Bir bahar günü

 

Söhbət Ağdamın cəbhə xəttində yerləşən kəndlərinin yaz qayğılarından gedir

 

İlin bu çağlarında Qarabağ çöllərindən nə göz doyur, nə də könül. Az qala, üfüqlərə qədər uzanan torpaq, elə bil ki, dil açıb danışır: əlvan xalıları xatırladan rəngbərəng ətirli gülləri, çiçəkləri ilə...

 

Uzaqda bu çölləri üzük kimi dövrəyə alan dağlar görünür. İndi o dağlara gedən yollar bağlıdır. Gör neçə illərdir ki, o dağlar yağı əlindədir. Ancaq indi bu bahar günlərində Xındırıstandan çıxıb üzü Murova tərəf gedəndə, nədənsə, mənə elə gəldi ki, dağlar lap yaxındadır, hətta əl uzatsan çatar...

Qəlbimi bürüyən, belə xoş duyğularla və ümidlə Ağdamın cəbhə xəttinə ən yaxın kəndlərindən birinə - Təzəkəndə gəlirik. Yol yoldaşım - rayon icra hakimiyyəti başçısının müavini Allahverən Əliyevi çoxdan tanıyıram. Əvvəllər müxtəlif rəhbər vəzifələrdə çalışıb. Təcrübəli mütəxəssis, obyektiv, prinsipial insan kimi rayon əhalisi arasında böyük hörməti var. Əsas cəhəti odur ki, adamlarla dil tapmağı, onları öz ardınca aparmağı bacarır. Görünür, elə ona görə, az qala, hər addımda maşını saxlayır, sahədə, iş üstündə olan adamlarla görüşürdü. İşin gedişi ilə maraqlanır, məsləhət və tövsiyələrini verirdi.

Təzəkənd cəbhə xəttində Ağdamın ən təhlükəli kəndlərindən biridir. Erməni tərəfi elə bir gün olmur ki, atəşkəs rejimini pozmasın, dinc əhaliyə güllə atmasın. Ancaq bu, yerli əhalinin əlini işdən soyutmur. Onlar ayaqlarını doğulub-böyüdükləri bu torpağa daha möhkəm dirəyir, əkib-becərir, özlərinə gün-güzəran qurur, sabaha inam və ümidlə baxırlar.

Allahverən müəllim bu yerlərin hər qarışına yaxşı bələddir. Maşından düşən kimi ensiz kənd yolu ilə geniş sahəyə tərəf addımladı. Bizi burada Etibar Hacıyev qarşıladı:

- Bu il istilər erkən düşdü, bahar həmişəkindən tez gəldi. Ona görə əkinə-becərməyə də tez başlamışıq. Gördüyümüz kimi, hamı sahədə, iş üstündədir.

- Narahatlıq, təhlükə yoxdur ki?

- Əslində, təhlükə hər gün var. Düşmənə bel bağlamaq, etibar etmək olmaz. Namərd elə namərddir. Ancaq bu, bizim əlimizi-qolumuzu soyuda bilməz. Çörəyimiz, dolanışığımız bax bu çöllərdən çıxır. Taxılımızı da, tərəvəzimizi də, meyvəmizi da, ətimizi də, yağımızı da özümüz istehsal edirik.

Əkin sahələri, örüş yerləri düşmənlə üz-üzədir, güllə məsafəsindədir. Dəfələrlə bu yerlərdə kənd sakinlərinə atəş açıblar, ölənlər, yaralananlar olub. Ancaq heç vaxt qorxub geri çəkilməyiblər.

Yolumuz Çəmənli kəndinədir. Burada da tanış mənzərənin şahidi olduq. Hansı sahəyə baş çəkdiksə, bir qarış da olsun, əkilməmiş boş yer görmədik. Öyrəndik ki, Cəfər Mahmudov uzun illər təsərrüfatda çalışıb. İndi rayonun ən qabaqcıl fermerlərindən hesab olunur. Pambıq da əkir, taxıl da, tərəvəz də. Ancaq əsas diqqəti taxılçılığa yönəldib. Bu barədə danışarkən dedi:

- Son illər taxılçılığa diqqət və qayğının artması bu sahənin sürətli inkişafına böyük təsir göstərmişdir. Elə ona görə də taxıl əkini sahələrini xeyli genişləndirmişik. İndi fermer təsərrüfatının üzvləri öz istehsalımızla illik taxıl ehtiyacını ödəyə bilirlər. Sahələrimizin hazırkı vəziyyəti yaxşıdır. Əkin də, becərmə də, ziyanvericilərə qarşı mübarizə tədbirləri də vaxtında və keyfiyyətlə aparılmışdır. İnanırıq ki, builki məhsul əvvəlkindən çox olacaqdır.

Qaradağlı kəndi də Ağdamın cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrindən biridir. Ancaq nə güllə səsi, nə namərd erməni hücumu kənd sakinlərinin iradəsini qıra bilmir. Rima Mustafayeva əlini qabağa - Ağdamın hələ də işğal altında olan ərazisinə tərəf uzadır:

- Ermənilər 2 gündür ki, hərbi təlimlərə başlayıblar. Top-tüfəng səsi aydın eşidilir, hərbi maşınların, tankların hərəkətlərini izləyə bilirik. Elə bil ki, onlar bununla bizdə qorxu və vahimə yaratmaq istəyirlər. Ancaq nahaq yerə. Biz gecə-gündüz öz evimizdə, öz torpağımızdayıq.

Rima Mustafayeva bir məsələyə də toxundu. Dedi ki, torpaqlarımızın böyük bir hissəsi düşmən tapdağı altındadır. Deməli, əlimizdə olan sahələrdən maksimum istifadə etməli, əsas diqqəti məhsuldarlığın artırılmasına yönəltməliyik.

Yeri gəlmişkən, qeyd edək ki, son illər Ağdam rayonunda genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri həyata keçirilir. Məhsul istehsalı artır, həyat səviyyəsi yüksəlir. Belə bir fakt göstərək ki, indi rayon mərkəzi Quzanlı qəsəbəsi öz simasını əsaslı şəkildə dəyişmiş, daha abad və yaraşıqlı olmuşdur. Qısa müddət ərzində onlarla müxtəlif təyinatlı obyekt tikilib istifadəyə verilmişdir.

İqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı da dinamik inkişaf edir. Cari ildə rayon üzrə 22187 hektar sahədə taxıl əkilmişdir ki, bu da əvvəlki illə müqayisədə 236 hektar çoxdur. Yonca, tərəvəz, çuğundur əkini sahələri də artırılmışdır. İlin birinci rübündə 662 ton ət, 6510 ton süd, 1 milyon 350 min ədəd yumurta və s. istehsal edilmişdir. Bu rəqəmlər nəzərdə tutulduğundan xeyli çoxdur.

Biz rayonun Əfətli, Mahrızlı, Zəngişalı, Əhmədağalı və başqa kəndlərində də olduq, adamlarla görüşdük. Hər yerdə də eyni mənzərənin, yüksək əhval-ruhiyyənin şahidi olduq. Cəbhə xəttində, hər gün atışma və hücum təhlükəsi altında yaşamalarına baxmayaraq kənd sakinləri heç nədən çəkinmir, sabaha ümidlə baxırlar.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 5.