsiyyət, bütün həyatını xalqına və doğma Vətəninə xidmətə həsr etmiş böyük azərbaycanlı kimi təqdim edir. Mübaliğəsiz demək olar ki, məhz Ramiz Mehdiyevin 30 ildən artıq bir müddətdə Heydər Əliyev komandasında ən məsul vəzifələrdə çalışdığından, ümummilli liderin tarixin onu sınağa çəkdiyi bütün məqamlarda yaxın silahdaşı olduğundan belə bir təqdimata mənəvi haqqı vardır.

Kitabda yer almış "Müstəqil Azərbaycan dövlətçiliyinin memarı", "Azərbaycan milli dövlət quruculuğu yolunda", "1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciənin tarixi və sosial-siyasi kökləri məsələsinə dair", "Tarixdə şəxsiyyətin rolu məsələsinə dair", "Azərbaycanın müstəqil dövlət quruculuğu təcrübəsi: uğurlar, problemlər və perspektivlər", "Heydər Əliyev xətti: ideya-siyasi və milli-mənəvi amillər", "Heydər Əliyevin siyasi portretinin cizgiləri" və digər sərlövhəli yazılarda görkəmli alimin dahi müasirimizin tarixi missiyasına bağlılığı və sonsuz sədaqətinin şahidi oluruq. Müəllifin aşağıdakı fikirləri ümummilli liderə onun yaxın silahdaşının vətəndaşlıq və insanlıq borcu ilə bağlı etirafı kimi diqqəti çəkir: "Təbii, biz xalqımızın rəhbəri, onun mənəvi atası Heydər Əliyev qarşısında insanlıq və vətəndaşlıq borcumuzu qaytarmalıyıq. Bunun üçün, ilk növbədə, onun bizə qoyub getdiyi mirası inkişaf etdirməliyik. Heydər Əliyevin müəyyənləşdirdiyi magistral yolla irəliləyərək, firavan, təhlükəsiz və qüdrətli Azərbaycanın qurulması işini uğurla başa çatdırmalıyıq.

Hər bir Azərbaycan ailəsini varlı, qayğısız və xoşbəxt görmək Heydər Əliyevin böyük arzusu idi. O, Azərbaycanın müstəqilliyinin dönməzliyinin, torpaqlarımızın bütövlüyünün, suverenliyinin təmin edilməsi arzusu ilə yaşayırdı. Bu işlərin görülüb başa çatdırılması bizim hər birimizin mərhum Heydər Əliyevin ruhu qarşısında ən əsas xidmətimiz olacaqdır".

Heydər Əliyevin arzuları bu gün reallığa çevrilir. O, cismən aramızda olmasa da, bizim üçün qoyub getdiyi misilsiz siyasi irs və idarəçilik məktəbi Azərbaycan dövlətçiliyinin əbədiyaşarlığına xidmət edir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün əlverişli imkanlar və yeni-yeni perspektivlər açır. Akademik Ramiz Mehdiyevin təbirincə desək, "Vətəndaşı olduğumuz və durmadan inkişaf edən Azərbaycanın müasir tarixində İlham Əliyev mərhələsi real nailiyyət faktlarını özündə cəmləşdirən şanlı salnamədir. Azərbaycan xalqı bu mərhələnin müstəqil dövlətçiliyin sarsılmaz və əbədi olması baxımından hələ uzun müddət davam edəcəyinə əmindir".

Heydər Əliyev irsinin elmi-nəzəri araşdırılması ilə dövlət idarəçiliyinin praktiki məsələlərinin uğurlu harmoniyasına nail olan akademik Ramiz Mehdiyevin fundamental tədqiqatlarından olan "Demokratiya yolunda: irs haqqında düşünərkən" əsəri xüsusilə diqqəti çəkir. Müasir Azərbaycan fəlsəfi-tarixi dünyagörüşünün peşəkar araşdırıcısı olan Ramiz Mehdiyevin yeni sanballı və mükəmməl əsəri haqlı olaraq sivilizasiyanın böyük nailiyyəti hesab edilən demokratiya anlayışı haqqında, qloballaşma və yeni dünya nizamı barədə, habelə bu kontekstdə Azərbaycanın yeri və rolu ilə bağlı cəmiyyəti narahat edən suallara kifayət qədər aydın cavabın verilməsi baxımından təqdirəlayiqdir. Kitabda akademik Ramiz Mehdiyev Azərbaycanda demokratiyanın sabahı ilə, bu prosesdə Heydər Əliyevin oynayacağı əlahiddə rolla bağlı konkret qənaətini bölüşmüşdür: "Bu gün Azərbaycan ciddi sınaqdan keçir... lakin nə qədər çətin olsa da, Azərbaycanın tarixi inkişaf yolunun irəli sürdüyü dövlətçilik vəzifələri dərindən təhlil edilməli və həll olunmalıdır. Hazırda insanlar yeni partiyalara deyil, şəxsiyyətlərə bel bağlayırlar - elə şəxsiyyətlərə ki, onlar xalqın milli-mənəvi dirçəlişinə, respublikanın hərtərəfli böhrandan çıxarılmasına görə məsuliyyəti öz üzərinə götürübdür... Bütün bunlar, əlbəttə ki, Azərbaycanın həyati maraqlarına cavab verir, ölkənin Avropa demokratik sivilizasiyasının standartlarına yaxınlaşmasına imkan yaradardı".

