Corat daha abad və gözəl olacaq

 

Sən demə, dünyada Corat adında iki qəsəbə varmış: biri uzaq Tailandda, digəri isə Abşeron yarımadasında yerləşir. Bizim Coratın səsi eramızın IV-VII əsrlərindən gəlir. Ötənlərdə Abşeronu şimaldan gələn quldur gəmilərinin basqınlarından qorumaq üçün burada ucaldılmış müdafiə sədləri, qala və qəsrlər arasında Cürət qalasının da adı çəkilir. Vaxtilə bu adda qəbilə də mövcud olub.

 

Corat ərazi cəhətdən Abşeronun ən iri kəndlərindən idi və Böyük İpək yolunun üzərində yerləşirdi. El arasında bu yola Karvan yolu, El yolu da deyilib. Coratda yeddi karvansara fəaliyyət göstərib.

Bakının tarixinə dair sənəd toplularının birində 1813-cü il aprelin 30-da qədim şəhərin 37 ətraf kəndindən xəzinəyə daxil olan gəlirlər və əhalinin sayı haqqında siyahıda 10-cu sırada Coratın adı çəkilir və göstərilir ki, bu kəndin 88 sakini dövlət xəzinəsinə 114 manat 40 qəpik vergi ödəyib. Kəndi seçilmiş kəndxuda idarə edirmiş. Hələ XIX əsrdə gəmi ilə İrana, Rusiyaya mal daşıyan tacirlər arasında Coratdan da zirək adamlar olub. "Əkinçi" qəzeti 1877-ci ildə yazırdı ki, güclü tufan nəticəsində Bakıdan Rusiyaya 950 baş qoyun aparan coratlı tacirin gəmisi Xəzərdə batmışdır.

Coratda çoxlu qədim abidələr vardı. Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları... Vaxtilə buradakı daş kitabələrdən biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Başqa bir kitabə isə Bakıya, Qız qalasının yanındakı daş "qardaş"larının yanına aparılaraq turistlərə nümayiş etdirilir. Təəssüf ki, Coratın "yaddaş" nişanələrinin əksəriyyəti artıq yoxdur, qalanın da əsaslı təmirə ehtiyacı var.

Bu gün Bakı və Sumqayıtın sürətli inkişafından bir qədər kənarda qalan ətraf qəsəbələrin abadlaşdırılması dövlət başçımızın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə bu barədə ətraflı danışılıb. Ölkə rəhbəri qəsəbələrin problemlərinin həlli ilə bağlı qarşıya mühüm vəzifələr qoyub, müvafiq tapşırıqlar verib. Artıq paytaxtın bütün rayonlarının kənd və qəsəbələrində yenidənqurma tədbirlərinə başlanıb. Bununla əlaqədar müvafiq proqram da hazırlanır.

Bu yaxınlarda Sumqayıta yeni rəhbərlik təyin edildikdən sonra dövlət başçısının sərəncamı ilə şəhərin abadlaşdırılmasına beş milyon manat vəsait ayrılıb. İcra hakimiyyətinin başçısı Eldar Əzizovun Corat qəsəbəsinin ictimaiyyəti ilə görüşündə də vurğulandığı kimi, abadlıq tədbirləri nəticəsində Sumqayıtda ən müasir infrastruktur yaradılacaq, ən yüksək standartlar tətbiq olunacaq və Coratın inkişafı üçün də lazım olan məsələlər öz həllini tapacaqdır.

Qəsəbə mədəniyyət evində təşkil olunan görüşdə şəhər rəhbəri sakinləri salamlayaraq dedi ki, bu, şəhər fəallar yığıncağından sonra keçirilən ilk belə tədbirdir. Çünki, təyinat zamanı möhtərəm Prezidentin mənə verdiyi tapşırıqlar sırasında qədim, köklü yaşayış məntəqəsi olan Coratın sosial-iqtisadi inkişafına diqqəti artırmaq xüsusi yer tutur. Hər vasitə ilə buna nail olmağa çalışacağıq. Yaxın illərdə Sumqayıt möhtəşəm bir sənaye şəhərinə çevriləcək. Təkcə ARDNŞ xəttilə burada 10 minədək yeni iş yeri yaradılacaq, Texnologiyalar parkı daha da genişləndiriləcək, sakinlərin, o cümlədən də coratlıların problemləri bir-bir həllini tapacaq. Dənizkənarı park müasir layihə üzrə qurulacaq, orada beşulduzlu otel tikiləcək və s.

"Açıq mikrofon" formasında davam edən görüşdə qəsəbə ziyalısı Dostuxanım Zülfüqarova şəhərin yeni rəhbərliyinin Sumqayıtda bütün vacib məsələlərə, abadlıq və quruculuq işlərinə prinsipial işgüzarlıqla yanaşmasını qeyd edərək dedi ki, Coratın yol, kanalizasiya və işsizlik kimi problemlərinin, bir də ağrılı məsələ - sosial bəla sayılan narkomaniyanın aradan qaldırılması üçün səylər artırılmalıdır.

Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov məlumat verdi ki, son üç ayda narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində yaxalananlardan 16 nəfəri Corat sakini olub, 7 kiloqramadək narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. "Ağ ölüm"ün kökünü kəsməkdən ötrü onun yayılma mənbələri məhv edilməli və əhali arasında maarifçilik işi daha da gücləndirilməlidir.

