Bakıda neft-qaz və ticarət-nəqliyyat konfransı keçirilir

 

Dünən Bakıdakı "Həyat Recens" mehmanxanasının Quba zalında V neft-qaz və ticarət-nəqliyyat konfransı öz işinə başladı. Azərbaycan Dövlət Neft Akademiyası və Böyük Britaniyanın "Konfidence Carital" təşkilatının təşkilatçılığı ilə keçirilən, dünyanın 15 ölkəsindən və müxtəlif beynəlxalq neft-qaz şirkətlərindən nümayəndələrin iştirak etdiyi tədbir aprelin 20-dək davam edəcək.

 

Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev toplaşanları salamlayaraq bildirdi ki, artıq beşinci dəfə keçirilən konfrans ənənə şəklini alıb və müxtəlif ölkələrin aparıcı ekspertlərini və neft-qaz sənayesi rəhbərlərini bir araya toplayır. Enerji resurslarının hasilatı, nəqli və satışı sahəsində məşhur mütəxəssislər Xəzər regionunun yanacaq-energetika kompleksinin vacib problemləri üzrə fikir mübadiləsi aparmaq üçün yaxşı imkanlar yaradan foruma böyük maraq göstərirlər. Rektorun sözlərinə görə, konfransda nəqliyyat infrastruktunun inkişafı, Xəzəryanı dövlətlərin enerji bazarı, karbohidrogen marşrutlarının diversifikasiyası, tərəfdaş ölkələrin qarşılıqlı əlaqələri, həyata keçirilən və nəzərdə tutulan neft-qaz layihələrinin təhlili kimi məsələlər müzakirə olunacaq. Bu tədbir, eyni zamanda, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən irəli sürülmüş neft strategiyasının reallaşdırılması nəticəsində Azərbaycanda qazanılmış uğurların, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi nailiyyətlərin təbliği üçün yaxşı fürsətdir.

Rektor əlavə etdi ki, konfrans iştirakçıları respublikada karbohidrogen hasilatının inkişafı tendensiyaları, Şərq-Qərb nəqliyyat dəhlizi, Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində neft faktorundan istifadə məsələləri ilə bağlı ilk mənbələrdən məlumat ala biləcəklər. Qonşu ölkələrin dövlət orqanları və şirkətlərinin nümayəndələri Xəzəryanı ölkələrdə yanacaq-energetika kompleksinin hazırkı vəziyyəti və perspektiv inkişafı haqqında çıxış edəcək, beynəlxalq ekspertlər isə Xəzər regionunda neft-qaz bazarının vəziyyəti ilə bağlı obyektiv və hərtərəfli təhlillər verəcəklər. Eyni zamanda, konfransın keçirildiyi günlərdə başqa ölkələrdən olan həmkarlarla fikir mübadiləsi aparmaq və yeni biznes əlaqələri qurmaq da mümkün olacaq.

Sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov nazir Natiq Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxudu. Məktubda Azərbaycanın neft-qaz sənayesinin inkişafı, Avropanın energi təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, Avropa İttifaqı ilə əməkdaşlıq, Türkiyə, Gürcüstan, Rusiya istiqamətindəki neft kəmərləri, Qazaxıstan neftinin tankerlərlə Azərbaycan ərazisindən Gürcüstanın Kulevi limanına nəqli və s. kimi məsələlər haqqında ətraflı məlumat verilirdi.

Milli Məclisin komitə sədri Ziyad Səmədzadə təxminən son 10 il ərzində Azərbaycan iqtisadiyyatının inkişaf templəri, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının reallaşdırılması sayəsində xarici şirkətlərin Azərbaycanda işləməsi üçün hər cür hüquqi bazanın yaradılması, neft gəlirlərinin ölkə iqtisadiyyatının modernləşdirilməsinə yönəldilməsi, qeyri-neft sektorunun inkişafı üçün sərmayə qoyuluşu, son illərdə həyata keçirilən strateji layihələr, regionların sosial-iqtisadi inkişafı və yeni iş yerlərinin yaradılması sahəsində görülən mühüm işlər haqqında danışdı.

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə neft və qaz hasilatı sahəsində indiyədək görülmüş işlər, eləcə də pespektiv yataqlardakı karbohidrogen ehtiyatları barədə ətraflı məlumat verdi.

Çexiya və Avropa İttifaqı hökumətlərinin sabiq sədri Mirek Topolanek Avropanın enerji tələbatının ödənilməsində Azərbaycanın böyük rol oynadığını qeyd etdi.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2011.- 19 aprel.- S. 5.