"Şahdəniz"
layihəsi Azərbaycanı dünyanın potensial qaz ixrac edən
ölkəsinə çevirir
Xəzər dənizinin Azərbaycan sektorunda
yerləşən "Şahdəniz" qaz-kondensat
yatağının işlənməsinə dair layihə
uğurla həyata keçirilir. Xatırladaq ki, adı çəkilən
layihənin əsas səhmdarları bp (operator 25,5 faiz), Statoyl
(25,5 faiz), ARDNŞ (10 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), Total
(10 faiz) və TPAO (9 faiz) şirkətləridir. Bir neçə
mərhələdə reallaşdırılması nəzərdə
tutulan "Şahdəniz" layihəsinin ilk mərhələsi
çərçivəsində tikinti-quraşdırma işlərinə
2003-cü ilin fevral ayında start verilmişdir. Birinci mərhələdə
həyata keçirilən genişmiqyaslı
tikinti-quraşdırma tədbirləri "Şahdəniz"
yatağının zəngin qaz-kondensat ehtiyatlarının
istismarına başlamasına imkan yaratmışdır. Bu da
Azərbaycanı dünyanın potensial qaz ixrac edən
dövlətinə çevirmişdir.
"Şahdəniz" yatağında quraşdırılmış unikal platformadan dörd ildən artıqdır ki, qaz hasil olunur. Məlum olduğu kimi, sualtı boru kəməri ilə Səngəçal terminalına nəql olunan təbii qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə dünya bazarına çıxarılır. Göründüyü kimi, "Şahdəniz" layihəsi çərçivəsində çıxarılan təbii qaz bir neçə ildir ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Təsadüfi deyil ki, hazırda gündəmdə olan "Nabukko" layihəsinin tərəfdaşları da ölkəmizi ən potensial qaz təchizatçısı hesab edirlər.
2010-cu ildə layihənin reallaşdırılması istiqamətində uğurlu addımlar atılmışdır. bp Azərbaycan şirkətinin ötən ilin yekunları ilə bağlı hesabatında qeyd olunur ki, "Şahdəniz" layihəsi üzrə fəaliyyətlərin əməliyyat xərclərinə 170,4 milyon dollar, əsaslı məsrəflərinə isə 389,6 milyon dollar sərf olunmuşdur.
Ötən il "Şahdəniz" yatağındakı dörd öncəqazma quyusundan sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, "Şahdəniz" layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır.
Xəzərin Azərbaycan sektorunda - "Şahdəniz" yatağında quraşdırılmış unikal platforma vasitəsilə istismar olunan quyuların sabit rejimdə işləməsi qaz hasilatının getdikcə artırılmasına imkan yaradır. 2010-cu ildə "Şahdəniz" yatağından gün ərzində 19 milyon kubmetr qaz və 40200 barrel kondensat hasil edilmişdir ki, bu da əvvəlki illərə nisbətən çoxdur. Bütövlükdə isə il ərzində yataqdan 6,9 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat çıxarılmışdır. 2006-cı ilin sonlarından - "Şahdəniz" yatağında hasilata başlanıldığı vaxtdan ötən ilin sonunadək yataqdan təqribən 26 milyard kubmetr təbii qaz və 6,3 milyon ton kondensat hasil edilərək mövcud ixrac boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılmışdır.
"Şahdəniz" yatağındakı dörd öncəqazma quyusundan qaz hasil edilməklə yanaşı, burada quraşdırılmış platformadan yeni quyuların da qazıntısı davam etdirilir. 2010-cu ilin əvvəlində yeni quyular sistemi istismara verildikdən sonra fevral ayında platformadan yeni bir quyunun qazıntısına start verilmişdir. Bundan əlavə, layihə iştirakçıları tərəfindən ilin üçüncü rübündə mövcud SDA-04 quyusunda bəzi yoxlama əməliyyatları aparılmışdır. Hazırda SDA-06 quyusunda qazma işləri davam etdirilir. Artıq layihə dərinliyi 6272 metr olan həmin quyunun qazıntısı başa çatmaq üzrədir. Cari ildə "Şahdəniz" yatağında daha bir hasilat quyusunun qazılması planlaşdırılır. Onu da deyək ki, növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca yataqda hasilat da get-gedə artacaq. Bütövlükdə isə "Şahdəniz" yatağının birinci işlənmə mərhələsi çərçivəsində ən yüksək illik hasilatın səviyyəsi 9 milyard kubmetr qaz və təqribən 16,4 milyon barrel kondensatın təşkil edəcəyi gözlənilir.
"Şahdəniz" yatağından çıxarılan qaz və kondensatın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli də ilin əvvəlindən uğurla davam etdirilmişdir. Xatırladaq ki, hazırda Səngəçal terminalının emal sistemləri gün ərzində 25,5 milyon kubmetr qazı qəbul edib ixraca yönəldir. Bütövlükdə isə terminalın ümumi gündəlik qaz emalı gücü 39,5 milyon kubmetr təşkil edir. Məlum olduğu kimi, "Şahdəniz" qazı Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac olunur. Uzunluğu 970 kilometr, illik ötürücülük qabiliyyəti 30 milyard kubmetr təşkil edən bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyə, Yunanıstan və digər Avropa ölkələrinə "Şahdəniz" qazını çatdırır. 2010-cu ildə kəmərin orta ötürücülük gücü gündə təxminən 14 milyon kubmetr təşkil etmişdir. 2007-ci ilin mart ayından indiyədək Cənubi Qafqaz boru kəməri ilə dünya bazarına 22 milyard kubmetrə yaxın qaz ixrac olunmuşdur. Bundan əlavə, ötən müddətdə yataqdan hasil edilən 6 milyon tondan artıq kondensat Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına çıxarılmışlar. Yeri gəlmişkən, ötən il Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 10 milyon dollar vəsait xərclənmişdir.
