Qazax:
inkişafın yeni mərhələsi
Qazax şəhəri. İndi onun müasir
görkəmi, yolu, park və xiyabanları buradan təsadüfən
yolu düşənləri deyil, qazaxlıların özlərini
də sevindirir. Şəhər durmadan gözəlləşir,
abadlaşır. Bu isə təsadüfi deyil. Qazax 2010-cu ili də
uğurla yola saldı. Amma "2009-2013-cü illər üzrə
Dövlət Proqramı"nın rayonda həyata keçiriləsi
tədbirləri hələ çoxdur. Məsələn,
müasir tələblərə cavab verən Konserv zavodunun
tikintisinə başlanılmışdır. Bu zavod Qazax şəhərində
Qərb bölgəsinin rayonlarının və qonşu
Gürcüstan Respublikasının azərbaycanlılar
yaşayan ərazisində əhalinin istehsal etdiyi kənd təsərrüfatı
məhsullarını emal etmək gücünə malik
olacaqdır.
Su təchizatı
və kanalizasiya sisteminin yenidən qurulması
üçün Dünya Bankının maliyyə dəstəyi
hesabına Qazax şəhərinin hazırlanan layihə-smeta
sənədləri yekunlaşmışdır. Həmin
işlər üzrə tikintinin başlanması yaxın
vaxtlarda nəzərdə tutulmuşdur. Kür
çayının daşmasının
qarşısının alınması üçün onun bəzi
ərazilərinin sahil-bərkidici bəndlərində tikinti
quraşdırma işləri davam etdirilir.
Təhsilə diqqət və qayğı səngiməyib. Rayonun Birinci Şıxlı və Qaymaqlı kəndlərində hər biri 220 şagird yeri olan yeni məktəb binaları, Qazax şəhərində Milli Təhlükəsizlik Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbələri üçün yeni inzibati binalar tikilib istifadəyə verilmişdir. Daxili imkanlar hesabına rayonun Canalı kəndində müasir standartlara cavab verən 20 yerlik yeni uşaq bağçası, Alpout və Xanlıqlar kəndlərində isə həkim məntəqələri inşa olunmuşdur. Cəfərli kəndində 24 yerlik uşaq bağçasının tikintisi davam etdirilir. Qazax şəhəri 1, 2 və 5 saylı tam orta məktəblərində və məktəb-liseydə, rayonun Alpout, Dəmirçilər, Qaymaqlı və Fərəhli kənd tam orta məktəblərində istilik sistemləri yenidən qurulmuşdur. Ağköynək, Kəmərli, Daş Salahlı 1 №-li tam orta məktəblərində və Birinci Şıxlı orta məktəbində istilik sistemləri qurulmuşdur. Birinci Şıxlı kəndində 3 mərtəbəli yeni məktəb binasının tikintisi başa çatdırılmışdır. Yuxarı Salahlı kəndində xalq şairi S.Vurğunun poeziya evində beynəlxalq standartlara uyğun olaraq əsaslı təmir işləri aparılmış və yeni eksponatlarla zənginləşdirilmişdir. Qazax-Sınıq körpü magistral yolunun ətrafı daim nəzarətdə saxlanılır. Yol kənarında olan stend və reklam lövhələri dəyişdirilmiş, müasir tələblərə cavab verməyən obyektlərin əksəriyyəti sökülmüş, qalanlarının isə yenidən qurulması üçün müvafiq tapşırıqlar verilmişdir. Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Sınıq Körpü buraxılış-keçid məntəqəsinədək olan 600 metrlik yolun hər iki tərəfini rayonun daxili imkanları hesabına abadlaşdırılması, yeni, milli-memarlıq üslubunda qala divarlarının inşası, yaşıllıq, abadlıq işləri bu yerlərin görkəmini tamamilə dəyişdirmişdir.
Son illərdə sahibkarlığın inkişafına dövlət dəstəyi artırılır. Kənd təsərrüfatı məhsullarının Bakıdakı satış yarmarkalarına göndərilməsi davam etdirilir.
Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir. Təqaüdlərin, ünvanlı sosial yardımların və müavinətlərin vaxtında ödənilməsinə nəzarət edilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanına əsasən sosial müavinətlərin məbləği artırılmışdır. Bu, Çernobıl qəzasında zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün verilən birdəfəlik müavinətin artırılması, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqəsinə, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğının göstəricisidir. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qazax şəhərində 2 ədəd 16 mənzilli, 1 ədəd 24 mənzilli yaşayış binasının, üç Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evinin tikilərək istifadəyə verilməsi onların ölkə başçısına, dövlətimizə, dövlətçiliyimizə inam və ehtiramını artırmışdır. Yeni salınmış yaşayış evlərində yeni sayğaclar quraşdırılmış, əhaliyə qulluq edən 206 ədəd zədəli sayğac yenisi ilə əvəz edilmişdir. Rayonun Quşçu Ayrım, Məzəm, Qaymaqlı sərhədyanı və Dəmirçilər, Birinci Şıxlı kəndlərinin içməli suya olan tələbatını ödəmək məqsədilə artezian quyuları qazılıb istifadəyə verilmiş, bundan əlavə, Məzəm kəndinin yuxarı hissəsində 30 tonluq su anbarı tikilmişdir. Ətrafda olan bulaq suları həmin anbarda toplanaraq kənd sakinlərinin istifadəsinə veriləcəkdir.
