Korrupsiya və onun sosial-iqtisadi, mənəvi-psixoloji fəsadları.(əvvəli qəzetin 30 mart tarixli nömrəsində

 

Müəyyən dövlət müqavilələrinin və müxtəlif növ güzəştlərin alınması prosesi;

Dövlət torpaqlarının paylanması və özəlləşdirilən müəssisələrin alınması;

Dövlətin əlində olan defisit fondlara yol açmaq;

Süni şəkildə qıtlıq yaradılan nemətlərin əldə edilməsi prosesi və s. daxildir.

İkinci şərait

Vergi stavkalarının olmadığı şəraitdə daha çox gəlir əldə edilməsi;

gömrük qaydalarından yan keçmək və rüsum ödəməmək;

dövlət qulluğunda vəzifələrin alınması;

tikinti və s. layihələrin həyata keçirilməsi üçün yerli icra hakimiyyətlərindən icazə alınması;

təhlükəsizlik texnikası, sanitariya işi və ətraf mühitin mühafizəsi tədbirlərinə olan tələblərin endirilməsi;

reketçilik fəaliyyəti və bu fəaliyyətə hüquq-mühafizə orqanlarının göz yumması;

parlamentdə müəyyən qrupların maraqlarına xidmət edən qanunların qəbul edilməsi əvəzində bəzi deputatların həmin qruplar tərəfindən mükafatlandırılması və s.

Üçüncü şərait

Müqavilələrin konkret detalları haqqında məxfi informasiya almaq prosesi ;

sürətləndirilmiş xidmət göstərilməsi;

sənəd süründürməçiliyinin aradan qaldırılması;

verginin azaldılmasına imkan verən qeyri-müəyyən və ya əlverişli auditor rəyinin alınması və s.

Dördüncü şərait

- leqal biznes sahiblərinin öz rəqiblərinin fəaliyyətini məhdudlaşdırmaq üçün əlaqədar məmurlara, hüquq-mühafizə orqanlarına rüşvət verməsi;

- təhsil, mədəniyyət, səhiyyə və s. sosial sahələrdə çalışanların əmək haqqının çox aşağı olması ucbatından "dolanışıq naminə" mövcud olan rüşvət şəraiti və s.

Yuxarıda sadalanan bu şəraitin təhlili göstərir ki, korrupsiyaya qarşı mübarizə özünəməxsus çətinliklərə malikdir. Əsas çətinlik korrupsiya üçün münbit şəraitin olmasıdır. Bu şərait cəmiyyətin strukturu, idarəetmə forması, insanların hüquqi şüur səviyyəsi, ölkənin sosial-iqtisadi və mədəni səviyyəsi ilə əlaqədardır. İkincisi, hakimiyyətin yuxarı pillələrində oturan məmurların korrupsiyaya qurşanması bütün ölkələrdə yayılmış bu bəlaya qarşı mübarizəni çətinləşdirir. Çətinliklərdən digəri ondan ibarətdir ki, rüşvət alanlar və rüşvət verənlər öz razılaşmalarını gizli saxlamağa çalışırlar.

Bütün bu çətinliklərə baxmayaraq bütün dünyada, o cümlədən Azərbaycanda da korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə aparılır. Qeyd edək ki, respublikanın Milli Məclisində "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə olunmuş və qəbul edilmək üçün təqdim edilmişdir.

Korrupsiyaya qarşı mübarizə üçün beynəlxalq ekspertlər müxtəlif variantlar təklif edirlər. Məsələn, Nolan komissiyası (Böyük Britaniya, 1995-ci il) korrupsiyaya qarşı mübarizə üçün cəmiyyətin bütün sahələrinə tətbiq edilə biləcək etik davranış normalarından ibarət yeddi prinsip hazırlamışdır. Bu prinsiplər aşağıdakılardır:

1. Təmənnasızlıq. Vəzifəli şəxslər qərarlarını ancaq ictimaiyyəti nəzərə almaqla qəbul etməlidirlər.

2. Dəyanətlilik. Vəzifəli şəxslər özlərinin peşə borclarını yerinə yetirərkən ayrı-ayrı şəxsləri və təşkilatları maliyyə cəhətdən və s. asılılığa salmamalıdırlar.

