Nərimanov rayon gəncləri nümunə göstərirlər

 

Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının təmin olunması abadlıq-quruculuq işlərinin də xeyli sürətlənməsinə imkan yaratmışdır. Yurdumuza yazın gəlişi ilə əlaqədar ağacəkmə kampaniyaları, yaşıllıqların salınması işləri getdikcə vüsət alır. İndi ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada geniş miqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma tədbirləri həyata keçirilməsin. Bütün bu kimi işlər isə öz növbəsində şəhər və rayonlarımızın simasının günbəgün dəyişməsinə, gözəlləşməsinə gətirib çıxarır.

 

Sirr deyil ki, yaşıllıq zolaqları salınmadan, ağaclar əkilmədən abadlıq-quruculuq işlərinin keyfiyyətindən, ekoloji mühitin sağlamlaşdırılmasından söhbət belə gedə bilməz. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında ölkə Prezidenti İlham Əliyev "Ekologiya ili"nin rəsmən başa çatmasına baxmayaraq, ağacəkmə, yaşıllıqların salınma işlərinin davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Artıq ölkənin bütün şəhər və rayonlarında dövlət başçısının bu mühüm məsələ ilə bağlı verdiyi tövsiyə və tapşırıqların icrası istiqamətində geniş miqyaslı işlərə başlanmışdır.

Paytaxtın Nərimanov rayonunda da bu vacib məsələyə xüsusi diqqət yetirilir. Artıq yazın ilk günlərindən etibarən rayonun N.Yusifbəyli, Həsənoğlu, Vaqif küçələrində, eləcə də Heydər Əliyev prospekti boyunca xeyli sayda ağac və bəzək kolları əkilmiş, mövsümlə əlaqədar bütün mövcud yaşıllıqlara qulluq göstərilmişdir.

Dünən rayon ərazisində növbəti şənbə iməciyili də yeni ağacların əkilməsi, yaşıllıq zolaqlarının salınması ilə əlamətdar oldu. Xatırladaq ki, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının gənclər birliyi ilə rayon icra hakimiyyətinin birgə reallaşdırdıqları tədbir yüksək ruh yüksəkliyi şəraitində keçdi. Azərbaycan Dövlət İqtisad Universitetinin Nərimanov rayonu ərazisində yerləşən tədris korpusunun arxasındakı 9 hektar sahədə yeni yaşıllıq zolağının salınması üçün hazırlanmış ərazidə İtaliyadan gətirilmiş 150-dən artıq leylandra ağacı əkildi, onlara ilkin qulluq göstərildi. Xatırladaq ki, yaxın illərdə rayonun ən böyük yaşıllıq zolağına çevriləcək bu ərazidə ötən müddətdə iki mindən artıq ağac əkilmişdir. Yeni salınmış yaşıllıq zolağına lazımi qulluq göstərilməsi, ağacların vaxtlı-vaxtında suvarılması üçün ərazidə iki artezian quyusu qazılmış, eyni sayda iri tutumlu su anbarları tikilib istifadəyə verilmişdir. Gələcəkdə isə bu ərazidə daha 12 hektar sahədə yaşıllıq zolağı salınacaq, burada sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılacaq.

YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin sədri Yusif Babanlı dedi: - Məlum olduğu kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizdə yaşıllıqların salınması, yeni ağacların əkilməsini bütün təşkilatların qarşısında bir vəzifə olaraq qoymuşdur. Biz gənclər də dövlət başçısının bu nəcib təşəbbüsünü bəyənir və dəstəkləyirik. Yaxşı bilirik ki, ölkəmizdə, paytaxtımızda ekoloji mühitin sağlamlaşdırılması məhz yaşıllıqların salınmasından çox asılıdır. Bu, həm də gələcək nəsillərin sağlamlığı, firavanlığı deməkdir. Onu da qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz ölkə gənclərinə həmişə xüsusi diqqət və qayğı göstərir, onların ən müasir səviyyədə təhsil almaları, cavan nəslin sağlamlığının təminatı üçün əlindən gələni edir. Məhz buna görə də biz gənclər də dövlət başçısının bu diqqət və qayğısına əməli işimizlə cavab verməyə, onun irəli sürdüyü nəcib təşəbbüsləri dəstəkləməyə borcluyuq. Elə gördüyünüz kimi, rayonumuzun gənclərinin bugünkü ağacəkmə kampaniyasında həvəslə iştirak etmələri də məhz bu istəkdən irəli gəlir. Fürsətdən istifadə edib üzümü dağıdıcı, radikal müxalifət nümayəndələrinin arxasınca getmək istəyən həmyaşıdlarımıza, gənclərə tutub demək istəyirəm ki, onlar ölkəmizdə sabitliyi, ictimai asayişi pozmağa yönəldilmiş cəhdlərə, qanunsuz çağırışlara qoşulmaqdansa, belə nəcib işlərdə yaxından iştirak etsinlər. Çünki ağac əkmək həm də nəcib iş, savab əməl sayılır...

Yeri gəlmişkən, gənclər birliyi üzvlərinin, rayon ərazisində yerləşən ali və orta ixtisas məktəbləri tələblərinin iştirakı ilə keçirilən iməcilikdə Nərimanov Rayon İcra Hakimiyyətinin, idarə və müəssisələrin kollektivləri də xüsusi fəallıqları ilə seçilirdilər. Yeni Azərbaycan Partiyasının üzvü olan rayon gənclərinin bu nəcib təşəbbüsünü yüksək dəyərləndirən icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev də ərazidə bir neçə ağac əkdi.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 6.