Əsərdə ölkədə cərəyan edən proseslərə nəzər salınır, bunlar postsovet məkanında baş verən hadisələrin və ssenarilərin fonunda təhlil edilir. Müəllif haqlı olaraq qeyd edir ki, "son prezident seçkilərində yalnız ölkənin yeni rəhbəri seçilmirdi, həm də ümumiyyətlə, dövlətin gələcəyi, yeni siyasi rejimin xarakteri və respublikanın sonrakı inkişaf yönümü də müəyyən edilirdi. Heydər Əliyevin sayəsində qazanılan nailiyyətləri əsas götürən ölkə əhalisinin mütləq əksəriyyəti bu siyasi kursun davamlılığını tələb edirdi". Bununla belə cəmiyyətdə fərqli ideyalar, revanşist xarakterli planların da mövcudluğundan bəhs edən müəllif, haqlı olaraq qeyd edir ki, cənab İlham Əliyevin prezident seçkilərində 76 faiz səs alması, siyasətdə varisliyin qorunması baxımından ciddi sınaq idi. Nəticədə, ictimaiyyətdə ölkənin demokratiya və liberal iqtisadiyyat yolu ilə inkişafının davam edəcəyinə əminlik yarandı. Bu fikirlər görkəmli filosofun 2003-cü il prezident seçkilərinin nəticəsində xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış İlham Əliyevin həyata keçirəcəyi siyasi kursa böyük inam və etimadının göstəricisi kimi dəyərlidir.

Kitabda müəllif bəzi məmurların məlum nankorluq faktlarını xatırlatmaqla bir daha bəyan edir ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını qazanmaq hər bir insanın taleyində böyük şans, uğurlu tale qismətidir. Bu etimadı doğrultmaq üçün tələb olunan şərt isə konkretdir: dövlətə və xalqa şərəflə xidmət etmək, daşıdığın vəzifələrin məsuliyyətini anlamaq, iqtidarın təəssübünü çəkmək və ona sədaqətli olmaq. Bu prinsiplər həm də akademik Ramiz Mehdiyevin yüksək elmi potensialının, qətiyyətli vətəndaş mövqeyinin və Heydər Əliyev irsinə, Prezident İlham Əliyevin siyasi kursuna sarsılmaz bağlılığın mükəmməl ifadəsi olan "Demokratiya yolunda: irs haqqında düşünərkən" kitabının leytmotivini təşkil edir.

Ulu öndərin demokratik vətəndaş cəmiyyətinin qurulmasına və müstəqil Azərbaycanın inkişaf strategiyasına dair zəngin ideya-siyasi irsinin hərtərəfli araşdırılması istiqamətində akademik Ramiz Mehdiyevin qələminin məhsulu olan "Vətəndaş cəmiyyətinə yol açan ideyalar" kitabı da elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Bu fundamental əsər müasir Azərbaycan cəmiyyətinin, dövlətçiliyimizin, davamlı inkişafımızın aktual məsələlərinin uğurlu fəlsəfi-politoloji təhlili nümunəsidir.