Corat gəncləri adından çıxış edənlər burada əhalinin məşğulluğunun təmin edilməsinin, idman meydanlarının yaradılmasının elə narkomaniyaya qarşı təsirli tədbirlərdən olacağına diqqəti cəlb etdilər. Gizli deyil ki, asudə vaxt problemi bəzən xoşagəlməz vərdişlərə meydan açır.

Qəsəbə 7 nömrəli orta məktəbinin müəllimi Xanım Əliyeva hamam və Cümə məscidi kimi qədim abidələrin tezliklə bərpa olunaraq turizm marşrutlarına daxil edilməsi zərurətini nəzərə çatdırdı. Ağsaqqal Rüstəm Əliyev şəhər rəhbərliyinin Sumqayıtı inkişaf templərinə görə Bakıya çatdırmaq məramını alqışlayaraq bildirdi ki, Coratda müasir üslubda tikilən iri ticarət mərkəzinə tələbat var. 15 minədək əhalisi olan qəsəbədə fabrik və ya kiçik sexlər açılsa, daha yaxşı olar. Hansı balansda olduğu bilinməyən istifadəsiz binalara da əncam çəkilməlidir.

Müəllim Nübar Kərimova, Hacı Məzahir Quliyev, Kənan Əliyev və başqaları da Coratın mövcud problemlərindən danışdılar. Məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin əsaslı təmirləri, küçələrdə səkilərin, piyada yollarının qaydaya salınması, işıqlandırma, kükürdlü quyu suyu ilə işləyən köhnə hamamın bərpası, daşınmaz əmlakın dövlət qeydiyyatı, qəsəbədən Bakıya birbaşa avtobus marşrutunun açılması kimi məsələlər bu qəbildən idi.

Şəhər icra hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsi Cəmil Quliyev indiyə qədər görülmüş işlərdən danışaraq, qaldırılan məsələlərlə bağlı fikirlərini açıqladı, sakinlərin tənqidi qeydlərinə münasibətini bildirdi.

Görüşdə Sumqayıtın bütün idarələrinin, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Yeri gəldikcə onlar da bu və ya digər məsələ ilə bağlı izahat verdilər, problemlərin həlli üçün əllərindən gələni edəcəklərini söylədilər.

İcra hakimiyyətinin başçısı Eldar Əzizov işgüzar müzakirələrə qoşulduqlarına görə sakinlərə minnətdarlıq edərək bildirdi ki, müəyyən işlər görülsə də, Coratda indiyə kimi mövcud potensialdan səmərəli istifadə edilməyib, təşəbbüskarlıq yetərli olmayıb, bəzi hallarda isə vətəndaş müraciətlərinə biganə yanaşılıb. Buna görə də problemlər çoxalıb. İndi vəzifə əlbir səylərlə məsələlərin ardıcıl həllinə çalışmaqdan, adamların güzəranını, rahatlığını tam təmin etməkdən ibarətdir. Dövlətimiz get-gedə qüdrətlənir və onun qarşısında həlli mümkün olmayan məsələ yoxdur. Səslənən arzu, təklif və tələblərin hamısı nəzərə alınacaq, götür-qoy ediləcək və fəaliyyət planına daxil olunacaq. Corat sakinləri artıq növbəti görüşdə bunun əməli nəticələrini görə biləcəklər.

Nəhayət, əlavə edək ki, qədimliyi ilə tarixə meydan oxuyan, sözügedən görüşdə isə bir müəllimin obrazlı şəkildə "Sumqayıtın anası" adlandırdığı Corat qəsəbəsi iki dəfə - 60-cı və 80-ci illərdə sökülmək və ləğv olunmaq təhlükəsi ilə üzləşib. Tarixə xor baxan, qədim qəsəbəni şəhərə qatıb əritmək istəyən "novator" məmurlar burada yeni mikrorayon salmaq eşqinə düşüblər. Vətənpərvər ziyalılar hər dəfəsində etiraz səslərini ucaldaraq qətiyyət göstərib və buna yol verməyiblər. Təhlükə sovuşandan sonra Yeni Corat tikilərək böyüyüb. Hətta 1984-85-ci illərdə bu məsələ ilə əlaqədar köhnə üslubu saxlamaqla qəsəbənin yenidən qurulması üçün Ümumittifaq müsabiqəsi elan edilib və eston memarların "Qızıla məhəbbət" layihəsi bəyənilib. Lakin sonrakı ictimai-siyasi təbəddülatlar, formasiyanın dəyişməsi səbəbindən həmin layihə həyata keçirilməyib.

İndi Coratın üstünə təzədən, necə deyərlər, gün düşməkdədir. Ölkə rəhbərliyi paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına ciddi önəm verir. Sumqayıtda da bu istiqamətdə işgüzar səylər göstərilir. İnanırıq ki, Corat da layiq olduğu diqqət və qayğı ilə əhatə ediləcək. Qədim qəsəbənin "qırışıq" çöhrəsi, nəhayət, təbəssümlə işıqlanacaqdır.

 

 

Əli NƏCƏFXANLI,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 6.