Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün güclü zəmin, əlverişli mühit yaradılıb

 

Azərbaycanın sürətlə artan iqtisadi gücü, qüdrəti ölkəmizdə nüfuzlu beynəlxalq tədbirləri keçirmək üçün böyük zəmin yaradıb. Uzun illərdən bəri yaradılmış davamlı ictimai-siyasi sabitlik, hakimiyyətlə xalq arasındakı sıx həmrəylik və nüfuzlu tədbirlərin keçirilməsi üçün əlverişli şəraitin olması beynəlxalq qurumların diqqətini cəlb edib. Məhz bu baxımdan son illər Bakı əsl dialoq məkanına çevrilib.

Yaxın illərə nəzər yetirsək, bir sıra mötəbər beynəlxalq təşkilatların öz tədbirlərini məhz Azərbaycanda keçirmələrinə üstünlük vermələrinin şahidi olarıq. Xüsusilə də çoxlu sayda ümumdünya əhəmiyyətli tədbirlər keçirilmişdir. 2008-ci ildə bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı keçirilmiş və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdi. Bundan sonra 2009-cu il Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu. Həmin il Bakıda İslam Konfransı Təşkilatına üzv olan ölkələrin, eyni zamanda Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir. Ötən il isə yaddaşımızda dünya dini liderlərinin Bakı sammiti kimi qaldı. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun təbliğində mühüm rol oynayır. Beynəlxalq münasibətlərdə qlobal siyasi və mədəni tendensiyaları müəyyən edən BMT, Avropa Şurası, YUNESKO və İSESKO kimi təşkilatların Bakıda vahid mövzuya həsr olunmuş tədbirlərdə iştirakı Azərbaycanın beynəlxalq imicinin əsaslı şəkildə yüksəlməsindən xəbər verir. Belə tədbirlərdə iştirak edən beynəlxalq təşkilatların nümayəndələri etiraf edirlər ki, çox az ölkə var ki, bu cür yüksək səviyyəli forum təşkil etsin. Azərbaycan bu sahədə təkcə regionda deyil, həm də bütün Avropada başlıca rol oynamağa səy göstərir. Artıq Bakı şəhərinə mədəniyyətlərarası dialoq paytaxtı statusunun verilməsi məsələsi gündəmə gəlməkdədir. Onu da qeyd edək ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə reallaşan hər bir beynəlxalq layihə ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə və dövlətimizin tərəfdaşlarının artmasına xidmət edir. Bu günlərdə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də bunu təsdiqləyir. Belə bir möhtəşəm tədbirin məhz Bakıda reallaşması sürətlə inkişaf edən Azərbaycana dünya birliyində verilən böyük əhəmiyyətin bariz nümunəsidir. Artıq Azərbaycan dünya mədəniyyətlərarası dialoqun təbliğində təcrübəsi olan dövlət kimi tanınır. Onu da qeyd edək ki, belə dialoqların Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən müasir dövrdə dünya üçün pozitiv humanitar impulslar yarada biləcək mötəbər tədbir kimi qəbul olunur. Məhz bu baxımdan forumun Bakıda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən də bu əzəmətli tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imicinin əsaslı şəkildə yüksəldilməsinə xidmət edəcək.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva demişdir: "Əslində belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda həm güclü zəmin, həm də əlverişli mühit mövcuddur. Qədim dövrdən bu günə qədər Azərbaycan bütün dünyada açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızda ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik kastyolu, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm də nəticəsidir.

Bu gün mən bu forumun təşkilində əməyi olan hər bir insana öz dərin minnətdarlığımı bildirirəm. Forumu dəstəkləyən bütün beynəlxalq təşkilatlara təşəkkürümü bildirirəm və ümidvaram ki, forum xalqlar, millətlər, dövlətlər arasında formalaşan sağlam münasibətlərə xidmət edən növbəti bir addım olacaqdır".

Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq hazırda dünyada ən aktual və ən populyar mövzulardan biridir. Ən başlıcası ona görə ki, hər bir xalq öz mədəniyyəti, incəsənəti, adət-ənənəsi, milli-mənəvi dəyərləri ilə tanınır. Mədəniyyətlərarası dialoq zamanı bu dəyərlərlə daha yaxından tanış olur və əməkdaşlıq daha da genişlənir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən tədbirlər zamanı ölkəmizə gəlmiş çoxsaylı qonaqlar Azərbaycanın mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmuş, ölkəmizdə aparılan yenidənqurma işlərinin şahidi oldular. Hər il belə görüşlərin, tədbirlərin keçirilməsi, müxtəlif ölkələrdə bu mövzuya həsr olunmuş "dəyirmi masa"ların təşkili dövlətlərarası əlaqələri daha da möhkəmləndirir. Dünyada düşmənçilik, etnik təmizləmələr, soyqırımı, müharibələr baş verdiyi bir vaxtda mədəniyyətlərarası dialoqun əhəmiyyəti böyükdür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirdi ki, zəmanəmizin ən böyük təhlükələrindən biri dinin siyasiləşdirilməsidir. O, müxtəlif ekstremist qüvvələrin din şüarları altında gündəmə gətirilməsinin qəti əleyhinə olduğunu bildirdi. Mehriban xanım Əliyeva dedi: "Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri olduqca yaxındır. Biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün insanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - "Qurani-Kərim"i oda atıb yandırır. Nədir belə hərəkətlərin adı? Nədir onun məqsədi? Hansı siyasi qüvvələrin sifarişləridir bu? Belə insanlar nəyə və kimə xidmət edirlər? Ancaq biz belə bir dəhşətli halın, hadisənin dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənməsi ilə də rastlaşmadıq. Nəticədə cəzasız qəddarlıq bir az da, daha da dəhşətli qəddarlıqla nəticələndi və biz bunun da şahidi olduq".

