Ulu öndərin ruhuna böyük ehtiram nümunəsi

 

Masallının Mahmudavar kənd məktəbində Heydər Əliyev muzeyi fəaliyyət göstərir

 

Yurdumuzun qədim tarixi, özünəməxsus ənənələri olan kəndlərindən biri də Mahmudavardır. Gözəl təbiəti, halal insanları, görkəmli alimləri, ziyalıları ilə şöhrət qazanmış bu kənd rayonun cənub qurtaracağında yerləşir.

 

Bu günlərdə el ağsaqqalı, Prezidentin fərdi təqaüdçüsü, tanınmış ziyalı Şirvan Əbilov zəng vurub dedi ki, qarşıdan ulu öndərin anadan olmasının 88-ci ildönümü gəlir. Bununla bağlı yaxşı bir material hazırlamaq istəyirsənsə, bizim Mahmudavara gəl, kənd məktəbində yaradılmış Heydər Əliyev muzeyi ilə tanış ol.

Mən cənub bölgəsinin kənd yaşayış məntəqələrindən yalnız Mahmudavarda ümummilli liderin əzəmətli abidəsinin olduğunu bilirdim. Ötən il bu kənddə ulu öndərin xatirəsinə muzey yaradılması barədə xəbəri isə həmkarım Əlisəfa Həsənovdan eşitmişdim. Odur ki, elə həmin gün Mahmudavara yollandım. Kəndin mərkəzində məni gözləyən Şirvan Əbilov, sözügedən muzeyin yaradıcısı Musarza Mirzəyev və məktəbin direktor müavini, qocaman pedaqoq Şahab Əsgərovla görüşüb muzeyin yerləşdiyi təhsil ocağına getdik. Bəri başdan deyim ki, kənd orta məktəbinin ən böyük, gözəl və səliqəli otaqlarından birində çox zəngin muzey yaradılıb və bu, ilk növbədə mahmudavarlıların görkəmli dövlət xadimi, çağdaş tariximizin banisi, unudulmaz dahi şəxsiyyət olan Heydər Əliyevin ruhuna hörmət və ehtiramının təzahürüdür. Burada ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyətini əks etdirən nadir fotoşəkillər, tarixi sənədlər və digər qiymətli eksponatlar toplanmışdır.

Mahmudavarda hər kəs ulu öndərin xatirəsini daim əziz tutur. Məhz bu kəndin yetirməsi Şirvan Əbilov 1992-ci ilin noyabrında hakimiyyətdə olan AXC-nin təqib və hədələrinə baxmayaraq, Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etmək üçün Bakıdan Naxçıvana yola düşən 40 nəfərdən biri, cənub bölgəsindən isə yeganə nümayəndə olub. Bundan bir həftə sonra isə o, bölgədə ilk dəfə olaraq doğma kəndində YAP-ın dayaq dəstəsini yaradıb. Bir gündə partiyanın sıralarına 157 nəfər üzv və 335 nəfər təəssübkeş yazılıb. Daha üç ay sonra partiyanın Masallı rayon təşkilatının təsis konfransında Şirvan müəllim sədr seçilib və 2007-ci ilədək bu vəzifədə çalışıb. Ulu öndərin məsləkdaşı olması ilə daim fəxr edən el ağsaqqalı hazırda Prezident təqaüdçüsü, YAP Siyasi Şurasının üzvüdür. Böyük maraqla tanış olduğum muzeyin sənədləri, şəkilləri sırasında bütün bunlar barədə ətraflı materiallar vardır.

Bu günlər Mahmudavarda böyük rəhbərin möhtəşəm abidəsini və 1 yaşlı xatirə muzeyini ziyarət edənlərin sayı xüsusilə çoxdur. Şirvan müəllim özünün ardıcılları, xüsusən də şəxsi vəsaiti hesabına muzeyi təşkil etmiş tarix müəllimi Musarza Mirzəyev haqqında ürəkdolusu danışdı:

-Musarza müəllim yurdumuzun keçmişi və bugünü barədə bir çox dəyərli kitabların müəllifi, gözəl etnoqraf, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Muzeyi araya-ərsəyə gətirməkdən ötrü zəhmətini, vəsaitini əsirgəməyib. Gecəni-gündüzə qatıb. İndi də muzeyi günbəgün zənginləşdirməkdən mənəvi zövq alır.

