Qədim meyvə və üzüm sortlarımızı bərpa edək

 

Ekologiya

 

İnsan qidasının əsasını meyvə-tərəvəz təşkil etdikdə, ağartı bol olduqda, qocalsan da üz-gözündən nur yağar. Spirtli içkilər, tütün uzunömürlüyə gedən yolda bir əngəldi. Ta qədimdən ulu babalarımız bağ-bostana ruzi mənbəyi kimi baxıblar. Əslində nə qədər elmi-tədqiqat ocaqları olsa da, meyvə və üzümlüklərin ən qiymətli seçmələri xalqdan gəlir. Elə bağban tanıyıram ki, ən görkəmli seleksiyaçı alimlər də onun işinin bəhrələrinə, uzaqgörənliyinə həsəd aparırlar.

 

Ana yurdumuzun hər bölgəsi bir-birindən zəngindir, torpağı səxavətlidir, löyün-löyün yetişən barın dadı damaqlardan getmir. Belə bölgələrdən biri də qədim Naxçıvan torpağıdır. Bu yerlərin iqlimi sərtliyinə görə Avroasiyada seçilən iqlimdir. Bəzən qışda şaxtalar 40 dərəcəyə çatır, yayda isə Günəş od ələyir, hərarət 45 dərəcəni keçir. Əncir, nar, xirnik, karalyok, zeytun, feyxoa, narıngi kimi meyvə ağacları bu iqlimə tab gətirə bilmir, kökündən quruyur. Ancaq bu torpaqda üzümlər basdırıldığından saxtadan qorunur, meyvə ağacları isə öz dözümünü yüz illərdi saxlayır. Ərik, alma, heyva, göyçə, alça, armud, gilas, gilənar, albuxara, innab, qoz, fındıq, istiot, hulu, şaftalı ağaclarına nə qədər yaxşı qulluq edilirsə, bir o qədər dad-tamı ilə seçilən bol məhsul götürülür. Bəzək bitkilərindən yasəmən, ağ söyüd (pişpişə), qazan qızılgülü, ağ akasiya, piyalə qızılgüllər şaxtaya, quraqlığa dözüm göstərir.

Bir dəfə ucqar dağ kəndi Yuxarı Qışlağa yolum düşmüşdü. Həyət hasarının bir küncündə ətri adamı məst edən qazan qızılgülləri (mürəbbəlik) qönçə açmışdı. Nə Ordubadda, nə Zaqatalada belə ətirli gülə rast gəlməmişdim. Dedilər 90 il ömür sürən Kalba (Kərbalayi) İskəndərin həyətidi, ulu babasından yadigar qızılgüldü. Hesabladıq ki, bu kolun bura düşməyi Molla Pənah Vaqifin əyyamı ilə yaşıddır. Çəhrə iyi yoğunluğunda olan, hər il kökü üstə artıb çoxalan bu pöhrələr şaxtalardan qorxmur. Sonrakı ildə xahişimlə erkən yazda onun şitillərindən mənə pay verdilər, gətirib artırdım. Onlarca təbiət həvəskarlarına da canlı şitillərdən pay verirəm. Az qala, üç əsrə bərabər ömürlə yaşayan bu qızılgüldən hazırlanan mürəbbə, gülqənd, şirə və çay dəmləməsi bütün qızılgülləri üstələyir, ürək dərmanıdır.

Təbiblərin fikrincə, kirəcləşmiş damarların açılmasında göyçə xüsusi əhəmiyyət daşıyır. Naxçıvan göyçəsi məşhuri-cahandı. Qəribədir ki, göyçənin də bir çox populyasiyaları vardır. Sulu-şirəli, iri meyvəli göyçələr Şıxmahmud, Zeynəddin, Bənəniyar, Xalxal, Şahtaxtı, Dəstə, Nüsnüs, Əndəmic kəndlərinin barlı-bəhərli torpaqlarında bir-birindən fərqli dada malikdir.