3. Obyektivlik. Qərarlar qəbul edilərkən (məsul vəzifəyə təyinat verilərkən, müqavilələr imzalanarkən, mükafatlar təqdim edilərkən və s.) vəzifəli şəxslər namizədlərin ancaq iş keyfiyyətlərini nəzərə almağa borcludurlar.

4. Hesabatlılıq. Məmurlar qəbul edilən qərarlara görə cəmiyyət qarşısında hesabatlı olmalıdırlar və onların fəaliyyəti ən dəqiq yoxlamalar üçün açıq olmalıdır.

5. Aşkarlıq. Məmurların qərarları və hərəkətləri cəmiyyət üçün tamamilə aşkar olmalıdır. "Dövlət sirri" qrifi daşıyan qərarlardan başqa bütün qərarlar aşkar şəkildə əsaslandırılmalıdır.

6. Vicdanlılıq. Məmurlar öz vəzifə borclarını yerinə yetirmələrinə aidiyyəti olan bütün şəxsi maraqları haqqında açıq bəyanat verməlidirlər və bu münaqişə nəticəsində ortaya çıxan bütün nəticələrin cəmiyyətin xeyrinə həll olunması üçün tədbir görməlidirlər.

7. Rəhbərlik. Vəzifəli şəxslər rəhbərliyi həyata keçirərək və şəxsi nümunə göstərərək sadalanan bütün prinsiplərə əməl etməlidirlər.

Yuxarıda göstərilən bu prinsiplərin cəmiyyət həyatının bütün sahələrində, o cümlədən idarəetmə sistemində tətbiq edilməsi korrupsiyaya qarşı mübarizənin mənəvi tərəflərini əhatə edir.

Dünya təcrübəsini nəzərə alaraq korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərini aşağıdakı kimi müəyyənləşdirmək olar:

- Cəmiyyətdə demokratik amillərin gücləndirilməsi, idarəetmə sistemində, qərarların qəbulu və icrası sahəsində şəffaflığın təmin edilməsi;

- müəssisələrin təsərrüfat fəaliyyətinə nəzarətin gücləndirilməsi, qeyri-leqal (kölgə) iqtisadiyyatın aradan qaldırılmasında inzibati amillərin gücləndirilməsi;

- cəmiyyətdə korrupsiyanı yaradan sosial-iqtisadi şəraitin öyrənilməsi, korrupsiyanın tipologiyasının araşdırılması və ona qarşı mübarizə metodlarının düzgün seçilməsi;

Korrupsiyaya qarşı mübarizədə kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi, bu mübarizədə hökumət və QHT-lər arasında tərəfdaşlıq münasibətlərinin yaradılması, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi.

Dünya təcrübəsi və respublikamızın keçid dövrünün sosial-iqtisadi şəraiti nəzərə alınaraq korrupsiyaya qarşı mübarizə aparmaq üçün ölkəmizin mövcud şəraitinə uyğun prioritetlər seçilməli və strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilməlidir. Əsas prioritetlər bunlardır:

1. İdarəetmə sistemində, qərarların qəbulu və icrası sahəsində şəffaflığın təmin edilməsi.

Strateji fəaliyyət istiqamətləri: Hakimiyyətin fəaliyyətinə cəmiyyət tərəfindən daimi nəzarət mexanizminin yaradılması; hökumət orqanlarının işi ilə bağlı ictimai rəyi öyrənmək üçün vaxtaşırı sorğuların keçirilməsi; ədalətli rəqabət prinsiplərinə əsaslanan dövlət tədarükünün açıq və aşkar sisteminin yaradılması; qərarların ayrı-ayrı qurumların təzyiqlərindən asılı olmayaraq qəbul edilməsi; korrupsiya doğura biləcək süründürməçiliyin və bürokratik əngəllərin qarşısını almaq üçün qərarların qəbul edilməsinin operativliyinin təmin edilməsi.