Mənim də bildiyimə görə, Musarza Mirzəyev Masallıda hamının adını hörmətlə çəkdiyi ziyalılardandır. Lənkəran Dövlət Universitetində müəllim, rayon qəzetində redaktor müavini, ərazi üzrə icra nümayəndəsi vəzifələrində çalışıb. Üç yüzdən artıq elmi məqalə, tarixi-etnoqrafik oçerk yazıb. Ali dərəcəli müəllimdir. Azərbaycan Müəllimlərinin X və XIII qurultaylarının nümayəndəsi olub. Hazırda elmi axtarışlarını davam etdirir, ictimai-siyasi fəaliyyətlə də məşğuldur. Muzey haqqında elə şövqlə, elə həvəslə məlumat verir ki, ulu öndərin mənalı ömür yoluna, şərəfli dövlətçilik fəaliyyətinə dərindən bələdliliyi heyranlıq doğurur. Məhz onun yorulmaz səyləri sayəsində kənd məktəbindəki muzey rəhbərə xalq məhəbbətinin əsl aynasına çevrilib.

Muzeyin eksponatları Azərbaycan Respublikasının dövlət bayrağı fonunda düzülüb. Müdrik rəhbərin uşaqlıq, gənclik illəri, xüsusi xidmət orqanlarında çalışdığı dövr, Azərbaycana rəhbərliyi, Moskvada işlədiyi vaxtlar, Naxçıvana gəlişi, ölkəmizin siyasi rəhbərliyinə qayıdışı ardıcıllıqla əks olunub. Ümummilli liderin, eləcə də Prezident İlham Əliyevin Masallıya səfərləri ilə bağlı muzeydə ayrıca guşələr yaradılıb.

Milli Məclisin deputatı, Heydər Əliyev irsinin tədqiqatçısı, tanınmış yazıçı-publisist Elmira Axundova ötən il kənd muzeyinin açılışında iştirak edərək buraya "Heydər Əliyev. Şəxsiyyət və zaman" dördcildliyini, habelə rəhbərin həyat və fəaliyyəti haqqında audio və video materialları bağışlamışdır. O, həmçinin muzeydə keçirilən açıq dərsdə maraqlı mühazirə oxumuşdur. Prezidentin fərdi təqaüdçüsü Sündüz Babayeva, Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri, dosent Şahrza Ağayev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov və başqaları muzeyi ziyarət etmiş, rəylər kitabına ürək sözlərini yazmış və onu kənddə böyük hadisə adlandıraraq qeyd etmişlər ki, gənclərin Heydər Əliyev ideyaları ruhunda tərbiyəsində muzeyin rolu əvəzsizdir. Bu muzey paytaxt Bakıdakı, eləcə də respublikamızın mərkəzi şəhərlərindəki muzeylərdən o qədər də fərqlənmir. Qədirbilən mahmudavarlılar muzeyi zövqlə təmir ediblər, burada müasir işıqlandırma sistemi quraşdırıblar. Amma kənd orta məktəbinin əsaslı təmirə ciddi ehtiyacı var.

Ümummilli liderin anadan olmasının 88-ci ildönümü ərəfəsində hər gün təkcə yüzlərlə mahmudavarlı deyil, ətraf kəndlərin sakinləri də, məktəblilər, müəllimlər, ziyalılar, sadə zəhmət adamları da buraya ulu öndərin xatirəsini yad etməyə gəlir, dahi insanın şərəfli ömür yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti ilə böyük maraqla tanış olur, parlaq xatirəsinə sonsuz məhəbbət və ehtiramlarını bildirirlər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 20 aprel.- S. 5.