Sosial sahədə
bütün proqramlar uğurla həyata keçirilir
Ölkədə iqtisadi, sosial və mədəni
sahələrdə həyata keçirilən infrastruktur layihələrinin
nəticələri barədə hər rübdə və
ilin yekununda hökumətin hesabatını nəzərdən
keçirmək müsbət ənənə şəkli
almışdır. Bu mənada aprelin 12-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
edilmiş iclasında söylənilən fikirlər, göstərilən
rəqəmlər qürur hissi doğurur. Son yeddi il ərzində
Azərbaycanda ümumi daxili məhsul istehsalı təxminən
3 dəfə artmışdır. Hətta bütün
dünyada maliyyə böhranı ilə müşahidə
olunan 2009 və 2010-cu illərdə iqtisadiyyatımız 14
faiz artmışdır.
İclasda giriş nitqi söyləyən dövlətimizin başçısı demişdir ki, iqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirilir. Birinci rübün yekunları deməyə əsas verir ki, ilin sonuna qədər də bu müsbət meyillər özünü göstərəcəkdir.Sosial sahədə də bütün proqramlar həyata keçirilir. İnsanları düşündürən sosial məsələlər öz həllini tapır. Sosial infrastrukturun yaradılması istiqamətində proqram üzrə işlər aparılır. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin, mədəniyyət, idman obyektlərinin tikintisi investisiya proqramı çərçivəsində müəyyən olunduğu kimi icra edilir.
Birinci rübün yekunlarına görə
ölkəmizdə orta əməkhaqqı 340 manat səviyyəsindədir.
Əgər bunu dollarla
hesablasaq, haradasa 430 dollar edir. Bu, yaxşı göstəricidir.
Orta əməkhaqqının artımı ölkədə həm
iqtisadi, həm də sosial sahədə aparılan siyasətin
əlamətidir. Azərbaycan bazar iqtisadiyyatına sadiq olan
ölkədir. Bununla yanaşı, eyni zamanda, sosial məsələlər
də Azərbaycanda uğurla öz həllini tapır. Əlbəttə,
bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, Azərbaycanda
yoxsulluğun səviyyəsi ildən-ilə aşağı
düşür.
2010-cu
ilin yekunlarına görə Azərbaycanda yoxsulluq 9,1 faiz səviyyəsində
idi. Ümid etmək olar ki, bu il ərzində həm iqtisadi
sahədə, həm sosial sahədə görüləcək
işlər nəticəsində, həm də cari ildə
maaşların və pensiyaların gözlənilən
artımları hesabına Azərbaycanda yoxsulluq şəraitində
yaşayanların sayı yenə də aşağı
düşəcəkdir. Nəticədə, ölkəmiz bir
neçə il bundan əvvəl qarşıya qoyulmuş məqsədə
çatacaqdır.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla
icra edilir. Bu ilin birinci rübündə nəzərdə
tutulmuş bütün investisiya layihələri vaxtında həllini
tapıb. Birinci üç ayda regionlarda təxminən on yeddi
min yeni iş yeri açılmışdır. Bu proses davam
edir. Bütövlükdə birinci proqramın icrasından
sonra ölkəmizdə 930 min yeni iş yeri
açılmışdır. Sahibkarlara kömək məqsədi
ilə kreditlər ayrılır və bu kreditlər gözəl
nəticələrini verir. Yəni, regionların
inkişafı proqramı icra edilir, bu inkişaf
davamlıdır. Ölkə rəhbərinin məqsədi
budur ki, Azərbaycan daim inkişafda olsun və daim mövcud
problemlərin həlli işində fəallıq göstərsin.
Regionların sosial-iqtisadi inkişafı proqramının
icrası ilə bərabər, Bakıətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafı proqramı da hazırlanır. Bu məqsədlə
keçən ay geniş müşavirə
keçirilmişdir. Bütün tapşırıqlar
verilmişdir.
Hazırda
problemlər təhlil edilir. Əslində bu problemlər bəllidir.