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi böyük siyasi hadisədir. Forum iştirakçılarına ölkəmizin sülhsevər, əmin-amanlıq tərəfdarı olması bir daha bəlli oldu. Azərbaycan tərəfi bütün xalqların, din xadimlərinin bir-biri ilə sıx təmasda olmasını, problemlərin, etnik münaqişələrin, ədalətlə, beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasını istəyir. Ona görə də belə əhəmiyyətli və mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi ənənəvi hal alıb. Əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamış, bir-biri ilə xoş münasibətdə olmuşlar. Azərbaycanda ictimai-siyasi quruluşundan asılı olmayaraq heç vaxt milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Azərbaycanın müstəqilik dövründə də müxtəlif xalqların, dinlərin nümayəndələri ölkəmizdə çox rahat, təhlükəsiz yaşamış, onları həmişə dostluq münasibətləri bir-birinə yaxınlaşdırmışdır. Ölkəmizdəki bütün tarixi və dini abidələr qorunur, bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır. Müstəqillik dövründə Azərbaycanda çoxlu dini abidə-məscidlər, kilsələr, sinaqoqlar tikilib istifadəyə verilmiş və ya əsaslı təmir olunmuşdur. Ermənistanda isə hər şey əksinədir. Bu ölkədə müxtəlif xalqların dini adət-ənənələrinə hörmətsizlik olunur, çox vaxt isə təhqir edilir.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində məscidlərin, dini abidələrin, qəbiristanlıqların dağıdılması, təhqiramiz hərəkətlərə yol verilməsi, bu millətin iç üzünü açıb göstərmiş, humanizmdən uzaq olmasını bir daha təsdiqləmişdir. Dünyanın bütün qitələrindən Azərbaycana gəlmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları da bunun şahidi oldular. Yeri gəlmişkən, bu möhtəşəm forumda müxtəlif ölkələrdən gəlmiş siyasi liderlər, ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak edirdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Dövlətimizin başçısı mədəniyyətlərarası forumun Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan Prezidenti forumun nəticələrinin çox müsbət olacağına əminliyini ifadə etdi və mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanların açılacağını bildirdi. Dövlətimizin başçısı dedi: "Bu il - 2011-ci ildə Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçirilir. Bu ilin payızında Azərbaycanda birinci beynəlxalq humanitar forum keçiriləcəkdir. Yəni, bütün bu tədbirlər onu göstərir ki, güclü iradə olan yerdə mədəniyyətlərarası dialoqun məzmunu da dolğun olur və bu görüşlər bütün xalqları bir-birinə daha da yaxınlaşdırır və bizi daha da birləşdirir. Bizim niyyətimiz bundan ibarətdir".

Möhtərəm Prezidentimiz vurğuladı ki, "Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur. Həm tarixi keçmişimiz bugünkü şəraiti bizim üçün yaradır, həm də bu sahədə dövlət siyasətimiz birmənalıdır. Bir daha demək istəyirəm ki, bizim gücümüz birliyimizdədir. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs bizim dəyərli vətəndaşımızdır. Mən şübhə etmirəm ki, Azərbaycanda milli və dini dözümlülük məsələləri bundan sonra da uğurla öz həllini tapacaq, Azərbaycan vətəndaşları bundan sonra da bir ailə kimi yaşayacaqdır".

Azərbaycan artıq daha bir möhtəşəm tədbirin keçirildiyi məkana çevrildi. Belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın iqtisadi qüdrətinin, gücünün artmasından, nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə qadir olmasından xəbər verir. Bununla yanaşı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, mövqelərinin möhkəmlənməsi də öz təsdiqini tapır. Bunu tədbirdə iştirak edən beynəlxalq təşkilatların nümayəndələri də təsdiqlədilər. Məsələn, forumun iştirakçısı ANSA İnformasiya Agentliyinin baş direktoru Ciulio Pekora öz təəssüratlarını bölüşərkən demişdir: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi möhtəşəm tədbirin məhz Bakıda keçirilməsi sürətlə inkişaf edən Azərbaycana dünya miqyasında verilən böyük əhəmiyyətin bariz nümunəsidir. Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun təbliğində mühüm rol oynayır. Azərbaycanın sürətli inkişafı bura səfər edən hər bir şəxsdə böyük təəssüratlar yaradır".

 

 

Ziyafət HƏBİBOVA,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

elmi kitabxanasının müdiri, filologiya üzrə

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 20 aprel.- S. 4.