Çoxlarımız elə bilirik ki, ərik meyvəsi nə qədər iri, göyçək olsa bir o qədər yaxşıdır, cır ərikləri kəsib yerində gətirilmə ərik sortları əkirik. Sonradan bilirik ki, bu meyvələrin elə yaraşığı var, dadı-tamı yoxdur. Əslində, səbət balıdək ürək dərmanı olan əriyin qədim sortları vardır ki, iriliyi fındıq, bildirçin yumurtası boyda olsa da, yetişdikcə bala dönür, ətrindən, qurudanda isə dadından doymaq olmur. "Balyazım", "qırmızı", "alyanaq", "Hüriyi", "fındıq", "Abutalıbı", "Haxverdi" ərik sortları indi də yaşadılır. Yadımdadı, Keçilidə Hacı Nurəli babanın 150 illik 5 hektar meyvə bağında bir "gilənarı" ərik ağacı var idi. 90-cı illərin nadanlığında zavala gəldi, kəsdilər. Meyvəsi qurudulanda noxuddan da xırda, gilənar irilikdə olardı. Sulu əriştə aşı bişiriləndə beş-altısı bir qaşığa gələrdi. Dadı da bir aləm idi. İndi Ordubaddan, Şərurdan, Culfadan belə axtarışdayam, ta o qədim ərikdən yoxdu, tapa bilmirəm ki, bərpa edək.

Armudun "Mələti", "Lətənzi", "Alma-armud", "Göbəyi", "Qızıl armud", "Bal armud", "Abasbəyi" sortları ilə yanaşı, indi də bar verən bir "xəsteyi" sortu da vardır. Ordubadda bitir, sulu-şirəli qış armududur. Qışın çilləsində qızdırmadan od tutub yanan xəstənin ürəyi heç nə istəməz. Ordubadlılar belə xəstəyə həmin armud sortundan pay aparırlar. İkicə dilim yesə hərarəti düşər, gözünə nur gələr, eyni açılar... "Daş armud" çilələr düşənədək ağacın üstündə sarala-sarala qalar. Nəsir ağa, Hacı Müslüm, Alkərim, Məzail, Hacı Nürəli babalar 110-120 illik ömürlərini bağ-bağatlarda yadigar ağaclarla keçiriblər.

Əlli ilin söhbətidir. Xalq şairi Məmməd Arazın atası İnfil baba Şahbuzda yerli hökumətə müraciət edərək 70 yaşı olmasına baxmayaraq, yaşadığı Nursu kəndində 20 hektar sahə istəyir. Bildirir ki, qayıtdığı Sibir sürgününün həyatını çıxmaq üçün heç kəsə ağız açmadan, kömək gözləmədən tək-tənha bu qədər sahədə alma bağı əkmək istəyir. Əvvəlcə inanmırlar, tərəddüd edirlər, sonra kolxozdan 20 hektar torpaq ayırıb verirlər. İnfil baba 10 ilə elə bir bağ salır ki, ildə 100 tonadək məhsul verir. Torpaq islahatında isə həmin bağlar kənd camaatına bölündü. İndi iri bir kənd bu bağdan bəhrələnir. Bir dəfə kolxoz vaxtı baş mütəxəssis kimi məni həmin bağdakı ağacları saymağa göndərdilər. Əvvəlcə utandım. 80 yaşlı qocanın tutaq ki, ağac tingləri kəsir gəldi, nə etməliyəm? İnfil baba ürəyimdən keçəni o dəqiqə duyaraq dedi: - Say görüm, nə qədər artıq ehtiyat tingin var.

Ağacları onunla bərabər saydıq. Əlavə 4 min artıq alma tingi var idi: Sayılıb-seçilən üç oğul atası olmasına baxmayaraq, evdə yatmırdı. Bağın ortasında qara dam tikmişdi. Dədə-baba qaydası ilə təndir və kürsüsü var idi. 110 yaşında dünyadan köçdü. Qışda da bağda qalırdı. Deyirdi, gecələr durub hənirti etməsəm, şam yandırmasam, güllə atmasam, gəmirici heyvanlar tinglərin axırına çıxar. Elə alma sortlarını toxumçuluqla yetişdirib artırmışdı ki, indinin özündə də payızda, bar vaxtında bağdan behişt iyi gəlir. Ətirli, şirin və turş heyvalar, sarı albuxara, turş, sinar, qış qızılı almalar, kəhrəba plovluq alçalar, ağ və sarı gilaslar bağların bəzəyi və barıdır.