"Azərbaycan şəraitində demokratiya özünün universal dəyərləri və ümumi prinsipləri ilə yanaşı, vətənpərvərlik, sabitlik, nüfuzlu rəhbərlik və s. bu kimi mühüm taleyüklü cəhətlərlə də zənginləşdirilməlidir» - deyən müəllif əsərdə xüsusi olaraq vurğulayır ki, məhz dövlət başçısının zəkası, istedadı, uzaqgörənliyi və əzmi sayəsində ölkədə sabitlik yaranmışdır. Heydər Əliyevin simasında tale Azərbaycana və millətimizə güclü siyasi lider, ölkə əhalisi arasında və dünya birliyində yüksək, inkaredilməz nüfuza malik beynəlxalq miqyaslı dövlət xadimi bəxş etmişdir.

Əsərdə yer almış "Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr» sərlövhəli dərin məzmunlu yazı hər mərhələsi bir məktəb olan, yalnız mənsub olduğu Azərbaycan xalqının deyil, dünyanın bir çox xalqlarının yaddaşında özünün aydın cizgiləri ilə həkk olunan dahi müasirimiz Heydər Əliyevin möhtəşəm siyasi portretini bütün çalarları ilə əks etdirir.

"Franklin Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll kimi Heydər Əliyev də hələ sağlığında canlı əfsanəyə çevrilmişdi" deyən alim bu fenomenin nə qədər açıq olsa da, müasirləri üçün sirr olaraq qaldığını da qeyd edir. Müəllif xüsusi olaraq vurğulayır ki, Heydər Əliyev fenomenindən nə qədər çox yazılsa da, bu siyasət nəhənginin səciyyəvi keyfiyyətlərini tam açmaq, onun istedadını və parlaq şəxsiyyətini bütövlükdə göstərmək heç kəsə müyəssər olmamışdır. Müəllifin haqlı qənaətinə görə, "Heydər Əliyevin siyasi portretini tam dolğunluğu ilə yaratmaq müşkül işdir. Çünki bu, bütöv bir dövrü təsvir etməyə cəhd göstərmək demək olardı. Bu məqalədə biz onun çoxşaxəli fəaliyyətinin ancaq bir cəhətindən, yəni azərbaycançılıq ideologiyasında öz təcəssümünü tapan milli ideyanı gerçəkləşdirməsindən danışmağa çalışacağıq".

Etiraf etməliyik ki, görkəmli filosofun bu çalışması olduqca uğurlu alınmışdır. Heç şübhəsiz, müəllifin fikir süzgəcindən keçən düşüncələri hər bir azərbaycanlının qəlbindən xəbər verir: "Təbiət Heydər Əliyevə nadir keyfiyyətlər - iş qabiliyyəti, qətiyyət, özünün haqlı olduğuna əminlik, ətrafındakı adamların məziyyətlərini və imkanlarını müəyyənləşdirmək bacarığı kimi keyfiyyətlər bəxş etmişdir. Onun fenomenal yaddaşı barədə rəvayətlər söylənir: neçə illər əvvəl olmuş və çoxları üçün əhəmiyyətsiz görünmüş faktları və hadisələri bütün təfərrüatı ilə xatırlaya bilir. Çoxdan və ötəri görüşdüyü adamların adları da yadındadır". Heydər Əliyevin bu unikal keyfiyyətlərinə diqqəti cəlb edən müəllif məhz onun rəhbərliyi və dəmir iradəsi sayəsində Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əbədiliyi və dönməzliyini təmin edən möhkəm zəminin formalaşdığını təkzibedilməz dəlillərlə əsaslandırmışdır. Akademik Ramiz Mehdiyev böyük qürur və razılıq hissi ilə qeyd edir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev ənənələrinə sadiq qalmaqla, yeni dövrün tələblərinə müvafiq şəkildə ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində məqsədyönlü siyasət həyata keçirilir.

Əsərdə, eyni zamanda, iqtisadi inkişafın demokratikləşdirmə prosesində oynadığı rola qiymət verilir və göstərilir ki, cəmiyyətdə möhkəm iqtisadi təməl olmadan ideya-siyasi islahatlar müsbət nəticə verə bilməz. Məhz buna görə də, müəllif son illərdə Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda əldə edilmiş böyük iqtisadi nailiyyətləri demokratik islahatların və cəmiyyətin modernləşdirilməsinin mühüm amili kimi vurğulayır.

Dahi müasirimizin misilsiz və təkrarsız ideya-siyasi irsi haqqında onun yaxın silahdaşının yazının sonunda yer almış böyük nəsihət tutumlu qənaəti olduqca ibrətamizdir: "Yaşadığımız dövr tarixə Heydər Əliyev epoxası kimi daxil olacaqdır. Gələcək nəsillər taleyin bizə bəxş etdiyi bu tarixi dövrü böyük qibtə hissi ilə xatırlayacaq, öyrənəcək, təhlil edəcəklər. Bizim hər birimiz isə bir vətəndaş kimi taleyin bizə bəxş etdiyi bu nadir imkandan ölkənin tərəqqisi naminə istifadə etməyə hazır və qadir olmalıyıq".