O problemlərin həlli üçün xüsusi proqram qəbul
olunandan sonra bu il nəzərdə tutulacaq məsələlərin
bir hissəsi icra ediləcəkdir. Bunun üçün
Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə
10 milyon manat ayrılmışdır ki, bu məsələlər
təxirə salınmadan həllini tapsın.
Artıq
qəsəbələrdə işlər
başlamışdır. Prezident İlham Əliyev işlərin
gedişinə birbaşa nəzarət edir, tez-tez qəsəbələrdə
olur, insanlarla görüşür, soruşur ki, hansı məsələlər
onları daha çox narahat edir. Demək olar ki, qəsəbələrdə
son illərdə böyük işlər
görülmüşdür. Tikilən məktəblər qəsəbələrdə
təhsil sahəsinin inkişafına müsbət təsir
göstərmişdir. Bəzi qəsəbələrdə su
qıtlığı mövcuddur. Kanalizasiya problemi, demək
olar ki, bütün qəsəbələrə xas olan məsələdir.
Bu problem təkcə qəsəbələrdə deyil,
Bakı şəhərinin özündə də
qarşıda duran çox kəskin məsələdir. Ancaq
bununla bərabər, son illər aparılmış işlər
nəticəsində elektrik enerjisi ilə təminat yaxşılaşmışdır.
Heç bir şikayət, heç bir müraciət
olmamışdır. Qəsəbələrin
qazlaşdırılması prosesi gedir. Yeni xətlərin
çəkilişindən sonra qazın təzyiqinin
yaxşılaşdırılması mümkün
olacaqdır. Səhiyyə məsələləri müəyyən
dərəcədə həll olunub. Amma yeni xəstəxanaların,
poliklinikaların tikintisinə ehtiyac vardır. Ən vacib məsələ,
- bu problemi bütün qəsəbələrə aid etmək
olar, - yollar məsələsidir. Demək olar ki, qəsəbələrin
yollarının əksəriyyəti torpaq yollarıdır.
Hazırda yol çəkilişi prosesi davam edir. 2013-cü ilə
qədər qəsəbələrdə mövcud problemlərin
böyük əksəriyyəti həll ediləcəkdir. Qəsəbələrdə
hazırda 800 mindən artıq əhali yaşayır. Bu
özlüyündə böyük bir şəhərdir.
Nazirlər
Kabinetinin iclasında ölkənin daxili və xarici siyasətinin
bütün sahələri ətraflı təhlil edildi,
qarşıda duran vəzifələr müəyyənləşdirildi,
konkret tapşırıqlar verildi. Prezident İlham Əliyev
iclası yekunlaşdıraraq dedi: "Bakı qəsəbələri
ilə bağlı olan məsələlər haqqında mən
giriş sözümdə öz fikirlərimi bildirdim. Bu ay
proqram qəbul ediləcəkdir. Proqrama çox ciddi nəzarət
edilməlidir. Həm Bakı İcra Hakimiyyəti, rayon icra
hakimiyyətləri, İqtisadi İnkişaf Nazirliyi tərəfindən
proqram vaxtaşırı təhlil olunmalıdır, əlavələr
edilməlidir. Mən ümid edirəm ki, qəsəbələrə
aid olan bütün məsələlər proqramda öz əksini
tapacaqdır.
Ancaq həyat
yerində durmur. Biz regional inkişaf proqramının
icrası ilə bağlı bu mənzərə ilə
üzləşmişdik ki, müəyyən mərhələlərdə
düzəlişlər də, əlavələr də edildi.
Hər halda bu məsələ ölkə
qarşısında duran məsələlərin içərisində
xüsusi əhəmiyyətə malikdir. Bununla bərabər,
həm regional proqram, həm Bakı qəsəbələrinin
inkişafı proqramı çərçivəsində qəzalı
vəziyyətdə olan məktəblərin bərpası və
yenidən qurulması məsələləri öz həllini
tapmalıdır.
