"Soyqırımı
abidəsinin dastanı"
Bu günlərdə
"Aktyor evi"nin səhnəsində türk yazarı Zihni Papaqçının "Soyqırımı
abidəsinin dastanı" əsərinin tamaşası kecirildi. C.Cabbarlı
adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrının tamaşaya qoyduğu bu pyesin ideya
müəllifi İrşad
Əliyev, baş məsləhətçisi
Hidayət Orucov, şeir və
tamaşanın müəllifi əməkdar mədəniyyət
işçisi İftixar
Piriyev, məsləhətçisi Seyfəttin
Ayakyay, rejissoru Hacıbaba Məmmədov, bəstəkarı Muxtar Abseynov, musiqi tərtibatçısı isə Çingiz Xəlilovdur.
Tamaşa
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümünə həsr
olunmuşdur. Zihni Papaqçı bu əsərdə ermənilərin
qondarma türk genosidi məsələsinə tarixi faktlara əsaslanaraq
tutarlı və dolğun cavab verməyə
çalışmışdır. Zaman axarında ermənilərin
azərbaycanlıların başlarına gətirdikləri
müsibətləri, eləcə də onların necə
silahlanmaları, 12-13 yaşlı uşaqların xaç
suyuna salınmaları, türkləri qırmaq
üçün kecirdikləri andiçmə mərasimləri,
daşnak ideologiyalı müxtəlif erməni partiyalarının
yaranması, zorla məscidə doldurularaq diri-diri
yandırılan türklərin kürəyinə qaynar samovar
baglanan Aşıq Nəcəfin taleyi və bu kimi digər vəhşilikləri
müəllif ustalıqla qələmə almışdır.
İstedadlı rejissor fantaziyası və gözəl aktyor
oyunu sayəsində tamaşa dolğun və təsirli
alınmışdır.
Ən
çətin məqamlarda Nuru Paşanın öz qoşunu ilə
Azərbaycana gəlməsi, türk və Azərbaycan
xalqlarının əbədi dostluğunun bu tamaşada öz
əksini tapması da rejissor işinin uğurudur. Tamaşanın
premyerası martın 30-da Beyləqan rayonundakı
"Soyqırımı abidəsi" meydanında
açıq havada oynanılmışdır.
Xalq
artistləri Elmira İsmayılova - nənə, Tamilla
Abdullayeva - ana, əməkdar artistlərdən Vidadi Əliyev
- dədə, Vaqif Kərimov - ata və digər aktyorların
oyunları alqıslarla qarşılandı. Bu əsər
türk yazarı Zihni Papaqçının İrəvan
teatrında səhnəyə qoyduğu sayca ikinci pyesidir. İki
il bundan öncə İrəvan teatrı türk teatrı ilə
birgə "Çanaqqalaya can verənlər" əsərini
tamaşaya qoymuşdur. İstanbulda və Türkiyənin bir
neçə şəhərində uğurla oynanılan
tamaşa Çanaqqalada döyüşmüş, qəhrəmanlıq
göstərmiş, iki mindən çox şəhid olmuş
azərbaycanlıların həyatından, Çanaqqala hadisəsindən
bəhs edir.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 8.