Heç şübhəsiz, haqqında bəhs etdiyimiz "Vətəndaş cəmiyyətinə yol açan ideyalar" adlı fundamental əsər də bu şərəfli missiyanın həyata keçirilməsində dəyərli vəsait olacaqdır.

Akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" adlı konseptual tədqiqat əsərində Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən çevik, novatorcasına və dinamik həyata keçirilməsi mexanizmləri araşdırılmışdır.

Əsərin "Yeni paradiqmanı qurarkən: iqtisadiyyatdan demokratiyaya doğru" adlanan birinci bölməsində müəllif ilk növbədə İlham Əliyevin prezidentliyinin əsas konsepsiyasının mahiyyətini açmış və onun elmi əsasını göstərmişdir. Bu, ilk növbədə, ölkədə güclü iqtisadi bazanın formalaşdırılmasından ibarətdir. Qeyd olunan konsepsiya kütləvi şüurun və cəmiyyətin sosiomədəni bazisinin mərhələlərlə postindustrial dəyərlər və demokratik ənənələr məcrasına transformasiyasına imkan yaratmalıdır.

Əsərdə haqqında bəhs olunan iqtisadi bazanın yaradılması və inkişafı istiqamətində Prezident İlham Əliyevin atdığı mühüm addımların dərin elmi təhlili yer almışdır. Müəllif təkzibedilməz faktlar və dəlillər əsasında 2003-cü ildən bəri ölkədə sosial məsələlərin həllinə və əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsinə ciddi diqqət yetirildiyini ön plana çəkmişdir. Qeyd olunmuşdur ki, qazanılmış uğurlar təkcə daxili iqtisadi mühitin sabitləşdirilməsinə deyil, həm də bütövlükdə ölkədə rəqabətə davamlı iqtisadi struktur yaradılmasına yönəlmiş lokal tədbirlər kompleksinin planlı şəkildə həyata keçirilməsinin real göstəricisidir.

Görkəmli alim Prezident İlham Əliyevin birinci prezidentlik müddətinin ən mühüm istiqamətlərindən biri olan milli iqtisadiyyatın liberallaşması prosesinin təkcə daxili deyil, xarici dividendləri məsələsinin təhlilinə də xüsusi yer ayırmışdır.

Əsərdə qeyd olunur ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və müasir dünyanın tələbləri nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən davam etdirilən düzgün daxili siyasətin nəticəsində əldə edilən iqtisadi artım və neftin qiymətinin dünya bazarında xeyli dərəcədə yüksəlməsi beynəlxalq aləmdə Azərbaycanın iqtisadi mövqeyinin güclənməsinin mühüm amili olmuşdur. Təsadüfi deyildir ki, "nüfuzlu investisiya bankı olan "Qoldman Saks" tərəfindən hazırlanmış iqtisadi inkişaf indeksi üzrə hesabata görə, Azərbaycan bütün MDB ölkələrini qabaqlamış, dünyada 170 ölkə arasında 61-ci yeri tutmuşdur. Azərbaycan Ukraynanı (71-ci yer), Rusiyanı (81-ci yer), Ermənistanı (82-ci yer), Gürcüstanı (100-cü yer) xeyli dərəcədə qabaqlamışdır.

Müəllif Azərbaycanın 2003-cü ildən sonra reallaşdırılan yeni inkişaf strategiyasına qiymət verərək aşağıdakı mühüm nəticəyə gəlir: İlham Əliyevin prezidentliyinin birinci dövrünün əsas vəzifəsi - davamlı və tərəqqi edən iqtisadi sistemin formalaşdırılması uğurla reallaşdırılır.

Alimin respublikamızda vətəndaş cəmiyyətinin formalaşması imkanları ilə bağlı gəldiyi nəticə də kifayət qədər əsaslı təsir bağışlayır: "Ölkədə vətəndaş cəmiyyəti iqtisadiyyatın modernləşməsi, ictimai həyatın demokratikləşməsi, milli məkanın sistemli liberallaşması paradiqması gerçəkləşdikcə formalaşacaqdır".

