Azərbaycan və
Türkiyəni birləşdirən kitab
Dövlət müstəqilliyimizin bərpasının iyirmi ili tamam
olmaqdadır. Bu illər
ərzində elmin, mədəniyyətin,ictimai-siyasi
həyatın bütün
sahələrində bir
sıra mühüm nailiyyətlər
əldə edilmişdir.
Həmin dövrdə
Azərbaycan dilinin dövlət
dili statusu alması, yeni təhsil sisteminin
yaradılması, birbaşa beynəlxalq əlaqələrin
genişlənməsi dildən, dil vahidlərindən yerli-yerində, düzgün istifadəni də aktuallaşdırmış, zəruri etmişdir.
Onu
da qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan
dövlətinin dil siyasətinin müəyyənləşməsində
ümummilli lider Heydər Əliyevin "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında" 18 iyun
2001-ci il tarixli fərmanı mühüm rol
oynamışdır. Məhz bu fərmandan sonra dilimizin istifadə
dairəsi daha da genişlənmiş, ona dövlət dili kimi
dövlət qayğısı artırılmış,
ölkəmizdə digər elm sahələrində olduğu
kimi terminologiya sahəsində, lüğətçiliyin
inkişafı istiqamətində mühüm işlər
görülmüşdür.
Elmi-texniki
tərəqqi, ictimai-siyasi həyatın ahəngdar inkişafı
dilimizin terminoloji sisteminin ardıcıl olaraq inkişafına
və təkmilləşməsinə təsir göstərir.
Eyni zamanda, Azərbaycan dilinin lüğət tərkibində
müəyyən yeniləşmə baş verir. Bu, hər
şeydən əvvəl, Azərbaycan dilinin başqa dünya
dilləri ilə birbaşa əlaqələri ilə
bağlıdır. Əgər əvvəllər Azərbaycan
dilinə əcnəbi sözlər əsasən rus dili vasitəsilə
keçirdisə, indi alınmalar dilimizə vasitəçi
dil olmadan birbaşa keçir. Bu proses, yəni Azərbaycan
dilinin başqa dillərlə əyani əlaqəsi
lüğətlərin tərtibinə də təsir edir. Belə
ki, əvvəllər əsasən, rusca-azərbaycanca, azərbaycanca-rusca
lüğətlərin tərtibi prioritet sahə hesab
olunurdusa, indi ingilis, türk, alman və s. dillərdən Azərbaycan
dilinə tərcümə lüğətlərinin tərtibi
aktuallaşmış, günümüzün
reallığına çevrilmişdir.
Qeyd
etmək lazımdır ki, bu müddət ərzində elmin
bir çox sahələrinə aid altmışa yaxın
terminoloji lüğət nəşr olunmuş, eyni zamanda, bir
sıra lüğət kitablarının virtual variantları
hazırlanmış, internet saytlarına yerləşdirilmişdir.
Onların arasında həcmcə çox böyük
izahlı, iki və üç dilli lüğətlərdən
daha çox diqqəti cəlb edən "Neft və qaz
üzrə rusca-azərbaycanca-ingiliscə terminoloji lüğət"(2001,
754 səh.); "Rusca-azərbaycanca izahlı texniki terminlər"(2004,
774 səh); "Rusca-azərbaycanca dəmiryol nəqliyyatı
terminləri lüğəti" (2004, 671 səh.);
"İzahlı diplomatiya terminləri lüğəti"
(2004, 283 səh.); "İzahlı geologiya terminləri
lüğəti" (2006, 686 səh.); "İngiliscə-azərbaycanca-rusca
aviasiya terminləri lüğəti" (iki cilddə 2008,
1600 səh.); "Mediada işlənən alınma sözlərin
izahlı lüğəti" (2010, 256 səh.) və s.kimi
fundamental əsərləri xüsusilə qeyd etmək
lazımdır.
Elmi-mədəni
həyatımızda xüsusi əhəmiyyətə malik
olan belə lüğətlərdən biri də tibb elmləri
doktoru Akif Bağırovun "Şirvannəşr" nəşriyyatında
bu yaxınlarda işıq üzü görmüş 544 səhifəlik
"Türkcə-azərbaycanca izahlı tibb lüğəti"
kitabıdır(rəyçi filoloji elmlər doktoru, professor Əsgər
Rəsulovdur).
Tərtibçinin
də qeyd etdiyi kimi, çağdaş dövrümüz
bütün türk xalqlarının, xüsusilə Türkiyə
və Azərbaycanın hərtərəfli inteqrasiya
dövrüdür və təbiidir ki, bu dövrdə ilk
növbədə əsas ünsiyyət vasitəsi olan ortaq
türk dilinin formalaşdırılması istiqamətində
zəruri ehtiyacın nəticəsi olaraq yaxınlaşmalar
geniş vüsət almışdır.
Ortaq
türk dilinin tərkib hissəsi kimi ümumtürk terminoloji
sisteminin yaradılması məsələsi qarşıda
duran mühüm və təxirəsalınmaz vəzifələrdən
biri kimi qiymətləndirilir.
