Nərimanov rayonunda cari ilin ilk rübünə yekun vurulmuşdur

 

Azərbaycan Respublikasının dinamik sosial-iqtisadi inkişafı 2011-ci ilin birinci rübü ərzində də davam etmiş, ölkəmizdə ümumi daxili məhsul istehsalı 1,6 faiz, qeyri-neft sektoru isə 5,6 faiz artmışdır. Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bütün bunlar barədə ətraflı danışılmış, qazanılmış uğurlar yüksək qiymətləndirilmiş və qarşıda duran mühüm işlər müəyyənləşdirilmişdir.

 

Hazırda ölkəmizin bütün şəhər və rayonlarında 2011-ci ilin birinci rübünün sosial-iqtisadi mənzərəsi geniş təhlil olunur, Nazirlər Kabinetinin iclasında dövlət başçısının proqram xarakterli nitqindən irəli gələn məsələlərin icrası istiqamətində konkret vəzifələr müəyyənləşdirilir.

Dünən Nərimanov Rayon İcra Hakimiyyətində keçirilən hesabat yığıncağında 2011-ci ilin ilk rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə edildi.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoydular, ümummilli liderin əziz xatirəsini ehtiramla yad etdilər. Rayon fəallarının, idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanları rəhbərliklərinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açdı. Nərimanov rayonunun 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edən A.Fərzəliyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasındakı nitqinin bəzi məqamları üzərində geniş dayandı. Ölkənin davamlı inkişaf prosesində paytaxtın Nərimanov rayonunun da mühüm rol oynadığını diqqətə çatdıran natiq dövlət başçısının Bakıətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı verdiyi tövsiyə və tapşırıqların paytaxtda böyük canlanmaya, abadlıq-quruculuq işlərinin və infrastruktur layihələrinin həyata keçirilməsinin intensivliyinə səbəb olduğunu bildirdi. Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasətin Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayan natiq diqqəti 2011-ci ilin ilk rübündə rayonda görülmüş işlərə və qarşıda duran vəzifələrə yönəltdi. Qeyd olundu ki, cari ilin ilk rübündə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş, bü müddət ərzində xidmətlər də daxil olmaqla 405,1 milyon manatlıq məhsul istehsal edilmiş, ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 faiz artıma nail olunmuşdur. Yanvar-mart aylarında istehlakçılara 307 milyon manatlıq sənaye məhsulu göndərilmişdir. Hesabat dövründə sənaye kompleksində işləyənlərin sayı 8295 nəfər təşkil etmiş, onların orta aylıq nominal əmək haqqı 313,5 manat olmuşdur. Bütövlükdə isə rüb ərzində rayonda 263 daimi iş yeri açılmışdır ki, onlardan da 206-sı yeni, 57-si isə mövcud müəssisələrin payına düşmüşdür.

Natiq bildirdi ki, birinci rüb ərzində bütün mənbələr hesabına əsas kapitala 8,1 milyon manatlıq investisiya qoyulmuşdur. Əsasən də daxili investisiyalardan ibarət olan həmin vəsaitin 99,2 faizi qeyri-istehsal təyinatlı obyektlərin inşasına sərf edilmişdir. Yanvar-mart aylarında rayonun tikinti təşkilatları tərəfindən 59,1 milyon manat podrat işləri həyata keçirilmiş, inşaat sahəsində çalışan işçilərin orta aylıq məvacibi 506 manata çatmışdır. Əhalinin həyat səviyyəsini xarakterizə edən pullu xidmətlərin də artdığını diqqətə çatdıran məruzəçi bildirdi ki, birinci rüb ərzində rayon əhalisinə 51,7 milyon manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz artım deməkdir. Yanvar-mart aylarında əhaliyə 14,5 milyon manatlıq nəqliyyat və 2,1 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir.

Natiq əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən aylarında da Nərimanov rayonunda çox mühüm sosial və digər infrastruktur layihələrinin həyata keçirildiyini, geniş miqyaslı abadlıq-quruculuq işlərinin görüldüyünü diqqətə çatdırdı. Qeyd olundu ki, ölkə Prezidentinin fərdi yaşayış evlərinin qeydiyyata alınması və sənədləşdirilməsi ilə bağlı verdiyi konkret tapşırıqların icrası istiqamətində rayonda da operativ tədbirlər görülmüş, 4500-ə yaxın belə tikili aşkara çıxarılmışdır.

Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilmiş işlərdən söhbət açan məruzəçi bildirdi ki, birinci rüb ərzində məhəllədaxili yollara 2030 kvadratmetr asfalt döşənmiş, ayrı-ayrı binaların zirzəmilərindəki kommunikasiya xətlərində təmir-bərpa işləri görülmüşdür. Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də sakinlərin elektirik enerjisi, qaz və içməli su ilə etibarlı şəkildə təminatı diqqət mərkəzində saxlanılmışdır.

İcra hakimiyyətinin başçısı ölkə Prezidenti İlham Əliyevin ekoloji mühitin sağlamlaşdırılması, ağacəkmə kampaniyasının sürətləndirilməsi ilə bağlı verdiyi tövsiyə və tapşırıqların icrası istiqamətində lazımi işlərin görüldüyünü diqqətə çatdırmaqla yanaşı, hamını bu nəcib təşəbbüsə qoşulmağa səslədi. Natiq, həmçinin rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrində görülmüş işləri sadaladı.

Natiq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən, eləcə də rayonun sosial-iqtisadi həyatının digər sahələrində həyata keçirilən tədbirlərdən bəhs etdi. Qeyd olundu ki, rüb ərzində rayonda işsizliyin aradan qaldırılması sahəsində mütəmadi işlər görülmüş, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi işi lazımi səviyyədə təşkil olunmuşdur.

Hesabat yığıncağında Dövlət Sosial Müdafiə Fondu Nərimanov rayon şöbəsinin müdiri Hüseyn Kərimov, Azərbaycan Turizm İnstitutunun tədris işləri üzrə prorektoru Eldar Aslanov və "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyəti Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həsən Həsənov çıxış edərək təmsil etdikləri sahələrin işi ilə bağlı hesabat verdilər, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi strategiyanın yerinə yetirilməsi istiqamətində bundan sonra da səylə çalışacaqlarını bildirdilər.

Tədbirə yekun vuran icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun daha da abadlaşdırılması, əhalinin rahat və firavan yaşayışının təminatına xidmət göstərən tədbirlərin bundan sonra da davam etdiriləcəyini, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün böyük məsuliyyətlə çalışacaqlarını bildirdi, 2011-ci ildə Nərimanov rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün bütün tədbirlərin həyata keçiriləcəyini bəyan etdi.

Hesabat yığıncağında Yeni Azərbaycan Partiyasının icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, millət vəkilləri Aqiyə Naxçıvanlı və Adil Əliyev iştirak edirdilər.

 

 

Mirbağır YAQUBZADƏ

 

 Xalq qəzeti.- 2011.- 19 aprel.- S. 5.