Ümumən, əsərin yuxarıda qeyd edilən və "Demokratik sistemi təkmilləşdirərkən: sabitlikdən modernləşməyə doğru", "Sabit sosial sistem qurarkən" və "Oktyabr - 2008: güclü dövlət modernləşmiş iqtisadiyyat və azad vətəndaş" adlı digər bölmələrində akademik Ramiz Mehdiyev zəngin faktlar və elmi-nəzəri mülahizələr əsasında, habelə müasir dünyanın dəyişən geosiyasi reallıqları kontekstində iqtisadiyyatdan demokratiyaya, sabitlikdən modernləşməyə doğru keçidin xüsusiyyətlərindən bəhs etmiş, güclü dövlət, müasir iqtisadiyyat və azad vətəndaş cəmiyyəti quruculuğunda Prezident İlham Əliyevin misilsiz fəaliyyətinin canlı xronikasını yaratmağa nail olmuşdur.

Akademik Ramiz Mehdiyevin ictimai-siyasi həyatımızın, dövlətçiliyimizin taleyüklü məsələlərinin dərin elmi təhlilini hədəfə almış "İctimai və humanitar elmlər: zaman kontekstində baxış» adlı sanballı əsəri nəşr olunduğu gündən cəmiyyətdə böyük maraqla qarşılanmışdır. Müəllifin konseptual elmi yanaşmalarının, iti fəhminin və dərin müşahidə qabiliyyətinin nəticəsi olaraq ərsəyə gəlmiş və ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunmuş əsərdə əsas diqqət elmin müasir inkişaf tendensiyalarının təyinatı, xüsusilə bu kontekstdə ictimai və humanitar elmlər sahəsində real vəziyyət, mövcud problemlər və onların həlli imkanları, elmlə idarəçiliyin unikal harmoniyasının təmin edilməsi və bu istiqamətdə ayrılmış vəsaitlərin səmərəli istifadəsinə nail olunması kimi vacib məsələlərə yönəlmişdir.

İki fəsildən ibarət olan kitabın giriş hissəsində akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi, habelə "Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir" sərlövhəli müsahibəsi yerləşdirilmişdir. Kitabın birinci və iikinci fəsillərində qeyd olunan məqalənin müzakirəsi ilə bağlı keçirilmiş "dəyirmi masa"lar, habelə müəllif yazıları öz əksini tapmışdır.

Onu da xüsusi olaraq qeyd edək ki, Azərbaycanın ictimai fikrinə, eləcə də onun elminin, təhsilinin problemlərinə həsr olunmuş sanballı əsərləri ilə bu sahələrin inkişafına böyük töhfələr vermiş akademik Ramiz Mehdiyevin sözügedən tədqiqatından irəli gələn bütün müddəalar, proqram xarakterli vəzifələr uğurla realizə olunmaqda, gerçək həyatda əksini tapmaqdadır.

Heç şübhəsiz, müəllifi olduğu digər sanballı əsərləri kimi, bu tədqiqatı da ümummilli lider Heydər Əliyevin misilsiz irsinin öyrənilməsinə akademik Ramiz Mehdiyevin töhfəsi kimi olduqca dəyərlidir.

Qədirbilən oxucunun diqqətinə təqdim olunan bu yazıda akademik Ramiz Mehdiyevin dahi şəxsiyyət Heydər Əliyevin unikal ideya-siyasi irsinin öyrənilməsi və təbliği sahəsində geniş və çoxtərəfli fəaliyyətinin bəzi cəhətlərini şərh etməyə cəhd göstərdik. Eyni zamanda, belə bir qənaətə gəldik ki, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən inamla və yaradıcılıqla həyata keçirilən dövlət siyasəti Azərbaycanın müstəqilliyinə, modernləşməsinə, xalqımızın xoşbəxt gələcəyinə köklənmiş bir siyasətdir və görkəmli filosof, akademik Ramiz Mehdiyevin tədqiqatları bu siyasətin diqqətəlayiq sosial-fəlsəfi salnaməsidir.

 

 

Əlikram ABDULLAYEV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının rektor əvəzi, fəlsəfə

elmləri doktoru, professor

 

Elman NƏSİROV,

Dövlət İdarəçilik Akademiyasının

Geostrateji Araşdırmalar Mərkəzinin

direktor müavini, tarix elmləri namizədi,

dosent

 

Xalq qəzeti.- 2011.- 16 aprel.- S. 7-8