Bu
ehtiyacı vaxtında hiss edib Azərbaycan və Türkiyə
arasında elmi əlaqələri daha da inkişaf etdirmək
məqsədilə Azərbaycan Tibb Universitetinin urologiya
kafedrasının professoru Akif Bağırov nəcib təşəbbüs
göstərmiş, bu gərəkli lüğət
kitabını hazırlayaraq həkim, tələbə və
tədqiqatçıların ehtiyacını ödəməyə
çalışmışdır. Onu da qeyd edək ki,
insanların can sağlığının keşiyində dayanan,
həkimlik adını ləyaqətlə ucaldan,
işıqlı insan, Akif həkim 1993-1996-cı illər
arasında İstanbul Universitetinin Cərrahpaşa tibb
fakültəsində doktorantura təhsili almış, bu
müddətdə o, nəinki Türkiyə tibb elminin nailiyyətlərini
əxz edib elmi biliklərini artırmış, elmi dərəcə
almış, eyni zamanda, türk dilinin zənginliklərinə
də dərindən yiyələnmişdir. Nəticədə,
uzun illərin böyük zəhmətinin nəticəsi
olaraq belə bir gərəkli kitab meydana
çıxmışdır.
20
mindən artıq tibb terminini əhatə edən bu sanballı
lüğət kitabında təbabət elminə aid
türkcə söz və ifadə əlifba sırası ilə
düzülərək lüğətçilik prinsip və
qaydalarına ciddi əməl olunmaq şərtilə oxuculara
təqdim edilmişdir.
Tibbi
məzmun daşıyan bu zəngin lüğət vahidlərini
tərtib edərkən tərtibçi qaynaq olaraq
rusca-türkcə,ingiliscə-türkcə ikidilli tibb terminləri
lüğətləri, ümumi sözlüklər və
ensiklopediyalarla yanaşı, son illərdə Türkiyədə
nəşr olunan tibbə dair bir çox monoqrafiya və məqalələrdən
də istifadə edilmişdir. Lüğətdə tibbi
terminlərin konkret izahı verilmiş, onların mənaca fərqli
variantları rəqəmlərlə sıralanmış,
oxşar ifadələr isə nöqtəli vergüllə
ayrılaraq göstərilmişdir. Lüğət
kitabında həm türk mənşəli, həm də
Avropa mənşəli alınma tibb terminlərinin Azərbaycan
dilinə tərcüməsi və izahı verilmişdir.
Lüğət
kitabında tərcümə prosesində
qarşılaşdırılan türkcə tibbi terminlər
üzərindəki müşahidələr göstərir
ki, bu sözlərin, demək olar, yetmiş faizi eyni semantik məzmuna
malik olmaqla, kiçik fonetik fərqlərlə Azərbaycan
dilində də eyni şəkildə istifadə
olunmaqdadır. Bu da onu göstərir ki, ortaq türk dili
baxımından türk və Azərbaycan tibbi terminologiya
sisteminin birliyini yaratmaq, ümumi elmi ünsiyyəti təmin
etmək, maneələri asanlıqla aradan qaldırmaq yaxın
dövrdə həyata keçirilə bilər. Onu da qeyd edək
ki, bu yaxınlaşma prosesi sürətlə getməkdədir
və həmin tibbi terminlərin izahlı lüğəti də
bu baxımdan üzərinə düşən vəzifəni
uğurla yerinə yetirməkdədir. Kitabın nəşrindən
keçən qısa müddət ərzində mütəxəssislər,
ümumən oxucu kütləsi arasında geniş rezonansa səbəb
olması da dediklərimizi təsdiq etməkdədir.
Bundan
əlavə, kitabda Azərbaycan tibb ədəbiyyatında
qarşılığı olmayan və ya nadir istifadə edilən
termin və ifadələrin qısa izahlı
qarşılığı təqdim edilmişdir.Türkcədə
sinonim sözlər yazılışca bənzər olduqda eyni
qrafada, fərqli isə müvafiq yerlərdə təqdim
edilmişdir.
Bu
qiymətli lüğət kitabının diqqəti cəlb
edən cəhətlərindən biri də ondan ibarətdir
ki, buraya türk tibb ədəbiyyatında çox rast gəlinən
bir sıra qeyri-terminoloji vahidlər, xalq dilindən gələn
ümumişlək sözlər də daxil edilmişdir. Məsələn,
fena ümumişlək sözdür, ilk baxışda tibb sahəsi
ilə əlaqəsi hiss edilmir, amma fenalaşmak artıq
sıx şəkildə səhiyyə sahəsi ilə
bağlı olan bir leksik vahiddir ki, tərtibçi bu tip
ümumişlək sözləri lüğətə daxil etməklə
çox düzgün hərəkət etmişdir. Və yaxud
lüğətdə verilmiş türkcədəki
"fizik" sözü fizika elminin adı kimi işlənməklə
yanaşı, onun "fizik tedavi" söz birləşməsində
təqdim etməsi (fizioterapiya), həmin terminin tibbi məzmununa
geniş şəkildə məna çalarları verərək
onun 1. həkimlik, tibb elmi, 2. dərman, işlədici dərman,
3. bağırsaqları işlədici dərman vermək kimi
məna spektrini nəzərdən qaçırmamış,
onları geniş şəkildə
açıqlamışdır.
Ümumiyyətlə,
tibb elmləri doktoru Akif Bağırovun "Türkcə-azərbaycanca
izahlı tibb lüğəti" kitabı Azərbaycan-Türkiyə
tibb ictimaiyyəti və geniş oxucu kütləsi
üçün çox dəyərli bir töhfədir.
Əbülfəz QULİYEV,
AMEA-nın müxbir üzvü,
professor, AMEA Naxçıvan
Bölməsi İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun direktoru
Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 8.