"Vətəni tanı" ümumrespublika müsabiqəsi keçirilir

 

Baki şəhərindəki 132-134 nömrəli təhsil kompleksində Azərbaycan Respublikası Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Gənclər Təşkilatı Milli Şurası birgə layihə əsasında "Vətəni tanı" ümumrespublika kampaniyası adlı müsabiqə elan etdilər.

 

Tədbirdə çıxış edən Gənclər Təşkilatı Milli Şurasının baş katibi Orxan Ərəbov bildirdi ki, müsabiqə respublikanın bütün rayon və şəhərlərini əhatə edəcəkdir. Bakının 11 rayonu da daxil olmaqla, respublikanın 74 rayonunda müsabiqə keçiriləcəkdir. Qeyd edək ki, müsabiqə 14-18 yaşlı gənclər arasında keçirilir. Kampaniyanın məqsədi ölkə başçısı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin fəal təbəqəsi olan gənclər tərəfindən güclü dəstəyin nümayişinin təşkili, bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun çatdırmaqdır.

Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, bu dövlət qurumu tərəfindən gənclər sahəsində müxtəlif layihələr maliyyələşdirilir. "Vətəni tanı" isə tamam yeni bir layihədir. Nazirlik daim çalışır ki, maraqlı layihələr üzrə gənclərlə işləsin. 2010-cu ildə "Mən azərbaycanlıyam" adlı televiziya verilişi bütün il boyu AzTV-də göstərilmişdir. Bu, Azərbaycanın tarixini, mədəni irsini öyrənmək üçün gözəl bir verilişdir. Hazırkı layihənin həyata keçirilməsində də məqsəd gənclərin ölkəmizi daha yaxından tanımasıdır. Nazir inandığını bildirdi ki, layihə bütün orta məktəblərdə çox böyük marağa səbəb olacaq.

Təhsil nazirinin müavini Elmar Qasımov dedi ki, bu layihə ilə bağlı nazirlik respublikanın bütün məktəblərinə məktub göndərib. Layihədə 12 min məktəbli iştirak edəcək. Bütün məktəblilərin bu layihədə iştirakı çox vacibdir. Natiq bildirdi ki, Azərbaycan GTMŞ gələcəkdə də bu layihənin inkişafına dəstək göstərəcək.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da layihəni dəstəklədiklərini bildirdi. O qeyd etdi ki, layihənin həyata keçirilməsi üçün komitə lazım olan hər şeyi edəcək.

"Vətəni tanı" ümumrespublika kampaniyası çərçivəsində kütləvi informasiya vasitələri üçün də bir sıra layihələr nəzərdə tutulub. Məqsəd kampaniya haqqında məlumatların KİV-də geniş işıqlandırılmasıdır. Müsabiqə çərçivəsində layihə haqqında ən geniş və dolğun informasiya verən jurnalist Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq. Müsabiqədə üç pul mükafatı müəyyənləşdirilib: birinci yer 500 manat, ikinci yer 300 manat, üçüncü yer 200 manat. Həvəsləndirici mükafatlar kimi (diktofon, telefon, datakart və s.) istirahət mərkəzlərindən birinə bir həftəlik göndəriş nəzərdə tutulmuşdur.

Kampaniya çərçivəsində jurnalistlərin layihəyə dəstək olan nazirlik və komitələrin rəhbərləri ilə görüşləri və yarışlarda iştirakı nəzərdə tutulub. Qaliblər nazirliklər tərəfindən mükafatlandırılacaqlar.

 

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 6.