"Şahdəniz" qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində buradakı ehtiyatların bir neçə mərhələdə işlənməsi öz əksini konkret şəkildə tapmışdır. Hazırda uğurla həyata keçirilməkdə olan birinci işlənmə mərhələsindən sonra növbəti, çox mühüm ikinci mərhələyə başlamaq nəzərdə tutulur. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda "mavi yanacaq" Azərbaycanın ixrac imkanlarını artırmaqla yanaşı, "Şahdəniz" qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Ən başlıcası isə "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənilməsi Azərbaycan iqtisadiyyatına təqribən 20 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır.
2010-cu ilin iyun ayının 7-də İstanbulda Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında "Şahdəniz" qazının Türkiyəyə satışını və bu ölkənin ərazisi ilə Avropa bazarlarına nəqlini tənzimləyən sənədlər paketinin bir hissəsi olaraq anlaşma memorandumu imzalandı. Bu isə "Şahdəniz" layihəsinin ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazın Türkiyəyə və digər ölkələrə satışı üçün tələb olunan müqavilələrin yekunlaşdırılmasına doğru irəli atılmış çox mühüm bir addımdır. Bu addım, eyni zamanda, sözügedən layihənin ikinci mərhələsinin işlənməsi planlarının əhəmiyyətini əsaslandırmaqla "Şahdəniz" layihəsinin tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına yol açır. Hazırda isə qazın sonrakı marketinqi və satışı üçün ən optimal variantın müəyyən edilməsi üzrə danışıqlar davam edir. Xatırladaq ki, layihə tərəfdaşlarının iştirakı ilə aparılan danışıqlar prosesinə Azərbaycan hökuməti adından ARDNŞ rəhbərlik edir. Yeri gəlmişkən, ötən ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "Şahdəniz" layihəsinin digər tərəfdaşları hasilatın pay bölgüsü sazişinin müddətinin 2031-ci ildən 2036-cı ilədək uzadılması barədə razılığa gələrək müvafiq sənəd imzalamışlar. Bu razılaşma sənədi öz növbəsində "Şahdəniz" layihəsinin uzun müddətli qaz satışı sazişlərini təmin etməyə imkan yaradır. Eyni zamanda, bu iki sənəd layihə tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına doğru bütün tələb olunan işləri uğurla başa çatdırmaq yolunda mühüm irəliləyiş kimi qiymətləndirilməlidir.
Hazırda saziş iştirakçıları "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi və bununla bağlı Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri ilə bağlı lazımi tədbirlər həyata keçirirlər. 2010-cu ildə adı çəkilən layihələri reallaşdırmaq məqsədilə aparılan mühəndis-layihə və qiymətləndirmə işləri aparılmışdır. Yeri gəlmişkən, "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi layihəsi Azərbaycanı dünyanın yeni qaz bazarlarının əsas təchizatçılarından birinə çevirməklə yanaşı, ildə təqribən 16 milyard kubmetr əlavə qaz hasilatına imkan yaradacaq. Eyni zamanda, bu, dünyanın ən böyük qaz işlənməsi layihələrindən biri olmaqla yeni bir cənub dəhlizi vasitəsilə Avropanın qaz bazarlarına əlavə təchizat və müxtəliflik gətirmək baxımından da diqqəti cəlb edir. Məlumat üçün bildiririk ki, "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi konsepsiyasına dənizdə emal gücü ildə 16 milyard kubmetr qaz olan və körpü ilə birləşdirilmiş iki yeni platforma, eyni sayda qazma qurğusundan qazılacaq 30-dək sualtı quyu, suyun 500 metrədək dərinliyində 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi, "Şahdəniz" və Cənubi Qafqaz boru kəməri üçün kompressorların yerləşdirilməsi məqsədilə Səngəçal terminalının genişləndirilməsi daxildir. Bundan əlavə, Azərbaycanda 400 kilometr uzunluğunda yeni xəttin və Gürcüstanda iki yeni kompressor stansiyasının inşası ilə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, eləcə də Türkiyəyə, Gürcüstana və Avropaya planlaşdırılmış qaz satışı da sözügedən konsepsiyaya daxil olan müddəalardandır. Layihə üzrə ilk qazın isə 2017-ci ildə əldə ediləcəyi nəzərdə tutulur.
"Şahdəniz" qazının Türkiyə üzərindən Avropa bazarlarına nəqli üçün bu ölkənin mövcud infrastrukturundan istifadə ediləcək. Onu da qeyd edək kt, hazırda layihə iştirakçıları bütün mövcud variantları qiymətləndirmək və bütün əsas maraqlı tərəflərin ehtiyaclarına tam cavab verəcək marşrutu müəyyənləşdirmək istiqamətində müvafiq iş aparırlar. Türkiyə və Avropanın digər alıcıları ilə qaz satışına dair danışıqlar aparmaq məqsədilə bp, Statoyl, ARDNŞ və Total şirkətlərinin nümayəndələrindən ibarət xüsusi qrup yaradılmışdır. "Şahdəniz" layihəsinin tammiqyaslı işlənməsi layihəsi isə öz növbəsində Azərbaycanın dünyanın əsas qaz təchizatçıları sırasındakı mövqeyini bir qədər də möhkəmləndirəcəkdir.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 2.