Mədəniyyətlərarası
Dialoq Forumu dünyadakı bir çox problemlərin həllinə
kömək edəcək
Bu il aprelin
7-9-da Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi.
Üç üç
gün ərzində davam edən forumda Azərbaycan Prezidenti
İlham Əliyev və
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyeva da iştirak etdilər.
Tədbirdə 20 ölkədən 435 qonaq,
o cümlədən
müxtəlif ölkələrdən nazirlər, nazir müavinləri, mədəniyyət
xadimləri, media və
QHT təmsilçiləri iştirak
edirdilər. Avropa Şurası Parlament Assambleyasının sədri
Mövlud Çavuşoğlu,
İSESKO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycri,
AŞ-nın sabiq baş
katibi, Dünya İctimai Forumunun Beynəlxalq
Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer, YUNESKO və
BMT rəsmiləri də tədbirdə təmsil olunurdular.
Bundan
başqa, Azərbaycanın dövlət və hökumət
nümayəndələri, millət vəkilləri, diplomatik
korpusun üzvləri, media və QHT təmsilçiləri,
elm xadimləri forumda iştirak edirdilər. Tədbirin
keçirildiyi günlərdə forum
iştirakçılarından bir neçəsinin fikirlərini
öyrəndik.
Siliman Hacı, Əlcəzair Qədim
Milli Tarixi Arxeologiya Mərkəzinin sədri:
- Azərbaycanda
belə yüksək səviyyəli və mötəbər
bir tədbirin keçirilməsini ürəkdən
alqışlayıram. Mənim üçün olduqca
xoşdur ki, Azərbaycan müstəqillik qazandığı
20 il ərzində həm islam dövlətləri, həm də
Qərb ölkələri ilə sıx dostluq və
qardaşlıq münasibətləri yarada bilib. Azərbaycan
həm də müxtəlif millətlərin və dinlərin
nümayəndələrinin mehriban dostluq və
qardaşlıq şəraitində yaşadığı
tolerant bir ölkədir.
Bu mötəbər tədbirin çox yüksək səmimilik və qarşılıqlı anlaşma şəraitində təşkil edilməsi və keçirilməsi deməyə əsas verir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələcəkdə də davam etdiriləcək, Bakı forumunda irəli sürülmüş ideyalar daha da inkişaf etdiriləcək. Bu tədbirin belə yüksək səviyyədə keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan Şərq və Qərbin qovuşağunda, Avropa və Asiyanın kəsişməsində müxtəlif sivilizasiyaların bir bayraq altında birləşdirilməsi üçün əlindən gələn hər şeyi edir. Bu ideyanın reallaşmasına özünün böyük töhfələrini verməyə çalışır. Hesab edirəm ki, Azərbaycan rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin bu xoş təşəbbüsünü alqışlamaq və dəstəkləmək lazımdır. Bu tədbir, eyni zamanda, Azərbaycanın artmaqda olan siyasi nüfuzunu nümayiş etdirir və düşünməyə əsas verir ki, hazırda dünyada mövcud olan bir çox problemlərin həllinə kömək edəcək.
Bu gün Avropada, eləcə də ABŞ-da, təəssüf ki, müsəlman dünyasına qarşı inamsızlıq, hətta deyərdim ki, islamofobiya və bir çox digər problemlər mövcuddur. Bu yaxınlarda Amerikada din xadimi tərəfindən müqəddəs Quranın yandırılması barədə sarsıdıcı məlumatla tanış olduq. Belə bir zamanda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə böyük ehtiyac duyulur. Məhz buna görə Azərbaycan tərəfindən belə bir təşəbbüs yalnız alqışa layiqdir. Bu tədbiri təşkil etdiyinə görə Azərbaycan rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
Ernest Qamelheq, Avstriya Milli Kitabxanasının əməkdaşı:
- Bakıda keçirilən bu beynəlxalq forumda sivilizasiyalararası münasibətlərin inkişafı ilə bağlı bir çox çıxışlar dinlədik. Zənnimcə, bunların arasında ən yaddaqalanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çox məzmunlu çıxışı oldu. Bu çıxış şəxsən məndə böyük təəssürat oyatdı. Prezident çıxışında mədəniyyətin tarixi və gələcəyi ilə bağlı o qədər gözəl və tutumlu məlumat verdi ki, istər-istəməz onun təmsil etdiyi ölkənin mədəniyyətlərarası dialoq məsələsində tutduğu mövqenin prinsipial olduğuna inanmaya bilmirsən. Biz avropalılar yaxşı bilirik ki, yüz illər boyu Azərbaycanda müxtəlif din və mədəniyyətlərə malik insanlar heç bir münaqişə olmadan, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və bu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan öz inkişafı üçün məhz bu yolu seçib, bu yolla irəliləyir. Bu ölkədə bütün dinlərə, inanclara, millət və xalqlara hörmətlə yanaşıldığını gördük. Bu, Azərbaycanın başını Avropada, eləcə də bütün dünyada bir boy da ucaldır. Bu mənada Azərbaycan vətəndaşları özlərinin ölkələri, bu ölkəyə rəhbərlik edən insanlar ilə öyünməkdə tam haqlıdır. Görülən işlər çox əhəmiyyətlidir və insanların rifahına xidmət edir.