Yağlı fındıq, şirin və turs innab, kətanköynək qoz, baş barmaq irilikdə badam, nazik qabıq püstə ruzi mənbəyidir. Şahbuzun Kükü, Qızıl Qışlaq kəndlərində yetişdirilən 100 illik kətanköynək qoz ağaclarından əldə edilən toxumlar Orta Asiyada Səmərqəndədək yayılıb artırılmışdır. Çünki süd kimi ağ ləpəli kətanköynək qozu barmaqla sındırırlar, qabığı çox nazikdir. Albalı kimi tanıdığımız qədim gilənar sortu o qədər faydalıdır ki, şirəsi qan təzyiqinin qənimidir, yüksək qan təzyiqini normaya endirir, baş ağrısını kəsir.

Üzüm sortları da torpağa uyğun saxlanılmalıdır. Abşeronda sirkə, abqora üçün "Çavahəngi", doşab, mürəbbə üçün ağ və qara şanılar necə qiymətlidirsə, Şirvan zonasının şahı - "Şirvanşah" üzümü, Şamaxıda "Mədrəsə", Qarabağda "Rüşbaba", Muğan zonasında "Qızılı" üzümlər necə qorunursa, Naxçıvanda da min illik qədim üzüm sortları bu gün də bağların bəhrəsidir. "Əsgəri", "Mələyi", "Haçabaş", "Ağ Xəlili", "Qara Xəlili", "İnəkəmcəyi", "Süd Aldərə", "Ağ Aldərə", "Göy Aldərə", "Hənaqırna", "Pişiyi", "Xangörməz", "Xatını", "Şəfeyi", "Hüseyini", "Xatınbarmağı", "Naxşəbi", "Kürdəşi", "Kələmbur", "Ağ Gülabı", "Qırmızı Gülabi", "Ağ kişmişi", "Sarı kişmişi", "Qırmızı kişmişi", "Qara kişmişi", "Mərməri kişmişi", "Şahəngi", "Təbrizi", "Mərəndi", "Sarıgilə", "Bəndi", "Qızılı", "Təbərzə" kimi mövüc, kişmiş, milaxda yazadək qalan asma üzüm sortları min illərdi qorunub. Bənəniyar, Göydərə, Zeynəddin, Kültəpə, Xanağa, Ərəzin, Qarabağlar, Xanlıqlar, Badamlı, Sada kəndlərində qədim üzüm bağları indi də bar verir.

Respublikamızda keçən əsrin 80-ci illərində üzüm istehsalı 2 milyon tona çatarkən üzüm sortları 400-ə qədər olmuşdu. Naxçıvanda isə 150-yə çatmışdı. Bütövlükdə, dünyada 5 mindən çox üzüm sortu var. Həqiqətdir ki, yerli süfrə sortlarından fərqli olaraq respublikamıza Fransa, İtaliya, Rusiya Federasiyası, Özbəkistan, Gürcüstan, Bolqarıstan, Türkmənistan, Moldovadan çox sayda texniki üzüm sortlarının da əkin materialı gətirilirdi. Yerlərdə təsərrüfat başçılarının səhlənkarlığından məhz bu sıxışıdırma qədim sortların meydanını daraldırdı. İndi şərabçılıq sənayesi əvvəlki gücdə deyil. Çünki bədnam Mixail Qorbaçov və onun iqtiçadi məsələlər üzrə köməkçisi erməni Aqanbekyan, çox sahələrdə olduğu kimi, Azərbaycan üzümünə də balta çala bilmişdilər. Nə yaxşı ki, zəhmətkeş bağbanlarımız dədə-baba üzüm sortlarının tamamilə məhvinə imkan vermədilər.

Bu sətirlərin müəllifi də 90-cı illərin hərc-mərcliyində üzümlüklərə vurulan zərbəni görərək öz sahəsində 26 qədim sortu əkin materialı ilə onları bərpa edə bildi. Rahat nəfəs alıram ki, yüzlərlə həvəskar bağbana təmənnasız olaraq bu sortlardan hər il əkin materialı bağışlayıram.

Məmləkətimizdə elmi-tədqiqat institutları və nəbatət bağları genetik fondu qoruyur, artırır. Ancaq xalq seleksiyası böyük bir xəzinə, qızıl fonddur. Bu fonda hər kəs öz payını verməklə qədim meyvə və üzüm sortlarımızı qorumağa borcludur. Vətən, yurd əzizlənəndə, seviləndə Vətən olur, yoxsa onun qürbətlə nə fərqi olardı?

 

 

Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 7.