Milli mətbuatımızın möhtəşəm abidəsi

 

"Molla Nəsrəddin" - 105

 

Böyük demokrat yazıçı, millətsevər publisist Cəlil Məmmədquluzadənin və onun məslək dostlarının 105 il əvvəl nəşrinə başladıqları və 25 il yaşatdıqları "Molla Nəsrəddin" satirik jurnalı milli mətbuatımızın möhtəşəm abidəsi, azərbaycançılıq məfkurəsinin misilsiz qaynağıdır. Cəlil Məmmədquluzadənin ev muzeyində keçirilən görüşdə "milli varlığımızın ensiklopediyası" adı qazanmış bu nadir nəşr barədə tədqiqatçıların, yazarların, müəllim və şagirdlərin çıxışları səsləndi.

Muzeyin direktoru Pəri Mahmudova demokratik jurnalistika tariximizdə "Molla Nəsrəddin" jurnalının yeri, xalqımızın milli oyanışı və istiqlal mübarizəsində rolu, muzeyin bu zəngin mənəvi irsin öyrənilməsində və çağdaş nəsillərə çatdırılması yönündə gördüyü işlər barədə ətraflı məlumat verdi.

Azərbaycan Dövlət Baş Arxivlər İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayev Cəlil Məmmədquluzadənin naşirliyi və redaktorluğu ilə işıq üzü görmüş "Molla Nəsrəddin" jurnalının və eyni adlı ədəbi-ictimai məktəbin fəaliyyətinin mühüm məqamlarını açıqladı, milli-mənəvi dəyərlərimizin qorunmasında, islahında və zənginləşdirilməsində mollanəsrəddinçilərin xidmətlərini vurğuladı. O, "Molla Nəsrəddin" jurnalını Azərbaycanda yeni milli mədəniyyət, sivil düşüncə, milli toparlanma uğrunda tarixi mübarizənin güclü tribunası kimi səciyyələndirdi.

Bakıdakı 150 nömrəli məktəbin əməkdar ədəbiyyat müəllimi Məlahət Balakişiyeva, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Əli İsmayılov, satirik "Kirpi" jurnalının rəssamı Hafiz, media təmsilçiləri və başqa mollanəsrəddinsevərlər jurnalın bir sıra çıxışlarının bu gün də təsirli və önəmli olduğunu söylədilər, bu gərəkli irsin dərindən öyrənilməsinin zəruriliyini qeyd etdilər.

Müxtəlif nəsillərin görüşündə Nuridə Nurullayevanın rəhbərliyi ilə Nizami Rayon Uşaq Yaradıcılıq Mərkəzinin və 20 nömrəli məktəbin istedadlı uşaqları "Molla Nəsrəddin"dən satirik parçaları məharətlə ifa etdilər.

Qonaqlar muzeyə yeni daxil olmuş tarixi sənədləri əks etdirən ekspozisiya ilə də tanış oldular.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 5.