2. Korrupsiyanın aşkarlanması və hüquq-mühafizə orqanlarının bu sahədə fəaliyyətinin gücləndirilməsi: Həm ölkə daxilində, həm də xaricdə qeyri-qanuni yolla əldə edilmiş gəlirin müsadirə edilməsi və dövlətə qaytarılması; korrupsiyaya uğramış müəssisələrin, firma və şirkətlərin qara siyahısının tərtib edilib KİV vasitəsilə vətəndaşlara çatdırılması; vətəndaşların rüşvətxorluq və korrupsiya ilə bağlı dövlət orqanlarına şikayət etmək imkanlarını asanlaşdıran səmərəli sistemin yaradılması; cinayət və cinayət-prossesual qanunvericiliyin dünya standartlarına uyğun şəkildə təkmilləşdirilməsi; hüquq-mühafizə sisteminin aşkarlıq və şəffaflığına yönəlmiş islahatların sürətləndirilməsi.

3. İdarəçilik sisteminin yenidən təşkil edilməsi, dövlət müəssisələri və özəl sektorun təsərrüfat fəaliyyətinə nəzarətin gücləndirilməsi: Dövlət müəssisələri və özəl sektorda maliyyə vəsaitinin təyinatı üzrə güclənməsinə obyektiv nəzarətin təmin edilməsi; müəssisələrin iqtisadi və maliyyə fəaliyyətinin auditor yoxlamalarının təmin edilməsi; müəssisə rəhbərlərinə öz tabeliyində olan işçilərin fəaliyyətinə optimal nəzarətin həyata keçirilməsinə imkan yaradılması; bütün sahələrdə rəhbər işçilərin öz vəzifə borclarını yerinə yetirmələri və qanuna əməl etmələri cəhətdən icbari attestasiyadan keçirilməsi; ştat cədvəlində "ölü canlar"ın çıxarılması və sonradan onların meydana gəlməsinə yol verilməməsi; dövlət orqanlarında çalışan orta və iri məmurların gəlirlərinə və xərclərinə səmərəli nəzarətin həyata keçirilməsi; aşağı səviyyəli heyətə korrupsiyaya qurşanmış rəislərdən şikayət etmək imkanının yaradılması; idarəçilik sistemində ümumdövlət etikasının səviyyəsinin yüksəldilməsi.

4. Korrupsiyaya qarşı mübarizədə kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi: Korrupsiyanı ifşa etmək üçün söz azadlığının təmin edilməsi və kütləvi informasiya vasitələrinə geniş imkan yaradılması; KİV orqanlarına korrupsiya ilə əlaqədar hakimiyyət orqanlarından məlumat almaq imkanı yaradılması; hakimiyyət orqanları tərəfindən KİV-i diskriminasiya imkanlarının məhdudlaşdırılması; korrupsiya ilə bağlı müstəqil jurnalist araşdırmaları aparılmasına imkan yaradılması; cəmiyyətdə gedən mürəkkəb prosesləri dərindən anlamaq üçün jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi.

Son illərdə respublikamız korrupsiyaya qarşı mübarizə ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulmuş və bəzi beynəlxalq sənədləri imzalamışdır. Bu baxımdan Azərbaycan Avropa Şurasının Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında, Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında və BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı konvensiyalarına qoşulmuşdur.

Ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı ictimai nəzarətin daha da gücləndirilməsini zəruri hesab edən Prezident İlham Əliyev 9 fevral 2011-ci il tarixdə Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məsələdən bəhs edərək demişdir: "Bəzi hallarda, xüsusilə, sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür. Bu tədbirlər mütəmadi qaydada görülür, amma mən hesab edirəm ki, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır".

Qeyd edək ki, korrupsiyaya qarşı mübarizə prosesində əhali arasında geniş maarifləndirmə işinin səmərəli təşkili mühüm əhəmiyyət kəsb edir. Dövlət Proqramında maarifləndirmə tədbirlərinin əhəmiyyəti nəzərə alınaraq göstərilir ki, bu sənəd korrupsiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr haqqında ictimaiyyəti hərtərəfli maarifləndirmək və məlumatlandırmaq məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Prezident İlham Əliyev 2011-ci il fevralın 10-da Tovuz və Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə cəmiyyətdə sosial ədalət prinsiplərinin bərqərar olunması, inkişafımıza mane olan bürokratik əngəllərin, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsindən bəhs edərək demişdir: "Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Mən Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versinlər ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq".

 

 

Sakit HÜSEYNOV,

AMEA-nın Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutunun şöbə müdiri,

fəlsəfə elmləri doktoru

 

Xalq qəzeti.- 2011.- 20 aprel.- S. 4.