Son illərdə
bu sahədə çox böyük işlər
görülmüşdür. İki mindən artıq məktəb
tikilib istifadəyə verilmişdir, əlavə korpuslar
tikilmişdir. Ancaq qəzalı vəziyyətdə olan məktəblərin
sayı hələ də kifayət qədərdir. Burada əlbəttə
ki, müxtəlif fikirlər ola bilər: hansı məktəb
qəzalı məktəb hesab olunmalıdır və burada
fikir müxtəlifliyi vardır. Çünki mən bu məsələ
ilə bağlı göstərişlər vermişəm ki,
qəzalı vəziyyətdə olan məktəblərin
sayını mənə versinlər və o məktəblər
hansı rayonlarda, hansı qəsəbələrdə yerləşir.
Hər halda, mən hesab edirəm ki, Azərbaycanda pis vəziyyətdə
məktəb olmamalıdır. Bunu ya qəzalı
adlandırmaq, yaxud da ki, pis vəziyyətdə olan məktəb
kimi qələmə vermək olar. Ancaq bütün məktəblər
yaxşı vəziyyətdə olmalıdır. Harada ki, yenidən
qurulmalıdır onu edəcəyik, harada ki, təmirə ehtiyac
var əlbəttə ki, onlar təmir olunacaqdır. Yaxın gələcəkdə
o məktəblərin dəqiqləşdirilmiş
siyahısı verilməlidir. Büdcəyə əlavələr
edilən zaman bu məqsədlər üçün də vəsait
nəzərdə tutulacaqdır. Bununla bərabər, ölkədə
uşaq bağçaları ilə bağlı problemlər də
vardır. Biz bu problemləri bilirik. Bu problemlər müstəqilliyimizin
ilk illərində yaranmışdır. O vaxt uşaq
bağçalarının bir hissəsi özəlləşdirilmişdir.
Yaxud da ki, onlardan başqa məqsədlər üçün
istifadə olundu. Bəzilərində dükanlar, restoranlar,
digər məişət obyektləri yaradıldı. Yəni,
o dövrdə belə xoşagəlməz hallara yol verilirdi.
Ona görə, hazırda mövcud olan uşaq
bağçaları bizim tələbatımıza heç
uyğun gəlmir".
Möhtərəm
Prezidentimiz yekun nitqində insanları ən çox
düşündürən, narahat edən bir sıra məsələlərə,
o cümlədən əmək haqlarının və
pensiyaların artırılması məsələlərinə
də toxundu. Qeyd etdi ki, Azərbaycanda sosialyönümlü tədbirlər
vaxtaşırı aparılır. Həm uzunmüddətli
proqramlar çərçivəsində, həm də
lazım gələndə əlavə tədbirlər
görülür. Onların arasında bu yaxınlarda əhalinin
suya olan borclarının silinməsi məsələsini qeyd
etmək lazımdır. Bu, ölkə
başçısının sosial siyasətinin nə qədər
güclü olduğunu göstərir.
Sosial ədalət
prinsipini həmişə yüksək tutan ölkə
başçısı deyib: "Bizim üçün əsas
məsələ prioritetlərin düzgün seçilməsidir.
Bu prioritetlər sırasında sosial məsələlər
birinci yerdədir. Ancaq o da həqiqətdir ki, əgər
güclü iqtisadi imkanlarımız olmasa, heç bir sosial məsələ
öz həllini tapa bilməz. Ona görə dürüstləşmə
zamanı mütləq geniş sosial paket nəzərdə
tutulmalıdır, əmək haqqlarının, pensiyaların
artırılması məsələləri öz həllini
tapmalıdır və tapacaqdır. Xüsusilə, 2006-cı
ilə qədər pensiyaya çıxmış vətəndaşların
pensiyaları artırılmalıdır. Çünki bu sahədə
müəyyən ədalətsizlik vardır. Bu ədalətsizlik
ona görə yarandı ki, 2006-cı ildən sonra yeni qaydalar
tətbiq olundu və 2006-cı ildən sonra pensiyaya
çıxanlar daha böyük pensiya alırlar. 2006-cı ilə
qədər Azərbaycanda pensiyaya çıxanların
sayı haradasa 900 mindən artıqdır. Bütövlükdə
1 milyon 300 nəfərə qədər pensiyaçı
vardır. Onlardan 900 mini 2006-cı ilə qədər pensiyaya
çıxmışdır. Ona görə, ilk növbədə
onların pensiya təminatı
yaxşılaşdırılmalıdır ki, bu sahədə
heç bir ayrı-seçkilik olmasın və yaşlı
insanlar lazımi səviyyədə pensiya ilə təmin
olunsunlar. Bu, bizim borcumuzdur, onlar işləyiblər,
çalışıblar, bu ölkəni yaradıblar, ölkənin
inkişafında çox böyük rol oynayıblar. Bizim
borcumuz onların maddi təminatını
yaxşılaşdırmaqdır. Biz bunu mütəmadi qaydada
edirik. Xüsusilə bu il biz 2006-cı ilədək pensiyaya
çıxmış vətəndaşların pensiya təminatını
yaxşılaşdırmalıyıq".