Rayonun tibb müəssisələrinin bir çoxunda maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə bloku müasir səviyyədə əsaslı təmir edilmiş, yeni avadanlıqlar və narkoz aparatı ilə təchiz edilmişdir. Qazax rayonlararası Ruhi xəstəxanası Respublika Səhiyyə Nazirliyinin xəttilə yeni avadanlıqlarla təmin edilmişdir. Rayonun Doğum evində də əsaslı təmir işləri aparılmışdır.
Xanlıqlar və Alpout kəndlərində yeni həkim məntəqələri tikilib əhalinin istifadəsinə verilmişdir. Vərəmli, şəkərli diabet və onkoloji xəstələrin erkən aşkar edilərək müayinəyə cəlb olunması işi xeyli yaxşılaşmışdır. Həmin xəstələr dispanser qeydiyyata götürülərək müalicələri təmin edilmişdir. Bu vacib məsələ daim diqqət mərkəzində saxlanılmalıdır.
Uşaqlara tibb xidmətinin səviyyəsi yüksəlmişdir. 2010-cu ildə 947 uşaq üçün elektron sağlamlıq kartı alınmışdır. Yoluxucu xəstəliklərlə mübarizə işinin gücləndirilməsinin nəticəsidir ki, yoluxucu xəstəliklər, o cümlədən malyariya qeydə alınmamışdır. Qazax rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş abidələrin 2001-ci ildə təsdiq olunmuş siyahısında 112 daşınmaz tarix və mədəniyyət abidələri vardır. Maddi-mənəvi irsin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə rayonda mövcud olan tarixi abidələrin qorunması istiqamətində də məqsədyönlü işlər aparılır. Qorunan abidələr texniki baxışdan keçirilir və onların hər birinin vəziyyəti haqqında tərtib olunaraq aktlar fotoşəkillərlə birlikdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinə çatdırılır. Onu da qeyd etmək lazımdır ki, dövlət mühafizəsinə götürülmüş 112 abidədən 15-i (1-i ölkə əhəmiyyətli olmaqla) rayonun işğala məruz qalmış ərazisində yerləşir ki, onların bugünkü vəziyyətindən heç bir məlumat yoxdur.
Son vaxtlar Qazaxda fəaliyyət göstərən ictimai-siyasi birliklər, KİV-lər haqqında informasiya bazasının təkmilləşdirilməsi, toplanmış materialların təhlili istiqamətində işlərə diqqət daha da artırılmışdır. Qazax Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan "Göyəzən" qəzeti ayda iki dəfə olmaqla nəşr edilir, rayonda aparılan tikinti-quruculuq işləri barədə məlumatlar vaxtında və müntəzəm olaraq geniş oxucu kütlələrinə çatdırılır. Azərbaycan Respublikası Prezidenti yanında Mətbuata Dövlət Dəstəyi Fondunun xəttilə qəzetin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə 2010-cu ildə ona 1.000 manat vəsait ayrılmışdır. Ölkə Prezidentinin həyata keçirdiyi siyasətin, gördüyü işlərin, nitqlərinin, imzaladığı fərman və sərəncamların əhali arasında təbliğ olunması və öyrənilməsi üçün rayonda tərkibi 12 nəfərdən ibarət 4 təbliğatçılar qrupu yaradılmışdır. Onlar həftədə bir dəfə əhalinin müxtəlif təbəqələri qarşısında çıxışlar edir, ölkə və rayon rəhbərliyinin fəaliyyəti ilə bağlı məlumatlar verirlər. Bütün bunlar bir daha sübut edir ki, qazaxlılar ölkə başçısının fəaliyyətini dəstəkləyirlər.
Rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynov söhbət zamanı dedi ki, ölkə Prezidentini Qazax rayonuna diqqət və qayğısı, köməyi olmasaydı, biz bu işləri həyata keçirə bilməzdik. Rayonda uşaqdan böyüyə hamı Qazaxın bu günü üçün fərəh hissi keçirir. Bu sərhəd rayonunun inkişafı gələcəyə daha ümidlə baxmağa bizi səfərbər edir.
Başçının sözünə qüvvət. Rayon ağsaqqallarının birilə söhbət edərkən təsadüfən demədi ki, Qazax bu gün sərhədin o tayında səfalət içərisində yaşayanlar üçün göz dağıdır. Rayonun bu günü, güzəranı hamımızı sevindirir.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 5.