Bu gün
keçirilən forum iki
cəhətinə görə mühüm əhəmiyyət
daşıyır. Azərbaycan dünyanın bir
çox ölkələrində
tapa bilmədiyimiz tolerantlığı özündə ehtiva edir. Bu
müzakirələr və canlı ünsiyyət, sözsüz ki, özünün yaxşı nəticəsini verir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın
bu istiqamətdə gördüyü təqdirəlayiq işləri
də yüksək qiymətləndirmək lazımdır. Onun mədəniyyətlərarası
dialoqun inkişafında qadınların rolu ilə bağlı
çıxışı çox qiymətli idi.
Fakinam əl-Şarkavi, Misir Sivilizasiyaların Öyrənilməsi və Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoru:
- Azərbaycan çox strateji əhəmiyyətli bir məkanda, çoxlu sivilizasiyaların qovuşduğu bir bölgədə yerləşir. Bu da mədəniyyətlarası dialoq forumunun keçirilməsi üçün Azərbaycana çox gözəl şans yaradır. Gözəl ölkənizin bu şansı çox yüksək qiymətləndirdiyinin şahidi oluruq. Qeyd edim ki, islam sivilizasiyasının dünya mədəniyyətinin inkişafına böyük təsiri olmuşdur. Eyni zamanda, bu gün bəşəriyyətin tərəqqisində hər iki mədəniyyətin - Şərq və Qərb sivilizasiyalarının yanaşı addımlaması həyati zərurətdir. Biz gələcək nəsillərə Şərq və Qərb sivilizasiyalarının qarşıdurma üzərində qurulmuş ənənələrini deyil, qarşılıqlı hörmət və etimad üzərində bərqərar olan mədəniyyətini miras qoymalıyıq. Mən sevinirəm ki, hər iki sivilizasiyanın təmas xəttində yerləşən Azərbaycan bu günkü tədbirlə mədəniyyətlərin regional inkişafından qlobal tərəqqisinə, dialoquna geniş yol açır.
Amma bu məsələyə bütün ölkələr öz töhfəsini verməyə çalışmalıdır. Mədəniyyətlərarası dialoq məsələsi elə bir mühüm məsələdir ki, o, heç zaman birtərəfli qaydada uğur qazana bilməz. Tədbirə qoşulmuş bütün ölkələr dialoq prinsiplərini qarşılıqlı hörmət və bir-birinin hüququnu tanıma əsasında inkişaf etdirməlidirlər. Artıq dünyada bilməyən yoxdur ki, son illərdə Azərbaycanın ərazi bütövlüyü pozulub. Ermənistan onun torpaqlarını uzun zamandır işğal altında saxlayır. Mənim ölkəm də bu məsələ ilə bağlı dəfələrlə öz mövqeyini bildirib, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Amma işğalçıya heç kim demir ki, beynəlxalq hüququn tələblərinə əməl et. Mən bu yaxınlarda 9 yaşlı azərbaycanlı uşağın erməni snayperi tərəfindən öldürüldüyünü eşitdim. Ermənistan ordusunun bu hərəkəti nə müharibə qanunlarına, nə də bəşəri dəyərlərə uyğundur. Ancaq bu hərəkətin hər hansı Qərb dövləti tərəfindən qınandığını eşitmədik. Biz bu qeyri-insani addımı qətiyyətlə pisləyir, uşaqların öldürülməsinin dayandırılmasını tələb edirik. BMT və digər beynəlxalq təşkilatların hamılıqla qəbul edilmiş sənədləri tarixi-mədəni abidələrin dağıdılmasını və dinc insanların, xüsusən uşaqların öldürülməsini qadağan edir. Ermənistan da bu sənədlərə qoşulduğunu yada salmalı, işğalı dayandırmalı və beynəlxalq ictimaiyyətin çağırışlarına hörmətlə yanaşmalıdır.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 3