İclasda
çıxış edən Dövlət Sosial Müdafiə
Fondunun sədri Səlim MÜSLÜMOV əsaslı sosial
müdafiə tədbirlərinin ölkə vətəndaşlarının
yaşayış səviyyəsinin daha da yüksəldilməsini
təmin etdiyini vurğulayaraq dedi:
-
İqtisadiyyatın bütün sahələrində sistemli
islahatların davam etdirilməsi nəticəsində cari ilin
yanvar-mart aylarında əhalinin pul gəlirlərinin keçən
ilin müvafiq dövrünə nisbətən 16,8 faiz, orta
aylıq əməkhaqqının 11,7 faiz artması, əhalinin
adambaşına düşən gəlirlərinin
inflyasiyanın səviyyəsini 7,7 faiz üstələməsi,
büdcə və qeyri-büdcə sektorunda stabil durumun
mövcudluğu sığorta-pensiya sisteminin dayanıqlı
inkişafına öz müsbət təsirini göstərmişdir.
İlkin
məlumatlara əsasən, Dövlət Sosial Müdafiə
Fondunun 2011-ci ilin birinci rübündə gəlirləri
keçən ilin müvafiq dövrünə nisbətən
19 faiz və ya 83 milyon manat artaraq 521 milyon manat təşkil
etmişdir.
Sosial
sığorta haqları üzrə daxilolmalar əvvəlki
ilin birinci rübünə nisbətən 15 faiz və ya 35
milyon manat artaraq 270 milyon manat olmuşdur. Sosial sığorta
daxilolmalarının 58,2 faizi qeyri-büdcə təşkilatlarının
payına düşmüş, onların ödədiyi sosial
sığorta haqlarının məbləği keçən
ilin müvafiq dövrünə nisbətən 17,3 faiz və
ya 23 milyon manat artmışdır. Sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərin və
torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb
edilməsi daha da gücləndirilmiş, fiziki şəxslərdən
daxilolmalar 24 faiz, torpaq mülkiyyətçilərinin ödəmələri
isə 40 faiz artmışdır.
Rüb ərzində
dövlət büdcəsinin transferti kimi Fondun xəzinə
hesabına 250 milyon manat vəsait daxil olmuşdur. Fondun gəlirlərinin
miqdarı xərclərin vaxtında maliyyələşdirilməsinə
imkan vermişdir.
Cari ilin
yanvar və fevral aylarında pensiyaların maliyyələşdirilməsi
qrafik üzrə vaxtında yekunlaşdırılmış,
mart ayı üzrə isə Novruz bayramınadək tam
başa çatdırılmışdır. Bu məqsədlə
aprel üçün transfertin 57,4 milyon manatlıq məbləğindən
istifadə olunmuşdur.
2011-ci
ilin birinci rübündə Dövlət Sosial Müdafiə
Fondunun xərcləri 466 milyon manat olmuşdur. Pensiya və
müavinətlərin maliyyələşdirilməsinə
fond tərəfindən 457 milyon manat xərclənmişdir
ki, bu da əvvəlki ilin I rübünə nisbətən 46
milyon manat və ya 11,2 faiz çoxdur. Bu məbləğin 97
faizi və ya 444 milyon manatı bilavasitə pensiyaların, 13
milyon manatı isə müavinətlərin ödənişinə
sərf olunmuşdur. Hazırda əhaliyə aylıq ödənişlərin
məbləği təqribən 200 milyon ABŞ dolları həcmindədir.
620 min nəfər
əmək pensiyaçısının pensiyasının
sığorta hissəsinin Azərbaycan Respublikası
Prezidentinin 15 fevral 2011-ci il tarixli Sərəncamına əsasən
əvvəlki ilin istehlak qiymətləri indeksi, yəni 5,7
faiz indeksləşdirilərək artırılmasına
rüb ərzində 4,2 milyon manat vəsait xərclənmişdir.
Rübün
sonuna əmək pensiyalarının orta aylıq məbləği
114 manata çatmış və ya keçən ilin aprelin
1-nə olan vəziyyətlə müqayisədə 14 faiz
artmışdır. Bu artıma təsir edən əsas amillər
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları
ilə keçən ilin sentyabr ayından etibarən əmək
pensiyalarının baza hissəsinin 13,3 faiz artırılaraq
85 manata çatdırılması, pensiyaların
sığorta hissəsinin indeksləşdirilməsi, həmçinin
yeni pensiya təyin olunan şəxslərin
pensiyalarının orta aylıq məbləğinin sistemi tərk
edənlərin pensiyalarından təqribən 50 manat
yuxarı olmasıdır.
Yığıncağın
sonunda belə bir fikir səsləndi ki, hökumətin
üzvləri öz vəzifə borclarını yaxşı
bilirlər. Bütövlükdə götürdükdə
ölkədə işlər yaxşı gedir. 2011-ci ilin
birinci rübünün yekunları da bunu təsdiqləyir. Gələn
aylarda da, ilin sonuna qədər hamı eyni əzmkarlıqla və
peşəkarlıqla işləməli, ölkə
qarşısında duran bütün vəzifələr
layiqincə yerinə yetirilməlidir.
Aprelin
14-də və 15-də Prezident İlham Əliyev cənub
bölgəsinə səfəri zamanı Masallı, Astara və
Salyan rayonlarının nümayəndələri ilə
görüşlərində Nazirlər Kabinetinin iclasında
səsləndirdiyi fikirləri bir daha yada saldı, əhalinin
sosial problemlərinin həlli istiqamətində aparılan
işlərdən danışdı. Qeyd etdi ki, yaxın
vaxtlarda ölkə büdcəsinə yenidən baxılacaq,
nəzərdə tutulan layihələrin daha tez həyata
keçirilməsi üçün əlavə vəsait
ayrılacaq, insanların yaşayış səviyyəsini və
maddi rifah halını yüksəltmək məqsədilə
bir sıra işlər görüləcəkdir. Yaxın
aylarda əmək haqlarının, pensiyaların və
müavinətlərin artırılması nəzərdə
tutulur. Regionlarda əhalinin su ilə təchizatını
yaxşılaşdırmaq üçün işlər davam
etdiriləcək, yollar genişləndirilərək
müasirləşdiriləcək, bütün
yaşayış məntəqələrində kanalizasiya
sistemi yaradılacaqdır. Bundan əlavə, yeni təhsil, səhiyyə
və mədəniyyət ocaqları tikilməklə
yanaşı, köhnələri təmir olunacaqdır.
Səfər
zamanı möhtərəm Prezident bir sıra sosial-mədəni
obyektlərin açılışında iştirak etdi,
"Astara-1" kiçik su elektrik stansiyasının təməlini
qoydu, Astara Olimpiya İdman Kompleksinin tikintisində işlərin
gedişi ilə tanış oldu. Dövlətimizin
başçısı hər yerdə böyük hörmət
və ehtiramla qarşılandı. İctimaiyyət nümayəndələri
ilə keçirilən görüşlərdə Prezident
İlham Əliyevin apardığı daxili və xarici siyasət
bir daha alqışlandı, ölkənin tərəqqisi naminə
görülən işlərə böyük dəstək
verildi.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 1-2.